Salyanda avqustdan əməkhaqqı görməyən fəhlələrə həftədə iki kiloqram şor və mürəbbə verib, çörəyini özünüz tapın deyirlər
Sənə şorun bahalığı dərd olmasın,
Yağın şorla bir tutulsa, vay halına.
Bəxtiyar Vahabzadə
İstirahət günü yolumu qonşuluqdakı mağazadan saldım.
Bir az tum almaq istəyirdim. İstifadə müddətinin qurtarıb-qurtarmamasına baxanda
satıcı dedi ki, narahat olma, onsuz da hər gün iki, üç karobka satıram. Elə insafən
düz deyirmiş, mağazaya təzə gətirilmişdi. O mənim ciddi şəkildə vaxtını axtardığımı
görüb əlavə etdi: "Heç narahat olmağa dəyməz. Satdığım ancaq üç şeydir. Tum, siqaret
və kontur". Nə isə tumu alıb evə qayıtdım. Amma satıcının sözü qafamı qarışdırıb,
məni bir anlıq fikir səmasına qaldırdı. Çox düşünüb, daşındım. Onun xüsusi qaydada,
bu sözü tələffüz etməsi hər bir şəxsi düşünməyə vadar edirdi. Axı niyə üç şey? Görəsən
bu millətin bunlardan başqa heç nəyə ehtiyacı yoxdur? Yaxud, tumla qidalanıb, siqaretlə
beynlərini sakitləşdirib, konturla da dost-aşnayla əlaqə saxlayırlar? Yəni, xalqımız
o qədər cılızlaşıb ki, ancaq tum və siqaretlə günlərini keçirdir? Nə bilim bunlar
cavabsız suallardır ki, hələ indiyə qədər məni rahat buraxmırlar...
Növbəti gün elə bu fikirlə dolaşa-dolaşa gəlib redaksiyaya yetişdim. İçəri keçib, yorğun və eyni zamanda daxili püskürtülərdən
rahatlanmayan nəzərlərimi masanın üstündəki qəzetə zillədim. Orada həmişə yazılarını
diqqətlə oxuduğum Murad Köhnəqalanın mənalı baxışları bir anlıq mənə özümü unutdurdu.
Tələm-tələsik köşə yazısını oxumağa başladım. O, da mənim kimi bir sözün peşinə
düşüb, heç bir nəticə almamışdı. Nəhayət kurikulum terminini anlaya bilməyib, quqquliqu
kimi tələffüz etməyi qərara almışdı...
Muradın köşəsi bir az eynimin açılmasına səbəb olsa
da, millətin hansı üçuruma getməsi və onun acı nəticələri məni rahat buraxmadı ki,
buraxmadı. Hər gün yüzlərlə iş yeri açılırsa, iqtisadiyyat göyün yeddinci qatına
qalxıbsa, camaat yağ-balın içində üzürsə, niyə görə bu qədər tum satılır? Həəə...
Atam-atam heç başa düşmək olmur ki, bu millət üzü hara gedir? Tum, siqaret və kontur
bekarçılıq əlaməti deyilmi?
Mövzunun bu yerinə çatmışdım ki, telefonun zəngi fikrimi
dağıtdı. "Yes" düyməsini sıxıb, telefonu qulağıma yaxınlaşdırdım. Xəttin o başında
titrək və yalvarış dolu bir səs eşidildi. Sanki günlərlə ac qalırmış kimi danışırdı.
Salyan rayonunda yaşayan qohumum idi. Salamlaşdıqdan sonra Bakıda iş axtardığını
bildirdi. Onu da deyim ki, Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram
Camalovun rəhbərlik etdiyi fermer təsərrüfatında işləyirdi. Bu fermer təsərrüfatı
kəndlərinin ərazisində yerləşdiyi üçün cüzi maaşla kifayətlənməli olurdu. Əlikram
Camalov əvvəlcə camaatın pay torpağına gedən su kanalına süni əngəllər yaratdı.
Əhali də torpağın hektarını təqribən 200 manat civarında ona satmağa məcbur oldu.
Sonra elə onlardan aldığı torpağı bir illik əkmək üçün 150 manata icarəyə verdi.
Üstəlik icarədarlar ayda 15-20 manat su pulu da ödəməliydilər. Böyük ferma yaradıb
işçilərin əməklərini istismar edirdilər. İşə götürəndə müəyyən maaşla razılaşılsa
da, sonradan ferma məhsullarını yüksək qiymətə hesablayıb əməkhaqqı əvəzi verirdilər.
İndi də güya hansısa dövlət idarəsiymiş kimi işçiləri ixtisara salırlar. Avqust
ayından əməkhaqqı görməyən fəhlələrə həftədə iki kiloqram şor, iki kloqram da mürəbbə
verib, çörəyini özünüz tapın deyirlər.
Bax indi məlum olur ki, niyə görə tum və siqaret çox
satılır.
Əşşi, şorun qiymətinə bax, ee... nəinki, yağı hətta
gəlib əti, çorəyi və balı da keçib!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.