Azərbaycanda keçirilən istər prezident, istər parlament, istər bələdiyyə seçkilərindən, istərsə də referendumdan sonra iqtidar və müxalifət bildirir ki, dialoqun aparılmasına ehtiyac var. İndi də belədir. Referendumdan sonra əsasən müxalifət düşərgəsindən dialoqa zərurət yarandığı barədə çağırışlar səsləndi və bu ətrafda fikir mübadiləsi aparıldı. Maraqlı burasıdır ki, ənənəvi müxalifət iqtidarla baş tuta biləcək dialoqda tərəf kimi yalnız özlərinin iştirakını məqbul sayırlar. Və bununla bağlı iqtidara mesajlar verirlər. Xatırlayırsınızsa, Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri bildirdilər ki, iqtidarla müxalifət arasında əməkdaşlığın zəruriliyi yaranıb. Onların fikrincə, bu əməkdaşlığı da bir masa arxasında oturaraq, dialoq yoluyla həll etmək mümkündür. Əməkdaşlıq həm də Azərbaycandakı siyasi qüvvələr arasında qurulmalıdır. Belə əməkdaşlığın məlum formalarından biri kimi isə dialoq formatı təklif edildi. Əslində, əməkdaşlıq geniş mənanı kəsb edir. Yəni buraya həm də müxalifətin hakimiyyət bölgüsündə iştirakı aiddir. Çünki bütün sivil dövlətlərdə, o cümlədən seçkilərdə qan tökən və bu qanın üzərindən keçərək prezident kürsüsünə sahib olan Serj Sərkisyanın rəhbəri olduğu Ermənistanda da müxalifət hakimiyyətdə yer alıb. Bizdə isə bu ənənə yoxdur. O ki qaldı dialoq məsələsinə, bu zaman konkret məsələ ətrafında fikir mübadiləsi aparıb, yekdil bir rəyə gəlinməsindən söhbət gedə bilər. Bu da indiki dönəmdə bütün cəmiyyəti narahat edən Dağlıq Qarabağ problemi və Türkiyə-Azərbaycan münasibətləri ola bilər. Çünki Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların intensivləşdiyi və ATƏT-in Minsk Qrupu həmsədrlərinin, beynəlxalq təşkilatların söz sahiblərinin ABŞ və Rusiya rəsmilərinin gündə bir bəyanat səsləndirdiyi və münaqişənin hətta bu ilin sonuna kimi həllini tapacağını iddia etdikləri bir vaxtda bu dialoqun aparılması qaçılmazdır. Dialoqun reallaşması daha çox hakim partiyadan asılıdır. Necə ki, onlar bir neçə dəfə diloqun aparılmasına nail olmuşdular, bu dəfə də həmin istiqamətdə cəhdlər göstərməlidirlər. Hesab edirik ki, əvvəlkilərdən fərqli olaraq indi iqtidar-müxalifət dialoqunun gerçəkləşməsi və normal müzakirələr aparılıb, yekdil fikrə gəlinməsi mümkün ola bilər. Çünki Dağlıq Qarabağ problemi ilə bağlı dialoqun mövzusu siyasi ambisiyalara deyil, konkret milli və dövlətçilik maraqlarına, Ermənistanın işğalçı ordusunun zəbt etdiyi torpaqlarımızın işğaldan azad olunması yollarına həsr olunmalıdır. Dağlıq Qarabağ problemi ətrafında iqtidarla müxalifətin apardığı dialoq təkcə tərəflərin yekdil fikrə gəlməsinə hesablanmamalıdır. Həm də ona hesablanmalıdır ki, bu zaman Azərbaycan cəmiyyətində Dağlıq Qarabağla bağlı bir aktivlik yaranacaq, mətbuat və televiziyalar həmin mövzu ətrafında mütəmadi olaraq diskusiyalar quracaq, ən əsası isə dünya dövlətləri və beynəlxalq təşkilatlarda Azərbaycan xalqının bir qarış torpağından belə keçməyəcəyi, təslimçi sülhə razı olmayacağı fikri formalaşacaq. Bundan nəticə çıxaran beynəlxalq təşkilatlar və dünyanın supergücləri anladılar ki, Azərbaycan xalqı, eləcə də ölkə iqtidarı və müxalifəti torpaqlarının itirilməsiylə razılaşmayacaq. Eyni zamanda işğala məruz qalmış ərazilərini geri qaytarmaq üçün müharibənin başlanmasından belə, ehtiyat etməyəcək. O ki qaldı radikal müxalifətin dialoqda kimin iştirakı məsələsinə, bu məsələdə radikal liderlərin qeyri-səmimiliyi özünü bir daha göstərir. Seçki kampaniyasından kənarda qalan, seçkiləri boykot taktikasına üstünlük verən, ancaq nəticədə apardıqları siyasətləri iflasa uğrayan, cəmiyyətdə yeni fikir ortaya qoymaq qabiliyyətindən məhrum, yalnız dağıdıcı məfkurəyə malik və təhqirlərə, insan ləyaqətini alçaldan ifadələrə yol verən insanların - radikalların dialoqda iştirakları nə qədər məqbuldur? Hesab edirik ki, beynəlxalq təşkilatlar radikal düşərgəyə bundan sonra süni nəfəs vermək istəsə belə, buna nail ola bilməyəcək. Çünki onların sonu çoxdan bitib.