Absurd demirəm, hökümətin acığına gələr, real deyil ki normalda bir insan 70 manatla dolansın
İndi hər
kəsi bu məsələ düşündürür. Daha dəqiq desəm, hər kəsi yox, əsasən əhalinin
aztəminatlı, zəif və yoxsul təbəqəsini düşünməyə vadar edir. Yatsam da yuxuma
belə girməzdi ki, Bakı-Ceyhan neft kəməri işə düşəndən sonra ölkə əhalisi pul
cəhətdən korluq çəkəcək. Yadımdadır, hələ bir neçə il bundan öncə ən tez-tez
işlənilən söz bu idi ki, "qoy hələ BTC işə düşsün, mlyonlar, milyardlar gələcək
ziblərimizə". Ac toyuq yuxusunda darı görürmüş kimi, fikrləşirdim ki oturacam
evdə, hökümət gətirib ayda min manat basacaq cibimə ki, xərcliyin olsun.
Ancaq,
deyir sən saydığını say, gör Tağı müəllim nə sayır. Yox, qətiyyən bu gün
metrodakı qiymət artımı barəsində danışmaq fikrim yoxdur. Onsuz, düşünəndəki gündəlik
istifadə etdiyim və mənə sərfəli olan bir nəqliyyat vasitəsinin qiymətinin 3
dəfə qalxması mənim aylıq büdcəmə nə qədər zərər vuracaq, hövsələm daralır.
Odur ki, heç bu barədə yazıb nə sizin, nə də ki öz yaralarımı təzələmək
istəmirəm. Tağı müəllimin adını isə elə belə çəkmədim. Çünki, məmur elitasının
hamsı eyni prinsip və əqidəyə sahibdirlər (yaxşıları varsa, yaxşılarından
iraq). Allah Hamurappiyə rəhmət eləsin. Düzdur ki yunanlar çıxardığı
qanunların ağırlığına görə ona lənət oxuyurdular, ancaq nədənsə 21-ci əsrdə
neftlə zəngin bir ölkənin vətəndaşı kimi mənim Hamurappiyə rəhmət deməyim
gəlir.
Əlqərəz,
əsas məsələlərə keçməsəm məqaləm də şəhərdə ucu bucağı görünməyən
propka-tıxaclar kimi uzanacaq. Onu deyirdim axı, "Pulun var sizün?". Yaşayış
minimumu 10 manat qalxa-qalxa gəlib 70-80 manat olub. Yəni, bir insan 70 manatla
ay ərzində bütün xərclərini ödəməlidir. Absurd demirəm, hökümətin acığına
gələr, real deyil ki normalda bir insan 70 manatla dolansın. Qazın qiyməti
qalxdı, yaşayış minimumunun qiymətində dəyişlik olmadı. Ərzaq məhsullarının
qiyməti durmadan qalxır, ancaq paralel olaraq əmək haqları qaldırılmır.
İllahdakı "böhrandır" sözü düşüb bütün idarə rəhbərlərinin ağzına. Deyəndəki,
ay qardaş, bəs böhran bizə təsir eləməmişdi, indi nə oldu bizə çatanda böhran
olur?! Deyirlər elə böhranın qarşısı maaşları qaldırmamaqla alınır. Əcəb işə
düşmüşük, gəl indi dolan görüm necə dolanacaqsan.
O gün
yadıma nə düşüb, konstitusiyadakı son dəyişiklikdə "sosial yönümlü" sözü
siyasət sözünə əlavə olundu. Yəni, açıq desək, hökümət sosial qayğı və rifahi
gücləndirməyi konstitusiya ilə də təsbitləməklə bu işə ciddi fikr verəciyini
bir öhdəlik kimi qarşısına qoydu. Ancaq, reallıqlara baxanda sosial yönümlü heç
bir qanun və fərman belə gözümə dəymir. Bircə yenicə qəbul olunmuş "sosial
kirayə" haqqında qərardır ki, onu da həvalə ediblər onsuz da fəaliyyətləri hiss
olunmayan bələdiyyələrə.
Xülasə,
biz yoxsullara bir gün ağlayan yoxdur. Faizimiz də durmadan artır. Keçən il
ölkə əhalisini 20%-dən çoxunu təşkil edirdik. Bu il sayımız iki dəfə də artdı.
Bizim sayımımızın artımı ölkədəki bahalaşma ilə paralelel gedir. Odur ki, artıq
bizim barəmizdə də düşünmək və bizi bu vəziyyətdən çıxarmağın vaxtı gəlib
çatıb. Əsas ehtiyaclarımız isə maddiyyatdır. Hə, birdə onu qeyd edim ki bizə ayrılan
ünvanlı sosial yardımın 3 əsas prinsipinə bəzi yerli sosial idarələr tərəfindən
əməl olunmur. Odur ki yazımın sonunda sosial yardım verən idarələrə bir daha bu
prinsipləri xatırlatmaq istərdim. Ünvanlılıq- sosial yardım yalnız aztəminatlı
ailələrə təyin olunur; ədalətlilik- sosial yardım ailənin orta aylıq gəliri ilə
hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində
təyin olunur; bərabərlilik- sosial yardım bütün aztəminatlı ailələlərə təyin
olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.