Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2019
14:20
2679
Azərbaycanda sosial şəbəkələrdə fenomenə çevrilmiş HEKAYƏ

FaktXəbər maraqlı yazıları ilə son zamanlar sosial şəbəkələrdə Məryəm Sıla Abaslı imzası ilə fenomenə çevrilmiş azərbaycanlı yazıçı Əfsanə Məryəm Sılanın "Gözəgörünməz qadın" adlı hekayəsini təqdim edir:

Əlini qapıya aparmamış açıldı qapı.

- Xoş gəldin, - dedi qadın ürkək təbəssümüylə.

- Diksindim e. Qapıda qalırsan sən mən gedəndən gələnə kimi?!

Cavab vermədi qadın... Versəydi, deyərdi ki, mən sənin yerişini də, addımlarının ahəngini də əzbər bilirəm..  Hələ ilk mərtəbədə, ilk pilləyə ayağını qoyduğun an bilirəm gələnin sən olduğunu..

Əl-üzünü yuyub otağa keçdi. Masanın üstündə hər şey hazır idi. Onun sevdiyi yeməklər, sevdiyi kompot, salata qədər. Baxsaydı, görərdi... Çox önəmli bir qonaq gələcəkmiş kimi zövqlə hazırlanmışdı süfrə. Hər şey səliqəli, yerli yerindəydi. Baxsaydı, görərdi...

- Mən evə çatdım.

Sən hardasan?

Niyə yazmırsan?

Nə yediyinin fərqində belə deyildi. Bütün fikri telefonda idi. Tez-tez mesaj çatdımı deyə baxır, aradabir nəsə yazır, yenə yeməyinə davam edirdi.

- Bilmirsən ki, sən belə gec yazanda mənim nəfəsim daralır?

Hardasan axı?

Qadın səssizcə dayanıb ona baxırdı... Hər gün gördüyü adama, eyni evi, eyni otağı, eyni yatağı paylaşdığı adama illərdir həsrətini çəkirmiş kimi baxırdı... Nə qədər nəvaziş var idi o gözlərdə, nə qədər həsrət var idi... Amma o görmürdü... Baxsaydı, bəlkə də görərdi...

Yeməyini bitirib divana keçdi:

- Çay gətirimmi?

- Yox, birazdan.

Qadın süfrəni yığışdırıb mətbəxə keçdi. O isə hələ də nigaranlıqla telefona zilləmişdi gözlərini... Birdən ekranın sağ tərəfindəki dairə sürətlə aşağı sürüşdü... Mesajlar oxundu, sıraya düzülmüş üç nöqtə dalğalanmağa başladı...

- Gəldim. )

- Hardaydın bayaqdan? Niyə yazmırdın?

- İşim vardı. Yaza bilmirdim.

- Mən... Mən çox qəribə olmuşam. Çox bağlanmışam sənə... Sən belə itəndə dəli oluram. Mənimçün çox dəyərlisən. Bilirsən? Sən fərqli qadınsan! Hamıdan fərqli!

- Sən də mənimçün eləsən. Çox dəyərli bir dostsan!

- Dost?! Mən səninçün dostam?! Elə bu qədər?!

- Başqa nə olsun? Axı sənin ailən var...

- Ailə demək olarsa ona...

- Sən yaxşı insansan, vicdanlı, həm də məntiqli.  Ailənlə münasibətlərini yoluna qoymaq üçün cəhd etməlisən. Bax, bunu sənin kimi biri də etməyəcəksə, hər gün məntiqsizcəsinə boşanmanı tək çarə görən insanlara nə deyək?

- Anlamırsan... O sənin kimi deyil. Bax səninlə nə qədər mövzuda söhbət etmişik. Mən sənin fikirlərinə, mövzulara yanaşmana, ürəyinə vurulmuşam. O isə dayaz düşüncəli, dünyanı ancaq bu evdən ibarət görən bir qadındır.

- Məncə danışmağa, bir yol tapmağa cəhd etməlisən. Elə günü bu gün oturub danışın. Necə oldu bu duruma gəldiniz? Necə düzəldə bilərsiniz vəziyyəti?

Canı sıxılırdı. Bu mövzuda danışmaq istəmirdi. Söhbətlərinin fərqli yöndə getməsini istəyirdi. Bezgin halda cavabladı:

- Söhbətimiz heç cür tutmur. Tutmaz da axı... O, heç mənim nə haqqında danışdığımı belə anlamır...

- Yaxşı, bəs sənə münasibəti necədir?

- Soyuq. Varlığımla yoxluğumun fərqi yoxdur onun üçün.

- Axı, hər halda bir-birinizi sevib evlənmisiniz, elə deyil?

Hövsələsi lap daraldı. Axı bu söhbət nəyə lazım idi? O, onun özünə olan hisslərindən danışmaq, sevdiyini, bağlandığını, hətta heyran olduğunu etiraf etmək istəyirdi. O isə yalnız onun yoldaşına qarşı münasibətini sorğulayır, canını sıxan suallar verirdi. Axırıncı sual lap elə bil yarasını qoparmışdı...

- Sevib evlənmişik? Mən sadəcə bunun sevgi olduğunu sanmışam... Vəssalam!

Cümləsini əsəbindən əli əsə-əsə yazıb başa vurdu və cavab gözləməyə başladı. Amma dəqiqələr keçir, heç nə yazmırdı qadın. Xətdə idi hələ də, amma yazmırdı ki, yazmırdı...

Səbri daraldı, gərginlikdən boğazı qurudu. Üzünü mətbəxə tutub bağırdı:

- Çay gətir mənə!!

Mətbəxdən səs gəlmədi. Sıraya düzülmüş nöqtələr yenidən hərəkətə gəldi. Gözləri işıqlandı. Ürək döyüntüləri artdı. Səbirsizcə gözləməyə başladı...

... Və ekranın solunda balaca bir cümlə peyda oldu:

- İndi gətirirəm...

Məqalədə : Xəyanət hekayə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
596

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
421

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
277

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
231

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
229

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
371

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
451
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 09:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru