Yaşadığımız cəmiyyət o qədər problemlərlə doludur ki, bilmirsən bütün bunların əlindən hara baş alıb gedəsən? Hara baxırsan könülaçan bir şeylə rastlaşmırsan. Atalar məsəli var: "Dərd dərd gətirər". Özümə söz verdim ki, bundan sonra heç bir şeyi dərd etməyəcəm. Bu fikirlə düzəldim yola. Getdiyimsə yalnız bir yoldur - təhsil aldığım universitet yolu. Ümid edirəm ki, buranı müvəffəqiyyətlə bitirib, nəyəsə nail olacam, bəlkə də problemlərin bir çoxundan yaxa qurtaracam. İnşəallah!Elə bu minvalla da düzəldim yola. Gəl ki, burada da problemlə rastlaşdım. Düz bir saat avtobus gözləməli oldum. Görəsən, bu Nəqliyyat Nazirliyi hara baxır? Hələ avtobusun gec gəlməsi bir yana, təsəvvür edin ki, Sumqayıtdan Bakıya qədər olan yarımsaatlıq yolu bir saata gedib çatırsan. Bir vaxtlar Bakıya gedən bütün maşınlar 20 Yanvar metrosunun girişində dayanırdısa, indi yeni avtovağzala kimi gəlir. Ordan da düşüb digər bir marşruta əyləşməlisən ki, səni 20 Yanvara kimi aparsın. 284 saylı avtobus sərnişinlərin ən çox üstünlük verdikləri marşrutdur. Çünki digərlərindən fərqli olaraq, burada gediş haqqı 10 qəpikdir. Əhalinin yarıdan çoxu isə ciblərinə qənaət etməyə çalışan kasıblar, işsizlər, biz tələbələr və digərləridir. Buna görə də avtobusun sərnişinləri çoxdur. Hətta bəzən görürsən sərnişin çoxluğundan qapılar bağlanmır, amma konduktor ucadan qışqırır, sərnişinləri maşına minməyə çağırır. Yarım saat da burada ləngiyirsən. Şikayət edirsən, sürücünün cavabı belə olur: "Mən nə edə bilərəm, Nəqliyyat Nazirliyi planımızı artırıb, bizsə məcburuq bu cür işləməyə. Biz də çörək pulu qazanmalıyıq, ya yox? Şikayətinizi yaxşı olar ki, elə nazirliyin özünə edəsiniz. Hamımızı bu günə salan onlardır". Düz sözə nə de-yəsən? Hələ ardına qulaq asın, avtobus yola düşür. Yola düşür deyəndə ki, ey-ni yol və keçidləri bir neçə dəfə dövrə vurur. Həm vaxtın uzanır, həm də yolun. Yadımdadır, hətta bir dəfə gənc sərnişinlərdən biri çox məzəli bir söz də işlətdi: "Bu nədir eee? Düşüb "peşkom" getsəydim, bundan tez çatardım". Düz sözə nə deyəsən?Nə başınızı ağrıdım, avtobus gəldi, amma necə gəldi. Ağzına kimi dolu bir vəziyyətdə yavaş-yavaş, demək olar ki, güclə dayanacağa yaxınlaşdı. Bir nəzər saldım görüm minməyə dəyər? Avtobusun pəncərələrinə baxanda gülməkdən özümü güclə saxladım. Oturacaqların birində 2 nəfər əvəzinə 3-ü əyləşmişdi, sərnişinlərin çoxu isə deyinə-deyinə ayaqüstə getmək məcburiyyətində qəlmışdılar. Hətta yer çatışmazlığından sürücünün yanında özünə yer edənlər də tapıldı. Fikirləşdim ki, minməyinə dəyərmi? Saata nəzər saldım, onsuz da gecikirdim. Əlqərəz, bu avtobusla gedəsi oldum. Hiss etdim ki, avtobus ağırlıqdan "bir böyrü" üstə çöküb. Yol boyu "Kəlmeyi-şəhadət"imi deyə-deyə getdim. Sözsüz ki, yolda hər bir şey baş verə bilər, "tem bole" bu vəziyyətdə. Yol gedə-gedə avtobusun pəncərəsindən ötüb-keçən maşınlara baxırdım. Maşın həvəskarı olmasam də, bir anlıq belə bir maşın sürməyi arzuladım. Fərqi yoxdur hansı markadır, təki sürməyə maşın olsun. Təki bu böyük avtobuslardan canım qurtarsın, təki yolumu rahat gedim. Yəqin ki, mənim kimi bir çoxları da bu fikrə düşür. Təsəvvür edirəm hamı altında maşın onsuz da dar olan şəhər küçələriylə hərəkət etsəydi, nələr baş verərdi? Belə olan bir vəziyyətdə yəqin ki, hamı maşın sürməkdən imtina edərdi.Elə təzəcə yuxuya getmişdim ki, avtobus qəfil dayandı. Sən demə, qarşıdan gələn yük maşınına çırpılıbmış. Çaxnaşma düşdü, sürücülər bir-birlərini söyməyə, təhqir etməyə başladılar. Heç vaxt, heç yerdə eşitmədiyim söyüşləri eşidəsi oldum. Bilmirəm, dahilərdən hansısa deyib ki, dünyanı necə tutdun, o cür də gedəcəksən. Düz sözə nə deyəsən? Bizim millət də artıq belə görüb, belə vərdiş edib, geriyə yol yoxdur. Nə başınızı ağrıdım, yol boyu çox şeylər baş verdi, bilmirəm heç hansını danışım. Əsas odur ki, gec də olsa avtovağzala çatdım. Elə bilməyin ki, "yol əhvalatına" buradaca son qoyuldu. Qarşıda məni hələ 284 gözləyirdi.
|