Günahın ictimai amillərinə nəzər saldıqda aşağıdakı mövzuları açıqlamağa ehtiyac duyulur: 1. Pozğun mühit. 2. Azğın rəhbərlər. 3. Pis yoldaş. 4. İctimai məhrumiyyətlər. Çirkin tullantılardan mikrob yarandığı kimi, şübhəsiz pozğun mühit də günahın yayılmasına və çoxalmasına bir vasitədir. Mühitin keyfiyyət və kəmiyyət cəhətindən bir neçə növi var:Misal olaraq: Məktəb mühiti, ev mühiti, mədəni mühit, şəhər mühiti, xəstəxana mühiti, məclis mühiti və... Quranda "Əraf" surəsinin 138-141-ci ayələrində Musa peyğəmbərin və onun səhabələrinin haqqında oxuyuruq: Musa peyğəmbər və onun tərəfdarları Fironun zülmündən qaçıb dəryadan keçdikdən sonra öz bütlərinin ətrafına toplaşıb onlara ibadət edən bir dəstə camaatla üzləşdilər. Musa peyğəmbərin tərəfdarları bu səhnəni gördükdə dedilər: "Ey Musa, bunların bütləri kimi bizə də bir tanrı düzəlt". Bütə pərəstiş edən şəxslərin hərəkətləri Musanın tərəfdarlarında elə təsir qoymuşdu ki, onlar yeganə Allaha sitayiş etsələr də, bu sözləri Musaya dedilər. Musa peyğəmbərsə onları bu sözlərinə görə tənbeh edib buyurdu: Musa dedi: "Siz həqiqətən cahil bir qövmsünüz dini artıq yıxılmış, gördüyü işlər də batil və bihudədir". Qurandan nümunə Musa peyğəmbərin zamanında azğın sərvətlilərdən biri də Qarun adlı bir şəxs idi. Günlərin bir günü o, özünün var-dövlətini və qüdrətini camaata göstərmək üçün böyük bir məclis təşkil edib təm-təraqla insanların qarşısına çıxdı. "Qarun zər-zinət içində qövmünün önünə çıxdı". Bu mərasim orada olanların hərəsinə bir cür təsir etdi. Onlardan bəziləri həsrətlə "Kaş bizim də belə bir var-dövlətimiz olaydı" deyirdilər. "Dünya həyatını arzulayan şəxslər dedilər: Kaş Qaruna veriləndən bizə də veriləydi. Şübhəsiz, dünyanın xoşbəxti odur". Lakin orada olan alim və dərrakəli şəxslər cahillərə etiraz etdilər. "Qəsəs" surəsinin 80-cı ayəsində belə buyurur: "Elm almış kəslər dedilər: "Vay olsun sizə, iman gətirib yaxşı əməllər görən şəxslər üçün Allahın verdiyi mükafat bundan yaxşıdır. Onu da yalnız səbr edən adamlar ala bilər". Mühiti pozan amillər İslam dinində aşkarda günah etmək, günahı yaymaq, günah işlərə kömək etmək, günah işlərə razı olmaq, "əmr be məruf" və "nəhy əz münkəri" tərk etmək, ilahi hüdudların (cəza tədbirlərinin) icrasını ləğv etmək və bu kimi mühit pozğunluğuna şərait yaradan işlər qadağan olunmuşdur. Eləcə də mühit sağlamlığını məhv edən hicabsızlıq, seks kinoların yayılması, narkotik maddələrin istifadəsi və bu kimi günahların qadağan olunmasından əlavə İslam hökumətində onların qarşısını almaq əmr olunmuşdur. Bundan əlavə müsəlmanlara yaşadığı mühitdə "əmr be məruf və nəhy əz münkər" vacib olunmuşdur. Yəni başqalarını yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək əmri verilmişdir. Çünki bu iki dini vəzifənin müsəlmanlar tərəfindən düzgün icrası mühitin sağlam qalmasında mühüm rol oynayacaqdır. Başqa sözlə insan ictimai bir məxluqdur. Yaşadığı cəmiyyət bir cəhətdən onun evi hesab olunur. İnsan yaşadığı cəmiyyətin ehtiramını, evinin ehtiramı kimi saxlamalıdır. Cəmiyyətin sağlamlığı onun özünün ruhən sağlam olmasına kömək edir, pozğunluğu isə onun şəxsiyyətində mənfi təsir qoyur. Elə bu səbəbə görə də islam dinində cəmiyyəti mənəvi cəhətdən xarab edən işlər qadağan olunmuşdur. Bu dində ictimai günahın pisliyi, fərdi günahın pisliyindən qat-qat üstündür. Çünki günahın müntəzəm surətdə edilməsi cəmiyyətdə günahın adi şəklə düşməsinə gətirib çıxarır. Misal üçün, evin bir tərəfi od tutub yansa, onun qabağını almaq lazımdır. Yoxsa, onun şölələri bütün evi bürüyəcəkdir. İslam Peyğəmbəri (s) ictimai günahın təsirini bir misalda belə izah edir: Bir dəstə adam dənizdə gəmi ilə səfərə çıxdılar. Bütün sərnişinlər öz yerlərində oturmuşdular. Bu vaxt sərnişinlərdən biri özünün oturduğu yeri baltayla yarmağa başladı. Bu vaxt ona "nə edirsən?!" -dedilər. O isə cavabında dedi: "Öz yerimdir, nə istəsəm edə bilərəm". Bu vaxt sərnişinlər baltanı onun əlindən alsalar həm onu, həm də özlərini ölümdən xilas edəcəklər. Amma onu öz başına buraxsalar, o həm özünü, həm də başqalarını həlak edəcəkdir. Yazının bu hissəsində mühit pozğunluğuna şərait yaradan günahlar və onların mahiyyəti ilə daha dərindən tanış olmaq üçün aşağıdakı ayələrə və hədislərə diqqət edək. Aşkarda günah etmək "Nur" surəsinin 19-cu ayəsində buyurur: "O kəslər ki, istəyirlər möminlər arasında əxlaqsızlıq yayıla, onları dünyada və axirətdə ağrılı bir əzab gözləyir". Maraqlısı budur ki, əxlaqsızlığın yayılmasını istəyən şəxs də əzaba düçar olacaqdır. Bu isə məsələnin ciddi olmağını göstərir. Hər halda sağlam bir cəmiyyət qurmağın yollarından biri də, həmin cəmiyyətdə günahın qarşısını almaqdır. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin: 1. İslam Peyğəmbəri (s) buyurur: "Pis işlərin yaranmasına şərait yaradan şəxs o işləri görən şəxs kimidir". 2. Yenə o Həzrət buyurur: "Yaxşı işləri gizlində görən şəxsin savabı yetmiş bərabərdir. Aşkarda və gizlində günah edən şəxs isə (sonradan tövbə etmək şərtilə) Allah tərəfindən bağışlanır". 3. İmam Baqir (ə) buyurur: "Mömin olan bir şəxsə mömin qardaşının 70 böyük günahını gizlətməyi vacibdir". 4. İmam Sadiq (ə) buyurur: "Biz Əhli-beytin haqqını tanıyan şəxslərin nicat tapmasına ümidim var. Lakin bunların arasında üç dəstənin səadətə çatmasına ümidim yoxdur. Bu üç dəstə bunlardan ibarətdir: 1- Zalım padşah. 2- Öz nəfsinin istəklərinə qulluq edən şəxs. 3- Aşkarda günah edən şəxs. 5. O həzrət başqa bir hədisdə buyurur: "Aşkarda günah edən şəxsin heç bir hörməti yoxdur. Onun qeybətini etmək də haram deyil". (Yəni həmin şəxsin aşkarda etdiyi günah barədə edilən qeybət haram deyil.) 6. İslam Peyğəmbəri (s) buyurur: "İlahi! Hiyləgər dostdan Sənə pənah aparıram. Çünki belə dost mənim yaxşı işlərimi gizlədər, pis işlərimi isə yayar". 7. İmam Əli (ə) buyurur: "Günahkar adamlar öz günahlarına bəhanə gətirmək üçün başqalarının eyblərini faş edirlər". Bir şəxs İmam Kazimdən (ə) soruşdu: "Zina etmiş və yaxud şərab içmiş yəhudi, məsihi və ya məcusi bir şəxsi tutublar, onun hökmü nədir? İmam (ə) buyurdu: "O, bu günahları müsəlmanlar yaşayan bir yerdə edibsə və yaxud onu bu günahlarına görə mühakimə etmək üçün müsəlman bir qazının yanına gətiriblərsə, bu vaxt islamda olan cəza tədbirləri onun üçün icra olunmalıdır". Bu cür hadisələr onu göstərir ki, islam dinində cəza təyin olunan günahları edən şəxs müsəlman olmasa da, cəzalanmalıdır. Məqalənin sonunda İmam Əlidən (ə) bir hədisə diqqət yetirin: İmam (ə) buyurur: "Camaatın ən pisi o adamdır ki, başqasının səhvinə qarşı güzəşti olmaya və eybləri örtməyə".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.