Siyasəti
çox oxudum, siyasi yazılar yazmaq və şərhlər verməklə özümü çox sınadım, ancaq
sonda başa düşdüm ki, Allahın siyasətindən gözəl, dəqiq və kamil siyasət ola
bilməz. Düzdür ki, müasir zamanımızda siyasət sözü az qala çirkin bir iş sözü
ilə eyni tutulur. Ancaq kökünə getsək görərik ki, "siyasət" kəlməsi heç də əxlaqdan
kənar bir söz deyil, əksinə ərəb sözü olub mənası "tərbiyə etmək"
deməkdir. Məhz, Allah yer üzündə bəşərin təkamülü üçün gözəl bir siyasət,
müasir qayda-qanunlar və tərbiyə üsulları qoymuşdur.
Daha
sonra sosial siyasətdə özümü sınamaq qərarına gəldim, sosial işçi peşəsinə
yiyələndim. Gördüm ki cəmiyyətdə sosial işçi olmaq nə qədər də şərəfli və
gözəldir. Axı sosial işçi problemli insanların problemlərinin həllində bir
vasitəçi rolunu oynayır. Dedim nə gözəl, nə yaxşı ki mən də insanların
dərdlərinin, qəmlərinin, problemlərinin həll olunmasında cüzi də olsa müəyyən
bir pay sahibinə çevrildim.
Sosial iş
peşəsini bir elm kimi öyrəndikdə bu elmin Qərbdə yaranıb inkişaf tapması barədə
fikrlər və bu fikrlərin dünya tərəfindən məhz bu şəkildə qəbul edilməsi məni bu
barədə dərindən düşünməyə vadar etdi. Həmişə fikləşirdim ki, mümükündürmü ki,
bəşəriyyətə nicat dini olan İslam dinində bu məsələlər öz əksini tapmasın?!
Ancaq, çox
tezliklə başa düşdüm ki, sosial siyasətin də əsasını elə Allah öz müqəddəs
dinində qoyub. Ramazan ayının Allahın sosial iş və sosial siyasətinin ən gözəl
və kamil nümunəsi olduğu qənaətinə gəldim. Allah, dünyanın bütün sosial
işçilərinə sosial iş necə olmalıdır, hansı metod və vasitələrdən istifadə
edilməlidir nümunəsini bu ayda göstərib.
Varı, dövləti
başından aşanı aztəminatlı, qarnı ac, güzəranı problemlər içində olan bəndənin
halından başqa necə xəbərdar etmək olardıki?! Allah, bir qanunla bütün bu
məsələləri yoluna qoydu. Bəndələrinə orucu vacib etdi. Toxun acdan xəbəri olmaz
misalını alt üst etdi. Oruc tutan hər bir bəndə aclıq və yoxsulluğun nə qədər
üzücü bir hal olduğunu başa düşdü. Və Allah buyurdu ki, hər bir imkanlı kəs bu
ayda və bundan sonra imkansızın əlindən tutsa, yetimi-yesiri, kimsəsizi
dolandırsa, həm bu dünyasını, həm də axirətini abad etmiş olar.
Bundan
gözəl sosial iş varmı?! Məgər əsas hədəf insanların ruhi və cismi aramlığı
deyilmi?! Qidası zəif olan bəndə nə cismi, nə də ki ruhi baxımdan sağlam ola
bilməz. Sağlam bədəndə sağlam ruh olduğunu Yaradan hamıdan gözəl bilir. Odur ki
Allah Ramazan ayında həyata keçirtdiyi sosial işi məhz insanların maddi
cəhətdən bir-birinə kömək etməsi üzərində qurdu. Bu artıq, sosiallaşma,
yaxınlaşmadır. Bu özü elə vətəndaş cəmiyyəti və həmrəylik deməkdir. Müxtəlif
qrup insanların bir icma daxilində icma daxili problemlərinin həlli
istiqamətində atmış olduqları bir addımdır. Kim buna Allahdan yaxşı nail ola bilər. Hansı
fond, hansı təşkilat və ya qrup?! Hökümətlər bu sahədə qanunlar qəbul edir,
sosial yardımlar ayırır. Nəticələrə baxanda hələ çox-çox insanların bu
qayğıdan, bu yardımdan, diqqətdən kənarda qaldığı açıq görsənir. Allahın
diqqətindən isə heç bir bəndəsi yayınmır, kənarda qalmır.
Bu gün
xalqımızın böyük bir qismi oruc tutmaqdadır. Nə varlısı, nə kasıbı, nə uşağı,
nə yaşlısı, hamı yayın istisindən və günün uzunluğundan çəkinməyərək bu İlahi
imtahanı başı uca verməyə çalışır. Odur ki, mən bütün Azərbaycan xalqını, oruc
tutan Allah bəndələrini təbrik edirəm və demək istəyirəm ki, zərrə qədər belə
ehtiyacı olan bir insana köməklik etmiş olsanız, kiməsə çörək və su vermiş
olsanız, öz parlaq gələcəyinizi sığortalamış olarsınız. Axtarın, ətrafınızda, qonşuluqda,
qohum-qardaş arasında imkansızlara, ehtiyaclılara əl tutun. Firkləşməyin ki
sizin 1 manatınız heç nəyi dəyişməyəcək. Verin, keçin o 1 manatınızdan, inanın
Allaha ki o 1 manata ehtiyaclı olan neçə-neçə bildiyimiz və bilmədiyimiz Allah
bəndələri var.
Sonda bunu qeyd edim ki, ötən gecə Ramazan ayının
dualarını nəzərdən keçirirdim. Bir dua xüsusi olaraq diqqətimi cəlb etdi.
Qərara gəldim ki, duanı köşə yazıma əlavə etməklə həm bu yazını daha bərəkətli
edim, həm də diqqətimizi bu duada yazılan məsələlərə yönəldim. "....İlahi,
bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doyuzdur. İlahi,
libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını
ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et....İlahi, bizim
borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən Sən hər bir şeyə
qadirsən".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.