Ölkədə hərə bir işlə başını qatıb gününü keçirtməkdə olsun, mənsə sizə barəsində müxtəlif şayiələr gəzən Obama haqqında danışım. İndiki kimi yadımdadır, keçən il Amerika Birləşmiş Ştatlarında 44-cü prezidenti seçmək istəyirdilər. Namizədlərdən biri də Ağ Evin indiki rəhbəri Barak Obama idi. Əlqərəz, hərə ağlına gələni danışıb yazıq Obamanı az qalırdılar mürtəd edərək dar ağacından assın. O da and-aman edirdi ki, mən müsəlmanların ən yaxın dostuyam, onların ayaqlarına heç bir tikanın batmasına razı deyiləm. Müsəlman ölkələrində terror aktlarının həyata keçirilməsi də vallah mənlik deyil. Bu, ABŞ-ın min illik dövlət siyasətinin tərkib hissəsidir. Mən nəkarəyəm...
Əslində
Obama da müsəlmanlar üçün sələfi Buşdan hələ ki, heç
nə ilə fərqlənmir. Məsələn, o da Buş kimi
müsəlmanların, necə deyərlər, başını
yarıb ətəyinə qoz tökür. Yəni bir tərəfdən başlarına bomba yağdırır, bir
tərəfdən də onlar üçün iftar süfrəsi açır. Söhbət
hətta özünün də bixəbər olduğu naməlum sonluqlu siyasətinə qarşı
çıxanları cəzalandırmasından, təqdir edənləri isə xüsusi ərəb xurmasına qonaq
etməsindən gedir.
Hə, ərəb
xurması demişkən, yadıma
Ramazan ayı düşdü. Axı
bu müqəddəs ayın ən "bərkgedən" yeməyi
xurma hesab olunur. Deyirlər
ki, müqəddəs
Ramazan ayı sevgi və mərhəmətlə doludur.
Onun bir günü min aydan üstündür.
Bu ayda imkansızları yedizdirib,
qohum-əqrabanı
yoxlamaq ən xeyirli əməl hesab olunur.
Hələ bir az malından-pulundan
keçib iftar süfrəsi açaraq kasıbları dəvət etsən qurbanı olduğum səni bütün
yerin-göyün
bəlasından saxlayar. Elə
bu yaxınlarda siz də şahidi oldunuz ki,
şeyx cənabları barmaq basmağa yer tapa bilməyəcək səviyyədə bir süfrə
açıb, əlsiz-ayaqsızları
o ki var yedizdirdi. Bunu
etməsəydi nə gecələr gözünə yuxu gedər,
nə də Ramazan ayında məzuniyyətə çıxıb rahatca dincələ bilərdi.
Görünür, şeyxin bu
addımı Obamanın çox xoşuna gəldiyi üçün dərhal müsəlman dövlətlərinin ABŞ-dakı
nümayəndələrini toplayıb iftar süfrəsi vermək niyyətinə düşdü. Özü də söz
verib ki, bu
xeyirxah əməli ənənə halına salacaq.
Amma beynəlxaq aləmdə müsəlman dövləti olaraq xüsusi dəsti-xəttilə
tanınan Azərbaycanın səfirliyindən heç kim dəvətli deyildi. Əslində, bir çox
nailiyyətlərimizi nəzərə alsaq biz lap yuxarı başda oturmalı, yaxud iftar
süfrəsinin açılışında təşkilatçı olmalı idik. Zira belə işlərdə kifayət qədər təcrübə sahibiyik. Həm də
haqqımız var. Axı
bu il Bakı İslam mədəniyyəti paytaxtıdır.
Doğrusu, əvvəl
fikirləşdim ki, Obamanın
belə hərəkəti erməni lobbisinin növbəti məkridir. Bu fikrimi bildirkməkdən bir az ehtiyatlanıb balaca
araşdırma apardım. Sən
demə, kimsə
Ramazan ayında Fatimeyi-Zəhra
məscidinin bağlanmasını Baraka çatdırıb.
O da bu xəbərdən çox mütəəssir olub, onu dəqidləşdirməyə başlayıb. Sonda aydın
olub ki, ona
çatdırılanlar baş verənlərin heç yarısını əhatə etmir. Təkcə
Fatimeyi-Zəhra
məscidi deyil, bir
neçə məscid təmir adıyla bağlanıb.
Bir neçəsi də qanunsuz tikili adıyla sökülür. Daha
doğrusu, azərbaycanlılara
əsl "tolerantlıq
dərsi" keçirilir. Bu
olanlardan sonra Obama, dindarlarla
məhkəmə arasında kəskin dartışma zamanı şeyxin yavaşca sürüşüb aradan çıxmasını
heç cür həzm edə bilməyib.
Hələlik əlindən gələn o olub ki,
etiraz olaraq Azərbaycan səfirliyinə göndərəcəyi dəvətnaməni cırıb
atsın. Biz
də gözləyirik ki, görəsən
məscid söküləcək ya yox. Əşi, sökülməyindən
qorxmuruq əsas odur ki, yerini
əyləncə mərkəzinə çevirməsinlər.
Yoxsa bütün dindarlarla birlikdə düz gedib Obamanın ibadət etdiyi
kilsənin qabağında aksiya keçirdərik ki,
heç olmasa cümə günləri namaz qılmağa bizə icazə versinlər. Çünki, belə
getsə ölkədə məscid qalmayacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.