"Dünyada
bütün bəni növi bəşər, müqəddəs büt olan pul üçün əlləşər"...Bu gecə yuxumda əcaib
şeylər görmüşəm. Görürəm ki, o zamanın şeyx nəsrullahı yenə avam və cahil kütlələri
başına yığıb hey onların pullarını "kəsmək" və özlərini də min-bir fırıldaq ilə
aldatmaqla məşğuldur. Özü də şeyx özünü müctəhid kimi təqdim edir. Allah heç kəsə
göstərməsin, yaman pis yuxu idi. Yuxudan ayıldım və Allaha şükr etdim ki, nə
yaxşı gördüklərim sadəcə yuxu imiş. Yoxsa, zəmanəsinin milli-maarifçisi, ömrünü
şeyx nəsrullahlarla mübarizədə keçirən Üzeyir Hacıbəyli kimi mən də əlimə qələm
alıb bu türlü müsəlman libası geymiş iblis niyyətlilərə qarşı mübarizə aparmalı
olacaqdım. Ancaq, heç tənbəllik etmədən bu gözəl publisistin "Seçilmiş əsərlərini"
yenidən oxumaq qərarına gəldim. Ən azından ona görə ki, belə əndirabadi müsəlmanlar
bizim zəmanəmizdə də var və calu-cahcəlala görə nəinki öz dinlərini, lap elə
özlərini də satarlar.
Hə, görünür iş bu cürədir. Bütün dövrlərdə qarın və
cib əhvalatları önəmli imiş. Necə ki, adını "obrazovannıy müsəlman" qoyub hədəfi
səhv salıb ara qarışdıranlar, sonda kimlərdənsə yaxşı pul alacaqlar. Ha fikr
edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah Kərimdir, bəlkə belələri
Allahın kəlamlarından azca da olsa çəkinib bu çirkin işlərindən əl çəkə, ancaq
yox, axırda görürsən ki, pul bunlar üçün hər şeydən əzizdir. O qədər əzizdir
ki, insanlar arasında fitnə yaratmaq üçün ağıla batan və batmayan hər bir məsələni
qızışdırıb insanları dəxi bir giriftarçılığa salmaq istəyirlər. Çox təəssüf ki,
bu cür "bulanlıq suda balıq tutmaq istəyən"lərə qarşı çıxan, onlara dur deyən
yoxdur. Bunlar demokratiya və müasirlik adından istifadə edərək öz çirkin məkrlərini
ortaya qoyurlar. Halbuki belələri əsl demokratiyadan tamam-kamal uzaqdırlar.
Əl-qərəz, deyirlər hər bir fitnəçinin bir aləti
var. Bizim fitnəkarların aləti isə İslam dinidir. Üzeyir Hacıbəyli təbiri ilə
desək, fitnəçilərin həyasızlığına bax ki, dini aləti fitnə və fəsad qayırıb əfradi
millət arasında nifaq və şəqqaq salırlar. Əcaba bu fitnəçilərin məqsədi nədir?
Bu fitnəçilərin məqsədi iki şeydir: ya qərəzi şəxsi və yainki: "ay camaat, mən
də varam!". Bu adamlığa layiq olmayan fitnəçilər deyirlər ki,
biz dini-İslamı qoruyuruq. Ay Üzeyir bəy, qələminə qurban olum. Hardasan, gəl
bu fitnəçilərə de, de ki "qoysanızmı ki, bu yazıq camaat öz iş-gücünə, öz
kəsb-karına məşğuı olsun?! Nə üçün bu yazıq millət bir qədəm qabağa qoyanda iki
qədəm geri çəkilsin?..."
Xub, bu qədər bəsdir. Pəki, bircə fikri deməsəm
ürəyimdə qalar. O da budur ki, Üzeyir bəyin dəsti xətti ilə yazmaq hələ Üzeyir
olmaq demək deyil.