Azərbaycanda cini olan ona üz tutur

Bir müddət öncə "Youtube" portalında bir gənci öz əsirinə çevirmiş cinin bədəndən necə çıxarılmasından bəhs edən video kadrın yayılması ictimaiyyətdə ciddi şəkildə rezonans doğurdu. Hətta məsələ telekanallar səviyyəsində belə, müzakirəyə çıxarıldı. Geniş oxucu marağını nəzərə alaraq, yayımlanan video kadrdakı gəncin bədənindən cin çıxaran para-psixoloq Vüsal Mərdinli ilə əlaqə saxladıq. FaktXeber.com-un suallarını cavablandıran müsahibin toxunduğu ciddi məqamları hər birimiz öz həyatımızda görə bilərik. İnanırıq ki, hazırladığımız müsahibə cəmiyyətdə sözügedən olayla bağlı yaranmış bir çox suallara və müəmmalara aydınlıq gətirəcək.     

- Bu işlə nə vaxtdan məşğulsunuz?
- 13 yaşımdan həmin varlıqlarla əlaqəm olub. Sadəcə olaraq bunu İslami yönümdən inkişaf etdirməyə çalışmışam. İslamda buna “ruqiyyə” deyirlər. “Ruqiyyə” sözü xəstənin üzərinə dua və ya Quranın oxunması kimi izah edilir.

- İlkin olaraq özünüzdə olan qeyri-adi qüvvə ilə bağlı nə hiss elədiniz?
-  Cinlər adətən milyondan bir insanla təmasa keçirlər. İnsanlarda olduğu kimi cinlərin də kafiri, yəhudisi, xristianı və müsəlmanı mövcuddur. Müsəlman cinlər demək olar heç zaman insanlarla təmas qurmurlar. Cahil cinlər isə insanlarla əlaqə qurduqdan sonra onları aldatmağa, insanlara vergili olduğunu təlqin etməyə çalışırlar. Nəticədə, qarşı tərəf bu iddia ilə çıxış edir. Lakin cinlərin qeybi və gələcəyi bilməsi ilə bağlı səsləndirilən fikirlər yalandır. Bunu Quran da sübut edir. Əgər cinlər doğrudan da qeybi bilmiş olsaydılar, Süleyman Peyğəmbərin ölüm gününü müəyyən edib neçə aylar onun sarayında işləməzdilər. Digər tərəfdən, bəzi falçılar cinlərdən istifadə etdiklərini söyləyirlər. Əslində isə məsələ tamamilə əksinədir. Yəni cinlər falçılardan öz məqsədləri üçün istifadə edirlər. Hətta bəzi falçılar cinlər vasitəsilə əldə etdikləri keçmiş məlumatları insanlara deməklə, özlərini kəramət əhli kimi göstərməyə çalışırlar. Mən isə sırf cinlərin müsəllət (bədənə daxil olub özünə əsir edən – red.) olduğu insanlara yardım edirəm. Yəni kimlərinsə bədəninə cin daxil olduqda, onu çıxarmatmaqla məşğul oluram.

- Məşğul olduğunuz peşənin hər hansı bir elmi əsası mövcuddurmu? Əksər vaxtlar elm adamları, alimlər və professorlar bu məsələnin elmi əsası olmadığına görə cəfəng adlandırırlar.
- Sevgini, oksigeni, bəzi hissləri, bədən ağrılarını və digər varlıqları görmədiyimiz kimi, cinləri də görə bilmirik. Bir şeyin gözə görünməməsi, onun olmaması anlamını vermir. Tarixi nəzərə salsaq dünyanın bir çox ölkələrinin kəşfiyyat üçün bu cür vasitələrdən istifadə edilib. Eyni halda para-psixoloqlar sözügedən varlıqların olduğunu təsdiqləyirlər. Hazırda dünyanın bir çox ölkələrində eksortizm xəstəxanaları mövcuddur. Qonşu Rusiyada bu sahə ilə rahiblər məşğuldur. Düzdür ki, onlar bunu müsəlman və Quran qədər mükəmməl bilmirlər. Lakin xristian cinlərə lazımı formada təsir qoymaları mümkündür. Hətta qardaş Türkiyədə qeyri-rəsmi olsa da xəstəxanalar fəaliyyət göstərirlər. Elm də isbat edib ki, frekanslar var. Hər bir insanın, heyvanın özünə məxsus beyin frekansları mövcuddur. Qurani-Kərimdə insanın torpaqdan, cinlərin isə tüstü və oddan, bir növ radiodalğadan yaradıldığı bildirilir. Ona görə cinlər bizim zamana və sürətə tabe deyillər.

- Bəs cinlərin zaman və məkan məsələsi necədir?
- Onların da özlərinin tabe olduqları qaydalar mövcuddur. Onların Məkkə şəhərindən Azərbaycana gəlmələri bir göz qırpımında baş tutur. Onlarda şüur sürəti mövcuddur. Məkanları isə bu dünyadır və bizimlə bir yerdə yaşayırlar. Çalışırlar ki, insanların yaşadıqları məntəqələrdən uzaq yerlərdə qalsınlar. Daha çox xarabalıqlarda, dağlarda, uzaq adalarda, mağaralarda və digər bu kimi yerlədə yaşayırlar. Hədislərdə vardır ki, cinlərlə İslam peyğəmbəri arasında bir əhd bağlanıb, onlar insanlara əziyyət verməyəcəklər. Lakin insanlarda olduğu kimi onlar arasında əhdini pozan, İslamla düşmənçilik edən, kafir və münafiqləri var. Necə ki, Suriyada özlərinə müsəlman deyənlər digər müsəlmanların başlarını dəhşətli şəkildə kəsirlər və sonra özlərini müsəlman adlandırırlar.

- Deyirsiniz ki, cinlər insanların bədəninə daxil olaraq onlara əziyyət verir. Bunun zəhmətə olmasa izahını verərdiniz
- Dədə-babalarımızdan daima eşitmişik ki, hara gəldi “bismillah” demədən qaynar su, köz atmaq olmaz. Yeni nəsillər, texnologiyalar inkişaf etdikdən sonra belə şeyə inam itdi. Bəzi vaxtlar deyirlər ki, cin problemi ilə əksər vaxtlar buna inanan insanlar tutulur. Əsla bu belə deyil. İnandırım ki, bu günə qədər qarşıma çıxan şəxslər arasında dövlət işçiləri, həkimlər, digər vəzifəli şəxslər olub. Halbuki, onların heç biri buna inanmırdılar. Hətta bəzi psixoloqlar cinə müsəllət olmuş şəxsə yardım etmək istəyərkən, özləri bu bəlaya mübtəla olublar. Cinlərin insanlara əziyyət verməsinin bir neçə səbəbləri var. Bunlarda biri hara gəldi ehtiyatsızlıq üzündən qaynar su atmaqdır. Cinlər oddan yaransalar da, od onlara əziyyət eləyir. Digər səbəb isə qara magiya ilə bağlıdır. Şükür olsun Allaha, bu Azərbaycanda inkişaf etməyib. Əks halda, insanların həyatları müsibətə çevrilərdi. Bizdə qara magiya ilə məşğul olanların əksəriyyəti şarlatandır. Başqa bir səbəb isə dəhşətli qorxu anı ilə bağlıdır ki, insanların həmin vəziyyətdə bədənlərinin nuru parçalanır və aurası zəifləyir. Ümumiyyətlə, bu problemdən qorunmaq üçün ən mükəmməl yol ibadət və Quran oxumaqdır. Yeri-göyü yaradanın Qurana ehtiyacı yoxdur. Əslində Qurana bizim ehtiyacımız var. Xəstəni cindən azad etdikdən sonra bizim ona ilk tapşırığımız bu olur ki, daimi namazlarını qılacaq və hər namazda “Fələq”, “Nas” surəsini və “Ayətül-Kürsü”nü oxuyacaq. Bir sözlə, namaz qılan şəxslərə yaxın dura bilmirlər.

- Ümumiyyətlə, cinlərin insanlara fiziki formada zərər vurmaları mümkündürmü?
- Cinlərin insanlara fiziki formada hər hansı bir təsir etmək qabiliyyətləri yoxdur. Onlar yalnız psixoloji və ruhi təsir edə bilirlər. Sinir sisteminə ciddi şəkildə müdaxilə etmələri mümkündür. Elm özü də isbat edib ki, beynin ələ və digər üzvlərə komanda verməsi radiodalğalarla mümkündür. Cinlər də beynin şöbələrinə çox gözəl formada təsir göstərə bilirlər.

- Cinlərdən sağlam məqsədlər üçün istifadə etmək mümkündürmü?
- İslam tarixinə və rəvayətlərə baxsaq görərik ki, peyğəmbərimiz o qədər döyüşlərdə cinlərdən heç bir halda istifadə etməyib. Tarixi şəxsiyyətlər öz məqsədləri üçün bu cür vasitələrdən istifadə etməyiblər. İnsan cinlərdən çox üstün bir varlıqdır. Onlar qoxu vasitəsilə qidalanırlar. Cinlər insan bədəninə müsəllət olanda, sanki özlərini 5 ulduzlu oteldəki kim hiss edirlər. Bundan sonra insanlarla hər bir işdə, hər bir ləzzətdə şərik olurlar. Ona görə də Qurani-Kərimdə buyurulub ki, hər bir iş görməmişdən öncə “bismillah” deyin. Xüsusilə yeni ev alanda, ailə təməli qurulanda, ayaqyolundan istifadə etdikdə, hətta cinsi əlaqədə belə ilk öncə “bismillah” deyilib işə başlanılmalı və içəri daxil olunmalıdır. Həmin anda mənfi qüvvələr də insana müsəllət olmur.

- Əgər cinlərlə belə iş görmək mümkündürsə, onda Dağlıq Qarabağla bağlı bu qədər həngamə, müharibə və ya danışıqlar nəyə lazımdır? Elə olmaz ki, bir nəfər Sarkisyana cin müsəllət eləsin, bununla da iş qurtarıb getsin.
- Kiməsə cin müsəllət eləmək üçün ilk öncə həmin şəxsə aid olan şəxsi əşyaya malik olmalısan. Bura saç, geyim, tər və digər şeylər aiddir. Digər tərəfdən, dünyanın bütün siyasətçilərinin hamısının yanında xüsusi rəmmallar olub. Artıq bu məsələdən dünyanın hər yerində dövlət səviyyəsində istifadə edilir.

- Sizə müraciət edənlər əsasən kimlərdir? Müraciət edənlər arasında məmurlar vardırmı?
- Bütün kateqoriyadan olan insanlar müraciət edirlər. Müraciət edənlərin hamısının anonimliyi saxlanılır. Onlar arasında adi insan, həkim müəllim və məmurlar da var. Məmurlar həm özləri, həm də ki, ailələri müraciət edirlər. Bəzi siyasətçilər var ki, bu amildən istifadə edərək qabağa getməyə çalışırlar. Onu da bildirim ki, hər kim sehrbaza, qara magiyaya, kartla baxan falçıların yanına gedirsə, bilsin, özünün uşağının və ailəsinin bədəninə cin doldurur. Çünki həmin cadugərlərin evləri tamamilə neqativ zonalardır və orada xeyli sayda şər qüvvələr mövcuddur. Mümkündür, 1-2 ay ilkin olaraq özlərini yaxşı hiss eləsinlər, lakin sonradan cadugərlər elə bir vəziyyət yaradırlar ki, qarşı tərəf onlardan asılı vəziyyətə düşür və get-gələ salırlar.

- Bəs, bir insanın cinə müsəllət olub-olmamasını haradan bilirsiniz?
- İlk öncə həmin şəxsin gözünün içinə baxıram. Əgər daxilində cin vardırsa, mənim onu yaxınlaşmağımdan ciddi şəkildə narahat olmaqla yanaşı, bəzi vaxtlar özündən gedir. Yanıma gətirilən xəstələrin əksəriyyəti nevroloji problemi olur və həmin şəxsləri həkimə göndərirəm. Cinə müsəllət olan şəxslərin əksəriyyəti Allahdan, ibadətdən uzaq və daha çox günah edən şəxslərdir. Bəzi vaxtlar namaz qılanlar da bu cür problemlərlə üzləşirlər. Lakin buna səbəb, həmin namaz qılanların ibadətə əhəmiyyətsiz yanaşması və günah etməsi ilə bağlıdır. Hətta bəzi ailələr var ki, evdən bayırda bir-birilərini dəhşətli dərəcədə sevirlər, amma evə gələn kimi bu sevgi nifrətə çevrilir. Eyni halda, kimsə arxasında daima nəyisə hiss edirsə, gecə yatanda sinəsində sanki kimsə oturmuş kimi sıxılmalar olursa, deməli həmin şəxsi cin vurub.

Xəyal Şükür