Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2021
15:35
Beynəlxalq savadlılıq günü - MÜNASİBƏT
Oxu-yazı biliriksə, savadlıyıq?

Mütəllim Rəhimli: “Təhsildə total nəzarət, yeniliklərə qısqanclıq, təhsilin biznesə çevrilməsi, orta məktəblərdə tədrisin aşağı səviyyəsi, universitetlərdə fənlərin müasir tələblərə uyğun olmaması bu sahədəki vəziyyətin səbəblərini aşkarlayır”

Xarici mediada sosial şəbəkə istifadəçilərindən birinin statusuna rast gəldim. Sadə bir vətəndaş oxumağın, savadlılığın tərifini maraqlı və təsirli formada təsvir etmişdi: “Oxumaq gözəldir: azad düşünən fərd ola bilmək üçün bir dərman kimidir, tək qalanda dostun olur, izdihamlardan canın sıxıldıqda sığınacaq bir limandır, hətta bəzi kitabları təkrar-təkrar oxuya və hər dəfə fərqli ləzzətlər, biliklər kəşf edə bilərsən...”

Belə ki, bu gün UNESKO-nun təqviminə əsasən, Beynəlxalq Savadlılıq Günüdür. 1965-ci il sentyabrın 8-də təsis olunan savadlılıq gününün hədəfi hər kəsin oxuma haqqına sahib olduğunu, təhsil sahəsində yaşanan problemləri, bilik və savadın insanlar, ümumilikdə cəmiyyətlər üçün faydasını diqqətə çatdırmaqdır.

Nəzərə almaq lazımdır ki, çağdaş dünyamızda savadlılıq kriteriyası yalnız ana dilində oxu-yazı bilməkdən ibarət deyil. Savadlılıq informasiya-kommunikasiya texnologiyaları, hərbi, səhiyyə, iqtisadiyyat, maliyyə, hüquq sistemi və digər sahələri, habelə, insanların bilik, bacarıq, davranış, qavrama, qiymətləndirmə, idarəetmə qabiliyyəti, problemləri necə həll edə bilmə, düzgün və planlı qərarlar alma, məlumatlılıq səviyyəsi, azad düşüncəli vətəndaş olaraq formalaşmaq, bir sözlə, sürətli inkişaf kimi geniş anlamları əhatə edir.

Bu baxımdan maraqlıdır, görəsən, Azərbaycanda əhali arasında savadlılıq dərəcəsi nə qədərdir? Müasir dünya ilə ayaqlaşa, elmə öz töhfəmizi verə bilirikmi?

“Əhalinin savadlılığı yüksək deyil”

Mövzu ətrafında fikirlərini Faktxəbər-də bölüşən Ədalət Partiyası sədrinin müavini, Bakı Avrasiya Universitetinin dekanı, fəlsəfə doktoru Mütəllim Rəhimli artıq savadlılığın başlıca tələbata çevrildiyini önə çəkdi: “İnkişaf edən informasiya texnologiyaları insanlardan müasir biliklərə sahib olmağı tələb edir. Bundan başqa, sürətli informasiya axını da onun doğru-düzgün dərk edilməsi məsələsini gündəmə gətirib. Kifayət qədər hərtərəfli biliklərə malik olmayan şəxslərin bu informasiyanı bir-birindən ayrıd etməsi çətindir. Ona görə də müasir dövrdə savadlılıq məsələsi dedikdə, təkcə yazıb, oxumaq, toplama, çıxma, vurma, bölməni bilmək nəzərdə tutulmur. Məsələni bu baxımdan dəyərləndirsək, Azərbaycanda əhalinin savadlılığını yüksək qiymətləndirmək mümkün deyil. Ölkəmizin vətəndaşları xüsusilə informasiya burulğanında boğulur. Onlara təqdim edilən informasiyalardan hansının həqiqəti əks etdirdiyini, hansının isə müəyyən məqsədlərə xidmət göstərdiyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Bununla belə, müasir texnika və texnologiyalarla işləmək, onlara adekvat münasibət sahəsində də təqdir olunacaq göstəricilərə malik deyilik. Bu sahədə ixracatçı ölkəyə çevrilmişik və aldığımız məhsulları dərk edənlərin sayı da azdır. Hətta müasir peşələrlə ayaqlaşmaq məsələsində də kifayət qədər aşkar görsənən geridəqalmalar müşahidə olunur.

Azərbaycan təhsil sisteminin Avropa təhsilinə inteqrasiyası da ürəkaçan vəziyyətdə deyil. Təhsildə total nəzarət, yeniliklərə qısqanclıq, təhsilin biznesə çevrilməsi, orta məktəblərdə tədrisin aşağı səviyyəsi, universitetlərdə keçirilən fənlərin müasir tələblərə uyğun olmaması və s. bu sahədəki vəziyyətin səbəblərini aşkarlayır”.

“Hətta vurma cədvəlini bilmirlər... bizim elmi yaltaqlığın inkişafına yönəldiblər”

“Hər hansı cəmiyyətin savadlılıq dərəcəsi ən müxtəlif parametrlərlə ölçülə bilər”, Mütəllim Rəhimli bildirdi: “İbtidai təhsillilərin sayı, natamam orta məktəbi bitirənlər, tam orta təhsil alanlar, universitet məzunları, doktorantlar, müasir peşələr, informasiya-kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi, əldə olunan kəşf və ixtiralar və s. parametrlərlə cəmiyyətin savadlılıq səviyyəsini qiymətləndirmək mümkündür. Bu tabloya nəzər saldıqda bizim cəmiyyəti elementar savadlılıq dərəcəsinə aid etmək olar.

Şəxsi müşahidələrimə əsaslanıb deyə bilərəm ki, natamam orta təhsili başa vuran çoxlu gənclərimiz var ki, hətta vurma cədvəlini bilmirlər. Bu çox acınacaqlı vəziyyətdir”.

Daha bir diqqətçəkən məqama toxunan fəlsəfə doktoru bildirdi ki, elm və təhsil  insanların azad yaşadığı ölkələrdə inkişaf edir: “Şəxsiyyət azad olmadığı təqdirdə azad təhsildən söhbət gedə bilməz. Təhsilin azad olmadığı ölkələrdə isə yaradıcı insanlardan danışmaq mümkün deyil. İnsanlar mahiyyətcə azad olmalıdırlar ki, öz təxəyüllərində bunun təsirini ifadə edə bilsinlər. Bizim elmi çox təəəsüf ki, sovet dövründə də, indi də yaltaqlığın inkişafına yönəldiblər. Bu sahədə yazılan əsərlərə görə ola bilsin dünyada qabaqcıl yerlərdən birini tuta bilərik. Amma müasir peşələr və informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkəmiz heç yerdə görsənmir. Xaricdə yaşayan azərbaycanlı alimlərin isə uğurlarını qeyd etmək lazımdır. Onlar müasir rəqabətə tab gətirir və öz sözlərini deyə bilirlər. Daxili siyasi, ictimai, sosial, elmi mühit ölkəmizdən beyin axınını stimullaşdırır. Bu isə təəssüf doğurmaqla yanaşı, uzun müddət sağalması mümkün olmayan yaralar açır”.

Məqalədə : Mütəllim Rəhimli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
218

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 05:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru