Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
10:07
4434
TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...

Fars körfəzində hələlik daha çox əsəbləri zədələyən gərgin vəziyyət hökm sürür, Allah eləməmiş, kiçicik bir səhvlə nəzarətdən çıxıb insanlara, yaşayış məntəqələrinə, infrastruktura böyük ziyan yetirə, nəinki Şəttül-ərəb çayı, Qırmızı dəniz, bütün Hind okeanını al qana boyaya bilər... Beynəlxalq aləm narahatdır və mövcud durumla əlaqədar müxtəlif bəyanatlar səsləndirilir. Həmin çağırışların rəngarəngliyi isə qaynaqlandığı mənbənin məramı ilə birbaşa əlaqəlidir: mütərəqqi ictimaiyyət müharibənin olmaması, sülh və əmin-amanlıq; mürtəce qüvvələr qanunsuz əmrlərinə boyun əyməyənləri çökdürmək, silah satıb pul qazanmaq, daha çox ərazilər zəbt etmək üçün... 

Amma təhlükə bir anda ortaya çıxmadı ki... - Fars körfəzi böhranı koalisiya qüvvələrinin Suriyaya təcavüzünün başlandığı 2011-ci ilin martından bu yana yol gəlir. Əslində bufer zonası rolu oynayan adıçəkilən ölkənin viran qoyulmasından sonra 2018-ci ildə Ağ Evin İslam Respublikası ilə imzalanmış (14 iyul, 2015) Uzunmüddətli Fəaliyyət Proqramından çıxması pik nöqtə sayıla bilər. Hadisələrin sonrakı gedişatı rəsmi Vaşinqtonun Tehrana çeşidli böhtan-təzyiq kampaniyaları, İran rəhbərliyinin özünümüdafiəsi, nüvə sazişi tərəflərini yola gətirmək cəhdləri və dünyanı problemlə bağlı məlumatlandırmağa çalışması ilə yadda qalıb. Hətta Trampın təşəbbüsü ilə iqtisadi sanksiyaların ikinci mərhələsinə - neft gəlirlərinin 50 milyarddan 10 milyarda qədər endirilməsinə qərar verildi. Oxşar seriyada ən ilginc məqam ölkənin qanuni ordusu, hərbi strukturu İslam İnqilabının Keşikçiləri Korpusunun terrorçular siyahısına salınması idi...

Lakin çox təəssüf ki, müşküllərin vaxtında və yerində aradan qaldırılmasından ötrü çabalar müsbət nəticələnmədi, deməli, ya planetimizin sülhməramlı hissəsi qana hərislərdən gücsüzdür, ya da tüleyüklü missiyalarına məsuliyyətsiz, barmaqarası yanaşıblar. Əks təqdirdə, Tramp-Bolton-Pompeo üçlüyü ifrat hədə-təhdid tonunda danışmaz, ABŞ hökuməti Aralıq dənizindəki “Avram Linkoln” təyyarədaşıyanı 1200 canlı qüvvə və müşayiətçi hərbi gəmilərlə Bəhreynə göndərməzdi. İndi qərbli müharibə ssenaristlərinə kiçicik bir qığılcım lazımdır - hadisələrin düyünləşməsi prosesi necə müxtəlif kompromatlarla zəngindirsə, eləcə də hücuma başlamağa bəhanə axtarışındadırlar. 

Ancaq diqqətli təhlilçilər yəqin ki, bir məqamı nəzərdən qaçırmayıblar: silahlı hücumdan ziyan çəkəcək yeganə ünvan ABŞ və onun biznesmen-prezidentidir. İlk növbədə, sürətlə nüfuzsuzlaşması və növbəti seçkilərdə tarixin arxivinə gömülmə ehtimalının ciddiliyi səbəbindən: hələ də seçkisinə müdaxilənin araşdırması gedir, xalq narazıdır, sosial sorğuların nəticələri xeyrinə deyil, əksər qərarları qəzəb doğurub, ciddi rəqibləri meydana çıxıb və sair. 

2. Və həmin quyunu dərinləşdirən fantastik dövlət borcu və büdcə kəsiri... Öz Maliyyə Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatların dövlət borcu 22 trilyon dolları keçib, yəni 2019-cu ilin fevral ayının ilk on günündə 90 milyard çoxalaraq 22,012 trilyon dolara çatıb. Dövlət büdcəsinin kəsiri ötən maliyyə ilində 17 faiz artımla 779 milyard dollar həddindədir, rəqəmin 2020-ci ildə 1 trilyona bərabərləşəcəyi ehtimalı var. Rahat səslənməsinə baxmayaraq, olduqca dəhşətli rəqəmlərdir. Müqayisə üçün deyək ki, dünyanın fiziki cəhətdən mövcud bütün qızılı və gümüşünün pulla ifadəsi təxminən 14 trilyon dollara yaxındır, “superdövlət”in borcu isə bundan 8 trilyon çoxdur. Dünya üzrə bir il ərzində neft ixracından əldə edilən gəlir ABŞ-ın dövlət borcundan 25 dəfə azdır. Əgər Səudiyyə Ərəbistanı Vaşinqtonun xeyrinə bütün neft qazancından imtina eləsə, o zaman borcların tam qayratılması üçün təxminən 150 il vaxt lazımdır. ABŞ-ın 500 nəhəng şirkətinin satılması belə, dərdə dərman deyil, onların toplam qiyməti borcun məbləğindən 600-700 milyard dollar aşağıdır. Oxşar misalların siyahısını xeyli uzatmaq mümkündür, hər dəfə də son nəticə mövcud kəsirlərlə savaşa girməyin məntiqsizliyini ortaya qoyur.     

3. Bundan başqa, şöhrətpərəst və həris xasiyyəti Trampı böyük vəchlə Nobel Sülh mükafatına dartır. Koreya yarımadasının silahsızlaşdırılması, iki Koreya arasında buzları əritməyə cəhd görüntüsü və İsrail-Fələstin probleminin həlli istiqamətində atdığı addımlar, kürəkəni Kuşnerə “Əsrin Müqaviləsi” adlı barışıq sazişi layihəsini hazırlatmasının bir səbəbi də məhz həmin arzudur. İndi duran yerdə İranla açıq döyüşə gedən adama nüfuzlu sülh ödülü necə verilə bilər axı?!

4. Son illərin təcrübəsi göstərir ki, Pentaqon rəqib saydıqları ilə üzbəüz döyüşməyə həvəsli deyil, özgə torpaqlarındakı itkilər zərərçəkmişlərin yaxınlarını, əsgər ailələrini, hüquq-müdafiə təşkilatlarını iqtidarın üzərinə qaldırır, uzun-uzadı təhqiqatlara rəvac verir. Elə Amerika Silahlı Qüvvələri Baş Qərargah rəisinin “biz İŞİD-i ordumuzun uzaq səhralarda vuruşmaması üçün yaratdıq” etirafı da həmin sulardan quru çıxmağa hesablanıb. 

5. Nəhayət, basqılar müqabilində əzməyə çalışdıqları tərəf də əl-qolunu yanına salıb dayanmır ha... Uzun illərin sanksiya şəraiti İranı özünütəminə və müdafiəyə öyrədib. Ölkə tükənməz xammal ehtiyatlarına və həyat əhəmiyyətli hər şeyin daxildə istehsalına malikdir. Həm də rəsmi Tehran nüvə razılaşmasının bərpasına israrlı cəhdlərin boşa çıxdığını görüb, müəyyən əks-tədbirlərə start verib – siyasi hakimiyyət artıq ABŞ-la müzakirənin mənasızlığını, hərbi elita hər hansı hücumun layiqli cavablandırılacağını bəyan edir. İslam Respublikasının Təhlükəsizlik Şurası nüvə anlaşmasının müəyyən müddəalarının qüvvədən düşdüyünü, Nüvə Təhlükəsizliyi Agentliyi az təmizlənmiş (3,64) uran istehsalını dörd dəfə artıracağını bildirir. Ən başlıcası isə bu məmləkətdə şəhidliyə - vətəni və dini uğrunda canından keçməyə hazır milyonlarla insan var və sadalananlar düşməni tüpürdüyünü yalamaq məcburiyyətində qoyan, geri çəkilməyə vadar edən tutarlı faktorlardır.    

İllərin təcrübəsi göstərir ki, mürtəce qüvvələrin mövqeyində korrektə görüntüsü, yaxud, siyasi təhlilçılərin “Tramp geri çəkildi”, “güc tətbiqi qərarında dəyişiklik” ifadələri bu ölkənin hərb variantından əl çəkib, sülhməramlı mərhələyə qədəm qoyması demək deyil, bəlkə də aldadıcı manevrləri işə salaraq fəlakətin miqyasını böyütmək, daha artıq qan axıtmaqdır. Əlbəttə, başqalarının əli ilə... 

Burada qütblər yaranır, proses zəncirvari hal alır, haçalanır: ABŞ-ı İranın üzərinə qaldıran, savaşa təhrik edən sahib və cəlladlıq funksiyasını yerinə yetirən kölə. “Başqaları” isə həvəsli, könüllü, ya da tora salınıb məcburiyyət qarşısında qarşıdurmaya qoşula bilər. İndiki halda həmin rollarda İsrail və Səudiyyə Ərəbistanıdır. Ər-Riyad Qərb irticasının regiondakı vuran əlidir, İslam vəhdətinə əngəl törədir, Amerikadan aldığı milyardlarla dollar həcmində silah-sursatı müsəlmanların başına ələyir - Yəməndə dinc əhaliyə tutulan divan deyilənlərin faciəli nümunəsidir. Təl-Əviv ilhaqçı planları, özgə torpaqlarında yəhudi ərazilərinin genişləndirilməsi layihələri önündə daim Tehranı bir baryer, maneə qismində görür,  hətta Suriya müharibəsinin də ilhamvericilərindəndir. Ümumdünya Mason Lojasının Ağ Ev rəhbərliyinə sıx təsiri sayəsində son 4-5 ildə Qüds və bütövlükdə Fələstin məsələləri ilə bağlı ədalətsiz mövqe sərgiləndi, Suriyadan zorla qoparılmış Colan təpələri İsrail ərazisi kimi tanındı və sair.    

Elə Trampın özünün "Fox News" telekanalına açıqlaması fikrimizin təsdiqindən əlavə, şok effekti yaradıb. Telekanalın İranla müharibənin olub-olmayacağı sualına cavabda Donald Tramp belə savaşa girmək istəmədiyini, ancaq onu məcbur elədiklərini söyləyib: "Ölkədə hərbi-sənaye kompleksi var, onlar daim müharibə istəyirlər". Prezident sözünə Suriyanı misal gətirib: "Hərbçilərimizi Suriyadan çıxarmaq istəyirəm, bəziləri çılğına dönür. Vaşinqtonda elə insanlar var ki, heç yerdən çıxmaq istəmirlər. Yaxşı, Suriyada bir neçə yüz əsgər saxlayarıq dedim... Amma onlara qalsa, əlavə kontingent göndərərdik..." Necə də tanış mənzərələrdir: ABŞ hərbi sənayesinin sionizmin qeyri-rəsmi nəzarətində olması gerçəkliyi və Suriyada məğlubiyyətlərindən sonra Netanyahunun qorxu dolu “ay aman! İran sərhədlərimizə bir az da yaxınlaşdı” fəryadı...

Körfəzdəki böhranı silahlı qarşıdurma kontekstinə adlatmaq üçün artıq iki dəfə bəhanə hazırlanıb: əvvəl Oman körfəzinin BƏƏ sektorunda - İrandan 115 kilometr məsafədə - neft tankerlərinə hücum qeydə alınıb - vurulan gəmilərdən biri neft yükləmək üçün Səudiyyəyə məxsus Ras Tanura limanına gedirmiş... Ölkənin enerji naziri Xalid əl-Faleh olayı pisləyərək qlobal neft ticarətinə təhdid adlandırıb, beynəlxalq birliyi dənizlərin və gəmilərin təhlükəsizliyini təmin etməyə çağırıb. Donald Tramp da körfəzə “Avram Linkoln” təyyarədaşıyanı və “USS Arlington” döyüş gəmisi, Qətərə B-52 bombardmançıları, “Patriot” qurğuları göndərəndə məhz dünya neftinin 40 faizinin daşındığı ərazinin “təhlükəsizliyini qorumaq istədiyini” açıqlamışdı... Sonra isə Səudiyyə Ərəbistanı daxilində neft kəmərlərinə dron hücumu baş verdi, lakin olayların heç birində “günahkar” tapılmadı – görünür, onun elanı üçün hələlik qəti tapşırıq gəlməyib.     

Lakin Kral hakimiyyəti xislətinə uyğun şəkildə, Tehranın qaralanmasında təşəbbüskar rolunu saxlamağa çalışır. Hətta mayın 30-da Körfəz Əməkdaşlıq Şurasını və Ərəb Liqasını Zirvə toplantısına çağırmaqla məsələyə rəsmi don geyindirmək, toplantını Məkkədə keçirməklə bu mühasirəyə dini çalar vermək, Qərb dairələrində “İslam dünyası əmrimdədir” fikri yaratmaq və İrana qarşı ortaq cəbhənin lideri olmaq istəyir.

İndiki vəziyyətdə özünü tamamilə itirmiş Ağ Ev sahibi çaşqın, gülünc vəziyyətə düşərək təzadlı bəyanatlar verir. O gah “biz İraqa girməməliydik” deyə, çoxsaylı problemlər miras qoymuş sələfi Corc Buşu qınayır, gah proseslərə düzgün istiqamət verməməkdə Bolton-Pompeo cütlüyünü suçlayır, gah da İslam Respublikası rəhbərliyindən telefon zəngi gözlədiyini bildirir. Münasibətlərin və dialoqun bərpasından ötrü Yaponiya imperatoruna vasitəçilik xahişi də gələn xəbərlər sırasındadır.   

Real şəraiti dəyərləndirməyi bacaran, qarşısındakı rəqibin hücumundan deyil, arxadan vurula biləcək xain zərbədən ehtiyatlanan rəsmi Tehran önləyici tədbirlər üzərində işləyir. XİN rəhbəri Məhəmməd Cavad Zərif Fars körfəzi ölkələrinə mürəkkəb vəziyyət fonunda hücum etməmə barədə saziş imzalamağı təklif edib.

Göründüyü kimi, Fars körfəzinin havası xeyli ağır, suları çox qaynardır. Səbəb Vaşinqtonun yeni münaqişə ocağı qalamaqla beynəlxalq aləmin başını qatmağa çalışması, silah-sursat satıb dövlət borcunu azaltmağı hədəfləməsidir. Bu isə birini digərinin üzərinə fitləməklə mümkündür və Şərqdə xüsusilə yaxşı effekt verir. Ümumiyyətlə, super-jandarm bütün dünyanı güdaza verməyə hazırdır – yalnız öz (və İsrailin) ərazilərindən kənarda və özlərinin seyrçiliyi ilə...

Qurban Cəbrayıl

Məqalədə : ABŞ İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
585

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
413

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
270

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
224

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
222

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
364

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
441
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 08:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru