Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2021
12:21
Toy günü şəhid yoldaşlarının adına stol açdı - Videomüsahibə

Asif Azayev, Məlik Zülfüqarov, Əli Nəcəfov, Dmitri Solntsev, Rahil Əkbərov, Elsevər Əhədzadə, Hacırza Hacırzayev, Əbülhəsən Eyvazov.

Adlarını çəkdiyimiz bu səkkiz şəhid Vətən müharibəsi iştirakçısı Əli Əhmədlinin döyüş yoldaşlarıdır. Hələ müharibə gedə-gedə onların xatirəsini əbədiləşdirməyi arzulayan Əli Əhmədli bu istəyini reallığa çevirib. Evinin həyətində səkkiz şəhidin hərəsinin adına bir fidan əkib. Deyir ki, gələcəkdə ağaclarda yetişəcək meyvələri döyüş yoldaşlarının ailələrinə çatdıracaq. 

Bu il bağda ilk meyvə verən ağac Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Dmitri Aleksandroviç Solntsevin adına əkilmiş şaftalı ağacıdır. Ancaq havanın küləkli olmasına görə ağacdakı iki şaftalı yerə düşərək məhv olub. Valideynlərini erkən itirən Dmitrinin adına əkilmiş ağac növbəti dəfə bar verəndə meyvəsi birgə böyüdüyü bacısı Yuliyanın ailəsinə pay veriləcək.

Bir müddət əvvəl toyu olan qəhrəmanımız Əli Əhmədli həmin gün də şəhid dostlarını yad etməyi unutmayıb. Toy günü 8 şəhidin hər birinin çərçivəyə salınmış fotosunu stolunun üstünə qoyub: “Toy günümə hələ var idi, anama deyirdim ki, ana, istəyirəm toydan öncə bir stol qurulsun. Orada şəhid yoldaşlarımın şəkilləri qoyulsun. Toyumun ilk qonaqları da onlar olsun. Şəhid Əbülhəsənin bacısı zəng edib demişdi ki, bu günə kimi heç kimin toyunu təbrik etməyib. Onun məni təbrik etməsi ürəyimi dağa döndərdi. Bilirəm ki, sağ olsaydılar, toyuma mütləq gələrdilər. Sonra döyüş yoldaşlarımla Buzovna şəhidlərini ziyarət edib restorana getdik”. 

"Qafqazinfo" təlimlərə könüllü şəkildə qatılıb dekabrın 26-da ordudan tərxis olunan, Aprel döyüşlərində də iştirak etmiş, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilən Əli Əhmədli ilə müharibənin ildönümü ərəfəsində söhbətləşib. O, 1 ildə həyatının necə dəyişdiyindən bəhs edərək duyğu və həyəcan dolu anları bizimlə paylaşıb: "Müharibənin fəsadları həmişə çoxdur. Müharibə olan dövlətlərdə isə həmişə problemli vətəndaşlar, travmalı insanlar böyüyür. Tez-tez döyüş yoldaşlarımla görüşürəm. Şəhid yoldaşlarımızın ailələrinə də baş çəkirik. Demək olar ki, hamıda müharibədən qalan ağrı-acı var. Yağışın hər damlası, ildırımın çaxması, torpağın iyi müharibə anlarını yadımıza salır. Hər saniyəmizdə müharibənin izləri var. Başımıza hansısa hadisə gəlir, düşünürük ki, müharibədə də belə olub.

20 il öncəki Əlifba bayramımda mənə bağban rolu verilmişdi. Təsadüfən 21 ildən sonra mən döyüş yoldaşlarımın adına ağac əkirəm. Müharibədən sonra elə bil ki, bütün təsadüflər bir-birini izləyir. Həyatda hər bir şey bizə müharibəni xatırladır. Şəhid olan uşaqlar, onların övladları, valideynlərlə danışıram. Hamısının dərdləri bizimlədir, ağrı-acısını hər gün yaşayırıq. 

- Yəqin ki, ən çətin məqam da döyüş yoldaşlarınızın yanınızda şəhid olmasıdır...

- Artıq 27 sentyabrdan döyüşlərdə idik. Bakıdan Füzuliyə yollanmışdıq. Sentyabrın 30-da ən ağır döyüşə girdik. Taborların bir neçə ağır döyüşləri olur. Həmin gün ilk dəfə şəhid verdik. Yaşadığımız ağlımıza gəlməyən, kinolarda gördüyümüz fraqmentlər idi. Gedirsən, qarşında tankı vururlar. Tankın yanından keçirsən, bir nəfər qapını çırpır. Kömək edib qapını açmaq istəyirsən, görürsən ki, içəridən yanan insan çıxır. Tankın lüləsi qalxır, partlayır, adam minomyotun təsirindən yoxa çıxır, heç tikələri də qalmır.

Füzulidə bir bataqlıq var idi, keçilməz idi. O bataqlığı keçəndən sonra ermənilər bizi gördülər və üzərimizə dayanmadan mərmiləri yağdırdılar. 20 oktyabrda biz Seyidəhmədli bunkerində ermənilərə gedən yolu bağlamağa çalışırdıq. Mayor Azayev Asif bizim tabor komandirimiz idi. O da şəhid oldu. Həmin gün biz əks-hücuma düşdük. Ermənilər bildilər ki, onların təminat yolu bağlanır, böyük bir dəstə ilə üstümüzə gəldilər. Amansız döyüşlər oldu. Uşaqlar da danışırlar, o həddə idi ki, öz gülləsi qurtarıb, döyüş yoldaşı şəhid olub, ona baxa bilmir. Onun avtomatını götürüb döyüşür. Sözün əsl mənasında çox çətin idi. Biz həmin gün üç şəhid verdik- Zülfüqarov Məlik, Nəcəfov Əli, mayor Azayev Asif. 

Əli ilə hətta bir gün öncə bir yerdə yatırdıq. O, üşüyürdü... Gecə Füzulidə həddən artıq soyuq var idi. Mən posta çıxırdım, növbə ilə bir-birimizi müdafiə edirdik. Öz paltarımı Əlinin üstünə atdım ki, isinsin. Səhəri gün bir də Əlini görməyəcəyim ağlıma gəlməzdi. Döyüşün amansız tərəfi budur. Daha sonra oktyabrın 22-si ermənilər böyük bir qüvvə ilə geridönüş etmək istəyirdilər. Həmin gün Dmitri Solntsev şəhid oldu. Çox yaralılarımız da elə həmin gün oldu. 

- Dmitrinin şəhid olmasından sonra onun qəhrəmanlığı barədə çox yazdılar.

- Dmitrinin şəhid olması anbaan gözümün qabağındadır. Erməni bizə hücum edən vaxt Dmitri və hazırda qazi olan Kənan Kazımov bir mövqedə idi. Mən də Cavidanla digər mövqedə idim. Əks-hücumda minomyot düz Dmitrinin yanında partladı. Qəlpələrin çoxu Dmitrinin bədəninə girdi. Az bir hissəsi isə Kənanın başını apardı. Biz minomyot yağışına düşdük. O "yağış"da oturub Kənanın başını sarırdım. Həmin an artıq Dmitri şəhid olmuşdu. Yaralıları ərazidən çıxarmaq üçün yardım, bizə dəstək gəldi. Taborumuzun itkilərini aradan qaldırmaq üçün aramıza yeni könüllülər qoşuldu. 

- Yaralılara kömək edən zaman sizə son arzularını deyən oldumu?

- Biz hər gün axşam düşən kimi dərdləşirdik. Hərə öz dərdini, vəsiyyətini edirdi. Mən ən çox müharibə veteranı Cavidanla bir yerdə idim. Bir-birimizə vəsiyyətlərimizi etmişdik. Uşaqlara şəhidliyin çox asan olmasından danışırdım. Demişdim ki, heç adamın ruhu incimir. Qazi Yunis yaralananda dedi ki, elə bilib ölüb.  Ayağında ağrı hiss edib, yadına şəhidlərin ağrımadan öldüyü barədə dediklərim düşüb. Bilib ki, ölməyib, sağdır. Təqribən 6 saat dayanmadan “PK” güllələrinin altında uzanılı vəziyyətdə qalıb.

Şəhid yoldaşlarımızdan iki nəfər evli idi. Komandirimiz Azayev Asifin 3, Rahil Əkbərovun isə 2 uşağı var idi. Əli Nəcəfov feysbuk hesabında öz ölüm tarixini işarə edirmiş kimi yazmışdı. 22 oktyabrda nələrsə olacağını demişdi. O, həqiqətən istəyirdi ki, şəhidlik məqamına ucalsın. Mayor Azayev Asif çox mərd adam idi, qətiyyən ölümdən qorxmurdu. Şəhidliyin hər zaman kişiyə yaraşan hal olduğunu deyirdi. Özü də deyirdi ki, nəslin ağsaqqalı odur. Qardaşına, bacısına o baxırdı. Ancaq sonda əlavə edirdi ki, bunların heç biri Vətəndən üstün deyil. Bizə deyirdi ki, hərəniz bir ixtisasın sahibisiniz, ağıllısınız. Biz də cavab verdik ki, ən ağıllımız sizsiniz komandir. Onda bildirdi ki, ən ağıllı mənəmsə, o zaman arxamca gəlin. Həmin gün də döyüşərək şəhid oldu, çox erməni öldürmüşdü. 

- Bəs müharibənin başladığını necə bildiniz? Gəlin 27-si tarixinə qayıdaq...

-Bir zabitə yaxınlaşdım və soruşdum ki, deyirlər müharibə başlayır, düzdürmü? O da dedi ki, zabitlərin bir altı- bazarı var, onu da qara gətirməyin. İmkan verin, gedək evimizə, eşiyimizə. Zarafat edib getdi. Düzü, bizə hələ heç nə çatmırdı. Artıq həyəcan siqnalı gəldi. Hamı daraq, bronjilet, saysız-hesabsız güllələr götürdü. Hamımız yeməkdən çox güllə götürürdük.

Bakıdan Füzuliyə yol aldıq, yol boyu insan izdihamı var idi. Ölkədə internet kəsilmiş, artıq müharibə başlamışdı. Yolda insanlar əlindən gələn hər şeyi bizə verməyə çalışırdılar. Maşına doğru siqaret atan, su atan, meyvə, paltar verən... Füzuliyə çatanda artıq şəhidlər var idi. Analar mərsiyə deyəndə biz döyüş bölgəsində olduğumuzu hiss etdik.

- Mühasirəyə düşdüyünüz, bir neçə gün ac-susuz qaldığınız anlar olubmu?

- Cəbrayılın Gecəgözlü kəndində mühasirədə qalmışıq. Üç-dörd gün idi ki, təminatımız kəsilmişdi. Yeni ərazilər olduğu üçün bura maşın ayağı dəyməmişdi. Artıq su ehtiyatı da tam sıfır idi. Ermənilərin bir fermasına çatdıq. Vurulmuş “VAZ 21 07” var idi. Uşaqlar onun radiotorunun suyunu içdilər. Yerdə yağışdan su qalmışdı, əyilib onun suyunu da içdilər. Ot yeyən, moruq yeyən kim... Çox taqətdən düşmüşdük. Heç nə yox idi. Sumkada anamın göndərdiyi balaca "kozinaki" (red:halva) var idi. 6 nəfərə onu bölüb yedik ki, bədənimizdə taqət olsun. Günorta saatlarında erməni postuna çatdıq. 10 tonluq su çəni var idi. Elə bil cənnətə düşmüşdük. 

Biz Şuşa döyüşlərində Qırmızı bazarda döyüşürdük. Erməniləri bura cəlb etdik, xüsusi təyinatlılar Şuşadan daxil oldu. Taktika belə idi ki, ermənilərin başı bir istiqamətə qarışsın. Xüsusi təyinatlılardan sonra biz Şuşaya daxil olduq. Bəyanat yayıldı ki, müharibə bitdi. Ondan sonra biz Şuşada qaldıq. Sülhməramlılar gəldi. İlk olaraq bizi istirahətə göndərdilər. Cəbrayılda alınmış erməni hərbi hissəsi var idi, dekabrın 26-sına qədər orada qaldıq və həmin gün də tərxis olunduq. 

Gecə saat 3-də uşaqlar dedi ki, deyəsən müharibə bitib. Evlə danışan şəxslər də bunu xırıltı ilə eşidiblər. O saatda arxaya çəkilib şəbəkə tutan yerdə anama zəng vurdum. Eşitdim ki, oyaqdır. Hiss elədim ki, nəsə var, anam dedi müharibə bitib. Əsgərlərin gözündə çox böyük sevinc var idi. Həmin vaxt bizim uşaqlardan 6-sı şəhid olmuşdu, ikisi isə sonradan şəhid olub. Bakıda olan bayram isə buradakı bayrama çata bilməzdi...

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətlərilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
482

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
613

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
623

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
674

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 14:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru