Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2009
21:06
HÜSEYN ARİF: `Ölümə qurban olum...`
Onun şeirlərində qara libasını dəyişməyən, həmişə diri, canlı bir kədər yaşayır


   Onun şeirlərində qara libasını dəyişməyən, həmişə diri, canlı bir kədər yaşayır. Adı çəkiləndə isə istər-istəməz dodaqlara gülüş qonur. Zarafatcıl olduğunu deyə bilmərəm. Amma həddindən artıq hazırcavabıydi. Haqqvergili insan idi. O qədər məlumatlı, gözəl danışıqlıydı ki, onu dinləməkdən yorulmazdıq. Məzəli söhbətləri, sonradan lətifə kimi dillərə düşən gülməcələri elə belə, gülüş xətrinə deyilən sözlər deyildi. Onların hər birinin arxasında atam Hüseyn Arifin çox ağıllı, məntiqli fikirləri, düşüncələri dayanır.

   O, şair idi. Təkcə yazdığı şeirləri ilə yox, həm də azad ruhu, heç bir çərçivəyə sığmayan duyğuları ilə. Elə mən də onun barəsində daha çox şair kimi danışmaq istəyirəm. Bəlkə də ona görə ki, ünsiyyətdə az olduğumuzdan, atamı daha çox ədəbiyyat adamı kimi sevmişik. Hüseyn Arif, sözün həqiqi mənasında, xalqının şairiydi, onun qazandığı da el-obada olub, günü də eldə keçib. Təbiətin qoynunda olmağı sevirdi. Azərbaycanı qarış-qarış gəzmişdi. Ata-baba yurduna isə xüsusi bağlılığı var idi. Əsli Qazax rayonunun ən böyük kəndi olduğundan, "minevli Kəsəmən" deyilən Qıraq Kəsəməndən idi. Ancaq atası Camal kişinin köçüb binə saldığı Ağstafa rayonunun Yenigün kəndində 1924-cü ilin 15 iyununda dünyaya göz açıb. Ata babası Hüseynin adını veriblər ona. Alçaqboylu, dolubədənli olduğuna görə, "Bala Hüseyn" deyə çağırılan Hüseyn baba Qaçaq Kərəmin bibisi Zal qızı Gülnazın oğlanlarından biri olub. Camal babamın əmiləri, qardaşları o yerlərin nüfuzlu adamlarından sayılıblar.
   Camal baba yaddaşımda yaşlı, təqaüdçü kimi qalıb. Mən onu belə görmüşdüm. Eşitmişdim ki, babam əvvəllər həm varlı, həm də həddindən artıq əliaçıq adam olub. Biz balaca olanda özü də danışırdı ki, mənim çoxlu "draxdınlarım" var idi. Böyüyüb, təhsil alandan sonra, babamın "traktir", yəni mehmanxana demək istədiyini anladım.
   Atamın anası, biz nəvələrinin də ana çağırdığı Qəndab ana da böyük, sanballı nəsillərdən birinin - Babaxanovların qızıydı. Qəndab ana qızlar gimnaziyasını bitirmiş, gözəl savad almış bir qadın idi. Mənim uşaqlığımın ən şirin xatirələri onunla bağlıdır. Çünki ata evində dörd qardaşın tək bacısı kimi bacı, iki oğul anası olandan sonra isə qız həsrəti çəkmiş Qəndab ana mənim - ilk qız nəvəsinin başına pərvanə kimi dolanırdı. Körpəlikdən onun danışdığı nağıllarla, bayatılarla yatıb-oyanmışam.
Bizim üçün Qəndab ananın doyulmaz söz-söhbətlərindən biri də atamın uşaqlığı barədə danışdığı xatirələr olardı. Elə atamın çox kiçik yaşlarından şeirlə maraqlandığını da ondan eşitmişdik. Əvvəlcə bunu Qəndab anadan başqa görən, duyan olmayıb. Bir gün qonşuları ağlaya-ağlaya onlara gəlir. Həyəcanla "Camalın evi yıxılıb, Camalın evi yıxılıb...", - deyir. Qəndab ana qorxa-qorxa soruşur:
- Uşaqlara nə olub?
- Ay Qəndab bacı, bağda Hüseyni gördüm, danışa-danışa o baş-bu başa gedirdi.
Qəndab ana onu sakitləşdirir:
- Narahat olma, Hüseyn şeir yazır.
Bundan sonra kəndə söz yayılır ki, Hüseyn şeir yazır. Xəbər babama da çatır. O, Qəndab anaya tapşırır: "Hüseynə de ki, şeir yazmasın. Sözün hamısını Ələsgər deyib. Hüseynə nə qalıb? O nə yazacaq ki?".
   Dönə-dönə özüm-özümdən soruşmuşam: babam nəyə görə belə deyib? Bəlkə ata kimi övladının gələ-cəyindən narahat olub, düşünüb ki, sözün hamısını Aşıq Ələsgər deyib, buna nə qalıb? Şair olmaqla ailəsini necə dolandıracaq? Ya bəlkə də Aşıq Ələsgəri elə sevirmiş ki, ona elə gəlib, söz də Aşıq Ələsgərlə bitdi. Bilmirəm, ancaq həmişə fikirləşirəm: şükür Haqqa, Hüseyn yazdı və elə yazdı ki, səmimi, sadə, bitkin şeirləri ilə Azərbaycan ədəbiyyatına öz imzasını atdı.
Atam uşaqlıqda o qədər savadlı olub ki, Yenigün kənd orta məktəbində oxuyanda onu birinci sinifdən üçüncüyə, üçüncüdən isə yeddinciyə keçiriblər. Sonra təhsilini Ağstafadakı dəmiryol məktəbində davam etdirib. Orta məktəbi bitirəndən sonra, bir müddət Tovuzda müəllimlik edib.
   1942-ci ildə on yeddi-on səkkiz yaşlarında Böyük Vətən müharibəsinə yollanıb. Cəbhədə vzvod komandiri olub. Reyxstaqadək döyüş yolu keçib. Müharibə başa çatandan sonra, Vətənə kiçik leytenant rütbəsi ilə, xeyli orden-medalla, amma ikinci qrup əlil kimi qayıdıb. Dünyasını dəyişənədək Böyük Vətən müharibəsində aldığı güllə yarasının qəlpəsini dizində gəzdirdi. Həmin qəlpə onu incidir, sızladırdı.
   Müharibədən döndükdən sonra, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olub. 1951-ci ildə oranı bitirdikdən sonra, Moskvada - Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub.
   Hələ universitetdə təhsil aldığı illərdə şair kimi tanınmağa başlayıb. Şeirləri qəzetlərdə dərc olunub. Elə o vaxt da qonaq getdiyi Ağstafanın Kirovka kəndində (indiki Həsənsu kəndi) gələcək həyat yoldaşını - Məleykə xanımı görüb. Onunla Kirovka kənd məktəbində oxuyan dayısı oğlu Rauf Babaxanovun yanına gedəndə qarşılaşıb. Qız da həmin məktəbin şagirdi imiş. Atam onu görən kimi vurulub. Tezliklə elçilərini qızgilə göndərib. Razılıq alınıb. Toydan sonra atam onun təhsilini davam etdirməsinə icazə verib. Anam əvvəlcə Qazaxdakı ikiillik Müəllimlər İnstitutunda, sonra isə Lenin adına Pedaqoji İnstitutun (indiki Tusi adına Pedaqoji Universitet - red.) ədəbiyyat fakültəsində təhsil alıb.
   Mən ailəmizin ilk uşağı olmuşam. Sonra bacım Zöhrə dünyaya gəlib. Atam mənə də, bacıma da bir neçə şeir həsr eləyib. Ancaq ailəmizin sonbeşiyi olan Arifə daha çox əsər yazıb.
   Atamı yumşaqtəbiətli, həlim adam kimi tanıyıb, bu cür qəbul etmişik. Heç vaxt nə səsini ucaltdığını, nə sərt danışdığını, nə də birimizə əl qaldırdığını görmüşük. Ona görə də sonralar qohumlarından, dostlarından eşidəndə ki, atam uşaq vaxtı çox dəcəl olub, yaxşı oxumasına baxmayaraq, müəllimləri onun nadincliyindən həmişə şikayətlənib, buna görə valideynlərini dönə-dönə məktəbə çağırıblar, elə bil, şok keçirtdim. Bu xəbər mənim üçün həddindən artıq gözlənilməz oldu.
   Elə atamın beş il müharibədə döyüş yolu keçməsi də bizə ağlasığmaz görünürdü. Fikirləşirdik ki, görəsən, atam bu orden-medalları necə alıb, qarışqanı belə incitməyə qıymayan bu ürəyiyumşaq, kövrək adam cəbhədə neyləyib? Yəni o da kimisə vura, öldürə bilər? Bir-iki dəfə özündən də soruşmuşduq. Heç vaxt cavab verməz, susub gülümsəyərdi. Yəqin, o dəhşətli illəri xatırlamaq istəmirdi. Bəlkə də kövrələcəyindən qorxurdu. Ancaq bir dəfə, onda da xatirə yox, elə-belə söhbət kimi bizə danışdı ki, cəhbədəydik, qələbəyə az qalırdı. Gördük ki, bir alman zabiti ağ atın belində çaparaq gəlir. Bizə çatıb dayandı. Yaraşıqlı, gözəl oğlan idi. Ucadan "Hitler kaput", - dedi. Sonra tapançasını gicgahına dirəyib, çaxmağı çəkdi. Atam bunu danışa-danışa kövrəldi. Bizi yenidən təəccüb bürüdü: bu insan döyüşdə olsa belə, necə qan töküb? Görünür, müharibənin də öz qanunauyğunluqları var.
   Atam bütün qəlbi ilə şeirə, sənətə bağlıydı. Lap kiçik yaşlarımızdan həmişə yazdıqlarını əvvəlcə bizə oxuyar, fikrimizi soruşardı. İradlarımız olanda deyərdik, böyük səmimiyyətlə qarşılayardı. Onun şeir yazmaq vaxtı-vədəsi yox idi. Sanki bütün günü beyni işləyirdi. Şeir yazırdı, bizə oxuyandan sonra, "Məleykə, mənə bir şey gətir içim, elə bil beynim üşüyür", - deyirdi. Çox möhkəm yaddaşı vardı. Gecələr təbi gələndə, durub işığı yandırmazdı, yəqin, bizi narahat eləmək istəmirdi. Bəzən bir poemanı yaddaşında saxlayar, səhər alaqaranlıqda durub kağıza köçürərdi.
   Şairlər barədə danışanda, çox vaxt onların adi adamlardan fərqləndiklərini deyirlər. Mən bu fikirlə razıyam. Hər şairin öz qəribəlikləri var. Ona görə də həmişə düşünürəm ki, şairlər barəsində yazılanda, danışılanda ömrünü-gününü onlara həsr eləmiş qadınlar da unudulmamalıdır. Çünki doğrudan da şairin həyat yoldaşı olmaq asan deyil. Hərdən anam barəsində övladı kimi yox, qadın kimi düşünürəm. Anlayıram ki, onun qədər dözümlü ola bilmərəm. Anam həddindən artıq gözəl qadın idi. On yeddi yaşında bu ocağa gəlin gəlmişdi. Danışırdı ki, lap gənc vaxtlarımız idi, bir də görürdün, Hüseynlə harasa gedirik. Yolda, elə bil, ona yazarlıq gəlirdi. Mən yaddan çıxırdım. Addımlarını yeyinlədirdi. Başa düşmürdüm ki, o niyə belə edir. Dayanıb arxasınca baxır-baxırdım. Görürdım ki, Hüseyn gedir, heç elə bil mən yanında yoxam. Ağlaya-ağlaya qayıdırdım evə. Get-gedə onun bu xasiyyətinə öyrəşdim.
   Adətən, atam evə bazarlıq etməzdi. Bəzən səhər biz məktəbə getməyə hazırlaşanda anam ona deyirdi: "Hüseyn, çörək almaq lazımdır, uşaqlar dərsə gedəcəklər". Atam gedirdi. Saatlar ötürdü, günlər keçirdi, həftə olurdu gəlmirdi. On gündən, bəzən bir aydan sonra zəng vururdu ki, mən Şəkidəyəm, yaxud Zaqatalada, Qaxda, Ağstafadayam. Onun belə hərəkətləri evimizdə söz-söhbət, danışıq mövzusuna çevrilməzdi. Mən valideynlərimizin dalaşdıqlarını görməmişəm. Bəlkə də anam haradasa inciyirdi də, əsəbiləşirdi də, amma heç vaxt bunu bizim yanımızda üzə vurmurdu. Dözürdü. Atam azadruhlu şair idi. Belə insanların istedadı təkcə öz evinə, ocağına yox, xalqa lazımdır. Amma gərək bunu da başa düşə, anlaya biləsən.
   Adətən, lap yaxın adamlarımıza belə doğru qiyməti yaşa dolandan sonra verə bilirik. Zaman bizə çox həqiqətləri başa salır. Mənim atam yer adamı deyildi. Bunu indi bütün gerçəkliyi ilə anlayıram. Uşaq vaxtı isə bütün yaşıdlarımız kimi, bizim də ayrı maraqlarımız var idi. Hüsü Hacıyev küçəsində, "Yazıçıların binası" deyilən binada yaşayırdıq. Görürdük ki, başqa yazıçılar, şairlər uşaqlarını gəzməyə, kinoteatra, kurorta aparırlar. Biz isə bunlardan məhrumuyduq. Atam heç zaman bizi nə gəzməyə çıxarırdı, nə də kurortlara aparırdı. Ona görə yox ki, bizi istəmirdi. Sadəcə, bu adamın xasiyyəti beləydi. Bütün qayğılarımızı anam çəkir, tərbiyəmizlə, təhsilimizlə o məşğul oludu. Mənim yadıma gəlmir ki, atam bizə nəsə alsın. Bunu heç zaman problemə çevirməmişik, ondan heç nə istəməmişik. Heç vaxt atamıza acıq eləməmişik, sözünü kəsməmişik.
   Mən 1968-ci ildə orta məktəbi qızıl medalla başa vurdum. Qəndab ana ona dedi: "Hüseyn, Səhər məktəbi bitirdi, o, instituta getməlidir". Atam cavab verdi ki, Səhər ordenli məktəbin (mən 190 saylı məktəbi bitirmişəm) qızıl medalçısıdır, özü ali məktəbə qəbul olunacaq. Getdi Aşıq Alının məzarını axtarmağa. Tapdı, orda öz vəsaiti hesabına şairə abidə də qoydurdu.
   Atam doğma övladlarına görə kimsəyə ağız açmaz, xahiş etməzdi. Mən orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirdim, bacım da eləcə. Bir az qardaşımın təhsil almasına, işə düzəlməsinə kömək etdi. Hər şeyə özümüz nail olurduq. Ancaq həmişə onun uşaqları olmağımızla fəxr edirdik. Heç vaxt atamızın ad-sanına xələl gətirən hərəkətə yol vermədik, nə təhsilimizlə, nə də davranışımızla ailəmizə problem yaratdıq.
   Atam rəsmi idarələrdə işləməyi xoşlamazdı. Onun iş stajı belə oldu: 1957-59-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, 1965-67-ci illərdə "Azərnəşr"də bədii ədəbiyyat redaksiyasında böyük redaktor, 1967-68-ci illərdə "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, 1980-82-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi Mədəni-Maarif İdarəsində redaksiya kollegiyasının üzvü. O, sərbəstliyi sevirdi. Bir şeirində:
Çəkilmədim otaqların küncünə,
Düzlər keçən, dağlar aşan şairəm,

- deyirdi. Heç vaxt kabinet şairi olmadı, iclaslarda oturmaqdan xoşu gəlmədi. Şeirlərindən birini belə bitirirdi:
Bircə xahişim var, pələngi sirkdən,
Hüseyni iclasdan azad eyləyin.

   Atam ədəbiyyat üçün az iş görməyib. Təkcə şeir yazmaqla yox, tərcüməçiliklə də məşğul olub, araşdırmalar aparıb. Aşıq Alını ədəbiyyatımıza atam qaytarıb. Onun şeirlərinin əksəriyyəti Aşıq Ələsgərin əsərləri kimi dərc olunmuşdu. Atam Aşıq Alının şeirlərini zərgər kimi bircə-bircə seçdi, onları müəllifinin adına yazdı. Aşıq Ələsgərin qohumlarından buna görə gileylənənlər də tapıldı. Hətta evimizə gəlib, "Ay Hüseyn müəllim, bu şeirlər Ələsgərindir", - dedilər. Atam onlara etiraz etdi: "Aşıq Ələsgər çox böyük şəxsiyyətdir. Ona kimsənin payı lazım deyil. Bir də Aşıq Alı Aşıq Ələsgərin ustadı olub".
   Atam mülayim insan olsa da, bəzən sərt üzü, barışmaz mövqeyi olurdu. Ruhuna, şəxsiyyətinə yad olanları bəyənmir, qəbul etmirdi. Münasibətini çox kəskin şəkildə də göstərirdi. Onu istəməyənlər də vardı. Deyə bilmərəm tənqid edilib, yaxud heç qəbul olunmayıb. Amma daim kölgədə qalıb. Mən bunun səbəbini onun istedadı ilə bağlayıram. Bütün insanların istedadları onlar üçün bəladır. Atam da buna görə həmişə əziyyətlər çəkib. Şeirini verirdi, çap eləmirdilər, sözlərinə yazılmış mahnı səsləndirilirdi, mətnini başqa adamın adına çıxırdılar. Heç zaman nə kimsənin ardınca danışar, nə qeybətini qırardı. Onun etirazı nə olurdu? Qapını açıb içəri girəndə gözləri qıpqırmızı, yaşlı olurdu. Bilirdik, yenə özü demiş, kimsə dal qapıdan daş atıb. Heç kimə bir söz demədən girib içəri qapını bağlayır, öz-özünə danışır, bəlkə də ağlayırdı. Oradan çıxanda özünü elə aparırdı ki, guya heç nə olmayıb. Atam heç zaman problemlərini, üzləşdiyi haqsızlıqların ağrısını nə övladlarıyla, nə də anamla bölüşərdi. O bizə qayğılarını yükləmək, dərd vermək istəmirdi. Uşaqlarına, həyat yoldaşına qıymırdı. Amma tale bizə elə ağır bir dərd verdi ki, bütün həyatımız alt-üst oldu. Sevinməyi, gülməyi yadırğadıq...
   1976-cı ilin 24 sentyabrında qardaşım Arif avtomobil qəzasına düşüb həlak oldu. O, Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisadiyyat Universiteti - red.) bitirib, iki ay əvvəl Abşeron Rayon Komsomol Komitəsində şöbə müdiri vəzifəsinə düzəlmişdi. Arif ağıllı, təmkinli oğlan idi. İyirmi bir yaşı olsa da, özünü cavan oğlandan çox, ağsaqqal kimi aparırdı. Yaraşıqlı, xeyirxah, həddindən artıq qayğıkeş idi. Ata tərəfimizə çəkmişdi. Atamın əmiləri kimi mərd, qoçaq, alicənab idi. Belə bir oğul itirmişdik. Bu dərdə dözmək, tablaşmaq bizə mümkünsüz görünürdü.
   Hadisə baş verən gün atam Səməd Vurğunun 70 illik yubileyi ilə bağlı Qazaxdaydı. Tədbir başa çatandan sonra gedirlər Damcılı bulağının üstündə yeyib-içməyə. Keçmiş sinif yoldaşım Etibar Babayev də oradaymış. O, sonralar mənə danışdı ki, məclisin şirin yerində gəlib Hüseyn müəllimə nəsə dedilər, o getdi. Gözlədik, geri qayıtmadı. Bizə xəbər gətirdilər ki, Hüseyn müəllimin oğlu avtomobil qəzasına düşüb. Hamımız çaşıb-qaldıq. Heç birimiz yerimizdən tərpənə bilmirdik...
   Atam sonralar Arifin itkisi xəbərini alarkən keçirdiyi hissləri belə ifadə etdi:
Dağ sökülüb, dedilər,
Bel bükülüb, dedilər,
Arif ölüb, dedilər -
Ölümə qurban olum.

   Atam evə elə həmin gün böyük bir dəstəylə gəldi. Daha heç nə xatırlamıram… Arifi Qurd qapısında, babamın yanında dəfn etdilər. Qəndab ana isə Yenigün qəbiristanlığında torpağa tapşırılmışdı. Atam heç rahatlanmırdı. Bizim yanımızda demirdi, amma ucundan-qulağından eşidirdik deyir: "Arifi aparacağam Ağstafaya". Ona çox dedilər, belə eləmə. Razılaşmadı. Axır ki Arifin məzarını Yenigün kənd qəbiristanlığına, anasının yanına köçürdü.
   Arifin itkisi bizi dünyadan küsdürdü. Hamımız qara geyindik. Atamın sazı da qara libasa bürünüb divardan asıldı. Onu götürüb dilləndirə bilmirdi. Atam qohumların, dostların xahişlərinə baxmadı, iki il nə qələminə yovuşdu, nə də sazına. Həmişə qəlbinin hökmüylə hərəkət edərdi. Yəqin, yenə ürəyinin səsinə qulaq asdı, 1978-ci ildə qardaşımın adını özünə təxəllüs götürüb yazdı:
Arif gedən gündən Hüseyn adlı
Bir kədər şairi gəldi dünyaya.

   Bundan sonra yaradıcılığının çox böyük hissəsini qardaşıma həsr etdi. Hüseyn Arif kimi yaşamaq, yaratmaq, söz yox ki, onun üçün çətin idi. Amma düşünürdü ki, bu adı şeirlərində əbədiləşdirməlidir. Bir şeirində də yazırdı ki, mən gərək bu adı yaşadam, çünki baba Hüseynəm, bala Arifəm.
   Atam insanları çox sevirdi. Ünsiyyətdə olduğu adamların arasında sadə peşə sahibləri də var idi, yüksəkvəzifəlilər də. Bu adam üçün dost seçimində sərhəd yox idi. Heç kiminlə puluna, mövqeyinə görə münasibət saxlamazdı. Həmişə kimsəsiz adamlara kömək edər, həm maddi, həm də mənəvi cəhətdən dayaq olardı onlara. Evimiz həmişə qonaq-qaralıydı. Elələri vardı ki, günlərlə, aylarla bizdə qalırdılar. Valideynlərimizdən öyrəndiyimiz ən yaxşı xüsusiyyətlərdən biri də qonaqpərvərlik idi. Heç kimə pisliyimiz dəyməmişdi. Ona görə Arifin fa-ciəsi amanımızı kəsirdi. Atam yazırdı:
Qəza bir qapını bağlamayıbdır,
Bizim qapımızı bağlayan kimi.
Füzuli Məcnuna ağlamayıbdır,
Hüseyn Arifə ağlayan kimi.

   Taleyimizə üsyan edirdik. Düşünürdük: axı kimsənin qəlbini qırmamışıq, ürəyinə toxunmamışıq, hamıya ancaq yaxşılıq eləmişik, nəyə görə bu dərd gəlib bizi tapdı? Arifdən sonra dəfələrlə həyatımıza qəsd eləmək istədik. Əgər bizə mənəvi cəhətdən arxa duranlar olmasaydılar, bəlkə də bu dərdi çəkə bilməzdik. Ovaxtkı Zaqafqaziyanın elə bir bölgəsi yox idi ki, oradan məktub almayaq. Ağrı-acılarımıza şərik olanların, təsəlli verənlərin sayı-hesabı yox idi.
   O zaman, elə bil, hamımız Arifsiz ömür sürdüyümüzə görə xəcalət çəkirdik. Atam "Mən niyə yaşayıram?" - deyirdi. Bu duyğu onu ömrünün sonunadək tərk etmədi. Bir şeirində deyirdi ki, mən on üç il Arifsiz yaşadım, görəsən, o mənsiz bir gün yaşayardımı? Amma bizimki yaşamaq idimi? Arif həlak olanda atamın əlli iki yaşı vardı. O zaman mənə elə gəlirdi ki, o, ağsaqqal kişidir. İndi özüm o yaşı keçmişəm, hələ də elə bilirəm, qo-calığım qabaqdadır. Atam həyatı çox sevirdi. Bu dərd olmasaydı...
Səksənə, doxsana, yüzə dözərdim,
Əllidə Arifi itirməsəydim,

- deyə yazırdı.
   Atam şəkər xəstəliyinə mübtəla oldu. İxtisasca həkim olan bacım Zöhrə ona pəhriz saxlamağı məsləhət görürdü. Atam deyilənlərə əməl etmirdi. Ümumiyyətlə, həkim, dərman, pəhriz saxlamaq kimi anlayışlar ona yad idi.
   1992-ci ilin yayı idi. Anam mənim uşaqlarımı da götürüb kəndimizə getmişdi. Atam isə Lenin adına sarayda (indiki Heydər Əliyev adına Saray - red.) bünövrəsini qoyduğu, on il sədrlik etdiyi Aşıqlar Birliyinin xətti ilə "Koroğluya qayıdaq" adlı təntənəli gecə keçirirdi. Məclis başa çatdı. Atam mənə dedi ki, Səhər, bala, hazırlaş gedək rayona. İki gün sonra yola düşdük. O özünü yaxşı hiss edirdi. İyulun 29-da oğlum Turalın ad gününü qeyd elədik. Səhəri gün atam yuxudan oyandı. Mənə dedi ki, barmağım qaralıb. Tez rayon səhiyyə şöbəsinə zəng vurduq. Baş həkim gəldi, müayinə etdi. Heç nə demədi. Buna lüzum da yox idi. Özümüzə hər şey aydın idi. Çünki iki il qabaq onun barmağının birini kəsmişdilər. O zaman leçkomissiyada yatmışdı. Yenə həkim dedi ki, xəstəxanaya getməlidir. Apardılar. Barmağının birini kəsdilər. Hər gün neçə dəfə ona baş çəkirdik. Hiss edirdik ki, xəstəxanada qalmaq atam üçün çox ağırdır. Müharibə gedirdi. Erməni işğalçılarına qarşı döyüşlərdə gənclərimiz həyatlarını, sağlamlıqlarını itirirdilər. Ağstafa rayon xəstəxanasına ardı-arası kəsilmədən şəhidlər, yaralılar gətirilirdi. Mənim qəlbikövrək atamın bunları görməyə dözümü çatmırdı. Amma həkimlər onu xəstəxanadan buraxmırdılar.
   Bazar günü səhər həyət qapısı açıldı. Gələn atam idi. Sürücüyə söykənə-söykənə güclə içəri girdi. Həkimdən xəbərsiz gəlmişdi. Sürücünü məcbur etmişdi ki, onu evə gətirsin. Bir vaxtlar "Dağ kəli" adlı şeirində yazırdı:
Elə ki vaxtını bilir dağ kəli,
Dərəyə, təpəyə düzə burulmur.
Zirvədə buzüstə ölür dağ kəli,
Torpağa yük olmur, daşa yük olmur.

   O da kimsəyə yük olmadan, sanki vaxtın, vədənin yetişdiyini bilib getmişdi Ağstafaya. Ağır vəziyyətində də heç kimə xəbər verməyimizi istəmədi. Bir müddət sonra dostu, yazıçı İsmayıl Şıxlı "təcili yardım" vertolyotu ilə gəldi. Kimsə demişdi ki, Hüseyn müəllimin vəziyyəti ağırdır, onu nəyə görə Bakıya gətirmirsiniz? Axı o, xalq şairidir, Dövlət mükafatı laureatıdır, Azərbaycan SSR Dövlət Himninin müəllifidir. İsmayıl Şıxlıgil gəldiyi gün - sentyabrın 14-də gecə saat on birə on beş dəqiqə işləmiş atam dünyasını dəyişdi. Onu Yenigün kənd qəbiristanlığında torpağa tapşırdıq. Özü belə istəyirdi. Hüseyn Arifin oğul həsrəti ancaq bununla bitə bilərdi. Doqquz il sonra - 2001-ci ildə anam da atam kimi 68 yaşında dünyadan köçdü. Onun da məzarı Ariflə atamın yanında qazıldı. Anamdan sonra atamın Ağstafada fəaliyyət göstərən ev-muzeyinin direktoru mən oldum.
   Atam ömrünün sonunadək istedadlı gənc yazarlara kömək etdi. O vaxtın cavan şairlərinə - Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu və başqalarına qayğıyla yanaşırdı. Hamı bilirdi ki, Hüseyn Arif ancaq yaxşılıq eləməyə qadirdir, onun əlindən pislik gəlməz. Buna görə onu sevirdilər. Atamı "Hüseyn qağa" çağırardılar. Onun maddi qazancı böyük olmayıb. İndiyədək atam haqqında yalnız yaxşı sözlər eşidirik. Bu onun qazancıdır.
   Atamın barəsində çox əhvalatlar danışılır. Bizim millət belədir: söz-söhbətlərində çox zaman sevgidən doğan şişirtmələr də olur. Amma atam haqqında danışılanların doxsan faizi əsaslıdır. Hələ o qədər eşitmədiyimiz söz-söhbətləri var ki. Eşitdiklərimizdən biri belədir: bir gün Hüseyn Arifə deyirlər ki, şair, sən çox yerlipərəstsən. Cavab verir ki, başın haqqı yox, tovuzluları da özümünkü bilirəm. Hamıya məlumdur ki, Tovuzla Qazağın arası onbeşdəqiqəlik yoldur.
   Tez-tez atamla söhbətlərimiz düşür yadıma. Daha çox xalqımızın tarixindən, babalarımızdan danışardı bizə. Hər kəlməsi yaddaşımıza köçərdi. O, sevgisini sözlə, davranışlarıyla bildirməzdi. Tez-tez boynumuzu qucaqlayıb, bizi əzizləməzdi. An-caq hər çağırışımıza "can" deyərdi. Arif dünyasını dəyişəndə anladıq bizi nə qədər sevdiyini. Demə, məhəbbətini tamamilə qəlbinə yığıb-saxlayıbmış. O böyük ürəyə bu qədər sevginin, istəyin sığdığına mat qaldıq.

  Z. Fərəcova/ "El"

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com