Qurani Kərim və
hədislərdə şeytan
1) Qurani
Kərimdə şeytan.
Quranın bir çox
ayələrində şeytandan qorunma yolları göstərilir. Şeytanın insanları azdırmasının
heç bir sərhəddi yoxdur. Şeytan insanların ağlına gələbilməyəcək vasitələrdən
istifadə edib, onları mənfi yollara çəkir. Quranda şeytanın əməlləri açıq
şəkildə göstərilir:
"Ey iman edənlər! Şərab
da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir.
Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla
aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan
ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?"( Maidə
5/90-91)
Şeytanın insanlar
arasında yaydığı düşmənlik və kinin digər təzahürü də, qarşılıqlı söyüşmə, dava
və cinayətdir. Hz.Musa (ə.s) dava edənlərdən birinə kömək etmək məqsədilə
digərinə bir yumruq vurmuş, yumruğun təsirilə o insan ölmüşdür. Hz.Musa (ə.s)
çox məyus olmuş; "Bu şeytan əməlindəndir. Həqiqətən o (insanı haqq
yoldan ) azdıran açıq-aşkar bir düşməndir!"( Qəsəs
28/15) deyərək təəssüfləndiyini
bildirmişdir.
Şeytan kin, nifrət və
qəzəbdən istifadə edərək qardaşı qardaşa qarşı çıxarır. O, Hz.Yusifin (ə.s)
qardaşlarında bu duyğulardan məharətlə istifadə etmışdi və onlar Yusifi quyuya
atmışdılar.( Yusif 12/100)
Şeytan onu addım-addım
izləyənləri əxlaqsızlığa sürükləyir: "Ey iman edənlər! Şeytanın yolunu
tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o (insanlara) çirkin, pis
işlər görməyi (zina etməyi, yalan danışmağı,özgələrə böhtan atmağı) əmr edər.
Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kim, heç vaxt pak
olmazdı. Lakin Allah dilədiyini pak edər. Allah eşidən və biləndir".(
Nur 24/21)
"Ey inananlar! Yer
üzündəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin!
Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar
işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr
edər".( Bəqərə 2/168-169) ayəsində də,
Allah inanan inanmayan bütün insanlara səslənərək yeyib-içilən nemətlərə diqqət
etmələrini istəyir. O hər ələ keçən pis, başqasının haqqı keçmiş, şübhəli
şeylərin deyil, halal və təmiz məhsulların yeyilməsini əmr
edir.
Uca Yaradan (c.c) məhşər
günü günahkarlara: "Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın! Ey
Adəm övladı! Məgər mən sizə; "Şeytana ibadət etməyin, o sizin açıq
düşməninizdir!" -deyə buyurmadımmı? və "Mənə ibadət edin, bu doğru yoldur!"
-deyə əmr etmədimmi? Həqiqətən, Şeytan içərinizdən çoxlarını yoldan çıxartdı.
Məgər ağlınız kəsmirdi? Bu, sizə vəd olunan
cəhənnəmdir."(Yasin 36/59-63) deyə xəbərdar
edəcəkdir. Peyğəmbərlərin atası qəbul edilən Hz.İbrahim (ə.s) də, bütpərəst olan
atasına: "Atacan! Şeytana ibadət etmə. Həqiqətən,
şeytan Rəhmana üsyan etmişdir."(Maidə 19/44) deyərək
onu pis sonluqdan müdafiə etmək istəmişdir. Hz.İbrahim (ə.s) atasını haqq dinə
dəvət etdiyində o: "Ey İbrahim, sən mənim tapındığım tanrılardan
üzmü çevirirsən?" demişdi.( Maidə 19/46)
Hz.Eyyub (ə.s) Rəbbinə
etdiyi bir duasında: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!"
demışdir. Buradakı toxunma, şeytanın vəsvəsəyə yol tapması şəklində təfsir
edilmişdir.
Qurani kərimdə
Hz.Süleymanla (ə.s) əlaqəli ayələrdə də şeytandan bəhs edilir. Burada
Hz.Süleymanın (ə.s) səltənətini cadu ilə qazanmadığını, bir sehirbaz olmadığını,
kafir olmayacağını çox açıq şəkildə göstərilmişdir:
"Yəhudilər Süleymanın
səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman (bu kitablara
uymadığı üçün) kafir olmadı, lakin Şeytanlar (bildikləri) sehri və Babildə Harut
və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki,
o iki mələk: "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq, sən gəl kafir
olma!"-deməmiş heç kəsə (sehr) öyrətmirdilər. Yəhudilər yenə də ər-arvad arasına
nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni
olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası
olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən onlar belə şeyləri satın
alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə
qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!"( Bəqərə
2/102)
Hz.Süleyman (ə.s):
"Pərvərdigara! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra
heç kəsə nail ola bilməsin. Həqiqətən, sən böyük ehsan, kərəm
sahibisən!" deyə dua etmiş, Uca Allah (c.c) da duasını qəbul edib
buyurmuşdur: "Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi
yerə rahatca gedirdi. Şeytanlardan olan hər bir bənnanı və qəvvası, eləcə də
başqalarını (digər şeytanları) zəncirləmiş halda (onun ixtiyarına
verdik).( Sad 38/35-38)
"Biz şeytanlardan
qəvvaslıq edənləri və başqa işlər görənləri də Süleymanın ixtiyarına verdik. Biz
onlardan göz-qulaq olurduq."( Ənbiya 21/82)
ayəsində Hz.Süleymanın (ə.s) əmrində olan cinlərdən, şeytanlardan bəhs
edilmişdir.
Şeytan insanları əyri
yollara çəkmək üçün müxtəlif vasitələrdən istifadə edir. Sərxoşedici içkilər
onun ən çox istifadə etdiyi vasitələrdəndir. O, bu vasitələrlə insanı Allah
qarşısında günahkar edir:
"Ey iman gətirənlər!
Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da , Şeytan əməlindən olan
murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki,
Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan
və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son
qoyacaqsınızmı?"( Maidə 5/90-91)
İnsanın sərxoş olduğunda
davranışlarını kontrol edə bilməməsi və bir çox pisliklər edə bilməsi hər kəs
üçün məlumdur. İnsan müvazinətini itirəndə hər cür pis əməllər edə bilər. Şeytan
insanın bu vəziyyətindən istifadə edib onu istədiyi yollara
yönəldir.
2)
Hədislərdə şeytan.
Hz.Peyğəmbər (s) yeri
gəldiyində şeytandan bəhs edərək onun haqqında məlumatlar vermiş, ondan
qorunmanın yollarını güstərmişdir. Hz.Peyğəmbər (s):"Qəzəb şeytandandır
Şeytan da oddan yaradılmışdır. Od su ilə sönər. Sizlərdən biriniz
qəzəbləndiyində dəstəmaz alsın." buyurmuşdur.
Hz.Peyğəmbər (s)
bir sıra hallarda hirslənmiş, lakin hər dəfə qəzəbini boğa
bilmişdir. Şakik (r.a) deyir ki; "Hz.Peyğəmbər qənimət paylayırdı. Ənsardan
bir nəfər: "Bu qənimət düzgün bölüşdürülmür" dedi. Mən: "Allaha and içirəm ki
bunu Peyğəmbərə deyəcəm" dedim. Hz.Peyğəmbərin yanına gəldim, yanında insanlar
var idi. Onun dediklərini Peyğəmbərin qulağına dedim. Allah Rəsulu həmin an çox
qəzəbləndi. hətta üzü qızardı. Sonra da "Allah Musaya rəhmət etsin. O, bunlardan
daha çoxuna məruz qalaraq, səbr etdi" buyurdu.
Hz.Peyğəmbərin (s)
yanında iki adam bir-birlərinə sərt sözlər söyləyirdilər. Onlardan biri,
digərinə qəzəbləndiyində üzü qıpqırmızı olmuşdu. Hz.Peyğəmbər (s): "Mən bir
söz bilirəm ki, kim onu desə qəzəblənməz. Əuzu billahi minə-ş-şeytanir-racim
dedi. Həmin adama "Peyğəmbərin dediyini eşitmədinmi?" dediklərində: "Mən dəli
deyiləm" dedi.
Hz.Peyğəmbər (s):
"Sol əlinizlə yeyib-içməyin, çünki şeytan da sol əliylə yeyib-içir."
buyurmuşdur.
"Şeytan hər halınızda
sizinlə bərabərdir. Hətta yemək yediyiniz vaxtda da. Sizlərdən biriniz bir tikə
yerə düşdüyü zaman, onun pislənən yerini təmizləyib yesin, onu şeytana
saxlamasın. Yeməyi də sonuna qədər yesin, çünki insan bərəkətin yeməyin
harasında olduğunu bilə bilməz".
Şeytan insanın
yemə-içməsindən başqa, yuxularına da təsir göstərir. Röya-insanın yuxusunda
gördüyü gözəl və xeyirli şeylərə deyilir. Hz.Peyğəmbər (s) iki söz arasındakı
nüansı da ifadə edərək: "Röya Allahdan, hulum isə şeytandandır. Sizdən
biriniz pis yuxu görərsə sol tərəfinə üç dəfə tüpürsün və onun şərindən Allaha
sığınsın. Belə edərsə bu yuxu ona zərər verməyəcək" buyurur. Bu hədisin
müsbət versiyası da vardır: "Sizdən biriniz gözəl bir röya görəndə sevinsin.
Bu röyanı yalnız sevdiyi insanlara danışsın".
Röyalar müxtəlif
çeşiddədir. Birincisi: həqiqətən Allah tərəfindən və ya mələyin təsiriylə
meydana gəlir. İkincisi: yaşanan hadisələrin şüuraltı halından röyalara əks
etməsi şəklində özünü göstərir. Üçüncüsü isə: şeytani olandır ki, şeytanın gizli
bir təsiriylə insanın yuxuda gördüyü pis, çirkin və şər olan şeydir. Bu müvzuda
Hz.Peyğəmbər (s); "Qiyamət yaxınlaşanda müsəlmanın röyası çin çıxacaqdır.
Sizin ən doğru röya görəniniz , ən doğru söyləyəninizdir. Röya üç qisimdir: biri
saleh röya olub Allahdan bir müjdədir, digəri şeytanın verdiyi üzüntüdür.
Üçüncüsü, insanın özü-özünə fikirləşdiyi şeylərdəndir. Kim pis yuxu görsə, namaz
qılsın, onu heç kimə deməsin." buyurur.
Hz.Peyğəmbər (s)
şeytanın röyada onun şəklinə girə bilməyəcəyini bildirir: "Kim məni röyada
görsə, həqiqətən məni görmüşdür. Çünki şeytan mənim şəklimə girə
bilməz".
Hədislərdə yer alan
digər məsələ də, şeytanların axşam vaxtında hərəkətə keçmələriylə
əlaqədardır: "Hava qaraldığı zaman uşaqlarınızı evdə saxlayın, çünki o vaxt
şeytanlar ətrafa yayılır. Bismillah deyərək qapılarınızı bağlayın,çünki şeytan
bağlı qapını aça bilmir. Su qablarının ağzını bəsmələ çəkərək bağlayın, şamları
da söndürün".
Bundan başqa şeytan
haqqında bir çox hədislər mövcuddur. Hər bir işdə Allahın xeyri olduğu kimi,
şeytanın da şəri vardır.
Şeytanın özünəməxsus
xüsusiyyətləri
Şeytanın ən önəmli
funksiya və xüsusiyyətləri bunlardır:
1)
Düşmənlik
Şeytanın insana olan
düşmənliyi açıqdır. O, içində daşıdığı üsyan və küfr toxumlarının ortaya
çıxmasına səbəb olan insana və onun zürriyyətinə müharibə elan etmiş, Allaha
böyük hörmətsizlik göstərmiş və ona üsyan etmişdir.
Uca Allah (c.c) onun
insana olan bu qəzəb, kin və nifrətindən meydana gələn düşmənliyini xəbər
vermiş, bizim də onu düşmən etməyimizin vacibliyini bildirmişdir:
"Şeytan sizin düşməninizdir, siz də onu düşmən edin".( Fatır
35/6)
Şeytan hər nə qədər bizə
görünməsə də, gizli olaraq qanımıza, iliklərimizə işləməkdə, qəlbimizə
girməkdədir. O, bizə Allahın istəmədiyi çirkin şeyləri etməmizi əmr edər.
Şeytanın əmr etməsi, onun Allahın razı olmadığı şeylərə yaraşıq verib
xəyallarımıza daxil etməsi və onları etməyə təşviqindən
ibarətdir.
2)
Xainlik
Xainlik-əmanətə xəyanət
etmə, verilən sözü yerinə yetirməmə, arxadan zərbə vurma mənasına gəlir.
İnsanlardakı ikiüzlülük, xainlik şeytandan keçmə
xüsusiyyətlərdir.
3) Vəsvəsə
Vəsvəsə-gizli səs,
insanın daxildən səssizcə danışması, fısıltı mənalarını verir. Şeytanın ən çox
istifadə etdiyi funksiyadır. O, vəsvəsə vasitəsilə insanların qulağına
fısıldayaraq, onları pis, çirkin yollara sürükləyir. Şeytan bu vasitəylə
Hz.Adəmi (ə.s) cənnətdən qovdurmuş, insanları bir-birinə düşmən etdirmiş,
onların qan tökmələrinə səbəb olmuşdur. Şeytan insana nəfsi tərəfdən pis
vəsvəsələr, xatirələr göstərərək onların ağlına hücum edir. Bütün bunlardan
qaçmağın çarəsi, onlarla heç məşğul olmamaqdır.
4) Pislik və
çirkinlik
Bu xüsusiyyət şeytanın
əsas devizi sayılır. Dünyanın bütün çirkin əməllərinin başında şeytan
dayanır.
5) Üsyan və
inad
İlk dəfə insana qarşı
üsyan edib, öz inadından əl çəkməyən şeytan olmuşdur. Üsyanın ziddi itaətdir.
Allaha üsyan da şeytana itaətdir. İbadətlərini sonuna qədər yerinə yetirməyə
çalışıb, bu əzmlərini itirməyənlər, şeytanın təsirinə girməyəcək və hər zaman
Allaha sadiq qalacaqlar.
6)
Qorxu
Şeytanın istifadə etdiyi
xüsusiyyətlərdən biridir. Şeytan, insanları qorxudur, özünə qarşı qorxu hasil
etdirir. Əksər hallarda şeytan insanlara yuxuda görünür və onlara mənfi
illuziyalar verərək onların şüuruna təsir göstərir.
7)
Toxunmaq
Şeytanın toxunması
mexaniki şəkildə özünü göstərmir. Burada toxunma şüura təsir etmək mənasını
verir.
Hz.Eyyub (ə.s) xəstəliyə
düçar olduğunda; "Şeytan mənə yorğunluq və əzabla toxundu"( Sad
38/41) demiş, bu halını şeytanın ona toxunması olaraq
göstərmişdir.
Şeytandan qorunma
yolları
Şeytanın şərindən
qorunmaq üçün alınması gərəkən əsas tədbirlər bunlardır:
a) Qurani
Kərim oxumaq
Allah Təala öz kitabını
bizə anlatarkən; "Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət,
ürəklərə daha bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir."(
Yunus 10/57) buyurur. Bu ayəyə görə Quran: insanları pislik və
günahlara qarşı xəbərdar edən, insanın ruhi-bədəni hər cür problemlərini dəf
edən bir şəfa, içindəkiləri oxumaq, başa düşmək, yaşamaq və başqalarının da
yaşamasına vasitə olmaq surətilə, mərhəməti qəzəbinin qarşısında olan Uca
Yaradıcının bağışlanmasını cəlbedən bir rəhmətdir.
Əbu Hüreyrə (r.a) belə
söyləyir: "Quran oxunan evdə, mələklər hər zaman olar, şeytan oranı tərk
edər, o evin ruzisi artar. Quran oxunmayan evi isə mələklər tərk edib, yerini
şeytan tutar və xeyir azalar." Hz.Peyğəmbər (s): "Evlərinizi qəbirlərə
çevirməyin. Şübhəsiz ki, şeytan, içində Bəqərə surəsi oxunan evdən qaçar."
Quran hər bir zaman, hər bir yerdə insanın imdadına çatar, insana sakitlik və
sevgi bəxş edər, insanı həm dünya, həm də axirətdə xoşbəxt
edər.
b)İbadət
etmək
Şeytandan qorunma
yollarından biri də ibadətdir. İnsanın ruhuyla, cəsədilə, daxili və xaricilə,
bütün mövcudiyyətilə yalnız Allaha etdiyi şüurlu itaətə ibadət deyilir.
"Mən cin və insanı mənə ibadət etsinlər deyə yaratdım."( Zariya
51/56) ayəsi buna misaldır.
Allah Rəsulu bir hədisdə
bütün sevgilərin qaynağı olan Allahın belə buyurduğunu xəbər
verməkdədir:
"Kim məni
tanıyan və mənə ibadət edən bir quluma düşmənlik edərsə, mən də ona müharibə
elan edərəm. Qulum, ona fərz qıldığım ibadətlərdən daha sevimli bir şeylə mənə
yaxınlaşa bilməz. O qulum, nafilələrə davam etmək surətilə də mənə yaxınlaşmağa
davam edər. Elə olur ki, artıq mən onu sevərəm. Sevincə də onun eşidən qulağı,
görən gözü, tutan əli, gedən ayağı olaram. Məndən bir şey istəsə, istədiyini
verərəm. Mənə sığınsa onu qoruyaram."
Allah, ona ibadət
edənlərə "qullarım"deyərək sahib çıxmaqdadır. Allah
tərəfindən sevilən bir insanın, şeytanın yalanlarına uyma ehtimalı yox kimidir.
Çünki artıq onu Allah qoruyur və hər cür pislikdən mühafizə edir. Bu insan
Allahın xalis quludur ki, şeytan belə insanlara təsir edə bilməz. Allah Təala
belə buyurmuşdur: "Qulum mənə bir addım yaxınlaşsa, mən ona bir arşın
yaxınlaşaram. Qulum mənə bir arşın yaxınlaşsa, mən ona on arşın yaxınlaşaram. O
mənə yeriyərək gələrsə, mən ona qaçaraq gələrəm"
Allah məcazi ifadələrlə
qulun bir az cəhd etməsinə qarşılıq olaraq, ona çoxlu yardım edəcəyini, hədəfinə
çatmasında işlərini asanlaşdırmasını xəbər verməktədir. Bu, Uca Yaradıcının
(c.c) qoyduğu bir qanundur. Beləliklə insan, ibadət vasitəsilə şeytanın min cür
mənfi fəaliyyətinə qarşı özünü sığortaya alıb, Allahın qoruması altına daxil ola
bilər.
c) Allaha
sığınma
Şeytandan qorunma
deyincə ilk ağla gələn, Allaha sığınmadır. Quranda iki yerdə Hz.Peyğəmbərə (s)
xitab edilərək: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın.
Şübhəsiz ki, Allah eşidən və
biləndir."( Əraf 7/200, Fussilət
41/36) buyurulmuşdur.
Şeytandan Allaha
sığınma, eyni zamanda Allaha qarşı bir təvəkkülün də ifadəsidir. Məsələn: qəzəb
insana aid bir xüsusiyyətdir ki, şeytan bu duyğunu neqativ mənada işlədərək
insana zərər vermək istəyir. Süleyman b.Surad (r.a) bir hədisdə nəql edir:
"Hz.Peyğəmbərin (s) yanında olan iki nəfər kişi bir-birlərini söyürdülər. Biz də
orada idik. Onlardan biri digərini çox qəzəbli halda söyürdü. O, qəzəbindən
qıpqırmızı qızarmışdı.Buna münasibətni bildirərək Hz.Peyğəmbər (s): "Mən elə
bir söz bilirəm ki, onu kim desə qəzəbi şübhəsiz gedər", əgər
" Əuzu billahi minəş-şeytanir-racim desə"
buyurdu. Oradakılar o qəzəbli adama: "Sən Peyğəmbərin dediyin
eşitmədinmi? dedilər. O adam: "Mən dəli deyiləm"
dedi.
Hz.Peyğəmbərin (s)
həyatında dua və istiazə çox önəmli bir yerə sahibdir.Həyatının hər səhifəsində
duaları eşidən və yerinə yetirən Cənabı Haqqa (c.c), ya bir duası və ya bir
istiazəsi vardır:
1) Sizdən birinizə
şeytan gəlir; "Bunu kim yaratdı ,onu kim yaratdı, hətta Rəbbini kim yaratdı?
soruşar. Bu hal kimə gələrsə, Allaha sığınsın və o halı tərk etsin.
2) Hz.Peyğəmbər (s):
"İnsan üçün həm şeytan, həm də mələyin təsiri vardır. Şeytanın təsiri şəri
vəd etməsi və haqqı yalanlaması, mələyin təsiri isə yaxşılığı vəd edib, haqqı
təsdiq etməsidir. Kim vicdanında bunu hiss edərsə ,bilsin ki bu Allahdandır. Kim
də digərini hiss edərsə, qovulmuş şeytandan Allaha sığınsın"
demişdir.
3) Əbu Bəkr (r.a): "Ya
Rəsulallah, mənə səhər-axşam oxuya biləcəyim bir dua de" dedi. Hz.Peyğəmbər (s):
"Ey görünəni və görünməyəni bilən, göyləri və yeri yoxdan var edən, hər
şeyin tərbiyəçisi və sahibi! Şəhadət edərəm ki, səndən başqa tanrı yoxdur,
nəfsimin və şeytanın şərindən, onun məni şirkə salmasından sənə sığınıram"
dedi və "Bunu səhər-axşam və yatmazdan əvvəl oxu"
buyurdu.
4) Hz.Peyğəmbər (s) ölüm
anında şeytanın aldatmasından Allaha sığınmışdır. O, "Ölüm anında şeytanın
vurmağından sənə sığınıram" deyə dua edərdi.
5) Allah Rəsulu:
"Sizdən biriniz, xanımına yaxınlaşacağı zaman: "Allahım! Şeytanı məndən də,
mənə ruzi olaraq lütf edəcəyin uşaqdan da uzaqlaşdır" desin. "Əgər bir
uşaqları olarsa, şeytan ona zərər verməz"
dedi.
d) Az
yemə
Qida almada Hz.Peyğəmbər
(s) bütün insanlara nümunə olmuşdur. Həddindən artıq çox yemək insan orqanizmi
üçün çox təhlükəli və zərərlidir. Normadan artıq qidalanmaq dini həyata da mənfi
təsir göstərir. Bu, artıq yuxu, mənasız danışma, çox gülmə, unutqanlıq,
ibadətlərə qarşı arzusuzluqla nəticələnir. Şeytanın ən güclü silahlarından olan
şəhvətin qarşısını alabilmək üçün istifadə olunan ən məqsədəuyğun vasitə, kalori
miqdarını azaltmaqdır.
Göründüyü kimi, şeytan
hər zaman insanı narahat edir. O, yeni dünyaya gələn körpəyə öz təsirini
göstərir, həyata yeni gözləri açılmağa başlayan gəncə günahları çox yüksək
səviyyədə təbliğ edir. İnsanı ayıq vaxtı rahat buraxmadığı kimi, yatdığı zaman
da yuxularına müdaxilə edir. Vəfat edəndən sonra ona yaxınlaşaraq, axirətini
bərbat etməyə çalışır. O, çox hiyləgər, xəyanətkar, yalançı və insanın ən böyük
düşmənidir.
Şeytan ilahi əmr
qarşısında özüylə bacarmamış, daxilindəki mənfi xüsusiyyətləri xaricə əks
etdirmiş, üsyan edərək Allahın qəzəbinə tuş gəlmişdir. O, başına gələnlərin
günahkarı Hz.Adəmi (ə) bilmiş, ona və nəslinə azğın bir düşmən kəsilmişdir.
Şeytan, Allaha üsyanında nə qədər xətalı və haqsızdırsa, Adəmə olan
düşmənliyində də bir o qədər haqsızdır. Şeytan Allaha üsyan etmiş, sorğu-sual
olunduğu zaman özünü müdafiə etməyə və haqlı olduğunu sübut etməyə çalışmış,
üst-üstə xətalar etmişdir.
Şeytan rəhmətdən kənar
yaradılmamış, qabiliyyətini mənfi tərəfə yönəldərək, öz sonunu özü
hazırlamışdır. O, insanlardan və cinlərdən, ruhunu öldürmüş, vicdanını pozmuş,
fitrətini məhv etmiş olanları özünə köməkçi və dost seçmişdir. Satanizmə
tapınanlar da belə insanlardan ibarətdir.
Məhşər günü Uca Yaradan
(c.c) nın sonsuz mərhəmətini gördüyü zaman o da ümüdlənəcək, qurtuluş yollarını
mütləq axtaracaqdır. Şeytan bütün etdiklərinə baxmayaraq, işin sonunda Allahın
onu bağışlayacağı ümüdüylə yaşamaqdadır ki, buna "şeytanın cənnət ümüdü
deyilir"
Sonda bu fikri demək
olar ki, Satanizm idealogiyası insanlarda böyük maraq doğurur və o, fərqli
inanc, düşüncə və fikir ayrılıqlarının yaranmasında təsiredici funksiya
sahibidir. SON
|