"Yeni Müsavat" qəzetini hörmetli yazarı Xalid Kazımlı bəyin bugünkü köşə yazısını oxuyub, orada qeyd olunan bəzi fikirlərə müsəlman olduğum uçün mövqeyimi yazmaya bilməzdim.
Mən bir müsəlman olaraq və hörmətli Xalid bəyi də müsəlman qardaşım bilərək, sual etmək istərdim ki, nədən Allahın yer üzünə göndərmiş olduğu və hər bir insandan əlavə, xüsusi ilə müsəlmanların ona tabe olmasının zəruriliyini bilən şəxs, bu həqiqi dinə qarşı belə mövqe sərgiləyir? Xalid bəy yazısının bir yerində "Avropanın iki yüz il bundan öncə dini kənara qoymasından" danışır. Axı orta əsirlərdə dəfələrlə təhrif zülmünə məruz qalmış və əslində sadəcə quru ad daşıyan Xristianlığı, İslamla müqayisə edərək, dinin guya insanların geridə qalmasına gətirib çıxmasına ehyam vurmaq nə dərəcədə həqiqətəuyğundur? Axı biz nə zaman xristianlığın kökünü ciddi şəkildə araşdırıb, sonda bu cür mövqe sərgiləyirik? Xristianlıq qalsın bir kənarda, heç biz öz dinimiz olan İslamın həqiqətini görəsən araşdırıb, onun həqiqətən nə demək istədiyini düzgün başa düşmüşükmü? Yoxsa, sadəcə kimlərinsə bizə təqdim etdiyi İslamdan müəyyən düşüncə əldə edib və onun əsasında İslam haqda insafazidd çıxışlar edirik? İslam dinini ciddi araşdıran şəxs, onu sektalardan, hətta İslam dini içərisində yaranmış saxta təriqətlərdən asanlıqla ayıra bilər və həqiqətən İslam dininin kamil, insan həyatının bütün aspektlərini əhatə edən bir din olduğunu çox aydınlıqla başa düşə bilər. İslam dini başqa dinlərdən fərqli olaraq təhrifdən uzaq və xalqa yalnız əmin-amanlıq, sülh, firavanlıq, ədalət, azadlıq töhfə edən bir dindir. Məgər bunları biz bilmirikmi? O, halda nədən dinin vətənimiz üçün təhlükə daşıdığını belə asanlıqla dilimizə gətiririk? Bu sözlər əslində qərbin İslam haqda diktə etdiyi sözlərdir. Həqiqətdə onlar İslami cəmiyyəti öz maraqlarına təhlükə bildiklərindən, İslam dini haqda beynəlxalq səviyyədə anti-İslam təbliğatları aparırlar. Müsəlman kimi bizim boynumuza düşən vəzifə isə bundan ibarətdir ki, azından İslamımızı düzgün mütaliə edib, anlayaq və öz dəyərlərimizə qarşı çıxan və onu gözdən salmaq məqsədi ilə təhlükə kimi tanıtdıranlara yox deyək. Bundan əlavə bütün yazılarımızda çalışmalıyıq ki, həqiqətin bizdən tələb etdiyi yazıları qələmə alaq.