Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2021
11:07
AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyası Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik edib. Qurumun Mətbuat Xidmətindən daxil olan təbrik müraciətində deyilir:

“Mübarək Ramazan ayı torpağımıza qədəm qoyur. Bu mərhəmət və məxfirət dolu ayın gəlişi münasibətilə axirət səadətinə yetişmək istəyən hər bir müsəlmanı, bütövlükdə əziz xalqımızı,  müsəlman qardaş və  bacılarımızı ürəkdən təbrik edir, hər kəsə bu İlahi fürsətdən və onun fəzilətindən bəhrə aparmağı diləyirik.

Şükürlər olsun ki, etdiyiniz dualar nəticəsində yenidən Allahın ziyafət və rəhmət dolu süfrəsinə yetişdik. Bir daha əmin olduq ki,  Ramazan ayı həqiqətən ayların ən seçilmişi və üstünüdür. Uca Allah mübarək ayın dəyəri və mahiyyəti haqqında belə deyir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”.(Bəqərə.183.)  Ramazan ayının daha mühüm üstünlüyü haqqında isə belə buyrulur:”İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.”. (Bəqərə, 185).

 Ramazan günahların bağışlanma ayıdır. Mübarək gəlişi ilə xalqımıza birlik, Allahın rəhmət dolu məqamlarını gətirir. Hər kəsə bu fürsətdən səmərəli faydalanmağı, gözəl əməllərə, nəfsinə qarşı mübarizə səylərinə imza atmağı arzulayırıq. Bununla sizlər üzünüzə, ocağınıza bərəkət qapısının açılmasına qadir olacaqsınız.

Hazırda cəmiyyətimizdə ciddi narahatçılıqlar müşahidə olunur. İbadət əhlinə, xüsusən İslam alimlərinə, ruhanilərə qarşı bəzi rəsmi dairələrdə təzyiq və təhdid davranışları  hökm sürür. Bu əməllərin dövlət siyasətinə çevrilməsi cəmiyyətə və dövlətə yaxşı heç nə vəd etmir. Məlumdur ki, müqəddəs Azərbaycan   torpaqlarını  erməni qəsbkarlarından azad edən cəsur əsgərlərimizdəki  qəhrəmanlıq, şəhadət, vətən, torpaq müqəddəsliyi kimi İslami dəyərlərin mövcudluğu böyük qələbənin əsas rəhni idi. Amma bu gün AİP sədri doktor Hacı Mövsüm Səmədovun, digər dəyərli ruhanilərin zindan həyatı yaşaması, AİP sədr əvəzi, torpağını, Vətənini canından əziz tutan, gənclərə torpaq uğrunda şəhadəti daim təbliğ edən Hacı İlham Əliyevə qarşı “Vətənə xəyanət” maddəsi ilə cinayət işi qaldırmaq və ona haqsız olaraq 18 il həbs cəzası istəmək ədalətsizlik, ruhanilərə qarşı keçmiş sovet təfəkkürü ilə münasibət bəsləməkdir. Bu isə xalqımıza və dövlətimizə İslam dünyasında rüsvayçılıqdan başqa bir şey vəd etmir. 

Mübarək  Ramazan ayının ən böyük təsir gücü də məhz hər kəsə  iman dərəcəsini artırmaq, haqqı batildən ayırd etməyi təlqin etmək, xalqı ayrı-ayrı cameələrə parçalamaq deyil, bir yumruq altında birləşməyə, bununla da ümumi düşmənə qalib gəlməyə səsləməkdir.

Azərbaycan İslam Partiyası bir daha xalqımızı Ramazanın gəlişi münasibətilə təbrik edir, bu əziz günlərdə Allahdan hər kəsə günah əməllərdən çəkinmək iradəsi bəxş etməsini, haqqı pozulanların haqqını özlərinə qaytarmasını diləyir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
65

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
296

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
577
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 11:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru