Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2019
09:23
263
Azərbaycan buğda idxalından necə qurtula bilər?

Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkininə hazırlıq prosesinə həsr olunmuş müşavirə keçirilib. Nazirliyin yaydığı məlumata görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi də iştirak edib. Müzakirələrdə 2019-cu ildə taxıl əkininə hazırlıq prosesinin vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, hesabatlar dinlənib.

Qeyd edək ki, Azərbaycanda uzun illərdir ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə taxıl istehsalçılarına dövlət tərəfindən dəstək verilir. Əkin sahəsinin ölçüsünə, istifadə olunan motor yağları və gübrələrə görə hər il istehsalçılara on milyonlarla manat subsidiya ödənilir. Lakin Azərbaycan hələ də ərzaq buğdasına olan tələbatının mütləq əksəriyyətini xaricdən idxal hesabına təmin edir.

Ötən ildən etibarən dünya bazarında müşahidə olunan proseslər bu məhsulun idxalçısı olan ölkələr üçün heç də ürəkaçan perspektiv vəd etmir. Belə ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına görə, dünya üzrə buğda istehsalı ötən il 722,4 milyon ton olub və bu, 2013-cü ildən bəri ən aşağı göstəricidir. Nəticədə dünya bazarında buğda və qarğıdalının qiyməti artıb.

Azərbaycan son illərdə buğda idxalında ağırlığı Qazaxıstandan Rusiyaya keçirib. İdxalçılar bunu şimal qonşumuzda qiymətlərin aşağılığı, nəqliyyat xərclərinin azlığı ilə əsaslandırırlar. Dekabrın sonları üçün dünya birjalarında Rusiya buğdasının bir tonu 237-238 dollara satılıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin ortaları üçün qiymətlərin 245 dollara qədər yüksələcəyini gözləyir. Yanvarın əvvəlində Çikaqo və Paris birjalarında da buğdanın qiymətində artım müşahidə olunub.

Dünya bazarındakı vəziyyət Azərbaycanın ərzaq buğdasına olan daxili tələbatın heç olmasa yarısının yerli istehsal hesabına təmin olunmasını zəruri edir. KTN-in yeni rəhbərliyindən verilən açıqlamaya görə, taxılçılığın inkişafına dair Dövlət Proqramı üzərində işlənilir. Dövlət proqramında qarşıya qoyulan əsas hədəf 2023-cü ilədək buğda istehsalını ölkənin tələbatının 60 faizinə çatdırmaqdır.

Nazirlikdən verilən məlumata görə, 2018-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) cəmi 1 milyon 51 min hektar əkini aparılıb və bu sahələrdən 3 milyon 50 min tondan çox məhsul istehsal edilib. Orta məhsuldarlıq 29,2 sentner təşkil edib. 2018-ci ildə ümumi taxıl istehsalı 2017-ci illə müqayisədə 360 min ton və ya 13,7 faiz çox olub. Həmçinin hər hektardan orta məhsuldarlıq 0,6 sentner çox olub.

Ümumi taxıl məhsulları istehsalında buğda istehsalı 2 milyon 39 min ton olmaqla buğdada orta məhsuldarlıq 30,1 sentner təşkil edib. Həmçinin 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında 1350 ton super elit və elit, 102,6 min ton R1 və R2 reproduksiyalı toxum istehsal olunub: “Dövlət taxılçılığın inkişafına dəstəyi hər il artırır. Respublikaya idxal olunan taxıl toxumu, kənd təsərrüfatı avadanlıqları, mineral gübrə və pestisidlər ƏDV-dən azaddır. Buğda sahələrinin hər hektarına 90 manat, arpa və digər dənli paxlalı sahələrin hər hektarına 50 manat subsidiya verilir. Həmçinin taxıl toxumçuluğu da subsidiyalaşdırılır”.

Nazirlikdə hesab edirlər ki, taxılçılığın inkişafı üçün aqrotexniki tədbirlərin düzgün və vaxtında aparılması, mineral gübrələrin vaxtlı-vaxtında verilməsi, zərərverici xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması vacibdir: “Fermerlərin təlimlərə cəlb olunması, maarifləndirmə işlərinin genişləndirilməsi taxılçılığın inkişafında önəmli rol oynaya bilər”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli deyir ki, taxılçılıq hər bir ölkə üçün strateji sahədir, əhalinin tələbatında, heyvandarlıq sahəsində dənli məhsulların rolu böyükdür: “Bu mənada Azərbaycanda da haqlı olaraq dövlət səviyyəsində böyük hədəflər müəyyənləşdirilib. Əsas problem odur ki, bu gün ərzaqlıq buğda idxal olunur, digər tərəfdən, böyük həcmdə yem və yem əlavələri gətirilir. 2017-ci ildə 1 milyon 818 min ton yerli ərzaq buğdası istehsal olunub, 1 milyon 269 min ton isə idxal edilib. Özünü təminetmə səviyyəsi 58,1 faizdir. Əsas məsələ əkin sahələrini artırmaqla yox, məhsuldarlığı yüksəltməklə hədəflərə nail olmaqdır”.

Ekspertin sözlərinə görə, bu sahənin problemləri çoxdur: “İlk növbədə torpaq ehtiyatı zəif olan ölkəmizdə torpaqlar yararlılıq səviyyəsinə görə qruplaşdırılmalıdır, hazırda harada gəldi taxıl əkirlər, bu düzgün deyil. Çünki əkin dövriyyəsində olan torpaqlarımızın böyük əksəriyyəti ağır gilli torpaqlardır, aqrotexniki qaydalara düzgün əməl olunmaması, iqlim dəyişmələri torpağın keyfiyyətini getdikcə pisləşdirir. Digər tərəfdən, yüksək reproduksiyalı toxum çatışmazlığı var, fermerlər bir çox hallarda təsadüfi yolla əldə etdikləri toxumları əkirlər. Hər il əkilən 997 min hektar taxıl sahəsinin  böyük hissəsi dəmyə əkinçiliyinin payına düşür. İldən-ilə qlobal iqlim dəyişmələri getdiyi üçün belə sahələrdən götürlən məhsulun həm kəmiyyəti, həm də keyfiyyəti çox aşağı olur. Taxılçılıqda yüksək məhsul götürmək üçün artıq suya qənaət edən, bitkinin fizioloji inkişafını tam təmin edən texnologiyalara keçid olmalıdır. Ölkədə fəaliyyət göstərən iri təsərrüfatlardakı təcrübələr bu fikri təsdiq edir, lakin əsas məsələ odur ki, kiçik təsərrüfatlardakı əkinlərdə su, gübrə, texnika çatışmazlığı ucbatından məhsuldarlıq çox aşağıdır”.

N.Nəsirli qeyd edir ki, bir neçə ildir bu sahəni stimullaşdıran əsas iqtisadi alət dövlət tərəfindən verilən subsidiya və digər dəstəklərdir: “Lakin elə bir dövrə gəlib çatmışıq ki, artıq illərdir verilən bu dəstək öz real nəticələrini ortaya qoymalıdır. Bu il qurulacaq elektron kənd təsərrüfatı ilk növbədə subsidiya siyasətinin şəffaflaşdırılmasına imkan verməlidir, digər tərəfdən, dünya ölkələrində olduğu kimi, əkin sahəsinə görə yox, məhsuldarlıq göstəricilərinə görə subsidiyaların təyin olunması daha effektiv olardı. Taxılçılıq kənd təsərrüfatı sahələri arasında gəlirlilik və risk faktorları ilə yüklü olduğu üçün ölkəmizdə kiçik sahələrdə əkin aparan təsərrüfatların birləşdirilməsi, nəticədə kooperativlərə daha effektiv dəstək göstərməklə onların stimillaşdırılması kimi addımların vaxtı çoxdan çatıb”. ("Yeni Müsavat")

Məqalədə : buğda idxalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2114

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1775

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
543

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
91

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1917

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
87

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
112

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3485
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 12:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru