Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Aprel

2017
16:19
700
Siqaretdən ölüm halları artır

Dünyada hər 10 ölümdən birinin səbəbi siqaretdir. Bu ölüm hallarının da yarısı dörd ölkədə - Çin, Hindistan, ABŞ və Rusiyada baş verir. Bu haqda «The Lancet» tibb jurnalı yeni araşdırma dərc edib.

«Xəstəliklərin Qlobal Yükü» adlı hesabat 1990-2015-ci illər ərzində 195 ölkə və ərazidə siqaret çəkənlərin durumunu öyrənib.

Araşdırmada xəbərdarlıq olunur ki, onillər boyunca tütünə nəzarət siyasətinin aparılmasına baxmayaraq, əhali artımı siqaret çəkənlərin də sayını artırıb.

Tədqiqatçıların fikrincə, tütün şirkətləri yeni bazarları ələ keçirdikcə, ölüm həddi də yüksələ bilər.

ÇƏKƏNLƏRİN DƏ SAYI ARTIB, ÖLƏNLƏRİN DƏ

Hesabatın əsas müəllifi Dr. Emmanuela Gakidou BBC-yə deyib ki, «siqaret erkən ölüm və əlillik yaradan ikinci böyük risk faktorudur və bunun təsirini azaltmaqdan ötrü tütünə nəzarət gücləndirilməlidir».

Hesabata görə, 2015-ci ildə bir milyarda yaxın adam siqaret çəkib – hər 4 kişidən və 20 qadından biri. 1990-cı ildə hər 3 kişidən və hər 12 qadından biri tütündən istifadə edirmiş, yəni azalma baş verib.

Amma əhali artımı siqaret çəkənlərin sayında da artım deməkdir. 1990-cı ildə 870 milyon nəfər siqaret çəkirmiş.

Beləcə, tütünün doğurduğu ölüm halları da artıb, 2015-ci ildə 6.4 milyona bərabərləşib ki, bu da həmin dövrdə 4.7%-lik artım deməkdir.

BƏZİ ÖLKƏLƏRDƏ İRƏLİLƏYİŞ VAR

Düzdür, bəzi ölkələrdə siqaretin tərgidilməsi yönündə addımlar atılır, yüksək vergilər qoyulur, siqaret qutularının üstünə xəbərdarlıqlar yazılır, maarifləndirici proqramlar gerçəkləşdirilir.

25 il ərzində Braziliyada gündəlik siqaret çəkənlərin sayı kişilər arasında 29%-dən 12%-ə, qadınlar arasında 19%-dən 8%-ə düşüb.

Banqladeş, İndoneziya və Filippində 1990-2015-ci illərdə heç bir dəyişiklik baş verməyib.

Rusiyada siqaret çəkən qadınların sayı yüksəlir, 4%-lik artım qeydə alınıb. Oxşar tendensiya Afrikada da ortaya çıxır.(Azadlıqradiosu)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru