Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2019
09:16
7471
Fransanın `sarı gödəkcəlilər` dalanı - ANALİZ

Fransada sarı gödəkcəlilərin keçirdiyi aksiya üçüncü ayını başa vurduğu bir vaxtda aksiyalarda ölənlərin sayı 1968-ci ildəki May hadisələrində ölənlərdən daha çox olub. Bu isə ölkədə baş verən böhranın ciddiliyini göstərir.

Yanacaq qiymətləri və iqtisadiyyatdakı durğunluğa etiraz olaraq başlayan, daha sonra prezident Emmanuel Makron hakimiyyətinə qarşı yönələn sarı gödəkcəlilər 3 aydır problemlərin həllini gözləyirlər.

Makronun aksiyaların səbəb olduğu problemləri həll etmək üçün başlatdığı müzakirələrdən isə böhranı başa çatdıracaq nəticələrin çıxmayacağı bildirilir. Fransada keçirilən son sorğulara görə əhalinin 62 faizi və sarı gödəkcəlilərin 79 faizi Makronun bu toplantılarda səsləndirilən məsələləri diqqətə almayacağını düşünür. Buna görə də sarı gödəkcəlilər hökumət daha güclü addımlar atana qədər aksiyalarını davam etdirəcəyini söyləyirlər.

İqtisadiyyat naziri Bruno Le Maire bir neçə gün əvvəl verdiyi açıqlamada Makronun müəyyənləşdirdiyi və sarı gödəkcəlilərin etiraz etdiyi islahatların tətbiqində qərarlı olduqlarını vurğulayıb.

Makron hakimiyyətinin islahatları həyata keçirməkdə kompromisə getməməsi və fransızların problemlərinə diqqət etməməsi sarı gödəkcəlilərin hirsini bir qədər də artırır. Belə ki, sarı gödəkcəlilərin başçılarından olan Maksim Nikolle hökumətin fransızların həyatını asanlaşdıracaq iqtisadi addımlar atmaması durumunda ölkəni tərk edəcəklərini açıqlayıb.

Sarı gödəkcəlilərin digər tanınmış nümayəndəsi Kristof Kalençon isə tələblərinə diqqət etməyən Makrona qarşı sərt fikirlər səsləndirib. Kalençon surətli şəkildə həll yolu tətbiq edilməməsi halında iqtidarı devirməyə hazır şəxslər və ehtiyatda olan hərbçilər olduğunu söyləyib.

Daxili işlər naziri Kristof Kastner də Kalençonun bu açıqlamalarından sonra sosial şəbəkədən, "sarı gödəkcəlilərin liderlərindən biri hərbi çevriliş elan etdi. Bu İtaliya komediyasıdırmı, yoxsa şəxsi dəlilikdirmi?" mesajını paylaşıb.

Paris rəhbərliyi aksiyaçılara qarşı sərtləşir

Makron və hökumət üzvləri də aksiyaların davam etməsinə və hər aksiyada zorakılıq addımlarının təkrarlanmasına "dözə" bilmədiklərini söyləsələr də, Paris rəhbərliyi sarı gödəkcəlilər hərəkatını susdurmaq üçün aksiyaçılara qarşı açıqlamaları və cəzaları sərtləşdirirlər.

Nazirlər məsələ ilə əlaqədar verdikləri hər açıqlamada zorakılıqla məşğul olanların sərt şəkildə cəzalandırılacaqlarını xüsusi vurğulayır.

Əslində hökumətin nümayişlərdə zorakılığa səbəb olan hərəkətlər haqqında qanun layihəsi bunu göstərir. Layihədə icazə almadan nümayiş keçirənlərin və aksiyalarda zorakılıq edənlərin ciddi şəkildə cəzalandırılacağını nəzərdə tutur. Nümayişlər nəticəsində dəyən zərərlər isə aksiyaçılar və ya zorakılıq edənlər tərəfindən ödəniləcək.

Aksiyaçılara qarşı sərt cəzalar nəzərdə tutulan qanun layihəsində bildirilir ki, aksiyalarda maska taxan nümayişçilərə 1 il həbs və 15 min avro pul cəzası kəsilməlidir.

Hökumət paralel olaraq aksiyaları başa çatdırmaq üçün sarı gödəkcəlilərin liderlərini hədəf alır. Bunlardan biri olan Erik Drouet ötən ayın əvvəlində Yelisey Sarayı yaxınlığında icazəsiz aksiya keçirdiyi üçün həbs edilib və iki gün bundan qabaq hakim qarşısına çıxarılıb. Prokuror Drouet haqqında 1 ay həbs və 500 avro pul cəzası istəyib. Onun haqqında qərar 29 mart tarixində açıqlanacaq. Sarı gödəkcəlilərin tanınımış şəxslərindən olan Nikolle də 27 yanvarda Bordoda keçirilən aksiyada polisin xəbərdarlığına baxmayaraq, aksiyaçıları nümayişi davam etdirməyə təşviqə görə saxlanılıb.

Fransa hakimiyyəti sarı gödəkcəlilərə qarşı sərt addımlar tətbiq etməsi, digər tərəfdən isə aksiyalarda zorakılıq hallarının davam etməsi ölkəni xaosa sürükləyir.

Bibər qazına etirazlar

Aksiyalarda polisin istifadə etdiyi bibər qazının onlarla şəxsin yaralanmasına, bəzilərinin bibər qazı kapsulunun dəyməsi nəticəsində gözünü itirməsinə və qolunun amputasiya edilməsinə səbəb olması ölkədə müzakirə edilən yeni mövzu oldu.

Hüquq müdafiəçiləri və bir neçə siyasi partiya aksiyalarda bibər qazı istifadəsinin qadağan olunması tələbini səsləndirməsinə baxmayaraq, hökumət bibər qazının vacibliyini müdafiə edir.

Aksiyalar və bibər qazı ilə bağlı ilk xəbərdarlıq Avropa Komissiyası İnsan Haqları komissarı Dunya Miyatovic tərəfindən səsləndirilib. Miyatoviç 30 yanvarda verdiyi açıqlamada, "Fransada yüksək səviyyədəki gərginlik narahatlıq yaradır və təcili olaraq vəziyyətin sakitləşməsi lazımdır", - deyə bildirib. Miyatoviç aksiyalarda həddindən artıq çox insanın yaralanmasından və aralarında bibər qazının da olduğu müdafiə silahlarının istifadəsindən narahat olduğunu açıqlayıb.

Avropa Parlamenti də polisin aksiyalarda nümayişçilərə qarşı aralarında bibər qazının da olduğu müdafiə silahlarının istifadəsini pisləyən qərar layihəsini bir neçə gün öncə qəbul edib.

Polisin dinc aksiyalarda nümayişçilərə qarşı sərt müdaxiləsini və həddindən artıq güc istifadəsi qınanan qərarda, üzv ölkələrdən polisin hədsiz güc istifadə etməməsi məsələsində diqqətli olmaları istənilib. 

Aksiyalarda saxlanılan və həbs cəzasına məruz qalan şəxslərin sayı hər gün artır. Hökumətin paylaşdığı son rəqəmlərə görə, aksiyaların başladığı gündən bu yana 8 min 400 nəfər saxlanılıb, onlardan 1796 nəfər həbs edilib. Bu sayın daha da artması gözlənilir.

Sarı gödəkcəlilərin aksiyaları ölü sayı baxımından 1968-ci ilin may ayında keçirilən aksiyalardan daha ağır nəticələr yaradıb. Sarı gödəkcəlilərin aksiyalarında 11 nəfər dünyasını dəyişib, 1968-ci ildəki aksiyalarda isə 7 nəfər ölmüşdü.

FaktXəbər

Məqalədə : Fransa sarı jiletlilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
183

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
284

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
224

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
169

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
187

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
145
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 21:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru