Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2019
15:40
7008
Qərbdə imici korlanan Bin Salman Asiyaya yönəldi

2 oktyabr 2018-ci il tarixindən etibarən istər beynəlxalq, istər regional, istərsə də yerli bir çox idarəçilər tərəfindən hədəf taxtasına qoyulan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, müdafiə naziri və de-fakto kralı Məhəmməd bin Salman zədələnən imicini yeniləmək üçün bir müddətdir axtarış içindədir. Səud rejiminin nəzarətindəki media orqanlarının xəbərləri və lobbi fəaliyyətlərinə baxmayaraq, xüsusən Amerika Birləşmiş Ştatları mediası və Mərkəzi Kəşfiyyat İdarəsi vəliəhd şahzadəni Camal Qaşıqçı cinayətinə görə məsul bilir.

Qaşıqçının qətlindən sonra Qərb idarəçiləri, xüsusilə Yəməndə insan haqlarının tapdalanmasını gündəmə gətirdi. İnsan haqları, demokratiya, söz və mətbuat azadlığı kimi anlayışları "mənimsəyən" bir çox Qərb idarəçiləri cinayətdən sonra daxili ictimai rəyi sakitləşdirmək üçün Səudiyyə Ərəbistanını cəzalandırdı. Səudiyyə Ərəbistanının Kanada ilə başlayan böhranı Almaniya, Danimarka və Finlandiya ilə davam etdi. Sözügedən ölkələr Camal Qaşıqçı cinayətindəki və Yəməndə baş verən humanitar böhrandakı roluna görə Səudiyyə Ərəbistanına silah satışını dayandırdıqlarını açıqlamışdılar.

Bir çox amerikalı idarəçilər Səudiyyə Ərəbistanı və vəliəhd şahzadəsini cinayətdən nə qədər məsul bilsələr də, Tramp və qrupu Səudiyyə Ərəbistanı ilə əlaqələrini kəsmədi. Tramp və qrupunun vəliəhd şahzadəni müdafiə edən mövqeyinə baxmayaraq, ABŞ daxilində də bir çox siyasətçi Qaşıqçı cinayəti və Yəməndəki böhran başda olmaqla Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olan və beynəlxalq hüquqa zidd bir çox hadisənin arxasında duran Səud rejimini tənqid etmişdi.

Almaniya, Finlandiya, Danimarka və ABŞ-ın bir hissəsindən yönələn ciddi tənqidlərə məruz qalan Məhəmməd bin Salman Avropa Birliyi və BMT kimi mühüm təşkilatlar tərəfindən də küncə sıxışdırılıb. Məsələn, BMT Məhkəməsiz və Özbaşına Edamlar xüsusi məruzəçisi Agnes Kallamard 28 yanvar - 3 fevral tarixləri arasında Türkiyəyə etdiyi səfərə dair verdiyi yazılı açıqlamada, "Türkiyədəki işlərim zamanı toplanan dəlillər Qaşıqçının Səudiyyə Ərəbistanı dövlətinin rəsmiləri tərəfindən amansızlıqla və əvvəlcədən hazırlanmış bir cinayətə qurban getdiyini göstərir", - dedi. Oxşar şəkildə Aİ də Səudiyyə Ərəbistanına qarşı sərt mövqe göstərdi; Səudiyyə Ərəbistanı terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında mübarizədə uğursuz ölkələr siyahısına əlavə etdi.

Trampın alçaldıcı ifadələri, Qaşıqçı cinayəti və Yəməndəki insan haqları pozuntuları başda olmaqla bir çox məsələyə görə küncə sıxışdırılan və dünyada imici zədələnən Məhəmməd bin Salman sözügedən vəziyyəti düzəltmək üçün bir çox addım atır. Qaşıqçı cinayətində səssiz qalan, Yəməndəki insan hüquqlarını görməzliyə vuran və Tramp kimi alçaldıcı ifadələr işlətməyən Asiya ölkələri, bu mənada Məhəmməd bin Salmanın diqqətini çəkir.

Pakistandan təəccüblü qarşılanma

Məhəmməd ibn Salmanın 4 gün davam edən Asiya turunun 2 gününü keçirdiyi və səfərə başladığı ölkənin Pakistan olması, Ər-Riyadın rəsmi İslamabada verdiyi əhəmiyyəti göstərir. Oxşar şəkildə Pakistan da Səudiyyə Ərəbistanına və şahzadəyə əhəmiyyət verir. Səudiyyə şahzadəsinin İslamabadda indiyə qədər heç bir xarici ölkəyə tətbiq olunmayan protokolla, dəbdəbəli şəkildə qarşılaması da bunun göstəricisidir. Digər tərəfdən, Pakistanın yeni baş naziri İmran Xan xalqına ilk müraciətində Səud rejiminə yaxın davranış nümayiş etdirmişdi. Məsələn, İmran Xanın partiyasından verilən açıqlamada, Səudiyyə Ərəbistanı Pakistanın ən etibarlı tərəfdaşlarından biri kimi göstərilmiş və iki ölkə arasındakı əlaqələrin daha yaxşı mövqeyə gətiriləcəyi qeyd edilmişdi. Belə görünür ki, istər iqtisadi ehtiyaclar, istərsə də regional təkləşdirmə layihəsində ABŞ ilə əlaqələrini bərpa etməsi baxımından Səudiyyə Ərəbistanı Pakistan üçün önəmli bir aktyordur.

Qaşıqçı cinayətinə səssiz qalan və cinayətdən sonra Səudiyyə Ərəbistanında keçirilən və bir çox ölkə və lider tərəfindən boykot edilən investisiya konfransına qatılan Pakistan Səudiyyə tərəfindən təltif olunmuşdu. İnvestisiya konfransından sonra 6 milyard dollarlıq borc alan İmran Xan, həmçinin BƏƏ-nin də Pakistanı maliyyə istiqamətdə dəstəkləyəcəyinə dair Səudiyyədən təminat almışdı. 7 yanvarda Pakistana tarixi səfər edən Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan mühüm müqavilələr imzalamışdı. Bənzər şəkildə Məhəmməd bin Salman Pakistan səfərində də neft-kimya, elektrik istehsalı və metal sənayesi layihələrinə 20 milyard dollardan çox investisiya müqavilələri imzalanıb.

Pakistan ictimaiyyətində Səudiyyə Ərəbistanı vəliəhd şahzadə və Yəmən müharibəsi mənfi imicə malikdir. Belə ki, Pakistan Parlamenti 4 il əvvəl ölkə ordusunun Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyayla birlikdə müharibə təklifini rədd etmişdi. İki ölkə arasında hərbi əməkdaşlıq sahəsində çatlar yaranmışdı. Məhəmməd bin Salman bu imici yeniləmək üçün 2,5 milyon pakistanlının yaşadığı Səudiyyə Ərəbistanda 2 min 107 pakistanlını məhbusu azad etdi. Səudiyyə Ərəbistanı neft-dolar diplomatiyası ilə iqtisadi vəziyyəti çətin olan İslamabadı İranla mövcud olan rəqabətdə öz tərəfinə çəkmək istəyir. Məhəmməd bin Salmanın Pakistanı yanına çəkməsi, İslamabadın iqtisadi ehtiyacları ilə yanaşı təhlükəsizlik qayğıları ilə də əlaqədardır. Belə ki, Pakistan İran tərəfindən terroru dəstəkləməklə günahlandırılır. Varşava görüşündə İran əleyhinə edilən çıxışlarla yanaşı, vəliəhd şahzadə də İranla müxalifliyini Asiyada yaymaq niyyətində ola bilər.

Hindistanı yanına çəkmək istəyir

Pakistan səfərindən sonra vəliəhd şahzadənin ikinci dayanacağı Hindistan oldu. İki ölkə arasındakı ticarət həcmi təxminən 28 milyard dollardır və Hindistan Səudiyyə Ərəbistanının 4-cü böyük ticarət tərəfdaşıdır. Hindistan eyni zamanda Səudiyyə Ərəbistanının 8 strateji tərəfdaşından biridir. Həmçinin 2,7 milyon əhalisi ilə Hindistan işçiləri Səudiyyə Ərəbistandakı xarici işçilər arasında ən böyük qrupu təşkil edir. Hindistan Səudiyyə Ərəbistanının Pakistanla yaxınlaşmasından narahat olsa da, energetikada 20 faiz Səudiyyə Ərəbistanından asılıdır. Səudiyyənin "Aramco" şirkəti Hindistandakı 44 milyard dollarlıq "Ratnagiri" zavod layihəsinin 50 faizinə ortaqdır. Həmçinin Hindistan baş naziri Modi, Səudiyyə Ərəbistanı hökumətinin 70 faizinə malik olduğu, dünyanın ən böyük neft məhsulları istehsal edən SABIC-in investisiyalarından da çox məmnundur. Məhəmməd bin Salman seçkilər ərəfəsində getdiyi Yeni Dehlidə Qaşıqçı cinayətinə görə mediada və küçələrdə etirazla üzləşsə də, iki ölkə arasında investisiya və təhlükəsizlik sahələrində mühüm sazişlər imzalanıb. Hindistan Səudiyyə Ərəbistanının vətəndaşlarına turizm, əyləncə sektoru, səhiyyə, günəş və külək enerjisi kimi sahələrdə texnoloji dəstək verməyə hazırdır.

Vəliəhd şahzadə Pakistan ilə Hindistan arasındakı münaqişədə mövqe tutmaq əvəzinə, iki tərəfi də tarazlaşdırma və öz yanına çəkmək niyyətindədir. Pakistanlı məhbuslara oxşar şəkildə, Səudiyyə Ərəbistanda məhbus olan 2 min 224 hindistanlının 850-sini azad edəcəyinə və Hindistana 100 milyard dollardan artıq investisiya yatıracağına da söz verib.

Səudiyyə-Çin əlaqələri dərinləşir

Məhəmməd bin Salman Asiya turunu qlobal siyasətdə getdikcə güclənən və ABŞ-ın ağalığını başa çatdırmaq potensialına malik olan Çin ilə başa vurdu. Səudiyyə Ərəbistanı neftinin bir nömrəli alıcısı olan Çini, krallığın 2030-cu il planları çərçivəsində sərmayəçi kimi ölkəyə çəkmək fikrindədir. Oxşar şəkildə Pekin də Ər-Riyadı mühüm tərəfdaş kimi görür. 2016-cı ildə strateji əməkdaşlığa çevrilən əlaqələr, kral Salmanın 2017-ci ildəki səfəri çərçivəsində imzalanan 45 müqavilə ilə daha da dərinləşdi.

İqtisadiyyatla yanaşı, siyasi məsələlərdə də iki ölkə birgə hərəkət edir. Xüsusilə Qaşıqçı cinayətindən sonra bir çox Qərb investorunun krallıqla ticarət məsələsində ehtiyatlı davranmasından sonra, Çinin Səudiyyə Ərəbistanı yanındakı əhəmiyyəti daha da artıb. Oxşar şəkildə Səudiyyə Ərəbistanı da Çinin Uyğur bölgəsindəki insan haqları pozuntularına səssiz qalmışdı. Siyasətlə bərabər hərbi əməkdaşlıq əlaqələri də istisna edilməyəcək dərəcədə mühümdür. Diplomatik münasibətlər 1990-cı illərdə başlasa da, hərbi əlaqələr 1980-ci illərə qədər uzanır. 1988-ci ildə orta miqyaslı ballistik raketlər Pekin tərəfindən Ər-Riyada verilmişdi. Bu mənada, Məhəmməd bin Salmanın nüvə enerjisi və raket layihələrində də Çin önəmli tərəfdaş kimi görünür. Pakistan və Çinin raket istehsalındakı tarixi təcrübələri Səudiyyə Ərəbistanının nüvə enerjisi və raket kompleksi əldə etməsində böyük paya sahibdir və bu mənada şahzadənin səfəri əlamətdardır. Digər tərəfdən, şahzadənin səfərindən əvvəl İran rəsmilərinin Çində görüşlər keçirməsi, Səudiyyə Ərəbistan-Çin yaxınlaşmasının Səudiyyə Ərəbistan-İran regional rəqabətinin Asiyaya uzandığını düşünməyə imkan verir.

Malayziya və İndoneziya

Şahzadənin Asiya turunun ilk proqramında olmasına və hər hansı bir əsas göstərilmədən təxirə salınmasına baxmayaraq, Malayziya və İndoneziya da Səudiyyə Ərəbistanı baxımından kritik əhəmiyyətə malikdir. Ər-Riyad-Cakarta münasibətlərin soyuq və gərgin getdiyi bir dövrdə ilk planlaşdırmada şahzadənin Asiya turuna İndoneziyanı da daxil etməsi, strateji maraqları ortaya qoyur. Səudiyyə Ərəbistanında işləyən indoneziyalı işçilərin pis rəftara məruz qalması və İndoneziyaya qarşı geniş miqyaslı Səudiyyə investisiyalarının həyata keçirilməməsi münasibətləri gərginləşdirmişdi. Şahzadənin baş tutmayan səfərinin həmin gərginlikləri azaltmağa yönəlik bir addım olaraq planlaşdırdığı deməkdir.

Xarici siyasətdə nəfəs

Səudiyyə Ərəbistanı vəliəhd şahzadənin nəzarətində həyata keçirdiyi xarici və daxili siyasi dəyişikliklə bir çox müttəfiqini itirdi. Qətər embarqosu, Mərakeşlə böhran, Əlcəzairdə prezident tərəfindən qarşılanmaması, Qaşıqçı cinayəti və regional bir çox dövlət rəhbərləri ilə qarşılaşdığı böhranlar Səudiyyə Ərəbistanını regionda və beynəlxalq arenada tək qoydu və ABŞ-dan daha da asılı etdi. Bu çıxılmaz vəziyyətdən xilas olmaq, xarici siyasətdəki idarəçiləri şaxələndirmək və əməkdaşlıq sahələrini genişləndirmək istəyən Məhəmməd bin Salman Asiya səfəri ilə Qərbdən kənar ölkələrlə strateji əlaqələri inkişaf etdirmək istəyir. Bu səbəbdən Məhəmməd bin Salman zədələnən imicini Asiya ölkələri ilə yaxınlaşaraq təzələmək istəyir. Bundan başqa, iqtisadi olaraq getdikcə əhəmiyyəti artan Asiya regionu şahzadənin 2030-cu ilə planları baxımından da əhəmiyyətlidir. Şahzadənin Asiya səfəri eyni zamanda regional güc mübarizəsinə girdiyi İranı məhdudlaşdırmağı da hədəfləyir.

Dr.Məmməd Raqiboğlu

Sakarya Universiteti Yaxın Şərq İnstitutu

Məqalədə : Məhəmməd bin Salman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
79

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
935

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
151

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
307
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 17:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru