Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2019
10:27
682
`Bal idxalı belə davam etsə ölkədə arıçılq tənəzzül edəcək`

Son aylarda Azərbaycana xaricdən bal idxalı kəskin şəkildə artıb. Xüsusilə Rusiya və İrandan bu məhsulu idxal edən fiziki və hüquqi şəxslərin də sayında artım var. Bununla bağlı redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, ucuz başa gələn idxal balı getdikcə yerli məhsulları bazardan sıxışdırmaqdadır.

Bakının bir sıra iri supermarketlərində apardığımız müşahidələr göstərir ki, həqiqən də satışda xarici, xüsusilə də İran və Rusiya istehsallı balların sayı xeyli artıb. Bəzi marketlərdə hətta xüsusi stendlər də quraşdırılıb. Həmin stendlərdə yerli baldan yarıbayarı ucuza bal təklif olunur.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun dediyinə görə, ölkəyə bal idxalındakı kəskin artımı onlar da müşahidə ediblər: “Bu hal son aylarda daha kəskin xarakter alıb. Biz bunun fərqindəyik, çünki ucuz idxal balı yerli məhsulumuzun satışında problemlər yaradır”.

Assosiasiya sədrinin sözlərinə görə, arıçılığın sürətlə inkişaf etməyə başladığı indiki dövrdə idxalın belə artımı yerli arıçıları ciddi problemlərlə üz-üzə qoya bilər: “Bildiyiniz kimi, dövlət rəhbərliyinin də ciddi dəstəyi ilə son 2-3 ildə Azərbaycanda arıçılıqda böyük inkişaf var. Əgər əvvəl 300 minədək arı ailəsi vardısa, bu gün Azərbaycanda 590 mindən yuxarı arı ailəsi qeydiyyatdan keçib. Hesablamalara görə, ölkənin təbii bala olan daxili tələbatı ildə 5 min tona yaxındır. Ötən il ölkədə 3 min tondan çox bal istehsal olunub. Bu il isə biz 5 min tondan yuxarı məhsul istehsalı gözləyirik. Yəni yerli istehsal daxili tələbatı tam qarşılamaq imkanında olacaq. Buna görə də biz aidiyyəti qurumlara müraciət etmişik ki, bal idxalında əlavə rüsum tətbiq olunsun”.

B.Həsrətov bildirir ki, Azərbaycanda istehsal olunan bal ən yüksək keyfiyyətə malikdir: “Bir var, hansısa mədəni bitkini - günəbaxanı, qarabaşağı, yaxud yoncanı əkəsən yüz hektarlarla, arını buraxasan ora və bal əldə edəsən. Buna deyilir, monokolor bal. Adi şirinliyi əvəz edən bal. Bir də var premium - yəni təbii çiçəklərdən əldə edilən bal. Azərbaycan balı məhz premium sinfinə aid edilən ballardandır. Biz müxtəlif xarici ölkələrin bazarlarını araşdırırıq - ərəb ölkələrində, Avropa ölkələrində olmuşuq. Hətta Yaponiyaya bal ixracına başlamışıq. Bizim məhsulumuz premium bal kimi ixrac edilir. Amma bu gün Azərbaycan bazarına böyük həcmlərlə və ucuz qiymətə gətirilən ballar monokolor baldır. 2-3 manata satılan balın nə keyfiyyəti olacaq ki?”

Assosiasiya sədrinin fikrincə, idxal belə artmağa davam edərsə, 2 ilə Azərbaycanda arıçılıq böyük tənəzzül yaşayacaq: “Fermerlərdə stimul qalmayacaq arı saxlamağa, çünki məhsulunu sata bilməyəcək. Biz idxalı artırmaq üzərində işləyirik, amma qısa müddətə ixrac həcmlərini istehsalı qarşılayacaq səviyyədə artırmaq mümkün deyil. Türkiyədə arıçılıq məhz bal idxalına əlavə rüsum tətbiq olunandan sonra böyük inkişafa başladı. Hazırda Türkiyə arı ailəsi sayına görə Çindən sonra dünyada ikinci yeri tutur. Yəni bu təcrübədən dünyada istifadə olunur. Baxın, quş ətinin idxalına əlavə rüsum müəyyənləşdirilməsi hansı müsbət nəticəyə səbəb oldu. Eyni nəticəni biz arıçılıqda da gözləyirik”.

Qeyd edək ki, yerli bal qiymətinin bahalığı ilə seçilir. Nəzərə alsaq ki, dövlət arıçılara subsidiya verməyə başlayıb, bu zaman qiymətlərin ucuzlaşması baş verməli idi. Lakin hələlik bunu müşahidə etmirik. B.Həsrətov bildirir ki, yerli istehsal inkişaf etdikcə, bazarda rəqabət mühiti yaranacaq və qiymət düşəcək: “Bazara nə qədər çox məhsul çıxarılsa, bir o qədər böyük rəqabət yaranar və bu zaman qiymətlər də düşər. Bu, həm də keyfiyyət problemini həll edəcək. Çünki kimin məhsulu daha keyfiyyətlidirsə, o daha çox satacaq. Əgər indi idxal balı bazarı zəbt edəcəksə, daxili istehsalın artmasını gözləməyə dəyməz”.

Xatırladaq ki, ötən ilin sentyabrında Nazirlər Kabineti arıçılıq təsərrüfatlarına dövlət dəstəyi məqsədilə hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsi barədə qərar qəbul edib.

Azərbaycana bal idxalına gəlincə, ötən il bu göstərici 90,26  ton təşkil edib. Bu zaman balın kiloqramı 4,5 dollara - yəni 7,65 manata rəsmiləşdirilir. Qeyd olunan dövrdə Azərbaycandan xaricə 8,33 ton bal ixrac edilib ki, onun da hər kiloqramı 8,6 dollara, yaxud 14,62 manata rəsmiləşdirilib.

Ötən ilin idxal göstəricilərindən aydın olur ki, Azərbaycana ən çox bal İran, Rusiya və Türkiyədən idxal edilir.("Yeni Müsavat")

Məqalədə : bal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
188

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1065

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
254

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 04:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru