Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2012
11:09
RAMAZANDAN BƏHRƏLƏNMƏYƏN ORUC TUTANLAR
"Nə çox oruc tutanlar ki, aclıq və susuzluqdan başqa bir bəhrə aparmayıblar"

“Ramazan" sözü ərəbcədən əslində, “rəmz" kökündən olub, “günəşin şiddətli şüa vurması”na deyilir. Bu münasibətlə, bu ayın “Ramazan" adlandırılması o ayda şiddətli isti olması ilə bağlıdır. Başqa nəzəriyyə də budur ki, "Ramazan"sözü Allahın mübarək adlarından biridir. Ona görə də hədisdə gəlib ki, Ramazan deməyin, bəlkə də, mübarək Ramazan ayı deyin. Üçüncü nəzəriyyə budur ki, bu ayda günahların yandığına görə ona, Ramazan adı vermişdir.

ORUC VƏ SƏBR

Qurani-Kərimdə orucdan, “səbr" kimi ad aparılmışdır. İmam Sadiq (əleyhissalam)-dan, Allahın Quranda buyurduğu: “Səbr və namazdan kömək alın"ayəsinin şərhində buyurur: Ayədəki “səbr" sözü, oruc mənasındadır. Həmçinin, buyurur: Hər vaxt bir nəfərə şiddətli bir hadisə baş versə, oruc tutsun. Allah-taala buyurur: Səbrlə, yəni, orucla kömək alın!”

Mərhum Əllamə Məclisi “Miratul-uqul" kitabında belə yazır: Səbrin əsli həbsdir. Oruca o cəhətdən “səbr"deyilir ki, insanı yemək-içmək və evlənməyin ləzzətlərindən çəkindirib saxlayır.

RƏVAYƏTLƏRDƏ ORUCUN FƏZİLƏT VƏ TƏSİRLƏRİ!

Hədis və rəvayət kitablarını mütaliə etməklə, orucun əhəmiyyətini daha çox anlayırıq. İndi də bu rəvayətlərdən bir qisminə işarə edək. Birinci rəvayət: Zürarə adlı ravi, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:

“İslam dininin kökləri beş əsas üzərində qurulmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət.”

Əllamə Məclisi “Miratul-uqul" kitabında bu hədisi “qəbul olunmuş"adlandırır və İslam dininin bu beş əsası barəsində yazır: Bəlkə də, bunlar tamamlayıcı və təkmil edicidirlər. Çünki, bunlarsız İslamın əsasları titrəyər. Yaxud, bu beş şeyə iman gətirmək imandandır. Yaxud, imandan məqsəd, İslamdır. Ya da ehtimal var ki, vilayətdən məqsəd, İmamətdən əlavə olan artıq məhəbbətdir.

İkinci rəvayət:İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, ata-babalarından nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) əshabına buyurur: “İstəyirsiniz sizə elə bir şey öyrədim ki, Şeytan sizdən uzaqlaşsın? Məşriqin məğribdən uzaqlaşdığı kimi olsun? Ərz etdilər: Ey Allahın Rəsulu! Bəli!

Həzrət buyurur: Ramazan ayının orucu Şeytanın üzünü qaraldır. Sədəqə vermək belini sındırır. Allah yolunda dost olmaq xeyir işlərə kömək və Şeytanın nəslini kəsir. Tövbə edib günahların bağışlanmasını tələb etmək, qəlbini paralayır. Hər şeydən ötrü zəkat var, bədənin zəkatı oruc tutmaqdır.”

Mərhum Əllamə Məclisi bu hədisi möhkəm inanılmış hədislərdən sayır.

Üçüncü rəvayət: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur: “Allah-taala, Musa (əleyhissalam)-a vəhy edir ki: Mənimlə munacat etməyinə, sənə nə mane olur? Ərz edir: Oruc olduğuma görə ağzımın iyi mane olur.

Ona vəhy olunur: Ey Musa! Mən, oruc tutanın ağzının iyini müşk-ənbər iyindən xoş bilirəm.”

Əllamə Məclisi buyurur: Ərəbcədən “xulvuf”, ağız iyinə deyilir. Yenə yazır: Heç kəs iddia etməsin ki, Allah-taalaya, iy hissini nisbət vermək olmaz. Oruc tutanın ağız iyini, Allah qəbul edir. Yaxud, bu söz fərz olunarsa, qəbuldur. Yəni, Allah yanında ətir təsəvvür olunarsa, oruc tutanın ağız iyi ətyəb (ən pak və ətrli) hesab olunur.

Dördüncü hədis:İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Oruc, insanı Cəhənnəm atəşindən qoruyan qalxandır.”

ORUC VƏ GÜNAHLARIN BAĞIŞLANMASI

İmam Baqir (əleyhissalam)-dan nəql olunur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), Cabir ibni Abdullaha buyurur: Bu ay Ramazan ayıdır. Hər kim bu ayın gündəlik günlərini oruc tutsa, gecələrini ibadətlə məşğul olsa, qarnını haram buyurulmuşlardan hifz edib, abır-həyasını qorusa və dilini saxlasa, Ramazan ayından çıxdıqda günahları tökülər. Cabir ərz edir: Ey Allahın Rəsulu! Bu söz nə qədər gözəldir!

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Ey Cabir! Onun şərtləri nə qədər çətin və ağırdır!

Bu hədisdə, İmam Səccad (əleyhissalam)-ın oruc haqqında dediyi təsirlərə işarə olunur. Dili, qarnı və abır-həyanı qorumaq, günahların bağışlanmasına səbəb olur. Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Oruc tutan həmişə ibadətdədir. Hətta, yatsa da, bu şərtlə ki, qeybət etməsin!”

ORUC VƏ FƏQİRLƏ DÖVLƏTLİ ARASINDA BƏRABƏRLİK

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

“Allah-taala, fəqir və dövlətlinin bərabər olmalarından ötrü orucu vacib etmişdir. Çünki, əgər oruc olmasa, dövlətlinin acdan xəbəri olmaz və bununla da fəqirə təam vermək üçün məsuliyyət hiss etməz. Dövlətli istədiyi şeyi ala bilər. Ona görə də Allah-taala, aclıq və fəqirlərin əziyyətlərini dövlətlilərə göstərib, onları fəqirlərlə bərabər etməkdən ötrü orucu iradə etmişdir"

Bu hədisdən aydın olur ki, Ramazan ayındakı orucun vacib olmasının hikmətlərindən biri təbəqələr arasındakı fasiləni azaldıb, binəvalarla fəqirləri tanıtdırır. Sərvət məsələsi həmişə cəmiyyəti iki qütbə, fəqirlik və dövlətliliyə tərəf çəkir. Çox vaxt dövlətli və hər cür rifahdan bəhrələnənlər fəqir təbəqəsində olanların ah-naləsini və narahatçılıqlarını anlaya bilməzlər və onların əhvalından xəbər tutmurlar. Lakin, elə ki, oruc tutur, ac olur və susuzluq ona qalib gəlir, insani hissiyyatlar hərəkətə gəlir və aclığın əlacı barəsində fikirləşir. Maraqlısı budur ki, heç bir sərvətliyə şəriət icazə vermir ki, orucunu fəqirə versin ki, onun yerinə oruc tutsun. Əlbəttə, orucun heç bir hikmətini də bilməsək, bu hikmət onun üçün bəsdir.

 HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİYYƏSİNDƏ (NƏHCÜL-BƏLAĞƏDƏ) ORUC

 “Nəhcül-bəlağə”də Əli (əleyhissalam)-dan oruc barəsində müxtəlif ifadələr var. Onlardan bəzilərinə işarə edirik.

Bir yerdə belə buyurur:“Bədənin zəkatı orucdur.”

Bildiyimiz kimi zəkat, həm inkişaf mənasında, həm də pakizəlik mənasındadır. Bu cümlədə Həzrət, orucun hikmətlərindən birini bədənin sağlamlığı bilir. Başqa yerdə buyurur:“Ramazan ayının orucu, İlahi əzabın müqabilində qalxan və ötrükdür.”

Başqa cümlədə, mömin qardaşlar barəsində bəyanları var ki, bəziləri aşağıdakılardan ibarətdir:

“Onlar o kimsələrdir ki, qarınları oruc tutmaqdan arıqlamış, dodaqları dua etməkdən solmuş, rəngləri yuxusuzluqdan saralmış və çöhrələrinə təvazökarlıq qubarı oturmuşdur. Onlar mənim getmiş qardaşlarımdırlar.”

Yenə də ayrı bir hikmətli cümləsində buyurur:“Oruc, bəndələrin ixlasını yoxlamaqdan ötrüdür.”

Əli (əleyhissalam) fitr bayramı günlərəndə belə buyurur: Orucu qəbul olan və günah olunmamış gün, bayramdır.”

Daha başqa bir bəyanda gəlib: “Sizə və bütün övladlarıma tövsiyə edirəm: İki nəfər küsülü mömini islah edib, barışdıranlardan olun! Bu işin savabı bütün oruclardan və namazlardan çoxdur.”

BƏHRƏLƏNMƏYƏN ORUC TUTANLAR

“Nə çox oruc tutanlar ki, aclıq və susuzluqdan başqa bir bəhrə aparmayıblar. Nə çox gecə ibadət edənlər ki, özlərinə əziyyət verməkdən başqa bəhrələri olmayıb. Orucun və iftarın hikmətini bilərək yatmaq, necə də gözəldir!”

İmam Əli (əleyhissalam) məşhur “Qasiə" xütbəsində, Şeytanın hiyləsinə giriftar olmaqın aqibətindən söz açır və insana nicat verən amillərə işarə edərək buyurur: Allah-taala, mömin bəndələrinə namaz, zəkat, cihad və vacib günlərdə oruc tutmağı tövsiyə edir. Çünki, bu əməllər əlin və ayağın günahdan çəkinməsinə səbəb olur. Həmçinin, gözün təvazökar və tüğyan edici nəfsin sakitləşməsinə səbəb olur. Təkəbbürçülükdən çəkinin. Alnın torpaq üstünə qoyub səcdə edilməsi və əzaların yerə qoyulması, insanın Allah dərgahında kiçik və təvazökar olmasına səbəb olur. Qarınlar, orucun səbəbindən arxaya yapışır.”

Bütün bunlar, əmirəl-möminin Əli (əleyhissalam)-ın “Nəhcül-bəlağə”də oruc barəsində buyurduqlarındandır. Həzrət, orucun mənfi və müsbət təsirlərini diqqət nəzərdə tutur. Müsbət təsirlərdən: Bədənin zəkatı, atəşdən örtük, imtahan, ixlas və günahların tökülməsidir.

Mənfi təsirlərdən: Orucdan bəziləri yalnız, aclıq kimi bəhrələnirlər. (Əlbəttə öz günahlarına əsasən)

Nəql edirlər: Bir nəfər ərəb, dəvə ilə yol gedirmiş. Yol arasında bir nəfər namaz qılana rast gəlir. Onun qiyam, ruku, səcdə və s. əməlləri onu aldadır. Dəvəsindən düşüb, qəlbindəki səfa ilə onun yanında oturub, ona deyir: Bəh-bəh! Nə gözəl namaz qıldın! Nə yaxşı namaz qılansan! Cavab verdi: Xəbərin yoxdur. Oruc da tutmuşam. Özünü abidliyə vurmuş şəxsin namaz və orucu dəvəyə minmiş şəxsin qəlbini daha da arxayınlaşdırır və dəvəsini onun yanında əmanət kimi qoyub, işinin dalınca gedir. Qayıdarkən, nə dəvədən və nə də kişidən xəbər var idi. Ərəb çox təəccübdə qalıb barmağını dişləyir və ixtiyarsız deyir:

“Namazı ilə qəlbimi aldı. Orucu ilə iradəmə hakim oldu. Heç vaxt dəvəni oruc tutan və namaz qılana vermə!”

Bura kimi “Nəhcül-bəlağə”də Həzrəti Əli (əleyhissalam)-ın dilindən orucun müsbət və mənfi təsirlərinə işarə etdik. Yaxşı olardı ki, indi də məşhur alim, fəqih, Şeyx Məhəmmədin “Cəvahir" kitabının dilindən orucun müsbət təsirlərinə işarə edək. Allah buyurur:

“Oruc Məndən ötrüdür və mükafatını da Mən verəcəyəm!" Müəllif bu mövzuda buyurur: Orucun Allaha məxsus olmasının dəlili budur ki, məxfi ibadətdir. Allahdan başqa heç kəsin ondan xəbəri olmur. Amma, başqa ibadətlər, məsələn, namaz, insanların gözü önündə olur. Oruca görə bədən qüvvəsi zəifləyib, ağıl və onun qoşunu güclənir. Orucun vasitəsi ilə İlahi feyzə nail olub, kamala yetişərsən.

QƏZZALİNİN NƏZƏRİYYƏSİNƏ GÖRƏ ORUCUN TƏSİRLƏRİ

Əbu Hamid yazır: Oruc, Allahdan ötrü olub, xüsusi şərafətə malikdir. Doğrudur ki, bütün ibadətlərdə bu xüsusiyyət vardır, lakin, orucda iki xüsusi cəhət var:

1. Oruc, “özünü gözləmək" və “tərk etmək”dir. Bu elə bir sirrdir ki, başqaları onu müşahidə edə bilmir. Lakin, başqa ibadətlər insanların gözləri önündə olur. Orucu, Allahdan başqa heç kəs hiss etmir. Ona görə ki, batində və səbrlə olan bir əməldir. Bu da özünü günahlardan qorumaq hesab olunur.

2. Oruc, bəzi şeyləri tərk etməklə, Allahın düşməni sayılan Şeytana ən böyük zərbədir. Çünki, Şeytanın vəsiləsi şəhvətdir. Şəhvət də yemək-içməklə möhkəmlənir. Həmin səbəbə görə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Şeytan, insanın bədəninin qan dövranı kimi hərəkətdədir. Şeytanın mənzilini aclıqla bağlayın.”

Orucda aclıq, Şeytanı sındırandır, onun qarşısına möhkəm sədd çəkir. Hər kim Şeytanı sındırsa, Allaha kömək etmiş olur. Allaha kömək etmək isə Onun tərəfindən insanın özünə fürsət verilməsi deməkdir. Allah-taala buyurur:

“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər!”

Çalışmaq və zəhmətin ibtidası, bəndənin öz tərəfindən, onun mükafatı isə Allah tərəfindəndir. Quranda buyurur: “Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməl edənlərlədir.”

Yenə də Allah taala buyurur:

“Həqiqətən, hər hansı bir tayfa öz taleyini dəyişməyincə, Allah da onların taleyini dəyişməz.”

Həqiqətən, dəyişiklik, şəhvətin sındırılmasıdır. Şəhvət, Şeytanın otlağıdır. Otlaq nə qədər təzə olsa, Şeytan ordan qaçmaz. Nə qədər ki, Şeytan insanın vücudunda var-gəl edir, Allahın cəlalı insana görünməz. Ona görə də, Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Əgər Şeytanlar, Adəm övladlarının qəlblərinə var-gəl etməsəydilər, insanlar göylərin mələklərini görərdilər.”

Emin Nəsirli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
271

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
287

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
468

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
333

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
264

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
322

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
7387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 00:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru