Dünyada dərin dövlətlərin yəhudiliklə, yəhudilərlə
bağlı olduğuna dair fikirlər çox geniş yayılıb. Məsələn, Amerikada hakimiyyətdə
yəhudilərin, yaxud masonların olduğuna dair iddialar hər zaman səslənir. Başqa
bir iddia isə ondan ibarətdir ki, tək Amerikanı deyil, dünyanı illüminatlar
yönləndirir. Bir qədər mistik təsir bağışlayan bu iddiaya görə, illüminatların
təşkilatı bütün sahələrdə çox yüksək yerlər tutan şəxslərdən ibarətdir.
"İllüminat" sözü bir anlamda hansısa predmetə münasibətdə daha çox məlumat
almağa çalışan, başqa anlamda isə özündə xüsusi dini bilgilər olduğunu iddia edən
insanlar qrupu deməkdir. İddialara görə, məhz bu adamlar beynəlxalq arenanın əsas
oyunçularıdır. Onlar piramida şəklində fəaliyyət göstərib, dünyanın 13 ən varlı
ailəsinə məxsus olduqlarına və dünyanı pərdəarxasından idarə etdiyinə inanılan
"qara qüvvələrin ali təbəqəsi"nə tabedirlər. Məhz bu təbəqə
prezidentlər və hökumətlər üçün yazılmamış qanunlar müəyyənləşdirirlər. Onlar
ictimai diqqətdən kənarda olmağa çalışdıqları üçün fəaliyyətləri gözə görünmür.
Beynəlxalq bankların, neft biznesinin, ən
böyük sənaye müəssisələrinin, ticarət obyektlərinin onlara məxsus olduğu, bir
sıra ölkələrdə hökumətlərin və siyasi qüvvələrin çoxuna illüminatların nəzarət
etdiyi bildirilir. Belə iddialar var ki, Amerikada prezidentin kim olacağını məhz
illüminatlar müəyyənləşdirir. Onlar birbaşa prezident təyin etmirlər, sadəcə,
"seçilməsi məsləhət olan" namizədə güclü maliyyə dəstəyi verirlər, digər
tərəfdənsə, siyasi-ictimai dairələrdə, mediada, iş çevrələrində və başqa sahələrdə
olan rıçaqlarından onun xeyrinə istifadə edirlər. Bu zaman lazım gəlsə,
fırıldağa da əl atırlar - kiçik Buşun Floridada Qor üzərindəki "qələbəsi"ni
təmin etmək kimi. Əslində illüminatlara seçkilər lazım deyil, sadəcə, onlar
bununla insanlarda nələrinsə onlardan da asılı olduğuna dair duyğular
yaradırlar.
Bəzi iddialara görə, Amerikada hakimiyyət
siyasətçilərin yox, illüminatların nəzarətindədir. Aparıcı prezidentliyə namizədlər
hər zaman 13 illüminat ailəsinin sıralarından seçilir. Prezident Corc Buşun da
illüminat ailəsinə mənsub olduğuna dair iddialar var idi. Doğrudur, bunu bəzən
masonluqla da eyniləşdirirlər və Buşun mason ailəsinə mənsub olduğunu deyirlər,
amma illüminat masonluğu da içərisinə alan daha böyük anlayışdır. Bu 13 ailənin
mövcudluğu barədə məlumatları ilk dəfə İllüminat Ordenini tərk edən
illüminatlar veriblər. Həmin bilgilərə inansaq, Amerikanı və dünyanı bu ailələr
idarə edir: Astor, Bundi, Kollins, Du Pont, Freenman, Kennedi, Li, Onassis,
Rokfeller, Rotşild, Rassel, Van Duyn və bütün Avropa kral ailələrini içərisinə
alan Merovinqian ailələri. Daha dörd məşhur ailənin də "13-lər"lə
bağlılığı olduğu bildirilir. Bunlar Reynold, Disney, Krupp və Mak Donald ailələridir.
Əsas xəttə - "13-lər"ə bağlı olan yüzlərlə başqa ailələrin də olduğu
bildirilir. İllüminatların şeytanın xeyirxah olduğuna inandıqları deyilir.
Onlar "problem-reaksiya-qərar" mexanizmiylə çalışırlar. Qərb mətbuatında
zaman-zaman hətta BMT, Avropa Birliyi, Dünya Bankı kimi quruluşların da illüminatların,
yaxud masonların nəzarətində olduğuna dair iddialar dərc olunur.
Hazırda illüminatların ən məşhur
qruplarından biri bilderberqerlər sayılır. Qrupun toplantıları hər il bir gizli
yerdə keçirilir. Toplantılara ayrı-ayrı ölkələrin siyasi liderləri də dəvət
olunur. Klub Qərbi Avropa, ABŞ və Kanadanın ən yüksək maliyyə dairələrini təmsil
edən 120 nəfərdən ibarətdir. Qrupun məqsədi 2012-ci ildə "dünya dövləti"
və BMT-nin himayəsində dünya ordusu yaratmaqdır. Bilderberq qrupunu
"görünməyən dünya dövləti", yəni dünyanın "dərin dövləti"
adlandırırlar.