Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
16:52
Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

Bəşəriyyət tarixi boyu kütləvi ölümlərə və əlilliklərə səbəb olan ən mühüm səhiyyə problemi yoluxucu xəstəliklərdir. Məsələn, tarixdə taun səbəbi ilə reallaşan üç böyük qlobal epidemiyada 60 milyondan artıq ölüm baş verdi. 1928-ci ildə İspaniyada baş verən qrip virusu (H1N1) epidemiyası 50 milyondan artıq insanın ölümünə səbəb olub. İmmunitet sistemi zəif olan uşaq, yaşlı və hamilələrin virusa məruz qalması, digər ölümcül bakteriya və virusların da cədvələ əlavə olunaraq sətəlcəm kimi ölümcül xəstəliklərin ortaya çıxmasına səbəb olur və insanlar kütləvi şəkildə ölürdü. İnfeksiya xəstəlikləri 19-cu əsrə qədər ölüm səbəbləri arasında ön sıralardaydı. Ötən bir neçə əsrdə insan sağlamlığı üçün inqilabi proseslər baş verdi. Antibiotiklərin kəşfi ilə bakterial infeksiyaların tənəzzülü, peyvəndlərin kəşfi ilə qarşısı alına bilən bir çox xəstəliyin qarşısının alınması, yoluxucu xəstəliklərin nəzarət altına alınması bu böyük inkişafdan bir neçəsidir. Dünyada peyvənd proqramları ilə kütləvi epidemiyalar və infeksiyalar böyük ölçüdə geriləyib. Artıq inkişaf etmiş ölkələr üçün "infeksiyalar" böyük bir problem deyil. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi ölkəmizdə də difteriyadan və ya tetanusun səbəb olduğu ölümlər, qızılcaya görə şikəst qalan insanlara dair xəbərlər artıq eşitmirik. Bu proseslər ana və uşaq ölümlərinin azalmasına, əlilliyin azalmasına, doğumda yaşam ümidinin də artımına səbəb olur. Məsələn, müstəqilliyin ilk illərində Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 5 minə yaxın idi. Amma hazırda bu rəqəm 1500-ə düşüb.

Hər şey yolunda düşdüyü və infeksiyaların getdikcə azaldığı bir vaxtda cədvəli tərsinə çevirəcək və çox hazırlıqlı olmadığımız yeni və ciddi təhdidlə qarşılaşdıq: İnternetdə, xüsusən sosial mediada təqdim olunan əsassız/saxta/uydurma/səhv və birtərəfli səhiyyə xəbərləri.

Əsassız səhiyyə xəbəri nədir?

Əsassız səhiyyə xəbəri (fake health news) anlayışı inkişaf edən texnologiyanın yeni bir yan təsiri olduğu üçün hələ ki, dəqiq tərifi yoxdur. Ancaq qısa şəkildə desək, üzərində iş aparılmış və sübut olunmuş həqiqi səhiyyə məlumatlarına istinad etməyən; sui-qəsd nəzəriyyələri, şəxsi qənaətlər, şayiə və dedi-qodulara əsaslanan, cəmiyyəti qərəzli və ya qərəzsiz çaşdıran səhiyyə xəbərləridir.

Peyvəndlərin autizmə səbəb olduğu və sonsuzluq yaratdığı, şəhər sularının florlaşdırılmasının sağlamlığımıza zərər verdiyi, bir ədəd həb içərək arıqlaya biləcəyimizi, bol-bol kərə yağı yeməyin faydalı olduğu, acı qovun (tropik iqlimi olan bölgələrdə yetişir) və duz yeməyin "Ebola" virusunun qarşısını aldığı kimi bir çox məlumat əsassız səhiyyə xəbərlərinə nümunədir.

Dünyada vəziyyət necədir?

Sosial medianın və rəqəmsal texnologiyanın sürətlə genişlənməsi, həyatımızı xeyli dərəcədə asanlaşdırdı. Ancaq həqiqətdən uzaq məlumatların düzgün və etibarlı məlumatlardan daha sürətlə yayılmasına da qapı açdı. Aparılan araşdırmalar göstərir ki, sosial mediadakı səhiyyə xəbərlərinin 40 faizinin əsassız olduğuna işarə edir. ABŞ-da həyata keçirilən rəy sorğularının nəticələri daha dəhşətlidir. Amerikalıların 80 faizi sağlamlıqları ilə bağlı məlumatları internetdən götürür və onlardan sadəcə 15 faizi xəbərin mənbəsinə və doğruluğuna diqqət edir.

Araşdırmalara görə, haqqında ən çox əsassız səhiyyə xəbəri uydurulan mövzu peyvəndlər, ən az əsassız xəbərlər isə ürək xəstəlikləridir. Əsassız səhiyyə xəbərlərinin 3 əsas mövzuda intensiv xarakter aldığı müşahidə edilir:

1) xəstəliklər və müalicələri,

2) qidalanma,

3) peyvənd.

2018-ci ildə aparılan bir araşdırmada, dünya üzrə sosial mediada ən çox paylaşılan sağlamlıqla bağlı 100 xəbər mütəxəssislər tərəfindən qiymətləndirilib. Araşdırma nəticəsində 100 xəbərin sadəcə 45-i etibarlı olub, 16 dənəsinin elmi əsasının zəif, 35 dənəsinin isə cəmiyyəti səhv istiqamətləndirdiyi, cəmiyyət sağlamlığına zərərli ola biləcəyi qeyd edilib. Əsassız xəbərlərin ən çox yayıldığı platformaların başında isə Facebook, Reddit və Twitter gəlir.

Facebook rəhbəri Mark Zukerberq 2016-cı ildəki bir statusunda Facebook-un sadəcə bir sosial şəbəkə platforması olmadığını, cəmiyyətdə məlumatın yayılmasını təmin edən əsas vasitələrdən biri olduğunu, bu səbəbdən də insanların doğru məlumata çatması üçün məsuliyyət hiss etdiklərini bildirmişdi. Amma son zamanlar Facebook və Twitter kimi platformalar əsassız xəbərləri həqiqətlərindən ayırmaq üçün yeni proqramlar hazırlayırlar.

ABŞ-da 6127 nəfər arasında aparılan sorğuya görə, Amerika xalqının 70 faizi əsassız xəbərləri terrordan daha təhlükəli sayır. Həmçinin cəmiyyətdə əsassız xəbərlər ən böyük beşinci problem kimi qəbul edilir.

İnformasiyanın sərbəst bölüşdürülməsi və cəmiyyətin arzuladığı məlumata sürətlə çatması arzulanan bir vəziyyətdir, ancaq məlumatın doğru və ya səhv olmasına baxmadan, heç bir nəzarətdən keçirilmədən bölüşdürülməsi cəmiyyət üçün ciddi təhdidlər yaradır. Virus və bakteriyaların kütləvi yoluxmasından xilas olmağımıza baxmayaraq, indi də əsassız səhiyyə xəbəri epidemiyaları ilə üzləşmişik.

Xülasə, bir şəhərin su mənbəyinə bakteriyalar yoluxduqda bu hal cəmiyyəti necə təhdid edirsə, cəmiyyətin əsas informasiya mənbələrinə sızan yanlış və əsassız xəbərlər də cəmiyyətin sağlamlığını böyük təhlükəyə salır.

Əsassız xəbərlər bizə necə zərər verir?

Cəmiyyətin xəbər almaq mənbələri artıq dəyişir. Televiziya və qəzetlər kimi ənənəvi media vasitələrinə olan inam azalır. Ənənəvi xəbərçilikdən sosial media xəbərçiliyinə keçidlə birlikdə insanlar təsdiq edilməmiş və təmizlənməmiş məlumatlara daha çox məruz qalır. Xüsusilə, sağlamlığımızı maraqlandıran məsələlərdə mövzunun mütəxəssisi olmayan şəxslərin qərəzli və yanlış məlumat vermələri, cəmiyyəti təşvişə sövq edən bəyanatlar, populist çıxışlar nailiyyətlərimizi təhdid edir.

Məsələn, təsdiq olunmamış məlumatlara əsaslanaraq böyüyən vaksin əleyhinə kampaniyaların sürətlə yayılması, kütləvi qorxuların və sui-qəsd nəzəriyyələrinin artımı, adını unutduğumuz infeksiyaların təkrar ortaya çıxmasına səbəb oldu. 2016-ci ildə İngiltərədə qızılca peyvəndləməsi 95 faiz olduğu halda, əsassız xəbərçilik nəticəsində 2018-ci ildə peyvəndləmə 91 faizə düşüb. 2019-ci il ərzində ABŞ-da ştatların yarısında qızılca xəstəliyinə rast gəlinib. Madaqaskarda son 8 ayda 118 min nəfərdə qızılca virusu aşkarlanıb və 1200 adam dünyasını dəyişib. Dünya Səhiyyə Təşkilatı vaksin əleyhinə kampaniyaları dünya miqyasında insanların sağlamlığını ən çox təhdid edən 10 problemdən 8-cisi kimi xarakterizə edib. Peyvəndlər bir ildə 3 milyon insanın infeksiyadan ölməsini mane olur. Peyvənd etdirmədikləri üçün dünyada ildə 1,5 milyon insan hələ də peyvəndlərlə qarşısı alına biləcək xəstəliklərdən ölür.

Bu məqamda "ictimai immunitet" anlayışından da danışmaq lazımdır. Bir cəmiyyətdə peyvəndsiz şəxslərin ifrazatından qorunması üçün ətraflarındakı digər şəxslərin peyvəndlənmiş olması, beləliklə, xəstəlik amilinin peyvəndsiz fərdlərə qədər çatmaması lazımdır. Ancaq peyvəndsiz bir fərdin "ictimai immunitet" yolu ilə qorunması üçün cəmiyyətin 95 faizi peyvəndlənməlidir. Əgər peyvəndləmə bu kritik sərhəddən aşağı düşərsə, mümkün bir virusda peyvəndsiz fərdlər birbaşa virusun hədəfi halına gəlir.

ABŞ-a çatan "Zika" virusu epidemiyası zamanı sosial mediada doğru və etibarlı məlumatlar yox, səhv və təşviş doğuran məlumatlar ön planda idi. "Zika" viruslarının qarşısının alınması üçün hazırlanan peyvəndlər də yenə sui-qəsd nəzəriyyələrindən yaranan müqavimətlə üzləşdi. "Ebola" virusu üçün hazırlanan karantin zonalarına dair qorxu yaradan şayiələr, karantin tədbirlərinin mənfəətini azaldaraq daha çox insanın epidemiyadan əziyyət çəkməsinə səbəb oldu. Bundan başqa, "Ebola" virusundan xilas olmaq üçün duz və acı qovun yeməyin yetərli olduğuna dair şayiələr də bir çoxlarının aldanmasına və xəstələnməsinə, bir çoxunun da müalicəsiz qalaraq ölməsinə səbəb oldu.

Ötən əsrdə uşaqlarda diş çürüklərinin mühüm bir səbəbi olan ftor çatışmazlığına qarşı şəhər sularının florlanması ilə milyonlarla diş çürüyü hələ yaranmamışdan qarşısı alındı. İnkişaf etmiş ölkələrdə geniş yayılan bu təcrübə indilərdə əsassız xəbərlərin hədəflərindən biridir. Şəhər sularının florlanması ilə bağlı sosial mediada edilən əsassız paylaşımlar və ftorun sağlamlığımıza zərər verdiyinə qarşı mənbəsiz xəbərlər, diş çürüməsinin qarşısının alınmasına yönəlmiş nailiyyətləri təhdid edir.

2011 və 2014-cü illər arasında aparılan tədqiqatda, İnstagram-dakı bəzi qrupların arıqlamaq təkliflərinin ölümlə belə nəticələnəcək anoreksiyaya, müxtəlif xəstəliklərə səbəb olduğu göstərilib. Facebook ötən il milyonlarla auditoriyası olan və elmi dəlillərə əsaslanmadan səhiyyə xəbərləri yayan 80-dən artıq hesabı bağladı.

Alternativ tibb sahəsində elmi işlər aparmaq əvəzinə, bu addan istifadə edərək hazırlanan əsassız xəbərlər cəmiyyəti sanki hər dərdə dərman "məlhəm" axtarışına sövq edir. Bir məlhəmlə bütün sağlamlıq problemlərini həll etmək, bir otu qaynadıb suyunu içərək xərçəngdən xilas olmaq, bir bulaq suyunu içərək böyrək xəstəliyinə şəfa tapmaq və s. bir çox mənbəsiz məlumat sağlamlıq probleminə həll axtarmaq məsələsində insanlara vaxt itirir, bəzən də sağlamlıqlarını itirmələrinə səbəb olur. Məsələn, böyrək xəstəliyində kalium başda olmaqla qandakı mineral səviyyələrinin çox az miqdarda yüksəlməsi belə ölümcül risk daşıyır. Buna baxmayaraq, "şəfalı su" deyə tanıdılan və nəzarəti aparılmamış suları içən insanlar içdikləri suyun yaratdığı mineral tarazlığı ilə sağlamlığını daha çox itirə və ya dünyasını dəyişə bilər.

Cəmiyyətdə geniş yayılmış şəkildə satılan və hər dərdə dərman olaraq tanıdılan bir çox məhsul təqdimatlarda "nazirlik icazəli" olaraq təqdim olunur. Burada nazirliyin Səhiyyə Nazirliyi deyil, Kənd Təsərrüfatı Nazirliyinin olduğu isə önə çıxarılmır. Beləliklə, kütlələr, xalqın dövlət orqanlarına olan inamı istismar edilərək aldadılır.

Bütün bunlara əlavə olaraq özünü səhiyyə peşəkarı kimi tanıdan insanların sağlamlıqla bağlı yanlış məlumatlar verməsi, insanların sağlamlığına yaxşı gələcək vədi ilə aparılan reklamlar, Səhiyyə Nazirliyinin razılığı olmadan insanlara satılan məhsullar və daha neçə-neçə sağlamlıq mövzusunda ictimai fikir çaşqınlığına səbəb olur.

Əsassız xəbərlərə qarşı yeni anlayışlar

Əsassız xəbərlərin də epidemiyalar kimi "rəqəmli epidemiya" və ya meşə yanğınları kimi "rəqəmsal yanğın" olduğu ifadə edilir. 2017-ci ilin əvvəlindən etibarən əsassız xəbərlər dünya gündəminin ön sıralarındadır. Əsassız xəbərlər mövzusunda elmi ədəbiyyat da sürətlə böyüməkdədir. "Fake news" kodu ilə aparılan axtarışda "PubMed"də nəşr sayı 119, "Web of Science" bazasına nəşr sayı 807-dir. ("Pubmed": Səhiyyə sahəsində qlobal miqyasda elmi nüfuzu ən yüksək göstərici bazası. "Web of Science": Müasir elmi ədəbiyyatın toplandığı istinad sistemi."

2017-ci ildə Bristol Universitetinin tədqiqatçıları saxta informasiyalar ilə mübarizə aparmaq üçün texnoloji həll yollarının psixoloji prinsiplərlə görüşməsini, beləliklə, sahələrarası işlər görülməsini təklif edib. Bu üsul isə "texnoşüur" (technocognition) anlayışı ilə izah edildi.

"Məlumat təmizləmə qabiliyyəti" adlı bir anlayışımız var. Aparılan işlər yanlış məlumatlara məruz qalmağın, məlumat təmizləmə qabiliyyəti aşağı olan insanlarda ürək xəstəliklərinə və psixoloji narahatlıqlara zəmin hazırlayan stress yaratdığını kəşf etdi. Yaxşı və pis məlumatı ayırmaq qabiliyyəti güclü olan insanların daha sağlam olduqları, həm də bu vəziyyətin yeni bir xalq sağlamlığı problemi olduğu, bu səbəbdən də məlumat ayırd etmək qabiliyyətinin milli təhsil içində bir yeri ola biləcəyi ifadə edilir.

Google şirkəti media savadı üçün 10 milyon dollarlıq fond ayırıb və bu məsələdə fəal layihələri dəstəkləmək qərarı verib. Artıq keçmişdə olduğu kimi insanların dəlilə əsaslanan elmi işlərə və doğruluğu təsdiq olunmuş məlumatlara etibar etdiyi dövrlərdə yaşamırıq. Dəyişən dünyada cəmiyyətlərin tanış olmaq məsələsində şəxsi inanclara və duyğulara etimadı daha çoxdur. Bu səbəbdən də yeni dövr "həqiqətdən sonrakı dövr" (post-truth era) kimi ifadə edilir. Oksford lüğəti, bu sözü 2016-ci ildə "ilin sözü" olaraq seçib.

Əsassız xəbərlər onsuz da böyük bir problem idi və "həqiqətdən sonrakı dövr"ə qədəm qoyduğumuzu, bu dövrün problemlərinə hazır olmağımızın vacibliyini kifayət qədər müzakirə etməmiş yeni bir dövr girdik: "Dərin saxtakarlıq" (Deepfake). Dərin saxtakarlıq tətbiqi proqramları ilə artıq bir nəfərin çıxış videosunda üzünə başqa bir adamın üzü fərq edilməyəcək şəkildə montaj edilir və demədiyi sözlər səsləndirilir.

Nə etməli, əsassız informasiyalardan necə qorunmalıyıq?

Mənbəsiz xəbərçilik sağlamlığımıza qarşı kimin kimə və nəyə görə etibar edəcəyini daha da aşındırır. Elmi, düzgün və etibarlı məlumatların yerini mənbəyi bəlli olmayan səhiyyə xəbərləri tutur. Bu isə cəmiyyətimizin sağlamlığını təhdid edir. Aparılan araşdırmalar göstərir ki, sosial mediadakı həqiqi və saxta xəbərləri ayırmaqda orta məktəb şagirdlərinin 84 faizi uğursuz nəticə verib. Bu səbəbdən də məktəb tədris planlarında media savadının yer alması və tələbələrin bu dərslərə cəlb edilməsi zəruridir.

Https://credibilitycoalition.org/ kimi təşkilatlar etibarlı və saxta məlumatlardan təmizlənmiş jurnalistika hazırlamağa çalışır. Sosial mediada paylaşılan məlumatın əsassız və ya səhv informasiya daşıdığını düşünürsünüzsə, "Şikayət et" hissəsindən "Yalan xəbərlər"i seçərək şikayət edə bilirsiniz.

Bu qədər mürəkkəb və çoxölçülü təhdiddən tam qorunmaq demək olar qeyri-mümkündür, ancaq bəzi sadə tədbirlər görərək özümüzü və məlumat dünyamızı yalan və əsassız informasiyalardan qoruya, qoruya bilmədiyimiz hissələrdə isə zərəri azalda bilərik. Beləliklə, eynilə immunitet sistemimizdə olduğu kimi "intellektual immunitet" qazana bilərik.

Yalan informasiyalardan qorunmaq üçün müxtəlif təşkilatlar xülasə xarakterli materiallar yayırlar.

Onlardan bəzilərini təqdim edirik:

1. Oxuduğunuz xəbərlərin mənbəyini nəzərə alın. Xəbərdəki məlumatların mənbəyinin verilib verilmədiyinə diqqət edin.

2. Xəbərdə təqdim olunan iddiaları mənbələri ilə eyniləşdirib düzgünlüyünə nəzarət edin.

3. Xəbəri yazan şəxsin müəyyən olub olmadığını və o barədə səlahiyyətinin olub olmadığını araşdırın.

4. Qulağa xoş gələn, şişirdilmiş və cəlbedici xəbərlərə şübhə ilə yanaşın və tənqidi düşünün.

5. Bir xəbəri öz yaxınlarınızla paylaşmadan əvvəl doğruluğunu təsdiqləyən saytlara baxın.

6. Xəbərin tarixinin köhnə olmadığına diqqət edin.

7. Çox qəribə xəbərlərin zarafat ola biləcəyini yadda saxlayın.

8. Məlumatı şəxsən öyrəndiyiniz insanın danışdığı sahənin mütəxəssisi olub olmadığına diqqət edin.

9. Səhiyyə məlumatı barədə informasiyalar üçün Səhiyyə Nazirliyinin nəzarətində olan media orqanlarını və ya sahəsində mütəxəssis olan insanları əsas götürün.

10. Sağlamlığınızla bağlı bir addım atmamışdan əvvəl mütləq tanıdığınız həkimlə məsləhətləşin.

Dr.Abdullah Ucar

Qeyd: Azərbaycanla bağlı statistik məlumatlar Statistika Komitəsindən götürülüb

Məqalədə : dərman xəstəlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
212

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
223

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
260

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
246

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
361

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
340

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
539
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 22:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru