YAXUD, YARDIMLI RAYONU 2010-CU İLDƏ İSLAM MƏDƏNİYYƏTİ PAYTAXTI SEÇİLSİN!
Tədqiqatçılar bu qənaətə gəliblər ki, Avropada hər kəs öz ixtisası üzrə fəaliyyət göstərdiyi üçün xeyli inkişafa nail olunub. Bizdə isə yaşamaq üçün hər şeydən bir az bilməlisən. Akademik ticarəti, yaxud müəllim alveri və ziyalı da əkinçiliyi bilmirsə heç vaxt yaşaya bilməz. Məsələn, götürək ölkəmizdəki həkimləri. Ağ xalatı əyninə geyinən şəxs unversal həkim olur. Stomatalogiya, cərrahlıq, urologiya, ginekologiya və nə bilim ...kologiya üzrə mütəxəssisə çevrilir. Hələ kənd yerlərində inəkləri də müalicə edirlər. Deyəsən, əsas qüvvə AĞ XALATdadır. Yaxud müəllimlərimiz. İbtidai sinif müəllimi hətta on birinci siniflərə də dərs deyə bilir. Bu da onun istedadlı və çalışqan olduğunu göstərir. Baxanda, düz edirlər. Çünki bizdə hər şey mövsümi xarakter daşıyır. Bilmək olmur hansı sahə daha çox pul gətirir. Biçarələr də gecə-gündüz zəhmət çəkib hərəsindən bir az öyrənirlər ki, bir parça çörək yiyəsi olsunlar. Bunlar hamısı reallıqdır. Amma bu qədər də ağ eləmək olmaz. Heç olmasa, peşəsinə bir köynək yaxınlarla danışmaq lazımdır. Peşə demişkən, bilmək olmur ki, bu Kamran Həsənli hansı sənətin sahibidir. Gah müğənni olur, gah aparıcı. İndi də deyəsən mollalığa girişmək istəyir. Anormal hərəkətləri və məntiqsiz danışığıyla başını soxmadığı KOL qalmayıb. Özü də verilişə gündəmə gətirdiyi mövzu ətrafında fikir söyləmək iqtidarında olmayan insanları çağırır. Keçən həftə ANS telekanalında açdığı müzakirə və çağırdığı qonaqlar əslində tamaşaçıların hisslərilə oynamaqdan başqa bir iş görmürdülər. Heç olmasa mövzuya uyğun şəxslər dəvət olunmalıydılar. İlahə Fəda ya Ziq-zaq Turan haradan bilirlər ki, Quran və din nədir? Uzun illər zəhmət çəkib, Quran elmlərilə məşğul olan müfəssirlər hansısa ayənin izahında çox ehtiyatlı danışırlar ki, insanlar səhv anlayarlar. Amma bunlar tam əminliklə və böyük cəsarətlə ayələri izah edib hökm çıxarırlar. Naqis ağılları və nəfsi istəklərinə uyğun danışan İlahə və Turan gedib öz sahələrilə məşğul olsalar, daha yaxşıdır. Ay balam, get mahnını oxu, sən də ay Turan aparıcılığını elə. Nə vaxtdan Quran izah edən olmusunuz? Camaatı azdırmayın. Onsuz da bu milləti uçuruma aparan az deyil. Onların yanında üçüncü qonaq kimi əyləşən və arada nəsə demək istəyən bir ilahiyyatçı da var idi. Zalım oğlu elə bil ağzına su almışdı. İlahə və Turan ona heç ağız açmağa imkan vermirdilər. Batil düşüncələri və azdırıcı fikirləri ilə meydanda at oynadır, ilahiyyatçı da sakitcə onların dediklərini təsdiqləyirmiş kimi görkəm alırdı. Hə, elə söhbət dindən düşmüşkən Bakının İslam Mədəniyyəti paytaxtı olması qafamı bir az qarışdırdı, məni düşünməyə məcbur etdi. Belə ki, ilin sonuna tərəf iri addımlarla irəliləyirik. İri addımlarla ona görə ki, İslam Mədəniyyəti paytaxtı olan Bakı ömründə bu qədər acı çəkməmişdi. Bakının bütün daşı, divarı bu dönəmi heç vaxt unutmayacaq. Görəsən, 2010-cu ildə hansı şəhər bu missiyanı üzərinə götürəcək? Bu suala aydınlıq gətirmək üçün İslam Konfransı Təşkilatına (İKT) sorğu və təklif yolladım. Təklifdə qeyd olunmuşdu ki, İslam dininə xidmətlərinə və coğrafi mövqeyinə görə 2010-cu ildə Yardımlı rayonu İslam Mədəniyyəti Paytaxtı seçilsin. İKT-a üzv ölkələrin təklifimi bəyənib mənə müsbət cavab verəcəklərinə inanıram. Əslində bu təklifi verəndə hər şeyi hesablamışıq. Orada tədbir keçirməyə elə də vəsait lazım olmayacaq. Çünki açıq havada hər şey daha əsrarəngiz görünür. Narahat olmayın, Yardımlıda sökdürməyə məscid-zad da yoxdur. Ərazisi də en qədər. Əyləncə mərkəzindən tutmuş şadlıq saraylarına qədər hamısına çatar. Özü də əvvəlcədən deyim ki, orada torpaq sotla deyil, hektarla satılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.