Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2019
17:20
275
Oruc və onun müxtəlif mərhələləri

İlahi vəzifə kimi yad etdiyimiz oruc əslində ilahi bir nemətdir, oruc tutmağa müvəffəq olanlar üçün qiymətli bir fürsətdir. Əlbəttə, çətinlikləri də var. Bütün uğurlu və faydalı işlər çətinliksiz ötüşmür. Bəşər çətinliyə dözmədən bir yerə çata bilməz. Oruca dözməkdə olan bu çətinlik, orucdan insana nəsib olacaq şeyin yanında çox azdır.

İnsan oruc üçün sərf etdiyi  az zəhmətə görə çox xeyir əldə edir. Orucun üç mərhələsini qeyd etmişlər. Hər üç mərhələ, əhli olanlar üçün faydalıdır. Bir mərhələ orucun ümumi mərhələsidir. Yəni oruc ikən yeməkdən, içməkdən və digər haramlardan çəkinməkdir. Əgər bizim orucumuz yalnız bundan ibarət olsa, bunun çox faydası var. Həm bizi sınayır, həm də bizə öyrədir. Həm dərsdir, həm də həyat üçün təcrübədir, məşqdir. Bu işdə cismani idmandan daha çox əhəmiyyətli idman var. İmamlardan (ə) nəql olunan bəzi hədislərdə orucun bu mərhələsinə diqqət yetirilmişdir. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Varlı və yoxsulun bir olması üçün". Allah-Taala orucu vacib etmişdir ki, bu saatlarda, bu günlərdə varlı və yoxsul eyni olsun. Yoxsul insan gün ərzində istədiyini ala, yeyib-içə bilmir. Varlı adamlar isə gün ərzində nə ürəkləri istəyirsə hazırlatdıra bilirlər. Varlı yoxsulun halını, onun aclığını, miskinliyini, istədiyini əldə edə bilməməsini dərk edə bilmir. Amma oruc tutulan gündə hamı birdir. Öz ixtiyarları ilə nəfsani meyllərdən məhrumdurlar. İmam Rzadan (ə) nəql olunan digər bir rəvayətdə başqa bir cəhətə işarə olunmuşdur: "Aclığın, susuzluğun acısını dadmaq və qiyamət səfalətini dərk etmək üçün". Bu rəvayətdə qiyamət gününün bəlalarına, aclığına, susuzluğuna işarə vurulmuşdur. O zaman həmin halda Allah qarşısında sorğulanacaq. İnsan, ramazan ayının aclığında, susuzluğunda qiyamət gününün o vəziyyətini düşünməlidir. O çətin anı nəzərə almalıdır.

İmam Rzadan (ə) nəql olunan digər bir rəvayətdə orucun digər cəhətlərinə, aclıq və susuzluq çəkməyin digər tərəflərinə işarə vurulmuşdur: "Aclıq və susuzluq qarşısında səbir etmək". İnsana aclıq, susuzluq qarşısında səbir, dözüm gücü verilir. Naz-nemətlə bəslənmiş insanların – aclığın, susuzluğun mənasını dadmayan, başa düşməyən insanların – səbir, dözüm gücü də yoxdur. Bir çox meydanlarda çox tez əldən düşürlər. Müxtəlif həyat imtahanları onları sıxır, əzib suyunu çıxarır. Aclığı və susuzluğu dadmış insan bunların mənasını bilir. Bu yolla qarşıya çıxa biləcək çətinliklər qarşısında dözümə malikdir. Ramazan ayı bu dözüm gücünü, bu səbri hamıya verir. Bu haqda İmam Rizadan (ə) nəql olunan bir rəvayəti də diqqətinizə çatdırıram. Ola bilər ki, bu iki cümlə eyni hədisin hissələridir. "Onları vəzifələrini həyata keçirməyə alışdırır". Ramazan ayında aclığa, susuzluğa dözmək, nəfsani ehtiraslardan çəkinmək insanı həyatın müxtəlif vəzifələrinin öhdəsindən gəlməyə öyrəşdirən təlimdir. Əlbəttə, məqsəd şəriətə uyğun, ilahi çətinlikdir. İnsana güc verən, həyatın çətin yollarını aşmaqda güc verən vasitələrdən biri də çətinlik çəkməkdir. Bu, şəriətə uyğun çətinlikdir. Buna görə də qeyd etdiyimiz bir neçə hədisdə görürsünüz ki, orucun bu mərhələsi, yəni aclığa, susuzluğa dözüm mərhələsi, varlılarda yoxsullarla bərabərlik hissi yaradır. İnsana qiyamət günü aclığının hissini ötürür. İnsana çətinliklər qarşısında dözüm, səbir bəxş edir. Vəzifəni həyata keçirməkdə, öhdəsindən gəlməkdə ilahi bir təlim rolunu oynayır. Bax, həmin mərhələdə bu qədər fayda var. Qarının boş olması, adi halda insan üçün icazə verilən işlərdən çəkinməkdən başqa, ona nuranilik, səfa və səmimiyyət bəxş edir. Bu, çox böyük (qənimət sayılmalı) bir fürsətdir.

İkinci mərhələ günahdan çəkinmək mərhələsidir. İnsanın öz qulağını, gözünü, dilini, ürəyini – hətta bəzi rəvayətlərə görə, – üz qabığını, dərisini, bədəninin tükünü günahdan çəkindirməkdir. İmam Əlidən (ə) nəql olunan rəvayətdə deyilir: "Oruc, insanın yeməkdən içməkdən çəkindiyi kimi haramlardan da çəkinməsidir". Yeməkdən, içməkdən, nəfsani meyllərdən çəkindiyiniz kimi günahdan da çəkinin. Bu orucun daha yuxarı mərhələsidir. Bu ramazan fürsəti insanın günahdan çəkinməyi öyrənmək, məşq etmək üçün qənimət sayılası bir fürsətdir. Bəzi gənclər mənə müraciətlərində onlar üçün dua etməmi istəyirlər. Təkrar istəklərdən biri budur: "Siz dua edin ki, biz günah edə bilməyək". Əlbəttə ki, dua etmək yaxşı və lazımlıdır və biz bunu edirik. Amma günah etməmək insanın iradəsindən asılıdır. Qərara almalısınız ki, günah etməyəsiniz. Qərara aldığınız zaman bu çox asan iş olacaq. Günahdan çəkinmək elə bir işdir ki, insan gözünə bir dağ kimi görünür. Amma qərar, iradə, əzm olduqda düz yoldur. Ramazan ayı hamının bunu təcrübə etməsi üçün bir fürsətdir. "Əgər oruc tutan dilini, qulağını, gözünü, əzalarını (günahdan) qorumasa orucdan nə xeyir götürəcək?" Bir rəvayətdə nəql olunur ki, bir qadın öz xidmətçisinə hörmətsizlik edirdi. Güman ki, onlar Peyğəmbərin (s) qonşuluğunda olurdular və ya hansısa səfərdə o həzrətlə (s) birlikdə idilər. Peyğəmbərin (s) əlində yemək var idi. Ona təklif etdi və buyurdu: "Bundan ye". Qadın dedi ki, orucam. Nəql olunduğuna görə Peyğəmbər (s) ona belə buyurdu: "Sən necə orucsan ki, öz xidmətçini söymüsən?" Oruc yemək və içməkdən çəkinməkdən ibarət deyil". Oruc yalnız yeməmək, içməmək deyil. Allah bunu (orucu) insanın yemək və içməkdən başqa günahlardan da çəkinməsi üçün bir vasitə etmişdir". Allah istəyir ki, oruc tutan şəxs günahların, çirkinliklərin ardınca getməsin. Bu günahlardan biri də dil günahıdır. Onlardan biri könlündə kiməsə qarşı düşmənçilik, kin bəsləməkdir. Bəzi günahlar necə deyərlər şəri günahlardır. Bəzi günahlar əxlaqi günahlardır. Müxtəlif mərhələləri var. Demək, orucun ikinci mərhələsi, insanın özünü günahdan ayırmasıdır. Xüsusilə siz əziz gənclər bu fürsətdən istifadə edin. Siz gəncsiniz. Gəncin həm gücü, bacarığı var, həm də ürəyi safdır, nurludur. Bu, onun üçün bir fürsətdir. Ramazan ayı boyunca bu fürsətdən istifadə edin və – orucun ikinci mərhələsini – günahlardan çəkinməyi təcrübədən keçirin.

Orucun üçüncü mərhələsi insanın zehnini Allahı xatırlamaqdan qafil edən hər bir şeydən çəkinməkdir. Hədisdə deyildiyinə görə bu, orucun ən yüksək mərhələsidir. Peyğəmbər (s) Allaha dedi: "İlahi, orucun nəticəsi nədir? Allah-Taala buyurdu:"Oruc insan qəlbində hikmət çeşmələri qaynadır. Ürəyə hikmət hakim olduqda, o nurani, aydın mərifət meydana gəlir. Mərifət yarandıqda yəqin yaranır". Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi yəqindir. Bu ayın dualarında da təkrar şəkildə istənilmişdir. Kimsə yəqinə yetdikdə həyatın bütün çətinlikləri onun üçün asan olur. İnsan hadisələrdə yenilməz olur. Görün nə qədər əhəmiyyətlidir. Öz ömrü boyunca yüksəliş, inkişaf yolunu keçmək istəyən insan həyatın problemləri, çətinlikləri qarşısında, maneələr qarşısında yenilməz olur. “Yəqin” - insana belə bir hal yaşadır. Bunlar orucdan qaynaqlanır. Oruc Allahın xatirəsini könüldə canlandırdıqda, Allahın mərifət nuru qəlbi işıqlandırdıqda, bunlar da ardınca gəlir. Oruc tutanı Allahı xatırlamaqdan qafil edən hər bir şey bu mərhələ üçün zəruridir.

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
32

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1816

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2395

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3303

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2034

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1468

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2982

Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

18

İyun
11:49
NƏQLİYYAT
1615

Uelbek "Qalatasaray"dan 5 milyon istəyib

18

İyun
11:37
İDMAN
2062

Bakıda narkotacir saxlanılıb - FOTO

18

İyun
11:30
HÜQUQ,HADİSƏ
2299

Fermerlərin DİQQƏTİNƏ!

18

İyun
11:28
İQTİSADİYYAT
1412
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 14:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru