"Elin gözü tərəzidir" deyib ata-babalarımız. Onlar hər ağızlarına gələni söyləməyiblər. Düşünüb-daşınandan, məsləhətləşəndən hətta təcrübədən çıxardandan sonra yaddaşlara ötürüblər. Ona görə də dedikləri söz elə yazılıb ki, pozmaq mümkün deyil...
Hə, bu gün sizə Çin səddindən danışmaq fikrindəyəm. Haqqında söhbət açacağım bu sədd yeddi möcüzənin biri kimi tarixə düşən məşhur Çin səddi deyil. Yaxın günlərdə tikintisi başlayan Əzizbəyov rayonu ərazisində prezident yolunun kənarındakı ucalan səddir. Enini təyin etmək mümkün olsa da uzunluğu hələ məlum deyil. Çünki gecə-gündüz tikintisi davam edən bu hasarın harada başa çatacağını heç iş icraçısı özü də bilmir. Hündürlüyü isə təqribən üç metrdən uca olacaq. Maliyyə böhranının hökm sürdüyü bir vaxtda belə hündür səddin tikilməsi kimə lazımdır? Bilirəm, bəziləri deyəcək ki, daha maliyyə böhranından qurtardıq. Mən də onlara cavab verirəm. Bəs, böhran sona çatıbsa niyə görə ayın 15-20-i təqaüd alan qocalar, yaxud veteranlar bu günə qədər bir qəpik də ala bilməyiblər. Əvvəllər yaxşı idi, pul gecikən kimi gedib poçt müdirinin, ya poçtalyonun qapısını kəsdirirdilər ki, ləngimənin səbəbi nədir? Bu kart sistemi çıxandan sonra heç kimə bir söz demək olmur. Axı yolun qırağını hasara almağa nə ehtiyac var? bəhanə gətirilər ki, bu yoldan ölkə başçısı keçir ona görə də onun təhlükəsizliyi qorunmalıdır. Görəsən bu vaxta qədər ölkə başçısı haradan gedirmiş? Ona nəinki qəsd edən, heç gözünün ucu ilə baxan da tapmaq olmaz. Pakistan, Əfqanıstan, Çeçenistan və nə bilim haraıstan olsaydı bu deyilənlərə inanmaq olardı. Çünki o ...stanlarda çox uzağa getmək olmur. Bizdə ictimai-siyasi sabitlikdir, həm də heç inanmıram ki, dövlət başçımız hansısa qanunsuzluq yapsın və nəticədə xalqdan gizlənməyə məcbur olsun...
Avropa ölkələrini götürək. Orada da prezidentlər rahatca xalqla görüşüb hal-əhval tuturlar. Hələ boş vaxtlarında parka-zada da çıxıb gəzişirlər. Görünür, bu səddin çəkilişində bilmədiyimiz başqa zadlar var. Hər halda Bakının iki hissəyə bölünməsi ciddi narahatçılıqdan xəbər verir.
Səd məsələsini tamamlayıb bir yerə çıxmamış qulağıma Asim Mollazadənin sədası gəldi. Həmən Asim ki, bir vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının ən görkəmli simalarından idi. Bir müddət sonra sədası Amerikadan, nə bilim Avropadan gəldi. İndi də narahat olmayın, səsi elə öz Bakımızdan gəlir. Ancaq bizə o qədər uzaq olduğu üçün elə bilirik, bu səs ya uzaqdadır, ya da uzaqdandır.
Bildiyiniz kimi ötən həftə Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin Bakıya səfər etmişdi. Sən demə onu kürd partiyası DTP-dən olan Sirri Sakık müşayiət edirmiş. Süfrə arxasında oturan türk və azəri deputatlar ziyafətlərinin sonunda bir-birlərini hədələyiblər. Sonra söz savaşına start verən millət vəkili İqbal Ağazadə Sirri Sakıka barmaq yelləyərək yerini tanıtmağa çalışıb. Zatən o da elə həddini aşmayıb. Yerinin yaş olduğunu anlayan Sirri qardaş türkiyəli həmkarlarına qurban olduğunu da bildirib. Bu arada onu müdafiə edən də tapılıb. Milli məclisin üzvü Asim Mollazadə (millət vəkili demirəm, çünki millətin vəkili millətin və xalqın dəyərlərini müdafiə etməlidir...) Sirrinin müdafiəsinə qalxan tək şəxs olub.
Heyrətlənməyin. Avropanın imtina etdiyi adət-ənənələri ölkəmizdə ən ali formada nümayiş etdirən asimlərin hər addımı bizə heç təəccüblü görünməməlidir. Necə deyərlər, xalqın gözü ən düzgün tərəzidir. Bu tərəzidə çəkilənlər layiqli qiymətlərini alacaqlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.