Yazdığımız məktublar gənclərin problemləri ilə birbaşa məşğul olacaq şəxsə - AZAD RƏHİMOVa çatmadığı üçün, ona deyiləcək sözü belə çatdırmağı məqbul bildim.
Bu il dünyanın
əksər ölkələrində yaşayış evlərinin qiymətində ucuzlaşma qeydə alınıb. Qlobal iqtisadi
böhranın səngiməsinə baxmayaraq, dünya ölkələrində mənzillərin qiyməti
ucuzlaşmaqda davam edir.
Son bir ildə yaşayış evlərinin qiymətində ən çox
ucuzlaşma Latviyanın paytaxtı Riqada qeydə alınıb. "İqtisadi
forum" jurnalının məlumatına görə, Latviyanın paytaxtında qiymətlər orta
hesabla 59 faiz ucuzlaşıb. Daşınmaz əmlak bazarında ən çox ucuzlaşmaya məruz
qalan növbəti ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkədə evlərin qiyməti 50
faiz dəyərsizləşib. Bundan başqa, əmlakın qiyməti Estoniyada 30,8 faiz,
Ukraynada 26,6 faiz, Sinqapurda 24,9 faiz düşüb.
Qlobal böhran şəraitində yaşayış evlərinin qiymətinin
bahalaşdığı ölkələr də var. İl ərzində İsraildə evlərin qiyməti 8,4 faiz,
İsveçrədə 5 faiz , Lüksemburqda isə 2 faiz artıb.
Azərbaycan
barədə isə danışmağa belə dəyməz. Çünki biz dünyanın yeganə ölkəsiyik ki,
iqtisadi inkişafdan ağızdolusu danışırıq, amma o inkişafı sadəcə binaların və
yolların tikintisində görürük. Əhalinin güzaranındayox. Tikilən yüzlərlə
yeni hündürmərtəbəli binalara baxmayaraq, qiymətlər günü-gündən artır.
Yəqin ki, Azərbaycanda mənim kimi yüzlərlə demirəm,
minlərlə evə ehtiyacı olan gənc, özü də ailəli var. Görəsən bircə dəfə də olsun
bizim ölkənin çox-çox hörmətli gənclər və idman naziri AZAD RƏHİMOV
fikirləşibmi ki, onun işi idmandan əlavə, həm də əslində bu ölkənin gənclərinin
problemləri ilə məşğul olmaqdır. Gənclərin problemləri təkcə İQRA çempionatı
keçirmək, kiməsə DİPLOM verməkdən ibarət deyil. Məncə gənclərin problemi gənc
ailələrin yaşayış tərzi ilə yaxından maraqlanmaqdır. Amma gəlin görək bizim
hörmətli nazirimiz bircə dəfə də olsun bu problemi haradasa qaldırıbmı. "Parlaq
Gələcək" təşkilatının sədri kimi məni həmişə Gənclər və İdman Nazirliyinin
keçirdiyi tədbirlərə dəvət edirlər. Yaxşı yadımdadır, bir dəfə həmin
tədbirlərin birində şəxsən Azad Rəhimov cənabları çıxış edib dedi ki, aeroport
yolunda "Gənclər Şəhərciyi" salınacaq və həmin şəhərcikdə gənclərə, gənc
ailələrə güzəştli şərtlərlə evlər veriləcək. Düzü çox sevindim. Və hətta bu
sevincimi zəng eləyib təşkilatın digər ailəli üzvlərinə də çatdırdım, onları da
sevindirdim. Amma çifayda. Azad Rəhimovun çıxışı elə o zalda da qaldı, yox
qalmadı, divarlara hopdu. Ondan sonra nəinki aeroport yolunda, heç yerdə "GƏNCLƏR
ŞƏHƏRCİYİ" tikilmədi. Birdən kimsə deyər ki, niyə yalan danışırsan, şəhərdən
cəmi 7 km aralıda "Abşeron Gənclər Şəhərciyi" tikilib. Ancaq deməyəcək ki, onun
Gənclər və İdman Nazirliyinə və onun hörmətli nazirinə heç bir aidiyyatı
yoxdur. Çünki həmin şəhərcikdə burax gənclərə güzəştli mənzil verməyə, heç
milli qəhrəmana da güzəşt yoxdur. 1-ci mərtəbədən 15-ci mərtəbəyə kimi evlərin
qiyməti ən yaxşı halda 11.000 manatdır, özü də cəmi 36.6 kv.m-lik bir mənzil.
Özü də o mənzil ki, sözügedən 36.6 kv.metrə o mənzilin balkonları, mətbəxi,
hamamı və ayaqyolu da daxildir. Yerdə nə qaldı? Yerdə qaldı bir çürük qoz, daha
doğrusu 4x5 bir otaq. Bax bu otaqda gənc ailə özü də yaşamalıdı, uşağını da
böyütməlidi. Hələ o da mənzili ala bilsə. Hə, indi Azad Rəhimov gənclər üçün
bir dənə də toplantı keçirsin və desin görək bu gün işi güclə tapan Azərbaycan
gənci o evi nəylə almalıdır? Uzağa getmirəm, elə özümdən götürürəm. Ayda ailə
gəlirimin 350-400 manat olduğunu nəzərə alıb, mən o evi necə əldə etməliyəm.
Nəzərə alsaq ki, mən ayı 200 manata kirayədə qalıram, evdə də 6 və 7 yaşında
iki uşaq böyüyür. Və hər gün o uşaqları ictimai nəqliyyatla, daha doğrusu Tağı
Əhmədovun şəxsi metrosu ilə dərsə aparmaq lazımdır. Uşaqların ayrı-ayrı növbələrdə
oxuduğunu nəzərə alıb gündə də 4 dəfə metroya minmək lazımdır. Bura əlavə edin
gündəlik qidalanmanı, geyim-keçimi və sair və ilaxrı. Yerdə nə qaldı? Yenə bir
çürük qoz, daha doğrusu bir yığın borc.
Hörmətli Azad Rəhimov! Bəlkə bir gənclər və idman
naziri kimi mənə yol göstərəsiniz. Yol göstərəsiniz ki, azad, müstəqil
Azərbaycan Respublikasının azad vətəndaşı kimi mən necə mənzil sahibi ola
bilərəm.
Gərək bağışlayasınız, sizə bu cür müraciət etməyə
məcbur oldum. Çünki yəqin bilirəm ki, digər nazirliklərdəki kimi sizin
tabeliyinizdə olan nazirlikdə də göndərilən məktublar məktublar şöbəsində yatıb
qalır. Və belə bir cavab gəlir: "Sizin məktub filan yerə çatmışdır."
Əgər suallarıma cavab vermək istəsəniz, nazirliyinizin "Gənclər təşkilatları ilə iş sektoru"nda əlaqə telefonlarımız və ünvanımız var.