Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2019
09:01
929
`Əsrin Müqaviləsi` sazişinin imzalanmasından 25 il ötür

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının istismarını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi imzalanıb. Parlamentdə ratifikasiya olunaraq qanun statusu alan saziş çərçivəsində işlərə 1995-ci ildə start verilib. 20 sentyabr Azərbaycanda “Neftçilər günü” elan edilib. 

25 il bundan əvvəl dünyanın 8 ölkəsinin 13 neft şirkətiylə Azərbaycan hökuməti arasında “Azəri-Çıraq” və “Günəşli”nin dərinsulu hissəsinin işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi imzalanıb. Bu müqavilə xarici şirkətlərin Azərbaycanla yeni sazişlər imzalaması üçün geniş yol açdı.

“Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk kəməri yenidən quruldu, Bakı-Supsa boru kəməri inşa olundu. Daha sonra Bakı-Tiflis-Ceyhan əsas neft ixrac və Bakı-Tiflis-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi. 

2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

“BTC Co.”nun səhmdarları bunlardır: BP (30,1%), “AzBTC” (25%), “Chevron” (8,9%), “Equinor” (əvvəlki “Statoil”) (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), “Itochu” (3,4%), “Inpex” (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%).

Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

Neft sektorunun inkişafı, Dövlət Neft Şirkətinin potensialının artması Azərbaycanın öz yataqlarında daxili imkanlar hesabına axtarış qazma işləri aparmağa imkan verib. Bu işlər nəticəsində təkcə son illərdə Xəzərin Azərbaycan sektorunda iki böyük qaz-kondensat yatağı kəşf olunub. “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 30-40 mln. ton kondensat ehtiyatı, yeni aşkar edilmiş “Abşeron”un karbohidrogen ehtiyatları isə 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.  

1994-cü ildən bu vaxta qədər Azərbaycan neft qaz yataqlarının istismarına dair xarici şirkətlərlə 34 saziş imzalanıb. 

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Hazırda AÇG-də tərəfdaşların iştirak payı belədir: BP – 30,37%, “AzACG” (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Limited” (OVL) – 2,31%.

Ümumilikdə 1997-ci ilin noyabr ayından 2019-cu ilin 1 sentyabrına AÇG-dən 492 mln. ton neft hasil edilib ki, bunun da 287 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Bu dövr ərzində AÇG-dən 161 mlrd. kubmetr təbii qaz hasil olunub.

Məqalədə : Əsrin müqaviləsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
103

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
74

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
133

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 21:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru