Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Mart

2017
14:11
3195
Mən ləzgiyəm, mən talışam, mən rusam...

Azərbaycan zəngin ənənələrə və mədəni irsə malik qədim bir ölkədir. Burada əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanın tarixi, iqtisadi və mədəni xüsusiyyətləri sayəsində ölkə əhalisinin dünyagörüşü tolerantlıq, başqa xalqların və milli azlıqların mədəniyyətinə, dəyərlərinə, adət-ənənələrinə hörmət şəraitində formalaşıb. Amma deyəsən, bütün bunları bizə çox görənlər var.

Millət vəkili Arif Rəhimzadənin Rusiya mediasına verdiyi müsahibədə Azərbaycan xalqının etnik tərkibi barədə söylədiyi fikirlərin böyük söz-söhbətə səbəb olması hamıya məlumdur. 

İki həftədir bu barədə danışılır və hələ açıqlamalar gəlməkdədir. 

Diqqət edək, Arif Rəhimzadə bu mübahisələrdən sonra açıqlama verərək bildirdi ki, elə bir ifadə işlətməyib: ““Biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir. Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, “biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq””.

Biz azərbaycanlı deyilikmi?

Xatırlatmaq yerinə düşərdi ki, YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. 

Amma YUNESKO-nun bu qərarından əvvəl də Azərbaycanda 80-dən çox etnosun nümayəndəsi yerli etnos olan türklərlə yanaşı və qardaş kimi yaşayır. Bu tarixi təcrübə azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsinin aradan qaldırılmasına, etnik və konfessional fərqlərə baxmayaraq, sülh və həmrəylik şəraitində yaşamasına parlaq nümunədir. Etnik çoxluqla yan-yana yaşayan digər xalqlarla münasibətdə tolerantlıq ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininə xas dözümlülüklə, müxtəlif etnik icmaların vahid ərazidə tarixən təşəkkül tapmış birgə yaşayışı ilə izah olunur. Azərbaycanın və Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycanda dövlət səviyyəsində onların hər birinə eyni dərəcədə qayğı göstərilir.

Bunun göstəricisidir ki, Azərbaycanda yaşayan milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər və hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. 

Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında talış folklor qrupları fəaliyyət göstərir. Dövlət bu qurumları ölkə büdcəsindən maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dinindən və dilindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakı Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. 

Bütün bunları geniş şəkildə elə-belə yazmadım. 

Yazdım ki, qaşınmayan yerdən qan çıxarmaq istəyənlər bizim də çörəyi qulağımızın dibinə yemədiyimizi görsünlər və anlasınlar ki, Arif Rəhimzadənin sözünü əllərində bayraq edib, milli ədavət salmağa cəhd göstərməsinlər. 

Biz yerli etnos olan türklər avarı, ləzgisi, talışı, rusu, yəhudisi, tatı, udini, kürdü, ingiloyu və sairləri ilə birlikdə AZƏRBAYCANLIyıq.

Amma kimlərsə işlərin bu səviyyədə qalmasını istəmir. 

Niyə?

Ona görə ki, hələ talışları, ləzgiləri, avarları, ingiloyları, kürdlərin, rusları, yəhudiləri, udiləri və sair azsaylı xalqların qıcıqlandıra bilməyiblər?

Amma adını çəkdiyim və çəkmədiyim xalqların nümayəndələri yaxasını cıranların əksəriyyətindən daha çox sevirlər Azərbaycanı. Havasını udub, torpağında gəzdiyi ölkəsi uğrunda döyüşürlər, sənayesində çalışırlar, vətəndaşına təhsil verirlər, sağlamlığının qeydinə qalırlar, küçəsini süpürürlər, amma etnik kimliyini başqasının gözünə soxub, özlərini üstün bilib, başqasını aşağılamırlar.

Yadda saxlayın: bir dövləti məhv etmək üçün onun daxilinə milli ədavət toxumu səpmək kifayətdir.  “Mən türkəm”, “mən talışam”, “mən ləzgiyəm”... ibarələri bizim qəddimizi əyər. Çünki bütün millətlər özünü daha üstün bilir. Mümkün deyil ki, millətçilik müzakirəsində iki fərqli millətin nümayəndəsi ortaq fikrə gəlsin, sonu hökmən yumruqlaşmadır. Amma AZƏRBAYCANLI olmaqla fəxr duymaq, o yumruğu düşmənə qarşı düyünləyər.

P.S. AZTV-nin keçmiş rəhbəri Məmməd İsmayıl bu günlərdə verdiyi açıqlamada “Azərbaycanlı” sözünü “badımcanlı” kimi tələffüz etmişdi. Bilmirəm o necə filoloqdur, amma yəqin bilməmiş deyil ki, 10 milyona yaxın Azərbaycan vətəndaşından 1 nəfəri də olsa özünü azərbaycanlı hesab edirsə, bu onun təhqiridir.

Aqil Mehdi

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru