Tarix:05-12-2016 11:14
Soydaşlarımızın yaşadığı Dərbənddən reportaj
Şərh yaz
Sərhəddəki bezdirici prosedurlar aradan qalxmaq bilmir; Azərbaycan nömrə nişanlı maşınla Dərbəndə getmək niyə məsləhət deyil? 
 
Bakı-Dərbənd yolu sərnişinlərinə bəribaşdan  məsləhət görərdik avtomobilə minən kimi gözlərini yumub rahatca yuxuya getsinlər. Narahat olmayın, Rusiya sərhədinə beş-on kilometr qala-qalmaya, bərbad yol özü yuxudan ayıldacaq sizi. Marşrutun bu hissəsində yol təmir işləri illərlə davam edib, hələ də qurtarmaq bilmir. Sərnişinlərin həmişə haqlı iradlarına səbəb olur. 
 
Rusiya sərhədinə yaxınlaşmağın bir başqa siqnalı isə, radioefirdə xaosun artmağıdır. Azərbaycan radiolarının səsi burda qəfil kəsilir. Başlayır kəsik-kəsik gəlməyə. Araya qısa pauzalar soxulur. Sonra sən, rus dilinin Azərbaycan türkcəsini efirdə  üstələdiyini eşidəcəksən. 
 
“Akula” santexnika salonunun reklam çarxları radioqəbuledicini silkələyəndə isə narahatlığın, nəhayət, bitəcək - biləcəksən ki, şükür, artıq Dərbənddəsən. Sonrakı reklam elanını eşidincə, gözlərin çıxacaq kəllənə - “Tələsin! 25 dekabrda Niyaməddin Musayev, Dərbənddə öz yeni il repertuarı ilə çıxış edəcək, pərəstəşkarlarını sevindirəcək. Biletlər...”
 
Avropa standartlarına öyrəşmiş səyyahlara burda nələrsə xoş gəlməyə bilər - məsəlçün, sovet rəmzi sayılan tinli (qranyonnı) stəkanlar burda hələ də işləkdir. Burda keçmişə - şirinli-acılı, ağ-qara sovet dönəminə qayıtmağa hər cür münbit şərait var. 
 
Ancaq neynək. Zamanın çərxi bir yerdə durmur. Dəyişir. Tinli sovet stəkanlarını unutmaqda deyəsən biz azca tələsmişik. Sən demə, bu stəkanların həmişə geriyə qayıtmaq, öz əvvəllki hökmünü həyatımızda  bərpa etmək qüdrəti də varmış.
 
Image result for Azərbaycan Rusiya sərhədi
 
Aha...bir vacib xəbəri az qala unutacaqdıq - naviqatora görə, Bakı-Dərbənd yolunun cəmi 3 saatlıq ömrü var. Ancaq nəbadə buna aldanıb Dərbəndə yola çıxasız. Yol,  üç yoxxxx...altı saat vaxtınızı rahatcana hop edib udacaq, səyahət eşqinizi öləzidəcək. Səbəb, sərhəd-keçid məntəqəsindəki nəzarətçilərin özbaşnalığı və varlanmaq ehtirasıdır. Gürcüstan səyahətindən sonra nəhəng Rusiya çöllərinə Azərbaycan nömrə nişanlı avtomobillə keçmək əsəbləri əməlli-başlı tarıma çəkir. Təsəvvür edin ki, 4-5 dəqiqəyə, maşından belə düşmədən Gürcüstan sərhədini keçə bilirsizsə, Rusiya sərhədində bu müddət 2-3 saata qədər uzana bilər. Gürcüstan sərhədini maşından belə düşmədən dönər köşklərini xatırladan pəncərələrdəki kameralarda qeydiyyata düşməklə keçirsənsə, Rusiya sərhəddində bunu heç ağlına da gətirmə. Dəmir körpüdən keçib, dəmir qapıların qarşısında düşüb maşının bütün qapılarını açıb kənarda durub sərhədçinin naz-qəmzə ilə maşına baxış keçirməsini gözləməlisən. Yaxşısı əsəbini basıb, əl-ayağın soyuqdan donsa da, prosedurun sona çatmasını gözləməlisən. Elə bilirsən bununla ucsuz-bucaqsız Rusiya çöllərinə qapılar üzünə açıldı? 
 
Tələsmə, taleyində qarşıdakı gömrük postunda maşınqarışıq “həbs” də var. Sərhəddəki dəmir qəfəsə xoş-naxoş girməli, gömrük bəyannəməsini  gömrükçülərdən almalısan. Bundan əvvəl sərhəddəki prosedurdan bir də keçməlisən. Maşından düş, qapıları aç, kənarda dayan, bax. Yoxlama başa çatdısa, dəmir qəfəsin əks tərəfindəki qapı açılır. Bu qapı 2-ci qəfəsin içinədir.
 
Burada 12 bənddən ibarət  olan bəyannaməni alıb doldurmalısan. 2 nüsxədir, birini gömrükçüyə verib, o birini özündə saxlamalısan. Başqa yol olmadığından belə də edirəm - eni 3, uzunu 2 metr olan dəmirdən hazırlanmış vaqon-kabinetin bağlı pəncərəsini döyürəm. Səs-səmir yoxdur. Amma içəridə hərəkətlilik var. Məcbur olub qapını tıqqıldadıram. 
 
Image result for российские пограничники
 
Amiranə səslə “voydite” sözləri qulaqlarımda cingildəyir. Arxası qapıya oturmuş gömrükçü üzünü belə çevirmədən “çto nado” sözünü tullayır. Bəyannamədən başqa nə istəyə bilərəm ki sualını verməyi artıq bilirəm. Üzü qapıya oturub od kimi qızarmış sobanın istisindən yanaqları qızarmış bir başqası “deklarasiya sotoit sto rubley” deyir. Özümü eşitməzliyə vurub 2 bəyannaməni götürürəm. Elə oradaca doldurub qaytarmaq, nəhayət, bu uzun, üzücü prosesdən yaxa qurtarmaq istəyirəm. 
 
Alınmır. Çöldəki bumbuz, yarımçıq stul-məlumat lövhəsinin üzərində qələm axtsarışlarım nəticə vermir. Həmid soyuqdan buzlamış eynəyinin üzərindəki buxar qatını təmizləyib çantasından bir neçə qələm çıxarır. Yarıqaranlıq lövhədən asılan bəyannamə nümunələrini birtəhər oxuyub uyğun olaraq qarşımdakı bəyannaməni doldururam. Gömrükçüyə verib, qapıların üzümə açılacağını gözləyirəm. Məlum olur ki, gömrükçü maşınla Rusiya ərazisinə keçməyimə razı deyil. Səbəb isə maşına aid sənədlərin rus dilinə tərcümə edilməməsidir. Ümumdünya Gömrük Təşkilatının bu məsələni tənzimləyən, bir sözlə, etibarnamənin tərcüməsini lüzümsuz edən qərarını xatırlatmağım da vəziyyəti dəyişmir. Gömrükçü bəyannaməni çevirib arxa tərəfində yazır ki, maşın Rusiya ərazisinə buraxıla bilməz. Cibindən möhürü çıxarıb üzərinə üfürür və bəyannamədə yazdıqlarının üzərinə basıb ikinci nüsxəsində də eyni hərəkətləri təkrarlayır.  
 
Yadıma düşür ki, az əvvəl bu kağız parçalarının hər birini 100 rus rubluna mənə təklif etmişdilər. Bu da heç nəyi dəyişmir, gömrükçü israrla etibarnaməni tərcümə olunmuş şəkildə təqdim etməyimi istəyir. Deyir ki, get harada istəyirsən tərcümə elətdir, notariusa təsdiqə ver, gətir, maşınını sür, get. Gecə yarısı bunu necə edə biləcəyim haqda sualı cavablandırmaq heç ağlına da gəlmir. Bu zaman qapı açılır, gömrükçü formasında biri içəri girib qulağına nəsə pıçıldayır. Bayaqkı görkəmi gömrükçünü tərk edir, möhürlədiyi bəyannaməni kənara tullayıb yenisini əvəzimdən özü yazır. 
 
Tələsik mənə uzadıb, yaxşı yol deməyi də unutmur. Nə baş verdiyini vaqon-kabinetdən çıxandan sonra öyrənirəm. Bizimlə sərhədi keçən həmyerlimiz kimlərinsə adını çəkibmiş və həmin adamın yaxını olduğumuzu gömrükçülərə deyibmiş.  Onun bu kiçik xatırlatması bizi uzun, yorucu prosesdən qurtarıbmış. Beləcə, böyük Rusiya yolunun üzərindəki sonuncu qəfəsin qapısı üzümüzə açılır...
 
Dərbəndə çataçatda polis postlarının hər birində bizi saxlayıb sənədlərimizi az qala lupa ilə yoxlayıb yola salırlar. Sonrakı günlərdə də Dərbənd küçələrində rastlaşdığımız hər 10 yol patrul xidməti maşınından az qala hər birinin ekipajı maşınımızı saxlamağı, pozmadığımız qaydalar haqda uzun-uzadı mülahizələr söyləməyi özlərinə borc bilirlər. 
 
Məsləhət belədir - çalışın Azərbaycan nömrə nişanlı avtomobillə Dərbənd tərəfə getməyin. 
Gecəyarısı çatdığımız oteldə kanalizasiya iyi baş çatladır. Xidmətçi qadın bunun səbəbini izah etməkdə acizlik göstərir. Aramızda canlı, səmimi söhbət başladı. Bəlli oldu ki, bəs əvvəllər Dağıstanda, o cümlədən Dərbənddə əsgərliyə getməməkdən ötrü rüşvət verirdilərsə, indi vəziyyət tam tərsinədir. Yuxarılarda əlaqən olmasa, oğlun hərbi kazarmaların üzünə həsrət də qala bilər.
 
- Bəli. Çoxdan belədir. Uşaqlarımızı, bilmirik niyə, daha hərbi qulluğa çağırmırlar. Gərək Rusiyaya gedib orda öz oğlunu qeydiyyata salasan. Ancaq bundan sonra bəlkə bəxtin gətirdi, övladını orduya götürdülər. O dey, doğmaca oğlum. Hərbi məktəbə girsə də, əsgərliyə çağırılmadı. Əsgərliyə getməyən isə bu gün karyera pilləkanında yuxarı çox da dırmana bilməz. Qalmışam mat-məəttəl.  Bilmirəm nə edim.
 
Bəli, Dağıstan, Dərbənd əhli indi sanki yüz il əvvəlki azərbaycanlıların halını xatırladır. O vaxt da bədnam çarizm, lənətə gəlmiş mütləqiyyət müsəlmanları düşmən bilib, hərbi xidmətə çağırmaq istəmirdi. İndi, şükür, biz bunu arxada buraxdıq. Dağıstan isə indi öz həyatında təkcə bu ağrını deyil, başqa acıları da yaşayır.
 
 
- Bakıda tekstil ucuzdu burdakına nisbətdə. Gətirib burda satanlar çoxdu indi. Əvəzində ərzaq aparırlar burdan Azərbaycana. Yağ, çay, qənd, pendir, ət, kolbasa məmulatları...
 
Dərbəndə pul gətirən bir başqa prespektiv sahə  turizmdir. Turistlərin içində çeçenlər çoxluq təşkil edirlər.
 
- Yayda gələrlər adətən. Əksər vaxt da rus gözəlləriylə birgə. Pul xərcləməkdən çəkinməzlər.
 
- Bəs Azərbaycan turistlərini necə, yay-qış fərqi yoxdur, görmək istəmirsizmi Dağıstan torpağında?
 
- Bura Azərbaycandan əsasən alverçilər, bir də tələbələr gəlir. Turist-filan görmədik hələ ki aralarında. Gəlmək istəsələr, buyursunlar. Gözümüz üstə yerləri var. Rus, çeçen turistlərindən sonra qoy bura sizinkilər də gəlsin. Biznes inkişaf etsin.
 
Qərara gəldik, əsgərlik mövzusunun cavabını peşəkarlardan, jurnalist həmkarlarımızdan eşidək. Tezliklə, şükür, buna müvəffəq olduq. “Daqestanskie oqni” qəzetinin baş redaktoru, həmyerlimiz Məhəmməd Xanməhəmmədov sualımızı eşidincə, başqaları kimi çaşmadı. Tam tərsinə, böyük şövqlə, ehtirasla sualımıza cavab verdi:
 
- Hə... İndi Dağıstan bir çox ciddi problemlərlə təkbətək qalıb ki, bunların içində ən ağrılısı ümumi hərbi xidmətin indi olmamasıdır. Bəli, daha sizdən nə gizlin, bu, ağrılı mövzudu. Əslində Dağıstan, hər il orduya təxminən 300 minədək hərbi çağırışçı göndərmək imkanındadır. Ancaq...
 
Cavabının bu yerində həmkarımızın susmağı bizə çox mənalı göründü. 
 
- Ancaq nə?- deyib, Məhəmmədi mövzunu davam etməyə çağırdıq.
 
- Ancaq əslində indi bizdə əsgərliyə gedənlərin dəqiq statistikası, belə deyək, aparılmır. Biri deyir, ildə min gənc ordu sıralarına qatılır. Digərləri bu rəqəmi hətta 200-300 nəfərəcən azaldırlar. Doğrusunu heç kim bilmir.
 
- Kafedə gördüyümüz bir qadın şikayət edir ki, oğlunun hərbi məktəbi bitirməyi də müsbət nəticələnməyib. Uşağı əskərliyə çağırmayıblar. Anası məcbur qalıb Rusiyaya gedib, oğlunu orda qeydiyyata aldırsın. Ancaq bu da hələ məsələnin gələcəkdə müsbət həll ediləcəyinə zəmanət vermir.
 
Məhəmmməd dərindən ah çəkərək keçir mövzunun xırdalıqlarına.
 
- Problem həm də gəlib dirənir bir məsələyə ki, indi Rusiya ordusu müqavilə sisteminə keçir. Daha çox ali təhsillilərə, sürücülük vəsiqəsi olanlara...həəəə, az qala unutmuşdum, pulu olanlara üstünlük verirlər.
 
- Yəni, sizdə camaat oğlunu əsgər göndərməkdən ötrü əlini cibinə salır, həəə?
 
Sualımız bir an göydə qalıb, axır öz cavabını qazanır.
 
- Gülməli olsa da, bu, belədi.
 
- Müqaviləylə əsgərlik çəkənlər nə qədər pul alırlar?
 
- Ayda alacağınız 70-80 min rubl müqabilində orduyla müqavilə imzalayırsan. Üstə gəl, ezamiyyət xərcləri, qaynar nöqtələrdə iştirak...Yaxşı qazanc verir bu bəxtigətirənlərə... Misal üçün, Dağıstanda bir neçə kadet məktəbi var, onlardan biri də məhz Dərbənddədir. Kaspiyskidəki kadet məktəbi hətta hərbi-dəniz təyinatlıdır. Ancaq noolsun...
 
Qəfildən tanımadıqlarımızdan birisi Xanməhəmmədovu kənara itələyərək başını gözümüzə soxur. Söhbətimizə ştrix əlavə edib, tez də gözdən itməyi bacarır:
 
- Kimi 20 min verir əsgərliyə düşsün deyə, kimi hətta 200 min. De dəəə...qorxma... de ki, hərbi komissarlıqlara, tibb komissiyalarına yem qoyublar da bu sahəni...
 
Məhəmmməd Xanməhəmmədovu - vəhabilərlə vuruşan məşhur “Kavpolit” saytının ən iti qələm sahibini, qorxaqlıqda ittiham etmək, düzdü, insafdan deyildi. Belələri Dağıstanda çox olmasalar da, az da deyillər. Dağısatanın əsl əsgərləri, cəngavərləri də məhz belə insanlardı. Nooolsun ki, dağıstanlıların bir çoxu kimi ordu sıralarına çağırılmayıblar. Saqqallı vəhabilərlə gedən döyüşlərdən heç vaxt kənarda qalmayıb Xanməhəmmədov kimilər. Sıralarındakı qurbanları, inanın, saymaqla qurtarmaz.
 
İndi o gərgin, vahiməli günlər sanki arxada qalıb. Ölkədə sülh, əmin-amanlıq bərpa olunmaqdadır. Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun elan etdiyi şüarlardan, layihələrdən birinin məhz “Təhlükəsiz Dağıstan” adlandırılmağı da bizcə təsadüfü deyil.
 
Dağıstanda indi sərbəst, təhlükə duymadan gəzməyimiz də görünür Abdulatipovun məhz bu xidməti sayəsində mümkün olub. Fürsətdən istifadə edərək Dağıstanı gəzmək, müxtəlif mövzularla yaxından tanış olmaq istəyirik.(musavat.com)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Soydaşlarımızın - yaşadığı - Dərbənddən - reportaj - -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:05-12-2016 11:14 - Oxundu: 815
Reportaj
18-03-2017 14:31 Rövşən Abdullaoğlu: "İntihar barədə göstərilmiş onlarla səbəb içərisində..." - VİDEO
04-03-2017 14:16 Övladının gözü qarşısında bıçaqla vurulan ana Prezidentə müraciət etdi - VİDEO
03-02-2017 16:51 Rəsulzadənin Stalini gizlətdiyi məscid dağılır - FOTO - VİDEO
31-01-2017 14:24 Bu şaxtalı-qarlı havada Bakıda zibillikdə yaşayanlar - VİDEO
31-01-2017 10:38 Azərbaycanlılar təzə və bahalı, ermənilər isə köhnə maşınlar alırlar - FOTO
18-01-2017 21:23 "Şəhid sözünü ilk dəfə 20 Yanvarda eşitmişəm" - VİDEO
17-01-2017 13:15 Şəhidlərimizin adlarını bu gün layiqincə yaşada bilirikmi? - VİDEO
12-12-2016 09:21 "Soyuq əllər, isti ürəklər" yarmarkasında alıcıdan şikayət var - VİDEO
05-12-2016 11:14 Soydaşlarımızın yaşadığı Dərbənddən reportaj
12-07-2016 16:52 Pulunuzu Azərbaycan banklarınıza etibar edirsinizmi? - VİDEOSORĞU
11-07-2016 15:48 Azərbaycan səhiyyəsindən razısınızmı? - VİDEO
29-06-2016 15:49 Aylıq qazancınızı hara xərcləyirsiniz? - VİDEO
21-06-2016 19:10 "Azərbaycanda maliyyə ombudsmanı institutu yaradılmalıır" - VİDEO
07-06-2016 17:22 Ramazan ayı haqqında nə bilirsiniz? - VİDEO
06-06-2016 13:58 Tələbələrə verilən möhlət hüququna tələbələr necə baxır? - VİDEO
31-05-2016 17:02 Bu yay dondurma yeyəcəyik, yoxsa köpük - VİDEO
31-05-2016 10:50 VİDEO: Güllələr altında həyat - Ağdam - REPORTAJ
26-05-2016 17:17 Xalq Cümhuriyyətinin qurucuları siyasətə mətbuatdan gəlmişdilər - VİDEO
20-05-2016 14:52 "Sovetski"də tarixi məscid söküldü - VİDEO
16-05-2016 17:31 Eynicinslilərin evliliyinə necə baxırsınız? - VİDEO
10-05-2016 14:08 Dönərxanaları kitab evlərindən çox olan Elmlər Akademiyası - VİDEO
06-05-2016 15:53 Çörək dərdindən maşında yatırıq - VİDEO
29-04-2016 17:45 "Ermənistan haradansa əlavə silah-sursat alıb" - VİDEO
29-04-2016 10:32 28 Aprel nə günüdür? - REPORTAJ
25-04-2016 10:17 70-ci illərin Bakısını xatırlayırsız? - VİDEO
21-04-2016 19:17 Ölkənin ictimai siyasi fəalları Qarabağ gündəmini müzakirə etdilər - VİDEO
23-03-2016 21:45 Ötən ilin Novruzu ilə bu ilin Novruzu arasında fərq oldumu? - VİDEO
19-03-2016 21:24 "Digər siyasi məhbusların azad olunmamasının səbəbi..." - VİDEO
28-02-2016 20:05 Gənc sosioloq FaktXəbər-ə uşaq intiharlarından danışdı - VİDEO
30-01-2016 20:16 İnsanlara krediti 17-18%-lə reklam edib, 24%-lə verirlər - VİDEO
23-01-2016 14:54 İqtisadçı ekspert FaktXəbər-ə Davos Forumundan danışdı - VİDEO
25-12-2015 10:29 Hacı Şahin Həsənli "Vəhdət həftəsi" barədə - VİDEO
22-12-2015 21:09 Müsavat Partiyası "Siyasi Məhbuslar" məsələsini müzakirə etdi - VİDEO
22-12-2015 12:03 Bakının mərkəzi niyə qaranlığa qərq olub? - FOTO-VİDEO
05-11-2015 23:21 "Parlamentdə radikal tələblər qoyacaqdım, bunu istəmədilər" - VİDEO
10-10-2015 21:44 Həccdən gələn zəvvar Qafqaz Müsəlmanları İdarəsinə üsyan etdi - VİDEO
24-09-2015 12:15 Bakının qurbanlıq bazarından FOTOREPORTAJ
14-09-2015 12:12 "Azərbaycanın əvvəlki kimi Qərb üçün əhəmiyyəti yoxdur"
27-08-2015 16:29 İqtisadi böhran Bakını ARENDA ŞƏHƏRİnə çevirir - FOTO
26-08-2015 00:04 "İlham Əliyev siyasi məhbusları azad etsin, qoy bu, onun adı ilə bağlı olsun" - VİDEO
24-08-2015 16:25 Bakının Xəzərsiz, Xəzərin də Bakısız gözəlliyi yoxdur - FOTO-VİDEO
14-08-2015 16:39 Yarpaq dolmasının 12 manata satıldığı Qəbələ kanatı - FOTO
11-08-2015 16:18 Alman turistlərin qaçqınlara bağışladığı avtomobillər yoxa çıxıb - FOTO
08-08-2015 12:02 "Dostlarımın həbsini hakimiyyətə bağışlaya bilmirəm" - VİDEO
04-08-2015 23:35 Tale Bağırov: "Seçkilərdə iştirak etmək fikrimiz yoxdur" - VİDEO
01-07-2015 15:01 600 milyon dollara başa gələn Bakı-Quba yolu yenidən qurulur – Foto
01-07-2015 12:51 Sakinlər Zağulbanın bərbad yollarından şikayətçidirlər - FOTOLAR
24-06-2015 16:24 Nəqliyyat Nazirliyi hər gün bu əlilə belə işgəncə verir - FOTO-VİDEO
02-06-2015 16:59 Keyfiyyətsiz dondurmaları tanıyaq - ARAŞDIRMA
22-05-2015 22:15 “Güney Azərbaycan: dünən və bu gün” mövzusunda konfrans keçirildi
06-05-2015 11:39 Övlada nəzarət lazımdırmı? PSİXOLOQ CAVAB VERİR - VİDEO
31-03-2015 16:00 Zərdüşt Əlizadə Yəmən hadisələrini şərh edib - VİDEO MÜSAHİBƏ
27-03-2015 11:10 “Moskva” Univermağında etiraz aksiyası - FOTO
26-03-2015 15:48 Dərdinə dərman tapmayan Bakı sakinləri - REPORTAJ
13-03-2015 15:25 Naxçıvanlı gülsatan qoca kimdən və nədən şikayətçidir? - VİDEO
11-03-2015 10:44 Bakı sakinləri bu verilişləri televiziyada niyə istəmirlər? - VİDEO
14-04-2014 21:13 “Yoldaşımın xidmətində olmaq mənə zövq verir” - VİDEO
09-04-2014 17:15 Cəmiyyətimizi cənginə alan boşanma problemi xalqın gözündə... Video
08-04-2014 12:15 Gənclər milli filmlərimizi pulsuz izləyirmi? - Video
04-04-2014 17:07 "20 Yanvar" dairəsindən "Şamaxinka"ya olan məsafə: 6 km

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Bakı-Sumqayıt yolunda qəzanı belə sürücülər yaradır - VİDEO
26-04-2017 12:57
DYP sizi 60 AZN cərimə edə bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
26-04-2017 11:37
Boliviya Çempionatında futbol tarixinin nadir qolu qeydə alınıb - VİDEO
26-04-2017 09:40
Tovuzda filial müdirini qətlə yetirən şəxs gizlətdiyi pul torbasını verdi
26-04-2017 09:30
Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edildi
26-04-2017 16:42
Bakıya yeni prokuror təyin olunub
26-04-2017 12:33
Sabaha olan hava proqnozu açıqlanıb
26-04-2017 12:23
ABŞ-da hamı bu oğrudan danışır - VİDEO
26-04-2017 15:23
Rəcəb Tayyib Ərdoğan: Biz AŞPA-nın qərarını tanımırıq
26-04-2017 10:09
10 il sonra anasını görən gəncin sevinci - VİDEO
26-04-2017 15:52
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az