Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2021
13:40
Ramazan ayını və Quran baharını qənimət bilmək

Ramazan ayını qənimət bilin. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə keçirin. Dua mövsümü bu mübarək aydır. İnsan dua vasitəsi ilə həmişə Allahla əlaqə qurmalı olsa da, diqqət yetirmək lazımdır ki, Quranın, "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm" ayəsi “Bəqərə” surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında gəlmişdir. Və bu, bütün insanları, bütün bəndələri duaya və Allah zikrinə sövq və dəvət etmək üçündür.

Dua sizin qəlbinizdə Allahla yaratdığınız əlaqədir. Dua - istəmək və Allahı çağırmaqdır. İstəmək isə ümiddən sonrakı mərhələdir. Ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan heç nə istəmir. Deməli, dua ümiddir, qəbul olunmasına ümidlə yanaşıdır. Bu ümid ürəkləri işıqlandırır və duanın sayəsində cəmiyyət həvəsli və fəal olur.

Quranla ünsiyyətin təsiri

Bu ay həmçinin Quranın baharıdır. Quranla ünsiyyət İslam inancını gücləndirir və dərinləşdirir. İslam cəmiyyətlərinin bədbəxtliyi Qurandan, onun həqiqət və bilgilərindən uzaq düşməsinin nəticəsidir. Quranın mənasını anlamayan və onunla ünsiyyətdə olmayan müsəlmanlar bir yana, hətta Quranın dili öz doğma dilləri olan və Quranı başa düşən insanlar da Quran ayələri üzərində dərindən düşünmədiklərinə görə Quran həqiqətləri ilə tanış olmur və ünsiyyət yarada bilmirlər. Quran buyurur: "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" Yəni Allah möminləri kafirlərin əlinin altında qoymaz və onların qarşısında xar etməz. Bu ayə ərəb ölkələrində və bütün dünyada ərəbdilli insanlar tərəfindən oxunur, amma ona əməl olunmur. Quran ayələri üzərində diqqətlə fikirləşib düşünmürlər və nəticədə İslam ölkələri geridə qalır.

Quranla ünsiyyət - onu oxumaq, yenə oxumaq, Quranın dedikləri haqda fikirləşmək və onları anlamaqdır. Qeyri-ərəb xalqlar Quranın tərcüməsindən istifadə edə, onun sözlərini təxmini şəkildə bilib məzmununu anlaya və o barədə düşünüb fikirləşə bilərlər.

Ramazan – mənəvi inkişaf və Allaha yaxınlaşmaq fürsəti

Allahı və Onun yolunu unutduran müxtəlif amil və səbəblər arasında qalmış, müxtəlif maraqların aşağıya, tənəzzülə və süquta doğru çəkdiyi bəşər ramazan ayında ucalığa və yüksəlişə meylli ruhunu yuxarıya doğru sövq etmək, Allaha yaxınlaşmaq və ilahi əxlaqla bəzənmək üçün bir fürsət əldə edir. Ramazan ayı belə bir fürsətdir.

Əlbəttə, ramazan ayından başqa imkanlar da var. Məsələn, gündəlik beş namaz bizim istifadə edərək yüksələ biləcəyimiz imkanlardır. Biz bununla özümüzü islah edib mənəvi pasları, çürükləri, qafillik və xəstəlikləri özümüzdən uzaqlaşdıra bilərik. Namaz çox yaxşı fürsətdir. Namaz halında özümüzə və gördüyümüz işə qarşı diqqətli olsaq, namazdan sonrakı halımız ondan qabaqkı halımızla mütləq fərqlənəcək. Bunun şərti namazda diqqətli olmaqdır. 

Deyə bilmərik ki, biz ərəb deyilik və namazın sözlərini anlaya bilmirik. Namazda əvvəldən axıra qədər deyilən bütün sözləri öyrənmək üçün orta istedadlı insanlar üçün bir saatdan artıq vaxt lazım deyil. Bu çox asandır. Bu barədə kitablar yazmış və namazın sözlərini tərcümə etmişlər. Əgər mənalara diqqət yetirib bu sözlərin məzmununun nədən ibarət olduğunu anlasaq və o barədə fikirləşsək, əlbəttə ki, daha yaxşı olar. Əgər bu da mümkün olmasa, ən azı səcdə halında olarkən Allahla danışdığımızı unutmayaq; rüku halında olarkən aləmlərin Yaradınına təzim etdiyimizi başa düşək; qiraət və zikr halında olarkən kiminlə danışdığıçızı bilək. Bu diqqətin özü mühüm məsələdir.

Əgər bu diqqət yaransa və namazda həqiqətən Allah yad olunsa, bu namaz möminin meracı olar. Bunun əlaməti odur ki, siz namazdan sonra öz daxilinizdə daha çox paklıq, mənəviyyat və nurluluq hiss edirsiniz. Müxtəlif ibadətlər bizim üçün fürsətlərdir, lakin ramazan ayı il ərzində müstəsna bir imkandır.

Bu otuz, yaxud iyirmi doqquz gündə həmişəki beş vacib namazdan və insanın həmişə qıla bildiyi nafilə namazlarından əlavə, bəzi dualar da var. Həmin duaları oxumaq insana əlavə nur bəxş edir. Bu duaları bizim ixtiyarımızda qoymuş, Allahla danışmaq və münacat etmək yolunu öyrətmiş, Allaha hansı sözləri deməyin mümkünlüyünü göstərmişlər. İmamlardan nəql olunan bu duaların bəzi cümlələri olmasaydı, insan özü Allahla bu formada danışmağın və Allahdan bu şəkildə istəməyin mümkünlüyünü təxmin edə bilməzdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
497

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
388

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
401

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
667

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 03:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru