Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

13 Aprel

2017
13:09
1497
Azərbaycan alimləri qocalmanın səbəbləri ilə maraqlı nəticələr əldə edib

Orqanizmin vaxtından əvvəl qocalması, ümumiyyətlə, yaşlanma prosesi hər zaman insanları dərindən düşündürüb. Hətta nağıllarda belə cavan qalmaq, üzunömürlü olmaq üçün müxtəlif vasitələr axtarılıb. Hazırda isə alimlər insan ömrünü uzatmaqla yanaşı, yaşlanma prosesini nisbətən ləngitmək üçün müxtəlif araşdırmalar aparırlar. Əsas məqsədlərdən biri isə orqanizmin sağlam şəkildə qocalmasını təmin etməkdir. Bəs bunun üçün mütəxəssislərin, eləcə də insanın öz üzərinə hansı vəzifələr düşür?

Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) A.İ.Qarayev adına Fiziologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zenfira Qədimova "Report"a bildirib ki, qocalmanın səbəblərini aydınlaşdırmaq, sağlam və fəal uzunömürlülüyə nail olmaq üçün müxtəlif üsulların öyrənilməsi və tədqiqi müasir biologiya və tibb elminin aktual problemlərindən hesab edilir: "Orta ömür uzunluğunun artırılması son illər dünyanın bütün inkişaf etmiş ölkələrində mühüm problem kimi qalmaqdadır. Qocalma prosesinin mahiyyətini aydınlaşdırmaq və bu prosesə fəal təsir yollarını tapmaq, yaşla əlaqədar orqanizmdə yaranan dəyişikliklərin qanunauyğunluqlarını öyrənməyə əsas verir. Son illər ürək-qan-damar sistemi xəstəlikləri səbəbindən ölüm hallarının artmasına şəhər əhalisi arasında daha çox rast gəlindiyi müəyyənləşib. Ürək-damar sistemində baş verən yaş dəyişiklikləri orqanizmin adaptiv davamlılığını, orqanizmin funksional və tənzimləyici imkanlarını məhdudlaşdıraraq patologiyaların əmələ gəlməsi üçün ilkin şərait yaradan qocalma prosesinin intensivliyinə səbəb olur. Ürəyin işemik xəstəlikləri (ÜİX) yaşlı əhali arasında daha geniş yayılmış mühüm xəstəlik hesab olunaraq həyat keyfiyyətinin aşağı düşməsinə, ömür uzunluğunun qısalmasına, əlilliyə və hətta qəfil ölümə səbəb olur".

Onun sözlərinə görə, orqanizm qocaldıqca ÜİX-nin risk faktoru da mühüm dərəcədə artır, lakin yaşa müvafiq olaraq onların rolu da dəyişilir: "Belə ki, ahıl və qoca yaş qrupunda karbohidrat və lipid mübadiləsinin pozulması, yüksək arterial qan təzyiqi, qanda protrombinin yüksəlməsi, stress, irsi meyillilik, artıq çəki problemi, maddələr mübadiləsinin pozulması və s. daha çox rast gəlinən əlamətlərdir: "Fiziki fəallığın azalması ahıl yaşlı insanlarda ÜİX-nin əmələ gəlməsinin mühüm risk faktorudur, qoca yaşlı insanlarda isə bu xəstəliklərin yaranmasına bilavasitə təsir edir".

Mütəxəssis qeyd edib ki, müxtəlif yaş qruplarından olan insanlar üzərində aparılan tədqiqatlar zamanı bir sıra faktlar məlum olub: "Ş.M.Həsənov adına “Sağlamlıq sahəsi” poliklinikasında (Herontoloji mərkəz) qeydiyyatda olan, herontoloji yaş təsnifatına müvafiq olaraq ahıl (60-74 yaş) və qoca yaşlı (75-89 yaş) insanlar üzərində tədqiqat apardıq. Tədqiqata 23 kişi və 64 qadın olmaqla 87 nəfər cəlb olunmuşdu. Aparılan tədqiqatlardan məlum oldu ki, qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq, ətraf mühitin çirklənməsi (xüsusilə şəhər mühitində) və digər səbəblərin orqanizmdə yaratdığı fəsadlar ilk növbədə ürək-qan-damar sistemində əks olunur. Poliklinikada şəhər sakinləri olan ahıl və qoca yaşlı şəxslərdə arterial qan təzyiqinin təyini və EKQ analizləri zamanı ürəyin bioelektrik fəaliyyətində yaranan dəyişikliklər tədqiq edildi. EKQ analizlərinin nəticələrinə əsasən tədqiq olunan bütün yaş qruplarında miokardın qan təchizatının zəifləməsi (91%) üstünlük təşkil edir. Bu da ÜİX-nin əsas əlaməti hesab edilir. Bundan əlavə, sol qulaqcığın və mədəciklərin hipertrofiyası, aritmiyanın müxtəlif növləri (bradikardiya, taxikardiya, sinus aritmiyası, ekstrasistola, blokadalar, əsasən də Hiss dəstəsinin blokadaları), miokard infarktı, hipoksiya, miokardın metabolik dəyişiklikləri və s. aşkarlanıb. Arterial qan təzyiqinin yüksək olması da bu yaş qrupunda tez-tez rast gəlinən əlamətlərdəndir. Bu dəyişikliklər orta ömür uzunluğunun azalmasına, qocalma prosesinin sürətlənməsinə ciddi təsir edir".

Z.Qədimova vurğulayıb ki, qocalma mexanizmlərinin öyrənilməsi və bu prosesdə funksional dəyişikliklərin rolunun müəyyənləşdirilməsi, eyni zamanda ahıl və qoca yaşlı insanlarda ürəyin bioelektrik fəaliyyətinin və qan dövranının tədqiq olunması sağlamlığın qorunması və fəal uzunömürlülüyə nail olmaq üçün konkret tövsiyələrin tərtib olunmasına imkan verir: "İnstitutumuzun rəhbərliyinin də qarşıya qoyduğu əsas elmi məqsədi Azərbaycanın müxtəlif regionlarında – istər şəhər, istərsə də kənd mühitində yaşayan yaşlı insanlarda orqanizmin qocalma xüsusiyyətlərinin tədqiq olunması, fizioloji qocalmaya mane olan səbəbləri aydınlaşdırmaq və patoloji qocalmanın qarşısını almaq üsullarını tərtib edərək tətbiq etməkdir. Son 2-3 il ərzində institutumuzun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovanın təşəbbüsü ilə bu istiqamətdə müəyyən işlər görülür, xarici ölkələrdə aparılan elmi tədqiqatlarla tanışlıq, yeni elmi metodların mənimsənilməsi və ölkəmizdə tətbiqi üçün müəyyən işlər görülür, beynəlxalq elmi əməkdaşlıq əlaqələri qurulur. Əminəm ki, yaxın gələcəkdə bu elmi işlər öz bəhrəsini verəcək".

Alim insan ömrünün uzadılması ilə bağlı problemlərin hər kəsin diqqət mərkəzində olmasının zəruriliyini söyləyib: "Sağlam qidalanmaq, artıq çəki və piylənmədən qorunmaq, pis vərdişlərdən uzaq olmaq (alkoqol, siqaret və s.), idmanla müntəzəm məşğul olmaq, açıq havada müntəzəm gəzinti təşkil etmək, vaxtlı-vaxtında həkim müayinəsindən keçmək, təmizliyə və şəxsi gigiyenaya qulluq etməklə sağlam həyat tərzi qurmaq və ömür uzunluğunu artırmaq mümkündür. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, sosial qayğılardan, stressdən uzaq olan, ağsaqqala-ağbirçəyə hörmət olan, böyük-kiçik mədəniyyəti gözlənilən cəmiyyətlərdə insanlar sağlam yaşayır və fizioloji qocalaraq uzunömürlülüyə nail olurlar".  (report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru