Tarix:04-04-2017 09:54
Kəşfiyyata - onunla birgə getməli…
Şərh yaz
Günəş yavaş-yavaş qüruba yaxınlaşırdı. Həlimət ana 5-ci mərtəbədəki mənzilin eyvanına çıxıb həyətə boylandı. Bərk qələbəlik idi – yaşlılar bir tərəfdə əyləşib sakitcə dərdləşir, gənclər deyə-gülə söhbətləşirdilər, futbol oynayan uşaqların harayı aləmi başına götürmüşdü. İçərilərində kiçik oğlu da vardı. Bu zaman o, rəqibin neçə oyunçusunu keçib hücum mövqeyinə çıxdı: Hamı qışqırdı: “Vur, Sərxan, vur!” Zərbə… Qoool… 
 
Ananın yadına düşdü ki, bayaqdan top qovan dəcəl balasının qan-tərə, toz-torpağa batması bir yana, yeməyinin də vaxtı keçir. Tez onu səslədi: Ay oğul, Sərxan, evə gəl! 
 
Səsi məhəllədəki hay-küyə qarışıb dalğalandı: 
“Sərxaaan! Evə gəəəl!”
 
…İllər yaman sürətlə keçdi, elə övladlar da çox tez, bu səsin, çağırışın gedib-qayıtdığı zaman məsafəsində böyüdülər. Bayramovlar ailəsinin böyük oğlu Harun hərbçi peşəsini seçib, Ali Hərbi Akademiyanın məzunu kimi zabit rütbəsində Azərbaycan Silahlı Qüvvələrində qulluğa başladı. Sərxan Zaqatala şəhərindəki Nizami Hüseynov adına 2 saylı rusdilli orta məktəbi bitirib. (Bölgənin qabaqcıl təhsil müəssisələrindən sayılan həmin elm ocağı da şəhid adını daşıyır. Mərhum Nizami Hüseynov 1994-cü il Qarabağ savaşında həlak olub. Ümumiyyətlə, bu qəhrəman rayon torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 192 şəhid verib). VIII sinfi bitirəndən sonra sənədlərini Naxçıvanski adına Hərbi Liseyə təqdim etsə də, qəbul oluna bilməyib. Deyilənlərə görə, ilk addımda tale üzünə gülmədiyinə görə elə ağlayıb, göz yaşı tökürmüş ki… Uşaqlıq illərinin foto-albomunda uniformada şəkli də var. 
 
Avtoçilingər işləyən atası Oqtay kişi ona sənətinin sirlərini öyrədib. İlyarımlıq əsgərlik dövrünü ruh yüksəkliyi ilə başa vurduqdan sonra müxtəlif işlərdə çalışır, valideynlərinə köməklik göstərir. Lakin peşəkar hərbçilik sevdası bir an da olsa ürəyindən çıxmır. Bir gün ata-anasına “cpesnaz”a yazılmaq istədiyini söyləyir, fikrindən daşındıra bilmirlər. Və beləcə, xüsusi təyinatlı bölmədə müddətdən artıq hərbi xidmətə qəbulla nəhayət çoxdankı niyyətini reallaşdırır. Uğurunu hamıyla bölüşür, şadlığından göylərdə uçurmuş, çünki arzusuna çatmışdı, sevdiyi işlə məşğul idi. Hər üç aydan bir verilən qısamüddətli məzuniyyət zamanı doğulub böyüdüyü rayona gəlir, doğmalarına baş çəkirdi.    
 
İgid hərbçinin doğmaları və dostları ilə son görüşü 19-20 mart tarixində - Novruz bayramı ərəfəsində baş tutub. Bir gün sonra isə yenidən xidmət yerinə qayıdıb. Ailədə şad-xürrəm günlər yaşanırdı, Harun bir il idi ki, ailə qurmuşdu, Sərxanı evləndirməyə hazırlaşırdılar. Mart ayının 22-də qız evinə elçi gedilir, “həri”si alınır, aprelin 10-da nişan aparacaqlarmış…   
 
Həlimət xanımın dediklərindən: “Vallah bilmirəm, necə anayam, heç yuxuma da gəlmədi, bir narahatlıq duymadım, ürəyimə də dammadı... Sərxanın ölümü haqqında heç vaxt fikirləşməmişdim, toyuna hazırlaşırdım axı. Mən onun üçün xonçalar tutacaqdım.  Sərxan o qədər həyatsevən oğlan idi ki... Olduğu yerdə ancaq sevinc, şənlik qərarlaşardı. Gəlməyi, peyda olmağı ilə hər yanda ab-hava dəyişərdi, gülüş, xoşbəxtlik səpələyərdi ətrafa. 
 
Ananın səsi Zaqatala dağlarında əks-səda verir: 
“Sərxaaan! Evə dööön!”
 
“2016-cı il aprelin 1-dən 2-ə keçən gecə işğalçı erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq, təmas xəttinin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində atəşkəsi pozdular. Qəhrəman ordumuz nəinki azğın düşmənə ciddi müqavimət göstərdi, hətta şərəfsiz erməniləri öz mövqelərindən belə qovaraq, neçə yüz kilometrlərlə geri oturtdu. Nəticədə Talış, Seysulan, Cocuq-Mərcanlı, Odundağ, Lələtəpə və digər yüksəkliklər işğaldan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 24 ildir ki, yağı caynağında inləyən həmin ərazilərə ilk dəfə qədəm qoydu. Cəsur qoşun birləşmələrinin önündə xüsusi təyinatlılar gedirdi. Sərxan Bayramovun da təmsil olunduğu kəşfiyyat bölüyü isə daha dərinliklərə, düşmənin içərilərinə qədər irəliləyə bilmişdi…     
 
Aprelin 2-də günortaya yaxın artıq çəbhə bölgəsində baş verənlər barədə məlumat bütün ölkəyə yayıldı, dünya mediasına ayaq açdı. Dığalar yenə də öz amplualarında idilər; həyasızcasına ağlamsınır, qırılıb-çatıldıqlarından şikayətlənirdilər. Özgə torpaqlarına göz dikən xain sürüsü görəsən başqa hansı aqibəti gözləyirmiş? Azərbaycanda da övladı, qohumu əsgərlikdə olanlar, ümumiyyətlə hamı ehtiyatla soraqlaşmağa başladı. Sərxandan isə səhih bir xəbər yox idi – ona nə qazilər, nə də şəhidlər karvanında rast gəlinirdi. 
Bayramovlar ailəsinə rayon İH nümayəndələri, hüquq-mühafizə rəhbərləri, Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin əməkdaşları baş çəkdilər: “Allahdan ümid üzülməz. Dəqiq məlumat yoxdur, ölüm haqqında fikirləşməyin. Kəşfiyyatçıdır. Bəlkə hardasa əməliyyatdadır, ya da yaralıdır. O qədər qara xəbəri çıxıb, sonra qayıdanlar olur ki...” – deyə təsəlli verdilər. Ürəklərdə ümid tumurcuqları cücərdi hənin 7 gün ərzində, dəfələrlə bitdi… şaxta vurdu… yenə də göyərdi. Tanıyan-tanımayan bütün zaqatalalılar həyəcanla gözləyirdilər. Lakin təəssüf… Aprelin 11-də səhər 2 saylı orta məktəbin sıra düzümündə qocaman pedaqoq Ənvər Məhyəddinov ağlaya-ağlaya məzunları Sərxan Bayramovun şəhidlik məqamına yüksəlişi xəbərini verdi. Sinif rəhbəri Nərgiz Ədilova, müəllimi Larisa Əsgərova, sinif yoldaşları, dostları sosial şəbəkələrdə ürək sözlərini, xatirələrini bölüşüblər. O gündən məktəblilərin də ruhu dəyişib, hamının başında bir qəhrəmanlıq havası yaranıb. Hətta ona şer də həsr ediblər. XI sinif  şagirdi Dina Hacımadayeva yazır:
 
Əlvida deyirəm şəhid Sərxana,
Bir başqa dünyanın adamısan sən.
Bizimlə xatirən qalır əbədi,
Həyatda əbədi qəhrəmansan sən.     
            
Yolları nur dolu, əsgər, əlvida,
Vətənə sən bizdən daha yaxınsan.
Adını yazmısan tariximizə,
Nur kimi hər yerdə qəlbə axırsan.       
           
İndi şəkillərdən boylanır bizə
Əlvida deyirəm şəhid Sərxana
Tarixə adını qanınla yazdın,
Sən şərəf gətirdin Azərbaycana.
               
Hollandiyada yaşayan İnara Hüseynova: "Mən indi uzaqlardayam.  Tale hərəmizi bir tərəfə atıb. Sonuncu dəfə 2013-cü ildə təsadüfən Zaqatalada üz-üzə gəldik. Çox sevindik. 5 dəqiqə vaxtımız oldu danışmağa. Onun həlak olması xəbərini  eşidəndə imtahanda idim. Əvvəlcə inanmadım.  Elə bildim sinif uşaqlarımız zarafat edirlər. Sonra əmisi oğlu Muradla danışdım, xəbəri təsdiqlədi. Artıq  3-cü aydır ki, Sərxan yoxdur sıramızda. Ancaq inanmaq istəmirik yoxluğuna. Ölüm çox qəddardır, həmişə ən yaxşıları aparır.  Əgər gücüm çatsaydı, nəyim varsa verərdim ki, təki Sərxan qayıtsın. Və inanın ki, belə düşünən təkcə mən deyiləm, bütün dostlarımızdır.  Bundan sonra bir yerə yığışanda, Sərxan olmayacaq... Onun əvəzi yoxdur, daima bizim ürəyimizdə qalacaq." 
 
Ana harayı Qarabağ, Tərtər, Talış yüksəkliyi tərəfdən əks-səda verir:
“Sərxaaan! Evə qayıııt!”
 
10 aprel. 5-6 gündür ki, atəşkəs elan olunub. Səngərlərdən qaçıb pərən-pərən düşmüş ermənilərin başbilənləri özlərini dünya güclərinə yetiriblər. Qərbdən, Şərqdən, hər yandan müharibəni lənətləyən bəyanatlar eşidilir. Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə neytral zonada qalan cansız vücudlar götürülür, dəyişdirilir. Sərxan da doğmalarının ongünlük həsrətinə “son qoyur”, Zaqatalaya evə “qayıdır”, vətən torpağını son dəfə qucaqlamaq, Azərbaycanın qoynunda əbədi uyumaq üçün… Amma o, eyni zamanda qəhrəmanlığı, böyük ideallar uğrunda çanını qurban vermək bacarığı ilə xalqın ürəyinə köçdü. 11 yaşlı məktəbli Viktoriya Miloserdova bu əbədiyyət yolunu necə də səmimi qələmə alıb:
 
Bir bahar səhəri, bir aprel günü
Vətən torpağında o həlak oldu.
Yox həlak olmadı, yenə doğuldu...
Tanrı alıb onu apardı bizdən,
Tale-qismətini göylərə yazdı.
Ey vətən övladı, qəhrəman Sərxan!
Bizim 2 saylı məktəbimiz də,
Sənin ünvanını qəlbinə yazdı.
 
Namiq Abbasov, dostu: "Qardaşım idi Sərxan. Sinfə ilk ayaq basan gündən onunla dostlaşdıq.   
Məktəbdən sonra əsgərlik ayırdı bizi. Əsgəri xidmətimizi başa vurandan sonra, yenidən doğma şəhərimiz Zaqatalaya qayıtdıq. Yaşıd olsaq da, o mənə həmişə böyük kimi yol göstərər, məsləhətlər verərdi. İndi Sərxan yoxdur. Bakı da, Zaqatala da mənə  yaddır, hara çıxıramsa, Sərxanı görürəm. Hər səhər işə gedərkən görüşdüyümüz yerlərdən keçirəm, Sərxan gəlmir. Çay içmək istədiyim yerlərdə onun stəkanı boş qalır. Hər yerdə izi var qardaşımın-dostumun…”
Bu günlərdə Ermənistan SQ-nın Baş Qərargahı gecəgörmə cihazları vasitəsilə qeydə alınmış süjetlər yaydı. Görüntülərdə düşmənin arxasına keçmiş Azərbaycan kəşfiyyat qrupunun hərəkəti öz əksini tapıb. İşğalçılar bərk qorxu və çaşqınlıq içərisində ora-bura vurnuxur, hara iləsə rabitə əlaqəsi saxlamağa çalışırlar. Sonra yenidən atəş səsləri eşidilir. Düşmən heyrətini gizlədə bilmir: artıq qanlı savaşdan 24-26 saat ötüb, ayın 2-dən 3-ə keçən gecədir. Döyüş bitməli idi, fəqət arxa cəbhədə bir qrup hələ də döyüşür. Bəli, onlar sonuncu güllələrinə, axırıncı nəfəslərinə qədər döyüşdülər. Vətənə xidmətləri, şücaətləri də layiqincə qiymətləndirildi. Qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, gizir Sərxan Oqtay oğlu Bayramov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edildi. Sosial şəbəkələrdə, oğlu son mənzilə yola salınarkən Oqtay Bayramovun tabuta sarınmış üçrəngli bayrağımızı üzünə sıxıb necə hönkür-hönkür ağladığını izləmisizmi? Bax medalı qəbul edərkən də eləcə göz yaşları leysan kimi yağdı şəhid atasının...
 
Hər gün dünyada övlad həsrətli milyonlarla anaların baxışları yollara dikilir. Ayrılıqların yaratdığı kədər ümmanında batıb çıxan Həlimət xanım da onlardan biridir. Yox, yox, o daha oğlunu gözləmir, yalnız şirin xəyallara dalır. O xəyallara ki, Sərxanın beşiyi başında layla çalır, xəstələnəndə yatağı yanında yuxusuz gecələr keçirir, böyüdüb məktəbə, hərbi xidmətə yola salır, qız bəyənir, elçi gedir, toyda əl-qol açıb süzür, gəlininin boynuna sarılır... 
 
Stop! Ax səni zalım fələk! Bu iğım xəyalların qovub apardığı insafsız xatirələr yenidən geri qayıdır ki, - axı 23 yaşlı Sərxanın dəfn olunduğu gün nişan mərasimi keçirilməli idi...       
 
Gənclər arasında sədaqət, dəyanət, vəfa rəmzi kimi işlədilən bir ifadə var: “Səninlə kəşfiyyata getmək olar.” Yaxud, “filankəslə kəşfiyyata getmək mümkündür.” Onlar – Sərxan, Rəvan, Samir, Əbdülməcid və digərləri, minlərlə, on minlərlə azəri gənci genlərində daşıdıqları qeyrət, cəsarət, ləyaqət kodları, ailədə aldıqları yüksək tərbiyə, məktəbdə, həyatda əxz etdikləri ali hədəflərlə məhz həmin kateqoriyaya aid – birgə kəşfiyyat şərəfinə layiq idilər. Və beləcə çiyin-çiyinə zülmət gecələrin örtdüyü sübh nurunu gətirməkdən ötrü yola çıxmışdılar. Sözügedən missiya uğurla yerinə yetirildi, amma 2-3 aprel və daha sonrakı səhərlərin onlarsız açılması naminə. 
 
Azərbaycan torpağı ona görə müqəddəsdir ki, şəhid qanı ilə yoğrulub. Azərbaycan xalqı o səbəbədən bəxtiyardır ki, başının üstü, vətən səması şəhid ruhları ilə doludur. 
 
Allah məkanlarını cənnətdə qərar versin.
 
Qurban Cəbrayıl,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Prezident təqaüdçüsü
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Kəşfiyyata - - - onunla - birgə - getməli… -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:04-04-2017 09:54 - Oxundu: 398
Vətən uğrunda
25-04-2017 10:47 Azərbaycanın ilk Milli Qəhrəmanının həyat hekayəsi - VİDEO
18-04-2017 14:17 Aprel şəhidinin son sözləri öz səsindən... - VİDEO
17-04-2017 14:02 "Erməni polislər səngərdən qaçan əsgərlərin qabağına dururdu"
17-04-2017 13:43 Şəhid Mübariz İbrahimovdan bəhs edən filmin ilk fraqmenti yayılıb - VİDEO
13-04-2017 12:51 Hamı onun öz toyunda dediyi sözü xatırlayır - ŞƏHİD OLMAQ İSTƏYİRƏM
06-04-2017 13:07 Kumiri Hacı Şahin olan Aprel şəhidi Mahir Mirzəyev - VİDEO
06-04-2017 11:07 Şəhid oğlu: Hər zaman atamla fəxr etmişəm - VİDEO
04-04-2017 09:54 Kəşfiyyata - onunla birgə getməli…
03-04-2017 14:58 Həyatını hərbə bağlamaq istəyən Aprel şəhidi Əbülməcid Axundov - VİDEO
03-04-2017 10:44 Talış yüksəkliyi barədə İLK DƏFƏ yayımlanan görüntülər - VİDEO
31-03-2017 16:43 Ürəklərdə heykəlləşən gənc heykəltəraş - FOTO
31-03-2017 15:09 Şəhid olmaq istəyən xüsusi təyinatlı Emin Bağırov - VİDEO
30-03-2017 14:44 Əsgərliyə gedəndə anasının ayağından öpən Aprel şəhidi - VİDEO
29-03-2017 11:59 Mübariz İbrahimova qibtə edən Aprel şəhidi Fəxrəddin Qurbanlı - VİDEO
28-03-2017 11:12 Milli Qəhrəman Anatoli Nikolayeviç Davidoviçin doğum günüdür
27-03-2017 16:34 Aprel şəhidi: Ana, mən şəhid olsam başını dik tut - VİDEO
17-03-2017 11:28 Novruzda məhəllənin uşaqlarını ətrafına toplayan Aprel şəhidi - VİDEO
14-03-2017 15:21 Uşaqlığından Kirovun heykəlinin yerində Koroğlunu görmək istəyən şəhid
28-02-2017 15:15 Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlunun doğum günüdür
25-02-2017 14:27 "Ağla qərənfil" şerinə görə Xocalı şəhidindən imtahan götürməyiblərmiş - VİDEO
24-02-2017 12:17 Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
23-02-2017 15:42 Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür
22-02-2017 13:42 Xocalıda oğlu itkin düşən ananın sözləri hər kəsi göz yaşına boğur - VİDEO
07-02-2017 09:20 Bu gün 3 Milli Qəhrəmanın ad günüdür
06-02-2017 13:02 Milli Qəhrəman Mirəsgər Mirabdulla oğlu Seyidovun doğum günüdür
03-02-2017 09:14 Qəbirləri düşmən əlində olan şəhid qardaşlar - VİDEO
02-02-2017 14:03 Milli Qəhrəmanlar Bəylər Ağayev və Şahin Tağıyevin doğum günüdür
27-01-2017 16:11 Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür
26-01-2017 15:11 Şuşada doğulmuşdu, Horadizdə şəhid oldu - VİDEO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az