Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2018
15:20
Abituriyentlərin cavabları qəbul imtahanlarında bu cür yoxlanılacaq

2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur.

Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud, mətn əsasında hazırlanan tapşırıqlardır.

Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Bəs yeni qəbul modelində suallar hansı standartlar əsasında yoxlanılacaq?

Yeni test tapşırıqlarının yoxlanılması yeni üsullarla olacaq. Cavabların yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsilə aparılacaq.

Yoxlanılma prosesində insan faktoru...

Dövlət İmtahan Mərkəzi valideynləri tam əmin edib ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərə bilməz. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək və hər bir abituriyent öz işi ilə tanış ola biləcək. 

Həmin tapşırıqlar Dövlət İmtahan Mərkəzinin “markerlər” adlandırdığı qrup tərəfindən yoxlanılacaq.

Kütləvi imtahanlarda yazı işlərinin qiymətləndirilməsi prosesini həyata keçirmək üçün DİM-də işlənib hazırlanan sistemdə markerlərin hazırlığı məsələləri çox mühüm istiqamətlərdən biridir.

Yazı işlərinin qiymətləndirilməsi zamanı qiymətin dəqiq olması qiymətləndirməni həyata keçirən markerin pedaqoji hazırlığından, ixtisas biliklərindən, kompüterdən istifadə bacarığından, fiziki və psixoloji iradəsindən, dəqiqliyindən, diqqətli olmasından, çevikliyindən, meyarla düzgün işləmə səriştəsindən, qiymətləndirməyə bilərəkdən və ya bilməyərəkdən subyektiv yanaşmalarından  və bir sıra digər amillərdən asılıdır. 

Bilərəkdən subyektiv yanaşma: Yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən müsbət və ya mənfi yanaşması.

Sistemin hazırlanmasında belə subyektiv təsirlərin sıfıra yaxınlaşdırılması üçün ciddi tədbirlər görülüb.

Bilərəkdən subyektiv yanaşmanın qarşısı proqram təminatı ilə tam alınır. Belə ki, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndiriləcək. 2 markerin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir.

Qeyd: Qəbul imtahanında hər fəndən 3 yazıla bilən tapşırıq olmaqla ümumilikdə 9 tapşırıq edir. İndi bu rəqəmləri imtahanda iştirak edən şagirdlərin sayına vuraq. Təkçə qəbul imtahanında 100.000-dən artıq abituriyent iştirak edir. Bu o deməkdir ki, DİM və markerlər heyyəti təkcə qəbul imtahanında 1000.000 (bir milyon) açıq sual yoxlamalıdırlar.

Yoxlama zamanı markerin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) olmur. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyar və qiyməti daxil etmək üçün müvafiq sahə verilir. Həmçinin, proqram bir şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin monitoruna ötürür. Marker yoxlamanı bitirdikdən sonra onun gün ərzində yoxladığı işlərin şərti kodlarının və həmin işlərə verdiyi qiymətlərin proqram tərəfindən hazırlanmış siyahısı (protokolu) çap edilir və marker tərəfindən imzalanır.

Bilməyərəkdən subyektiv yanaşma: Yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmalar.

Bilməyərəkdən subyektiv yanaşmaların qarşısını almaq məqsədilə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrı qiymətləndirmə meyarı hazırlanır və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Bu qiymətləndirmə meyarlarında aid olduğu tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

Bununla belə, markerlər yazı işlərinin yoxlanılması prosesinə DİM-in keçirdiyi monitorinq imtahanlarının real yazı işləri üzərində hazırlanmış praktik treninqlərdə iştirak edib uğurlu nəticə əldə etdikdən, öz fərdi yanaşmalarına üstün gələ bildikdən sonra cəlb olunurlar. Bu praktik treninqlərdə onların kompüterdən istifadə bacarıqları, dəqiq, diqqətli və çevik olmaları, meyarla düzgün işləmə səriştələri də yoxlanılır. Treninqlərə Bakı şəhərindən və regionlardan ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri dəvət olunur.

2013 – 2016-cı illər ərzində monitorinq imtahanlarının yazı işlərinin yoxlanılması prosesi zamanı Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə markerlik fəaliyyəti üçün treninqlərə cəlb edilən və treninqlərdən uğurla keçənlər yazı işlərinin yoxlanılmasında iştirak ediblər.

2017-ci ildən başlayaraq həm Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə markerlər bazasının genişləndirilməsi istiqamətində, həm də digər fənlər (xarici dil, fizika, kimya, biologiya, tarix, coğrafiya) üzrə markerlərin treninqlərdə iştirakı, seçilməsi və yazı işlərinin yoxlanılmasına hazırlanmaları istiqamətində işlər aparılır. Markerlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər DİM-in təşkil etdiyi kurslarda iştirak etməklə də bu prosesə qoşula bilərlər.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com