Keçən əsrin sonlarında Azərbaycanın ictimai-siyasi leksikonuna
"demokratiya", "açıq cəmiyyət", "insan hüquqları" və sair kimi
terminlərlə yanaşı, daha bir termin - "qloballaşma" daxil oldu. Dünya
iqtisadi və siyasi ədəbiyyatlarında bu termin haqqında aydın və
birmənalı təsəvvürün olmadığına, diskussiyaların daim davam etməsinə
baxmayaraq, Azərbaycan cəmiyyətində, xüsusilə elektron KİV-lərdə bu
termindən daha çox istifadə edilir. "Qloballaşma"nın əsil mahiyyətinin
dünya siyasi və iqtisadi proseslərindən "gizli" qalması, bəzi hallarda
onun digər proseslərlə, məsələn, "beynəlmiləlçilik", "inteqrasiya",
"regionlaşma" və s. anlayışlarla qarışdırılmasına şərait yaradır.
Qəribədir ki, milli müstəqilliyi və ya milli özünəməxsusluğu, hətta
milli eqoizmi dəstəkləyən siyasilər də "qloballaşma"ya "hə" deyirlər. Artıq
Azərbaycan cəmiyyətinin istənilən ictimai-siyasi hadisəsinə
qloballaşmanın müəyyən təsirinin proyeksiyası kimi baxmaq olar. Odur
ki, qloballaşma prosesi ilə bağlı geniş diskussiyaların aparılmasına və
Azərbaycanın bu prosesdə yerinin müəyyən edilməsinə ciddi ehtiyac var.
Bəs, qloballaşma prosesi Azərbaycana necə təsir göstərəcək? Azərbaycan
bu prosesdə özünəməxsusluğunu saxlaya biləcəkmi? Müstəqillik
qloballaşmaya zidd proses deyilmi? Millətçilik özünütəcrid deyilmi?
Qloballaşma qlobal problemlər yaratmırmı? Qloballaşma prosesinin "Yeni
Dünya Düzəni", beynəlxalq Sionizm və Masonluqla hansı əlaqələri var?
Qloballaşma sivilizasiyalararası "gizli müharibə" deyilmi? Bu və ya
digər sualların araşdırılması qloballaşma prosesində Azərbaycanın
gələcək inkişaf perspektivlərini daha yaxşı başa düşməyə imkan verə
bilər. Bəs, "qloballaşma" nədir? Lap sadə dildə desək, bu, "lokallaşma"
prosesinə əks prosesdir. Hər hansı bir hadisənin lokal miqyasdan
çıxaraq, genişlənməsi və onun qlobal xarakter alması bu prosesin
qloballaşmasından xəbər verir. Bu mənada qloballaşma heç də XX əsrin
sonlarına aid proses deyil. Dini inancların kiçik ərazilərdən daha
geniş ərazilərə, kiçik insan qruplarından daha geniş insan qruplarına
yayılması, hər hansı dövlət tərəfindən geniş ərazilərin işğal edilməsi
ilə dilin, dinin və mədəniyyətin ötürülməsi də qloballaşma prosesi idi.
Kiçik dövlətlərin daha böyük dövlətlər tərəfindən nəzarətə götürülməsi
ilə ümumi dilin və mədəniyyətlərin formalaşması, müstəmləkə ölkələrində
müstəmləkəçi dövlətin həyat tərzinin yayılması da qloballaşmanın
təzahürü idi. Roma İmperiyası, Böyük Britaniya və Osmanlı imperiyaları
da öz dövrlərində müxtəlif mədəniyyətə, dilə və dinə məxsus ölkələri
birləşdirərək eyni iqtisadi və mədəni məkan formalaşdırmağa cəhd
göstərmişlər. Qloballaşma müxtəlif tarixi dövrlərdə ən müxtəlif
formalarda həyata keçirilmişdir. Lakin bütün hallarda qloballaşmanın
mahiyyəti onun "aktiv" tərəfinin, yəni bu prosesi həyata keçirənin,
"passiv" tərəf, yəni təsirə məruz qalan tərəf üzərində, iqtisadi
üstünlüyünü həyata keçirməkdən və möhkəmləndirməkdən ibarət olmuşdur. XX
əsrin axırlarına xas olan və bu gün sürətlə davam edən qloballaşma
prosesi mahiyyətcə iqtisadi, formaca ideoloji xarakterlidir. Lakin bu
proses öz irtica xarakteri ilə və "gizli" məqsədləri ilə əvvəlki
dövrlərə xas olan qloballaşmadan xeyli fərqlənir. Belə ki,
qloballaşmanın mahiyyəti ABŞ-ın nəzarətində olan və onun marağına
xidmət edən qlobal sənayenin, maliyyə sisteminin və ümumi bazarın
yaradılmasını nəzərdə tutur. Müasir qloballaşmanın mahiyyətində "azad
ticarət" vasitəsilə dünya iqtisadiyyatının nəzarətdə saxlanması və
dünyanın bir mərkəzdən idarə edilməsi dayanır. "Azad ticarət
müqavilələri" və ya "azad investisiya" müqavilələri qloballaşmaya cəlb
edilmiş ölkələrin siyasi sisteminin, çox hallarda isə qanunvericilik
sisteminin yenidən qurulmasını tələb edir. Qloballaşmanın ideoloji
tərəfi isə siyasi, ekoloji, sosial, mədəni, texniki və s. aspektləri
əhatə edir. Vahid Dünya Dövlətinin yaranması kimi cəlbedici ideyaları
irəli sürən qloballaşma ideologiyası əslində ABŞ-ın dünyada
dominantlığının daha da möhkəmləndirilməsinə xidmət göstərir. Elmi
nöqteyi-nəzərdən inkaredilməz faktdır ki, qlobal problemlərin həlli
qlobal əməkdaşlığın olmasını tələb edir. Heç bir ölkə ayrı-ayrılıqda
qlobal təhlükəyə çevrilən ərzaq çatışmazlığını, enerji problemlərini və
ekoloji problemləri həll edə bilməz. Elmin və texnologiyanın da inkişaf
etdirilməsi və ondan bütün xalqların bəhrələnməsi qlobal əməkdaşlığın
genişlənməsini tələb edir. Kasıb ölkələrdə yoxsulluqdan, aclıqdan və
xəstəlikdən əziyyət çəkən insanlara qlobal miqyasda dəstək verilməsinin
vacibliyini kim inkar edə bilər? Təbii fəlakətlərdən, epidemiyalardan
əziyyət çəkən insanlara qlobal miqyasda yardımların göstərilməsi çox
vacibdir. Terrorizmdən, separatizmdən, millətçilikdən, irqçilikdən,
diktator özbaşınalığından, qeyri-demokratik idarəçilikdən əziyyət çəkən
xalqlara qlobal dəstəyin göstərilməsini və insan hüquqlarının prioritet
dəyərə çevrilməsini hər bir düşüncə sahibi arzulayır. Görəsən, bu
problemlərin həllində qloballaşma açar ola bilərmi? Axı bu problemlərin
yaranmasının əsasında elə ABŞ-ın "qloballaşma" siyasəti durur. Qloballaşmadan
əziyyət çəkən ölkələrin geniş ictimaiyyəti, adətən, qloballaşmanın
ideoloji tərəfləri ilə üz-üzə gəlirlər. Ona görə də, cəmiyyətdə baş
verən neqativ halların qloballaşma ilə necə əlaqədar olduğunun fərqində
olmurlar. Bu hal Azərbaycan cəmiyyətinə də aiddir. Qloballaşma
prosesi formaca beynəlmiləlçiliyə və beynəlxalq əməkdaşlıq səylərinə
xeyli oxşasa da, mahiyyətcə onlardan ciddi fərqlənir. Belə ki,
qloballaşmanın mahiyyətində bu prosesin aparıcı tərəflərinin, xüsusilə
ABŞ və digər Qərb dövlətlərinin iqtisadi və siyasi maraqları dayandığı
üçün ölkələrarası siyasət də güclünün diktə etdiyi qaydalarla qurulur.
Bəzi Qərb politoloqları və siyasiləri qloballaşma prosesinin uzun dövr
üçün əsas məqsədinin Qlobal Hökumət yaratmaq olduğunu heç də
gizlətmirlər. Onlar etiraf edirlər ki, qloballaşma adı ilə dünya
iqtisadiyyatının və maliyyəsinin nəzarətdə saxlanması dünyanı idarə edə
biləcək gücün konsolidasiyası və yeni dünya düzəninin formalaşması
deməkdir. NATO, ATƏT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, müxtəlif beynəlxalq təşkilatlar, o
cümlədən Üçtərəfli Komissiya məhz ABŞ-ın dünyada dominantlığını təmin
edən və qloballaşmanı dünyaya "sırıyan" təşkilatlardır. XXI əsr
qloballaşması beynəlmiləlçilik deyil. Beynəlmiləlçilik bərabər
hüquqlardan və bərabər imkanlardan istifadə edən ölkələrin beynəlxalq
əlaqələrini, beynəlxalq ticarətini, alyansını nəzərdə tutur. Dünya
qarşısında duran qlobal problemlərin həlli ölkələr arasında belə
əlaqələrin və əməkdaşlığın yaradılmasını zəruri edir. Qloballaşma isə
"azad ticarət" və "azad investisiya" vasitəsilə milli iqtisadiyyatın
qlobal iqtisadiyyat içərisində (daha dəqiq desək, ABŞ nəzarətində olan)
əriməsini, milli sərhədlərin "şəffaflığını" tələb edir. Bəzən
qloballaşmanı bazarları əhatə edən iqtisadi inteqrasiya və ya
ölkələrarası inteqrasiya kimi də xarakterizə etməyə çalışırlar. Buna
misal kimi Avropa İttifaqının yaranmasını göstərirlər. Belə yanaşmada
qloballaşma prosesinin aparıcı tərəflərinin, xüsusilə ABŞ-ın "gizli"
niyyətləri ört-basdır edilir. Həm beynəlmiləlçilik, həm də inteqrasiya
tərəflərin maraqlarının birgə qorunmasını, tərəflər üçün bərabər
şəraitin yaranmasını nəzərdə tutur. Qloballaşma isə ABŞ maraqları
naminə digər millətlərin iqtisadi istismarına yönəlir. Odur ki,
qloballaşma mahiyyətcə nə millətçiliyin, nə də separatizmin əleyhinə
deyil. Əksinə, qloballaşmanın mahiyyəti dolayısı ilə həm millətçiliyi,
həm də separatizmi dəstəkləyir. Millətçilik və separatizm qloballaşmaya
müqavimət göstərən digər millətlərin regional birliyinin yaranmasına və
regional inteqrasiyanın reallaşmasına mane olan əsas faktordur.
Qloballaşmanın sürətlənməsində maraqlı olan tərəflər qloballaşmaya cəlb
edilən ölkələrdə siyasi sistemi nəzarətdə saxlamaq üçün idarə oluna
bilən siyasi müxalifətin yaradılmasına və bu müxalifətdən lazım olan
hallarda mövcud hakimiyyətə təsir göstərmək üçün istifadə edilməsinə də
xüsusi önəm verirlər. Cəmiyyət daxilində vətəndaş birliyinin olmaması
üçün müxtəlif tipli potensial etnik münaqişələr təhlükəsinin
yaradılması və separatizm ocaqlarının saxlanması da qloballaşmanın
"gizli" mahiyyətindən irəli gəlir. Qloballaşma iqtisadi və hərbi yolla
güclü tərəfindən zəifin istismar edilməsidir. Bu günkü zəifin həmişə
zəif vəziyyətdə saxlanması üçün tətbiq edilən yollardan biri də onun
daha kiçik hissələrə parçalanması və parçalanan hissələr arasında
ziddiyyətlərin yaradılmasıdır. Başqa sözlə, zahirən beynəlmiləlçiliyi
və ya inteqrasiyanı təbliğ edən "qloballaşma" mahiyyətcə millətçiliyi
dəstəkləyir. Odur ki, qloballaşmada aparıcı olan ölkələr, xüsusilə ABŞ
birgə sərhədi olan ölkələr və ya tarixi əlaqəsi olan ölkələr arasında
münaqişələrin yaradılmasına müxtəlif ideoloji vasitələrlə çalışır. İlk
baxışdan mübahisəli görünən bu fikirlər qloballaşmanın mahiyyəti ilə
forması arasındakı ziddiyyətlərlə bağlıdır. Dünyanın "qloballaşan" və
"qloballaşmayan" hissələrə ayrılması və ikincilərin zor vasitəsilə
"qloballaşmaya cəlbi" ABŞ-ın yeni müstəmləkəçilik siyasətinin tərkib
hissəsidir. XXI əsr qloballaşması öz hərbi dəstəyi ilə də əvvəlki
dövrlərdən kəskin fərqlənir. "Azad ticarət müqavilələri" və ya "azad
investisiya" müqavilələrinin aparıcı tərəfləri olan transmilli
şirkətlər NATO-nun genişlənməsinə və rolunun artırılmasına səy
göstərirlər. Elə bil dünya siyasətində qəribə paradoks yaranıb. Öz
müstəqilliklərini əldə etmək və milli özünəməxsusluqlarını qorumaq üçün
yüz illərlə mübarizə aparan, itkilər verən xalqlar qloballaşma
prosesinin ideoloji "tələsinə" düşərək öz tarixi nailiyyətlərini bir
anlığa qurban verirlər. Doğrudanmı onlar başa düşmürlər ki,
"qloballaşma"nın "gizli" mahiyyəti nəinki kiçik ölkələrin milli
özünəməxsusluğunu, dilini, dinini və mədəniyyətini əridəcək, hətta
onları və gələcək nəsilləri həlli mümkün olmayan qlobal problemlərlə
üz-üzə qoyacaqdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.