Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
12:32
995
Aciz insan nümunələri

Hacı İlham Əliyev

İlahiyyatçı alim, AİP-in sədr əvəzi


Möminlərin əmirinin Yaradanın əzəmətini, qüdrətini, varlıq aləminə olan rəhmət və mərhəmətini dərk etmək üçün insanların nəzərini Allahın bu iki zərif, lətafətli və eyni zamanda əzəmətli məxluqu olan küləklərə və dağlara cəlb etməsində böyük hikmət gizlənib

"Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun! Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər. Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər. O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?). O, elə bir məbuddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır. Onun üçün müəyyən edilmiş zaman da yoxdur. Nə də Onun üçün uzun müddət vardır. Məxluqatı Öz qüdrəti ilə yaratdı. Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi" (İmam Əlinin (ə) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir - “Nəhcül-bəlağə”, 1-ci xütbə). 

Bismillahir Rəhmanir Rəhim. 

Həzrət Əli (ə) xütbənin bu hissəsində Allahın on iki sifətini dörd mərhələdə çox gözəl surətdə, özünəməxsus tərzdə, əqli nəzm əsasında bəyan etmişdir.

Birinci mərhələdə üç sifətə işarə vuraraq, insanların əməl məqamında Allah-taala müqabilində həmd-səna etməkdən aciz olmalarını bildirir.

İkinci mərhələdə iki sifətə işarə edərək insanların əql baxımından Allahın zatını dərk etməkdə aciz olduqlarını göstərir və həqiqətdə bunu birinci mərhələnin səbəbi kimi bəyan edir.

Üçüncü mərhələdə isə dörd sifətə işarə edərək, Onun zatını dərk etməkdə aciz olduqlarının səbəbini göstərir.

Nəhayət dördüncü mərhələdə Allahın üç feli sifətlərinə işarə edərək, bunu insanlara başa salır ki, Allahı bu yolla tanımaq mümkündür.

Bu baxışda diqqətinizi bəyan olunan on iki sifətin şərhinə cəlb edirik:

Həzrət Əli (ə) xütbəni Allahın həmd-sənasıyla başlayaraq, həmd-səna əhlinin acizliyini bəyan edir: “Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun!”.

O şəxslər Allahın həmd-sənasını yerinə yetirə bilərdilər ki, Onun bütün kamal, camal və cəlal sifətlərini əhatə etmiş olsun. Halbuki, heç bir məxluq öz xaliqinin kamalını ehtiva edə bilməz. Necə ki, kamil naqisə, hədsiz də həddi-hüdudu olan vücuda sığmır. İnsan nəinki Allahın vəsfini yerinə yetirməkdə, bəlkə də Onun məxluqatından olan məlaikənin əməlini belə vəsf etməkdə acizdir. Həzrət Əli (ə) bu barədə 112-ci xütbədə buyurur: “Bir mələk evə daxil olduğu zaman gəlişindən agah olursunuzmu? Bir nəfəri qəbzi-ruh etdiyi (canını aldığı) zaman görürsünüzmü? Ana bətnində körpəni necə qəbzi-ruh etdiyini bilirsinizmi? Ananın bəzi bədən üzvlərindən daxil olaraq (körpəni qəbzi-ruh edir), yoxsa ki (körpənin), ruhu Rəbbinin izni ilə ona (mələyə) tərəf dönür? Yoxsa ki, körpə ilə birlikdə onun (ananın) bətnində məskunlaşır?! Yəni bir şəxs ki, özü kimi məxluqu vəsf etməkdə acizdir, öz Allahını necə vəsf edə bilər?!”

Həzrət Əli (ə) bu kəlmələrində insanın Mələkul-mövtun (Əzrail) – ki özü də məxluqdur - əməlinin vəsfində aciz olduğunu vurğuladıqda bəyan edir: siz ki, qəbzi-ruhun keyfiyyətini dərk etməkdə acizsiniz, Allahı necə vəsf edə biləcəksiniz?! Allahın kamal, calal sifətlərinin heç bir həddi-hüdudu yoxdur, bəşər əqlinə sığmaz. İnsanların, mələklərin etdikləri həmd-səna, onların Allaha olan mərifəti, düşüncəsi qədərdir. Odur ki, Peyğəmbər (s) Allaha xitabən buyurur: “Sənin həmd-sənanı yerinə yetirib qurtara bilmərəm, Sən özünü həmd-səna etdiyin kimisən” (Bəhcus-səbağə. c.1, s.148).

Həzrət Əli (ə) xütbənin ikinci cümləsində buyurur: “Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər”.

Qeyd edildiyi kimi, bu cümlə həqiqətdə birinci cümlənin səbəbi kimi bəyan olunmuşdur. Əgər Allahın həmd-sənasını yerinə yetirmək, kamalını ehtiva etmək mümkün deyilsə, deməli buna səbəb nemətlərinin həddi-hüdudunun olmamasıdır.

Ubey ibni Kəb Peyğəmbərin (s) yanında “Loğman” surəsinin 20-ci ayəsini (“Allah Öz zahiri və batini nemətlərini sizin üçün tamamlayıb...”) oxuduqda, Peyğəmbər (s) ətrafında olan səhabələrindən – Əbubəkr, Ubeydə, Ömər, Osman və Əbdur-rəhman onların arasında idilər – soruşdu ki, indi deyin görüm, Allahın sizə ilk verdiyi və sizi sınağa çəkdiyi nemət hansıdır? Səhabələr cavab verərək, biri mal-dövlət, biri xoş güzəran, biri oğul-uşaq, biri zövcə deyib, Peyğəmbərin (s) cavabını gözlədilər. Peyğəmbər (s) üzünü Əliyə (ə) tutub buyurdu: Ya Əbəl-Həsən, sən de! (Həzrət Əli (ə)) ərz etdi: “Mən zikr ediləsi biri olmadığım halda Allah məni xəlq etdi və mənə ehsan edərək, ölü deyil, diri qərar verdi. Həmd olsun ona ki, məni ən gözəl surətdə, layiqli tərkibdə xəlq etdi. Məni əbləh, unutqan deyil, düşüncəli, şüurlu xəlq elədi, işıqlı çıraq qərar verdi. Şüurlu xəlq etdi ki, istədiyimi dərk edə bilirəm. Məni öz dininə hidayət etdi, yolundan azdırmadı. Məni məmluk (kölə) deyil, malik qərar verdi. Mənim üçün göyünü, yerini, onlarda və onların arasında yerləşən bütün məxluqatını ram etdi. Məni qadın deyil, kişi xəlq edərək öz halalımıza nəzarətçi təyin etdi.” 

Peyğəmbər (s) hər bir ifadəsində “doğrudur” deyərək, onu təsdiq edirdi. Sonra buyurdu: - Daha sonra (hansı nemətlərdi)? Həzrət Əli (ə) ərz etdi: - Əgər Allahın nemətlərini saymaq istəsəniz, sayıb qurtara bilməzsiniz” (İbrahim surəsi-34 və Nəhl-18). Peyğəmbər (s) təbəssüm edərək buyurdu: “Elm, hikmət! Halal olsun sənə, ey Əbəl-Həsən! Sən mənim elmimin varisisən. Ümmətim üçün məndən sonra ixtilaf edəcəkləri məsələlərə aydınlıq gətirərsən” (Bəhcus-səbağə. c.1, s.148).

Allahın bəxş etdiyi saysız-hesabsız nemətlər iki halətdən xaric deyil: ya əql, sağlamlıq, rəzil əxlaqdan nəfsini paklamaq və s. kimi dünyəvi, ya da məğfirət, məlaikə həddinədək ucalmaq və s. kimi axirət nemətlərdir. Hər iki halın bir əsli, kökü vardır.

Dünyəvi nemətlərin kökü vücud, həyatdır ki, bütün belə nemətlər məhz bu nemətin (həyat, vücud) üzərində köklənir. Əgər bir insanın vücudu olmasa, təsəvvür edilən başqa nemətlərdən söhbət gedə bilməz. Axirət nemətlərinin əsli, kökü isə imandır ki, bütün əbədi səadət, xoşbəxtlik onun üzərindədir. Odur ki, bütün nemətlər iki əsil üzərində qurulur: HƏYAT və İMAN. Hər ikisinin də səbəbkarı Peyğəmbər (s) və onun Əhli-beytidir (ə). Əslində imanın səbəbkarı olmaları tamamilə aydındır. Amma qeyd edildiyi kimi, vücudun, həyatın da səbəbkarı onlardır. Çünki yeri, yer üzərində olan bütün varlığı onlara xatir yaratmışdır. Nəql olunur ki, Peyğəmbərin (s) bir hədisində həzrət buyurub: “Ya Əli! Əgər mən və sən olmasaydıq, Allah bu kainatı xəlq etməzdi” (Birah – c.25, s.19).

Qurani Kərimdə Allah-taala insana xitabən buyurur: “Yer üzündə hər nə varsa hamısını sizə xatir xəlq etdi” (Bəqərə surəsi -29). Heç bir şəkk-şübhə yoxdur ki, insanların ən kamili, şərafətlisi Peyğəmbər (s) və onun Əhli-beytidir (ə). Odur ki, hədislərdə bəyan olunur: “Əgər yer üzü (bir gün belə) imamsız, məsum rəhbərsiz olsaydı üzərində olanların hamısını bir dəfəyə udub yox edərdi” ( Kafi - c.1, s.179). Çünki əgər bir şeyin səbəbkarı aradan getsə, o şeyin özü də mütləq aradan getməlidir.

Beləliklə, məlum olur ki, bütün nemətlərin kökü Peyğəmbər (s) və onun pak, məsum Əhli-beytidir (ə). Onların vilayəti Allahın insanlara bəxş etdiyi ən böyük nemətdir.

Üçüncü cümlədə həzrət buyurur: “Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər”. Bu cümlə həqiqətdə əvvəlki cümlənin nəticəsidir. Allahın verdiyi nemətləri sayıb qurtarmaq mümkün deyilsə, şübhəsiz ki, onun haqqını əda etmək də qeyri-mümkündür. 

Ümumiyyətlə bir həqiqəti haqqı əda etməyin lazımlısı budur ki, tamamilə onu dərk etsin və insanla onun arasındakı rabitəni nəzərə alsın. Sözügedən həqiqət bizim bəhsimizdə əzəmətinin həddi-hüdudu olmayan Allahdır. İnsanla Allahın rabitəsi xaliqlə məxluqun, başqa sözlə, son dərəcə zəif, aciz məxluqla son dərəcə qüvvətli xaliq arasında olan rabitədir. 

Şübhəsiz ki, belə bir xaliqi dərk etmək, onun haqqını ödəmək bəşərin imkanı və təfəkkürü, istedadı xaricindədir. Odur ki, Peyğəmbər (s) Allaha xitabən buyurur: “Biz Səni layiqincə tanıyıb dərk edə bilmərik və nə də sənə layiqincə ibadət edə bilmərik” (Biharul-ənvar- 68, s.23).

Həzrət bu mətləbə işarə edərək növbəti cümlədə buyurur: “O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?)”

İnsanlar nəinki əməl məqamında Onun həmd-sənasını yerinə yetirə bilməzlər, əndişə, təfəkkür məqamında belə Onun həqiqətini dərk etməkdə acizdirlər. 

Əbu Haşim Cəfəri deyir: “İmam Məhəmməd Cavaddan (ə) “Gözlər onu (Allahı) görmür, lakin O, bütün gözləri görür” (Ənam surəsi-103) ayəsi barədə sual etdikdə həzrət buyurdu: “Ey Əbu Haşim! Qəlblərin bəsirəti gözlərin görməsindən daha dəqiqdir. Sən bəzən “Çin”, “Hind” və getmədiyin, gözünlə görmədiyin daha başqa bir şəhərləri zehnində təsəvvür edirsən. Qəlbin bəsirəti belə Allahı dərk edə bilməz, o ki adi gözlər ola” (əl-vafi c.1, s.386, hədis-3)”.

Görəsən, Allahın nə vaxtsa gözə görünəcəyinin mümkünlüyünü iddia edənlərin bu kimi ayə və hədislərə cavabı nədir?

Həzrət Əli (ə) xütbənin davamında insanların Allah zatının həqiqətini dərk etməkdə aciz olmalarının səbəbini izah edərək belə buyurur: “O, elə bir məbuddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır. Onun üçün müəyyən edilmiş zaman da yoxdur. Nə də Onun üçün uzun müddət vardır”.

Yəni biz insanlar onun zatının həqiqətlərini necə dərk edə bilərik? Halbuki, bizim fikrimiz, bəlkə də bütün vücudumuz hər bir cəhətdən məhdud olduğu üçün yalnız məhdud əşyaları dərk edirik. Özü də sifətlərinin, xüsusiyyətlərinin vasitəsi ilə. Amma Allah-taalanın zatı qeyri-məhdud olduğu üçün onun sifətlərinin də həddi-hüdudu yoxdur.

Bu mətləbin sübutu budur ki, sifət vəsf etdiyi zatın keyfiyyətini bəyan etdiyi kimi, əzəmətdə, şərafətdə də ona tabe olur. İnsanın hal dəyişikliyi hər hansı cansız vücudun hal dəyişikliyindən daha əzəmətli və şərafətlidir.

Allah-taalanın zatı sonsuz dərəcədə əzəmətli və qeyri-məhdud olduğu kimi, Ona nisbət verilən sifətlər də Özü kimi əzəmətli və qeyri-məhduddur. 

Həzrət Əli (ə) oxuduğumuz cümlələrdə Allahın camal və cəlal sifətlərinə işarə etdikdən sonra Allahın feli sifətlərinə də işarə edərək buyurur: “Məxluqatı Öz qüdrəti ilə yaratdı. Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi”.

Sanki həzrət bu cümlələrlə onu bəyan etmək istəyir ki, Allahın zatı sifətlərini özü kimi dərk etməyin qeyri-mümkün olması insanların Allaha olan mərifətlərinin qarşısında sədd çəkmir. Çünki insanlar Allahı təkcə zatı sifətləri ilə deyil, əksinə, Onu feli sifətləri ilə tanıya bilərlər. Belə ki, insanlar, onları əhatə edən təbiətin saysız-hesabsız məxluqatına nəzər salaraq, onların əzəmətini dərk edərək xaliqin nə dərəcədə əzəmətli olduğuna vaqif ola bilərlər. Odur ki, Həzrət Əli (ə) bu cümlələrdə insanların nəzərini təbiəti mütaliə etmək istiqamətinə yönəldərək, təbiətin iki əzəmətli və lətafətli məxluqunu xüsusi vurğulayır. Birincisi, həzrət küləklərin, Allahın rəhmət olduğuna işarə edərək buyurur: “Allah-taala rəhmət olaraq küləkləri əsdirdi.” 

Küləklərin ilahi rəhmət olmasını dərk etmək üçün aşağıdakı bir neçə ayəyə diqqət yetirmək kifayətdir:

“Həqiqətən küləkləri müjdəçi olaraq göndərməsi və sizə Öz rəhmətindən daddırması, əmri ilə gəmilərin üzməsi, kərəmindən ruzi axtarmanız Onun (Allahın qüdrət, əzəmət) əlamətlərindəndir. Bəlkə, (Allahın nemətlərinə) şükür edəsiniz." (Rum surəsi-46)

“Buludları hərəkətə gətirən küləkləri göndərib anbarı göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış damlalarının (dənəciklərinin) çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.(Rum surəsi-48).

“Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) ölü (quru) bir vilayətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik.” (Fatir surəsi- 9).  

“Biz (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) küləkləri göndərdik, göydən yağmur endirib sizi sirab etdik. Yoxsa onu yığıb saxlayan siz deyilsiniz!” (Hicr surəsi-22). 

Həzrət Əli (ə) ikinci cümləsində dağların faydasına işarə edərək buyurur: “Yerin iztirabını dağların vasitəsilə ram etdi”.

Həyat üçün dağların nə dərəcədə əhəmiyyətli olmasını dərk etmək üçün bu ayələrə diqqət edək:

1) “Allah (yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və çaylar, yollar yaratdı ki, hidayət olasınız” (Nəhl surəsi-15).

2) “Yer onları (insanları) silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm dağlar yaratdıq, orada dərələr, yollar əmələ gətirdik ki, hidayət olsunlar (Ənbiya surəsi-31)”. 

3) “O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi” (Fussilət surəsi-10).

4) “Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik” (Mursəlat surəsi-27).

Həqiqətən Həzrət Əlinin (ə) Allahın əzəmətini, qüdrətini, varlıq aləminə olan rəhmət və mərhəmətini dərk etmək üçün insanların nəzərini Allahın bu iki zərif, lətafətli və eyni zamanda əzəmətli məxluqu olan küləklərə və dağlara cəlb etməsində böyük hikmət gizlənib.

Küləklərin və dağların insan həyatında və bəlkə də bütün canlıların həyatında olan təsiri açıq-aydındır. Belə ki, onu şərh etməyə heç bir ehtiyac yoxdur. 

Məqalədə : İslam din iman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
45

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
65

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
124

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
151

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
164
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 13:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru