Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
12:41
644
Fazil Məmmədovun velosiped biznesi batır

Havalar isindikcə Bakıda velosiped sürənlərin sayı da artır. Paytaxtda velosiped yolu olmadığı üçün velosipedçilərə də daha çox bulvar ərazisində rast gəlmək mümkündür. Onlar ən çox xaricdə istehsal edilən velosipedlərə üstünlük verirlər. 

Ancaq... 2016-cı ilin avqustunda İsmayıllının Diyallı kəndi ərazisində "İsma Bikes” velosiped istehsalı zavodunun açılışı oldu. Açılışına prezident İlham Əliyevin də qatıldığı zavodun istehsal gücünün ildə 20-30 min velosiped olduğu bildirildi. Zavod haqqında məlumatda qeyd olunurdu ki, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib və zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək. İddialara görə, bu biznes sabiq vergilər naziri Fazil Məmmədovun nəzarətindədir. Bəs hazırda bazarda "İsma Bikes” velosipedlərinə rast gəlinirmi?

"FaktXəbər" "Yeni Müsavat”a istinadən xəbər verir ki, Bakının kənar ərazilərində, bazarlarda satılan velosipedlərin əksəriyyəti Çin istehsalıdır. Böyüklər üçün olan (26-lıq) bu velosipedlərin qiyməti əsasən 180 manatdan başlayır. Uşaqlar üçün olan velosipedlər isə 30 manatdan başlayaraq, formasına və keyfiyyətinə görə bir neçə manat bahalaşan qiymətlə satılır.

Bu mağazaların heç birində "İsma Bikes” velosipedlərinə rast gəlmədik. Satıcılar bildirdilər ki, belə velosipedlər yerli istehsal olsa da, qiyməti olduqca bahadır. Ona görə də satmaq sərf eləmir. Satıcılar onu da qeyd etdilər ki, Bakıda velosiped yolu olmadığı üçün Çin istehsalı olan mallar belə zəif satılır. Satıcı Rəhman Bayramov aşağıdakıları söylədi:

"Paytaxtda velosipedi olanlar belə sürməyə yer tapmırlar. Çünki illərdir velosiped yolunun çəkiləcəyi ilə bağlı xəbərlər yayılsa da, nəticə görünmür. Ona görə də camaat velosiped almır. Ən çox satdığımız uşaq velosipedləridir. Böyüklər üçün olan velosipedləri alanlar da elə yeniyetmələrdir. Birinci küçəni çəkmək lazımdır, sonra velosiped istehsalı ilə məşğul olmaq gərəkdir.

Biz bildiyimiz qədərilə Bakıda ”İsma Bikes"in 2 mağazası olub. Onlar da hazırda işləmir. Həmin mağazalardan biri Heydər Əliyev prospektində, düz yolun kənarında yerləşirdi. Elə bir yer idi ki, avtomobili saxlamaq mümkün deyildi. Magistral yolun kənarında bu cür mağazanın effekti olmur. Hazırda həmin mağaza bağlanıb. İkinci mağaza da metronun "20 Yanvar” stansiyasının yaxınlığında yerləşirdi. Orada da iri mağaza var idi. Bu ildən həmin mağaza da fəaliyyətini dayandırıb".

Deyilən faktı yoxlamaq üçün Heydər Əliyev prospektinə yollandıq. Öyrəndik ki, doğrudan da "İsma Bikes”in mağazası fəaliyyətini dayandırıb. Mağazanın yerləşdiyi obyekt isə icarəyə çıxarılıb.

"İsma Bikes”in sosial şəbəkələrdə də səhifələri mövcuddur. Həmin səhifələrdə qoyulan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin heç bir nömrəyə zəng çatmadı. Bundan əlavə, zavodun saytı da tam işlək vəziyyətdə deyil. Satıcılardan öyrəndik ki, Azərbaycana gətirilən velosiped detallarına heç bir gömrük rüsumu tətbiq edilmir. Yəni ölkəyə gətirilən velosiped detallarının fantastik dərəcədə bahalaşması üçün real səbəb yoxdur.

"İsma Bikes” velosipedləri də xaricdən gətirilən detallar əsasında İsmayıllıda yığılırdı. Lakin buna baxmayaraq, velosipedlərin qiyməti xaricdən gətirilən brend məhsullardan heç də ucuz deyildi. Bu velosipedlər 250 manatdan başlayaraq, 700-800 manata qədər dəyişən qiymətlərlə satılırdı. "Gənclik Mall”da xaricdə istehsal olunan velosipedlər satılır. Onlardan bəzilərinin qiymətlərini təqdim edirik.

Məsələn, Fransa istehsalı olan velosipedlərin qiyməti 650 manatdan başlayır. Almaniya istehsalı olan velosipedlərin ən ucuzunu 1200 manata əldə etmək olar. Mağazadakı mütəxəssislər bildirdilər ki, qiymətlər əsasən materiala (alüminium) görə dəyişir. Almaniya velosipedlərinin baha olmasının səbəbi də məhz materialın keyfiyyətli olmasıdır. Bildirdilər ki, onlar yerli istehsalın satışına yer vermirlər. Ona görə də İsmayıllıdakı zavodun istehsalı barəsində məlumatlı deyillər.

Qısa olaraq qeyd edək ki, velosipedin gövdəsi alüminiumdan düzəldilir. Mağazalarda velosipedin keyfiyyəti ilə maraqlanan zaman satıcılar adətən  "model 6 minlik, 7 minlik alüminiumdan hazırlanıb”, - deyə bildirirlər. 7 minlik alüminiuma sink və maqnezium (qismən mis) də qatılır. Bununla da pasa qarşı müqavimət artır. Alüminiumun 6000-lik ərintisinə isə silisium və maqnezium qatılır. Bunlarda isə pasa qarşı müqavimət aşağıdır. Deyilənə görə "İsma Bikes”də məhz yüksək səviyyəli alüminiumdan hazırlandığı üçün qiymətləri yüksək olub.

Bəs yerli malı haradan əldə etmək olar? 30 min velosiped hara getdi?

Bu ilin aprel ayında İSMA brendinin daxil olduğu "Synergy Group”un Marketinq direktoru Murad Mirzəyev marja.az saytına bildirib ki, Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: "20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcək. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib".

Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində "Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: "Mağazanın anbarında olan velosipedlər ”Maqnit" mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək".

Murad Mirzəyev bildirib ki, İsmayıllı Velosiped Zavodu fəaliyyətini dayandırmayıb.

Onu da qeyd edək ki, zavodun saytında verilən məlumata görə, "İsma Bikes”in Sumqayıt, Bərdə, Naxçıvan, Xaçmazda da dilerləri var. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1767

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2076

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
228
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 07:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru