Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
17:15
1440
Xəzər Süleymanlı: Bəlkə də üzüm yoxdur, heç haqqım da çatmır... - VİDEO

Bədii qiraətlə məşğul olan Xəzər Süleymanlı ilə tam fərqli bir istiqamətdə söhbət etdik. Cəlbedici səsi və şerləri ilə hamının sevimlisinə çevrilən Xəzər Süleymanlının səsi bu dəfə İraqın müqəddəs Kərbəla şəhərindən gəlib.

Özünün də dediyi kimi "bu səfər onun üçün gözlənilməz olub" və səfərin ona İmam Hüseyn (ə) tərəfindən hədiyyə edildiyini düşünür.

- Bədii qiraətlə məşğul olan Xəzər Süleymanlını bir anda Kərbəlada gördük. Bu səfərə getmək barədə qərarı necə qəbul etdiniz?

- Düşünürəm ki, sənətindən, peşəsindən asılı olmayaraq istənilən insanın içində tapındığı bir qüvvə var. Hansı ki, bəziləri buna Allah deyir, bəziləri Tanrı deyir. Mən də uşaqlıqdan o sevgi ilə qidalanmağa çalışmışam.

Kərbəlaya getmək barədə dəvət xəbəri alanda açığı inanmırdım ki, bu həqiqətdir. Lakin sonradan dostlarla dəqiqləşdirəndə, çox sevindim. Düşünürəm ki, bu səfər, ziyarət mənim bir neçə ay öncə səsləndirdiyim İmam Hüseynin (ə) “Ərəfə” duasının mükafatı idi. 

- İraq səfəriniz sizdə hansı izləri buraxdı? Ümumiyyətlə, bu səfər Xəzər Süleymanlıya nə bağışladı, nə yaşatdı?

- Səfərə getməmişdən öncə səfər haqqında ətrafımda olan insanlar çox məlumat verirdilər. Onlar hamısı bildirirdilər ki, o məkanları ziyarət etdikdən sonra düşüncələrində müəyyən dəyişikliklər olacaq. Bəlkə də həyata baxışın dəyişəcək. Təbii ki, belə sözlər nə qədər inandığın, etibar etdiyin şəxslər tərəfindən səslənsə də, bir o qədər çatmır və düşünürsən ki, gedib onu yaşamamış bir qərar vermək olmaz.

Məşhəd şəhərinə doğru irəlilədikcə artıq içimdə hansısa müəyyən dəyişikliklərin, qəribə prosesin getdiyini anlayırdım. Şəhərə çatanda çox qəribə bir hiss var idi. Elə bir hiss ki, sanki uşaqlığım orda keçib və bütün doğmalarımın cəmləşdiyi bir məkana qədəm qoyuram. Və elə bilirdim nə qədər sevdiyim insanlar varsa, hamısı bizimlədir. Çox qəribə doğmalıq var idi həmin şəhərdə. Təbii ki, İmam Rzanın (ə) hərəminə də qədəm qoyanda, eyni hissləri yaşadım. 

Məşhəd şəhərindən sonra növbəti daynacağımız İraqın Samirra, Kazimeyn şəhərləri oldu. Bu şəhərlərdə də çox gözəl təəssüratlar var idi. Hər dəfə hansısa imamı ziyarət edəndə qəribə hisslər yaşayırdım. Və Kərbəlaya gəlib çatanda, baxdım ki, geridə qalan hisslər öz yerini tamam başqa bir hisslərə verdi. 

Kərbəlada birinci Həzrəti Abbas, yəni Əbəlfəzl ağanın ziyarətgahına daxil olduq. Düşünürdüm ki, mən ora çatanda dualar edəcəm, ancaq orda elə bir heyrət və əzəmət var idi ki, bilmədim nə deyim. Özümdən asılı olmadan, "yaxşı ki, varsız", - dedim. Bilmirəm niyə belə oldu, amma düşünürəm ki, bu onların əzəmətindən irəli gəlir. Və İmam Hüseynin (ə) hərəminə keçəndə, mən artıq o heyrət qarşısında donub qaldım. Və baxdım ki, əslində insan nə qədər cılızdır, insan nə qədər günahkardır. Çünki Allah uğrunda, öz ideyaları uğrunda, bəlkə də bəşəriyyətin gələcəyi uğrunda hər şeyini fəda etmiş bir insanın qarşısında arxasında yüzlərlə, minlərlə günah olan bir şəxs nə qədər səmimi dua edə bilər və nə istəyə bilər ondan. Düşündüm ki, bəlkə də üzüm yoxdur, heç haqqım da çatmır. Və çalışdım ki, tövbə edim. Təbii ki, bütün bəndələr, insanlar kimi mənim də xətalarım var və çalışdım tövbə edim, bir daha o səhvlərə, günahlara qayıtmayım.

Və Nəcəf şəhəri. Hansı ki, orada İslam tarixinin ən əzəmətli şəxsiyyətlərindən biri olan Həzrət Əlinin (ə) hərəmi yerləşir. Həzrət Əlinin (ə) ziyarətgahına qədəm qoyanda mənə elə gəldi ki, Peyğəmbər və digər imamlar da həmin ziyarətgahdadır. Çox qəribə bir enerjisi var idi. Dua etmək üçün nədənsə səbəb yarandı və mən bütün dualarımın demək olar ki, hamısını orda etdim. 

Dini cameyə ümumiyyətlə yaxın olmamışam. Dindar təbəqə ilə əlaqəm az olub. Düşünürdüm ki, bu ziyarətdən sonra kimlərsə mənə deyəcək, "Allaha şərik qoşursan", "kiminsə məzarından kömək istəyirsən". Ancaq orada çox sualların cavablarını tapmaq üçün məqam var idi.  Sanki Allah proqramlaşdırmışdı ki, biz suallarımıza cavab tapaq.

Bizlə şəhid ailələri də ziyarətə getmişdi. Onları izlədikcə, gördüm ki, əgər bu şəhid analarına övladlarının şəhid olduğu ərazini göstərsək və "sizin oğlunuz burda şəhid olub", - desək, yəqin onlar həmin yerdə diz çöküb başlayacaqlar ağlamağa və orada öz övladlarında hansısa bir halı tapa biləcəkdilər. Və mən İmamların hərəmlərini ziyarət etdikcə başa düşdüm ki, insanlar əslində İmamlara sevgisini göstərməklə bir başa Allaha yaxınlaşmaq istəyirlər. Çünki onlarda Allahdan əlamət var. Və insan imamların hərəminə yaxınlaşdıqca, sanki Allahın ətəyindən yapışır və Allahın əlamətlərinə məhəbbət göstərir və sitayiş edir. Və bu da mənim üçün böyük bir sualın cavabı oldu.

- Belə görünür ki, inanclı kəsimlə xüsusi bir bağ və yaxınlaşmanız yaranıb.

- Özümü dərk etdiyim yaşlardan bu günə kimi mənim ətrafımda həmişə inanclı dostlar olub. Bu da mənim ruhən onlarla yaxın olmağıma səbəb olub. Mən heç vaxt hədəfi olmayan, tüfeyli həyat tərzi sürən insanlarla ünsiyyətdə ola bilməzdim. Yəqin ki, bundan sonra da bu olmayacaq. Vicdanlı, Allaha yaxın olan insanlarla yaxın ola bilirəm. Düşünürəm ki, bu mənim həmin insanlarla yaxın olmağıma səbəbdir. 

- Səfər boyunca hansı qəzəl və şeir yadınıza düşürdü?

Kərbəla şəhərinə yaxınlaşdıqca düşünürdüm ki, orada Azərbaycanın əhəmiyyətli şəxsiyyətlərindən biri var. Məhəmməd Füzuli. Səfər boyu nədənsə Füzulinin bir qəzəli başqa-başqa ziyarətlərdə beyt-beyt mənim qulağımda səslənirdi və özüm də onu dilə gətirib zümzümə edirdim: 

Küfri-zülfün salalı rəxnələr imanimizə,

Kafər ağlar bizim əhvali-pərişanimizə.

- Bu günə kimi ölkəmizdə Quran-Kərimi Azərbaycan dilində Əliabbas Qədirov səsləndirib. Siz isə "Ərəfə" duası və Ramazan ayına aid duaları səsləndirmisniz. Əgər belə bir təklif gələrsə, Qurani-Kərimi Azərbaycan dilində səsləndirməyi düşünürsünüzmü?

- Düşünürəm ki, Quranın səsləndirilməsi bir o qədər asan deyil. Ancaq niyyətimdə var ki, haçansa Quranı səsləndirim. Özümü hazır hiss etdiyim vaxt yəqin ki, müraciət edəcəm. Hələ ki, planımda müxtəlif duaların səsləndirilməsi var. O duaları məndən çox istəyirlər. 

Məqalədə : Xəzər Süleymanlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
166

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
169

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
146

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
136

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
186

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
221

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
197

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
195

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
230
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 05:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru