Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2018
15:30
Heç kim bu dəyişikliklərdən narahat olmasın - DİM sədri

“Artıq 11 ildir ki, şagirdlər ümumtəhsil məktəblərində yeni tədris proqramları (kuri­kulumları) və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklər əsasında təhsil alırlar. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məz­mununda dəyişikliklərə və “yaddaş məktə­bi”ndən “təfəkkür məktəbi”nə keçidə səbəb olmuşdur. Yeni tədris proqramlarından istifadə ilə qiymətləndirmə sahəsinə də yeni yanaşma zərurəti yaranmışdır”. 

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu istiqamətdə görü­lən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsas­naməsində dəyi­şiklik edilməsi barədə Azərbaycan Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verib:

“Həmin Fərmanla TQDK-ya yekun qiymət­lən­dirmənin (attestasiyanın) təşkili məqsədilə, respub­likanın ümumtəhsil müəs­sisə­lərinin V-XI sinif şa­girdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK (hazırda Dövlət İmtahan Mərkəzi – DİM) 2013-cü ildən başlayaraq respublikanın bütün coğrafi regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V–X siniflərdə təhsil alan 60 minə yaxın şagird üçün (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) mo­nitorinq imtahanları ke­çirmişdir.

Bu imtahanların nəticələri Təhsil Nazirliyi ilə müzakirə edilmiş, bilik və bacarıqların ölçülməsi sahəsində əməkdaşlığın təmin edilməsi üçün hər iki strukturun mütəxəssislərindən ibarət işçi qrup yaradılmışdır. Bu imtahanlarda kurikulumların tələblərinə uyğun şəkildə yazı işlərinin qiymət­ləndirilməsi məqsədilə müvafiq meyarlar, qiy­mət­ləndirmə prosesini həyata keçirmək üçün isə yeni, alqoritmik yanaşmaya əsaslanan mexanizm hazırlanmışdır”.

M.Abbaszadə deyib ki, monitorinq imtahanlarının keçirilməsi DİM-ə təhsil sahəsində aparılan islahatlara, o cümlədən, yeni tədris proqramlarına (kurikulumlara) uyğun yeni test modelləri yaratmaqda kömək edib.

“Qeyd etmək lazımdır ki, bu növ imtahanların model və məzmununun işlənib hazırlanması elm­tutumlu, əməktutumlu və maliyyətutumlu pro­sesdir. Bu imtahanların nəticələri şagirdlərin məktəbdəki qiymətlərinə təsir etmirdi, yəni heç bir hüquqi əhəmiyyəti yox idi. Lakin həmin nəti­cələrin elmi və statistik təhlili şagirdlərin yeni proqramları mənimsəmə dərəcəsi və səviyyəsini müəyyən etməyə, onlarda müvafiq vərdiş və bacarıqların formalaşma səviyyəsini ölçməyə, müəl­limlərin tədris prosesində rastlaşdıqları çətinlikləri üzə çıxarmağa imkan vermişdir. Bu məlumatlar pedaqoji ictimaiyyətdə müzakirələr üçün həmişə açıq olmuş, eyni zamanda Təhsil Nazirliyi ilə də müzakirə edilmişdir.

Beləliklə, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə şagirdlər üçün ümumi orta təhsil bazasında buraxılış imtahan­larının yeni keçirilmə qaydalarını işləyib hazır­lamışdır”.

DİM sədri xatırladıb ki, 2017-ci ildə ilk dəfə olaraq, yeni təhsil proqramlarının (kurikulumun) tələblərinə uyğun şəkildə IX siniflərin yekun attestasiya imtahan­larında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə baş verən ha­disə­lərin səbəb-nəticə əlaqələrini müəy­yən­etmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izah etmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həll etmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vər­dişlərdən istifadə və s. bacarıqları yox­lanıl­ıb.

“IX siniflər üçün 2017 və 2018-ci illərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri əsasında elmi-statistik məlumatlarla zəngin informasiya bazası toplanmışdır. IX siniflərdə buraxılış imtahanlarının nəticələri “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edilmiş və “Mənim məktəbim“ (http://mekteb.edu.az) saytında yerləşdirilmişdir.

Bundan əlavə, hər il ölkənin hər bir rayonu üzrə bütün məktəblərin nəticələri ayrıca broşü­ralar şəklində nəşr edilərək məktəblərə pay­lanmışdır.

Düz bir il bundan öncə ictimaiyyətə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsil­alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli təqdim olun­muşdur, imtahanların məzmun və for­masında dəyişikliklər barədə tam məlumat verilmişdir. İmtahanların məzmunu, o cümlədən qiymət­ləndirilən standartların siya­hısı Təhsil Nazir­liyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilmiş, bu standartların ölçülməsi üçün müvafiq qiymət­ləndirmə çərçivəsi işlənib hazırlanmışdır. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymət­ləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap edilən “Yeni təh­sil proqramları (kurikulum) üzrə qiymət­ləndirmə tapşırıqları” toplusunda nəşr edilmişdir. 

Abituriyentlər və onların valideynləri, elmi-pedaqoji ictimaiyyət edilən dəyişikliklərlə bağlı narahat olmamalıdır. Çünki, bu dəyişikliklər etibarlı elmi əsasları olmaqla yanaşı, onlar mərhələli şəkildə, praktikada aprobasiya olunaraq tətbiq olunur və məzunlarımızın bilik səviyyəsinə uyğundur.

Biz DİM-in “Abituriyent” jurnalı, rəsmi saytımız və sosial şəbəkədə səhifələrimiz vasitəsilə sizə çatdırdığı materiallarla yaxından tanış olmağı tövsiyə edirik. Sizi maraqlandıran bütün suallara cavab verməyə və təqdim olunmuş istənilən materialı şərh etməyə hazırıq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məleykə Abbaszadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com