Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
12:07
1514
Neft ölkələri siyasi risk altında - ANALİZ

XXI əsrdə, xüsusilə də 2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan bu yana dünya iqtisadiyyatı daxilindəki balansların, meyllərin və əsas parametrlərin sürətlə dəyişdiyinə şahid oluruq. Bu baxımdan, iqtisadi çətinliklərə və böhranlara səbəb olduğu hesab edilən əsas amillərin səbəb və nəticələrinin də fərqliliyi ortaya çıxır.

Qlobal inkişafın əsas dinamikası, beynəlxalq ticarət rejimi, maliyyə sərbəstləşdirmə şərtləri, qlobal istehsal şəbəkələri və rəqabət mühiti çox sürətli dəyişiklik prosesindən keçir. Bu prosesdə ortaya çıxan geniş dəyişikliklərin heç şübhəsiz ən mühümlərindən biri də qlobal bazarlarda neft qiymətlərində müşahidə olunan "qarşısıalınmaz azalma" ilə bağlıdır. Ötən illərdə qlobal bazarlarda artan risklərin təkan verdiyi ən mühüm amillərdən biri neft və əmtəə qiymətlərinin nəzarətdən çıxmış şəkildə artması və bu vəziyyətin də istehsal xərclərini yuxarı qaldırıb, iqtisadi ləngimə yaratması idi. Ancaq son illərdə ortaya çıxan iqtisadi durğunluq şəraitində bu cür meylin ortaya çıxmadığı, əksinə, neft qiymətlərinin qeyri-adi şəkildə aşağı səviyyədə qaldığı görünür.

Xüsusilə 2014-cü ildən bu yana qlobal bazarlarda xam neftin qiymətləri davamlı olaraq aşağı istiqamətli naviqasiya göstərib və bu da müəyyən problemlər yaradıb. Misal çəkəsi olsaq, deyə bilərik ki, 2008-ci ildəki qlobal böhran zamanı 130 dollar səviyyəsinə qədər qalxan neft qiymətləri 2014-cü ildə 100 dollar həddinə, hazırda isə bunun yarısı olan 50 dollara qədər enib. Uzun illər ərzində büdcələrini orta hesabla 100 dollar civarında dəyişən neft qiyməti ilə aparmağa öyrəşmiş neft ixracatçısı ölkələr üçün bu vəziyyətin son dərəcə travmatik nəticələr yaratdığı çox açıqdır. Buna görə də artıq keçmişdə olduğu kimi yüksək neft qiymətlərinin təkanı nəticəsində qlobal iqtisadi böhrandan daha çox, fərqli amillərin təsiri ilə aşağı neft qiymətlərinin istehsalçı və ixracatçı ölkələrdə iqtisadi, siyasi və sosial problemlər yaradacağını görürük.

OPEK-in zəifləyən mövqeyi

Qlobal enerji bazarındakı tələb-təklif dinamikalarının neft qiyməti üzərindəki təsirlərinə baxdıqda isə xüsusilə ABŞ-ın şist qazı kimi yeni texnologiyalardan istifadə edərək ölkə daxilində istehsal gücünü 2 dəfə artırdığını və Rusiyanın da aşağı qiymətlərdən ortaya çıxan maliyyə problemlərinə baxmayaraq, rekord səviyyədə istehsala davam etdiyini görürük. Müharibədən sonra özünə gəlməyə başlayan İraqın da beynəlxalq bazarlara neft ixracını artırdığını və İranın da son dalğa beynəlxalq sanksiyalara qədər əldə etdiyi fürsətlə bazarda əhəmiyyətli rol aldığını qeyd etmək lazımdır. Bu baxımdan üzvləri arasında çox dərin fikir və maraq ayrılıqları olan, hətta bəzi üzvlər arasında fərqli məkanlarda mübarizələrin fəal davam etdiyi OPEK-in qlobal enerji karteli olaraq qiymətlərə nəzarət etmək qabiliyyətinin getdikcə düşdüyü gözlərdən yayınmır.

G20 kimi platformaların zəiflədiyi, ticarət müharibələrinin bütün oyunçuları təhdid etməyə başladığı, çoxtərəfli təşkilatlar əvəzinə ikitərəfli münasibətlərin tətbiq olunduğu son illərdə enerji karteli olaraq OPEK də yavaş-yavaş mənasını itirməyə başlayıb. Çünki əvvəlki dövrlərdə olduğu kimi neft istehsal edən və ixrac edən bütün ölkələr öz aralarında istehsal artımı və ya fasiləsi kimi məsələlərdə razılaşaraq beynəlxalq bazarlardakı qiymətləri süni olaraq yüksək saxlamaq vəziyyətində deyillər. Əksinə, öz enerji ehtiyacını əsasən daxili mənbələrdən ödəməyə başlayan ABŞ, aşağı neft qiymətlərini yerli istehsalçılar üçün stimul olaraq görür və dəstəkləyir.

Bundan əlavə, siyasi hakimiyyətləri ilə problemli olduğu Rusiya, İran və Venesuela kimi ölkələri maliyyə cəhətdən çətin vəziyyətdə qoymaq üçün də neft qiymətlərinin aşağı saxlanılmasını siyasi qalxan kimi istifadə edir. Eyni şəkildə, Səudiyyə Ərəbistanı da mövcud vəziyyətdə zərər çəkməsinə baxmayaraq, onsuz da beynəlxalq sanksiyalar tətbiq olunan İran üzərindəki maliyyə təzyiqlərinin daha da artması üçün aşağı neft və enerji qiymətlərində israrlıdır. 

Qlobal tələbatda tənəzzül

Qlobal böhrandan sonra yenidən sürətlə inkişaf edən ABŞ-ın neft ehtiyacını şist qazı texnologiyaları sayəsində əsasən yerli mənbələrdən ödəməyə başlaması, dünyanın ən böyük enerji istehlakçılarından birinin dövrədən çıxması deməkdir. Digər tərəfdən, Almaniyadan başqa Avropa İttifaqı iqtisadiyyatının qlobal böhrandan sonra özünə gəlib yenidən artım göstərməməsi qlobal tələb şərtlərini zəiflədən meyardır. ABŞ ilə istəməsə belə ticarət müharibəsinə girən və dünyanın emal sənaye bazası olan Çində də iqtisadi artım sürətinin aşağı düşməsi, dünyanın ən böyük enerji istehlakçılarından birinin tələb səviyyəsini nisbətən aşağı salıb. Çindən başlayaraq yayılan durğunluq, həm qlobal iqtisadi mənzərə, həm də enerji qiymətləri üzərində aşağıya doğru istiqamətlənmiş təzyiq təsiri yaratdı. Təbii ki, bu amillərin üzərinə günəş və külək kimi bərpa olunan enerji mənbələrindən istehsal edilən enerjinin sürətlə yayılmasını, nəqliyyat vasitələri başda olmaqla bir çox sahədə enerji işlədən mühərrik və təchizatın inkişaf etdirilərək daha səmərəli hala gətirilməsi ilə neftə olan tələbatın azalmasını da əlavə etmək lazımdır.

Qlobal maliyyə böhranına qədər dünya bazarındakı neft tələbatı qlobal neft təminatından çox olduğu üçün qiymətləri də yuxarı çəkirdi. Böhrandan sonra dünya iqtisadiyyatında yaranan ləngimənin də təsiri ilə sonrakı illərdə tələbat artsa da, böhrandan qabaqkı dövrlərdən aşağıdır. Beləliklə, qlobal enerji bazarındakı təklif artımı mütəmadi olaraq tələb artımından çox olaraq qlobal səviyyədə neft qiymətinin uzun müddət aşağı qalmasını təmin edir. Bəs bu vəziyyət, iqtisadi vəziyyəti əsasən neft hasilatı və ixracına bağlı olan dövlətlərə nə kimi təsirlər göstərə bilər? Bu ölkələrdə siyasi və sosial təlatümlərə səbəb ola bilərmi?

Neft ölkələrində sabitlik

Venesuela, Nigeriya, Ekvador, Braziliya, Rusiya kimi neft dövlətlərinin son illərdə aşağı enerji qiymətlərinin səbəb olduğu narahatçılıqlardan əziyyət çəkdikləri məlumdur. Bunlara başda Səudiyyə Ərəbistanı olmaqla büdcələrində nəhəng kəsirlər yaranmağa başlayan və iqtisadiyyatını neftə asılılığından xilas etmək üçün yeni yollar axtarmağa başlayan Körfəz ölkələrini də əlavə etmək lazımdır. Digər tərəfdən, kiçik həcmli istehsalla məşğul olan müstəqil enerji şirkətləri də bu qiymətlərdən zərər çəkdikləri üçün bazarı tərk etmək məcburiyyətində qalıblar. Şevron, Şell və BP kimi qlobal neft nəhəngləri isə qənaət tədbirləri görmək və ixtisar etmək məcburiyyətində qalıblar.

Neft istehsalçıları arasında heç şübhəsiz ən dramatik proseslərin yaşandığı ölkə, ixrac həcmlərinin 96 faizi neft üzərində qurulan Venesueladır. Neft qiymətinin hazırkı vəziyyəti ilə yaranan qıtlıqlar, iqtisadi böhran və səfalət 2013-cü ildə xalqın dəstəyi ilə hakimiyyətə gələn Nikolas Maduronun nüfuzunu aşağı salıb. Qlobal neft qiymətlərinin uzun müddət aşağı həddə qalması iqtisadiyyatının hər il mütəmadi olaraq azaldığı, inflyasiyanın sürətlə artdığı, işsizlik rəqəmlərinin nəzarətdən çıxdığı və aclıq təhlükəsinin müşahidə olunduğu Venesuelada çox ciddi siyasi və sosial təlatümlərə səbəb ola bilər.

Daxili siyasətində olduqca təlatümlü mənzərə yaranan və iqtisadiyyatı təbii sərvətlərdən asılı olan Nigeriya da neftin aşağı qiymətindən təsirlənə biləcək ölkələr sırasındadır. Nigeriyada hazırda istehsal edilən neft quyularının bir çoxu səmərəli istehsal dövrlərini başa vurub və yeni texnoloji investisiyalarla modernləşdirilməlidir. Ancaq neft qiymətlərinin bu qədər aşağı olması infrastruktur modernləşməsi üçün investisiyalar yatırmağa imkan vermir. Bu səbəbdən vaxt keçdikcə istehsal gücünün aşağı düşməsi və əsasən neft gəlirlərinə söykənən dövlət ehtiyatlarının əriməsi, kövrək siyasi mühit və sosial qruplar arasındakı münasibətlərdə yeni gərginliklər yarada bilər.

Enerji sektorunun modernləşdirilməməsi Ekvador və Braziliya kimi Latın Amerikası ölkələrində də uzun perspektivdə analoji çətinliklərə səbəb olacağı mümkündür. Onsuz da bu ehtimalı görən Braziliyanın yeni prezidenti Bolsonaronun radikal ritorikadan sonra Tramp rəhbərliyi ilə əlaqələrini gücləndirərək yeni gəlir mənbələri yaratmaq və neft gəlirlərinin kompensasiya edəcək yeni qaynaqlar axtarışında olduğu görünür.

Neft qiymətləri Rusiyanın qlobal fəaliyyətini məhdudlaşdırır

Yuxarıda bəhs olunan ölkələrlə bərabər Rusiyada da siyasi və iqtisadi sabitliyin davamı baxımından neft qiymətlərinin səviyyəsi böyük əhəmiyyət daşıyır. Prezident Vladimir Putinin liderlik xarizması və güclü siyasi gedişlərinə baxmayaraq, iqtisadiyyatı böyük həcmdə neft və qaz ixracatına bağlı olan Rusiyanın qlobal sistemdə ABŞ ilə strateji mübarizəsini maliyyələşdirməsi üçün daha yüksək enerji qiymətlərinə ehtiyacı var. Rus xalqının yaşayış standartlarını yüksəltmək üçün sosial ödənişləri artırmaq sözü verən, müxtəlif məkanlarda davam etdirdiyi müharibələri və texnoloji modernləşmə üçün müdafiə büdcəsini ciddi miqdarda artırmaq məcburiyyətində olan, ilhaq etdiyi Krıma vəsait köçürmək istəyən Rusiya rəhbərliyi üçün 50 dollar həcmindəki neft qiymətləri heç də arzuolunan deyil. Körfəz ölkələri ilə müqayisədə neftçıxarma xərcləri nisbətən yüksək olan Rusiya şirkətləri hazırkı qiymət səviyyəsində zərərə düşməsələr də, gəlir səviyyələrini artırmaq və Rusiyaya töhfə vermək şansları o qədər də yüksək deyil. Amma aşağı neft qiymətləri Rusiyada siyasi və sosial təlatümə yaxın perspektivdə təkan vermək üçün kifayət etməsə də, Moskvanın qlobal fəaliyyətini məhdudlaşdıran təsir qoyacağı gözləniləndir.

Sanksiyalarla üzləşən İran nefti

Ötən əsrin 79-cu ilində baş verən İslam İnqilabından sonra Qərb dünyasının sanksiyaları ilə üzləşən İran da neft qiymətlərindən əziyyət çəkənlər sırasındadır. İran iqtisadiyyatının təxminən 70 faizi neftdən asılıdır. Üstəlik, inqilabdan sonra ölkəyə sanksiyalar tətbiq edilib. Daha sonra 2000-ci illərin əvvəllərindən başlayaraq İranın nüvə proqramı bəhanə gətirilərək sanksiyalar bir qədər də sərtləşdirilib. Amma ABŞ prezidenti Barak Obamanın zamanında 5+1 ölkələri ilə İran arasında əldə edilən nüvə sazişində bu sanksiyaların bir qədər yumşaldılması nəzərdə tutulmuşdu. Donald Tramp isə bağlanmış müqaviləni səhv hesab edərək, birtərəfli qaydada müqavilədən çəkildiyini açıqladı və sanksiyaları bir qədər də çətinlişdirəcəyini söylədi. İki mərhələdən ibarət sanksiyaların sonuncusu 2018-ci ilin noyabr ayında başladı. Uzun illərdir sanksiyalar tətbiq olunduğuna görə bütün tələbatları daxili resurslar hesabına ödəməyi nəzərdə tutan "müqavimət iqtisadiyyatı" adlandırılan sistemlə fəaliyyət göstərdiyi üçün İran sanksiyaların təsirini o qədər də hiss etmirdi. Bundan əlavə, Qərbin sanksiyalarına baxmayaraq İranla iqtisadi əlaqələrini davam etdirən ölkələr aldıqları neftin əvəzini müəyyən məhsullarla ödəyirdilər. Çin və Hindistan kimi ölkələr isə dünya bazarındakı qiymətdən daha aşağı qiymətə təklif edilən İran neftindən yararlanaraq sanksiyaların təsirinin azalmasına dolayısı ilə yardım göstərirdilər. Amma Həsən Ruhaninin İranda prezident seçilməsindən və nüvə sazişinin imzalanmasından sonra "müqavimət iqtisadiyyatı" bir qədər zəiflədi. Hakimiyyət orqanları bəzi sanksiyaların qaldırılmasından istifadə edərək tələbatın ödənilməsi üçün idxal məhsullarına önəm verdilər və bu da daxili istehsala zərər vurmağa başladı. Daha sonra Trampın tətbiq etdiyi sərt sanksiyalar idxalda çətinliklər yaratdı. Sanksiyalaröncəsi idxal da daxili istehsalı zərərə uğratdığı üçün çətinliklər yaranmağa başladı. Digər tərəfdən isə öncədən öyrədilmiş dəllallar böyük bazarlarda dolların qiymətini süni şəkildə bahalaşdıraraq gərginlik yaratmağa nail oldular. Amma İran hökumətinin hadisələrə müdaxiləsi və Ali Lider Ayətullah Xameneinin "müqavimət iqtisadiyyatı"nın yenidən dirçəldilməsi yönündəki tapşırıqları gərginliyin böyüməsinin qarşısını aldı. Ayətullah Xamenei həmçinin İranın 40 ildir sanksiyalar altında yaşadığını, heç bir sanksiyanın onları haqq bildikləri yoldan geri döndərməyəcəyini, ABŞ-ın hər bir addımına isə sərt cavab verməyə hazır olduqlarını söylədi. Bundan əlavə, İran neftin aşağı qiymətindən o qədər də zərər çəkmədiklərini, 1 barrel neft istehsalının onlara 7 dollara başa gəldiyini, uzun illərdir onsuz da nefti aşağı qiymətə satdıqlarını açıqlayıb.  

Neftin aşağı qiymətinin yaratdığı motivasiya 

Dünya iqtisadiyyatının mövcud tarazlıq səviyyəsini nəzərə alsaq, neft qiymətlərinin böyük geosiyasi böhranlar və münaqişələr olmadığı müddətdə aşağı həddə qalacağını proqnozlaşdırmaq çətin deyil. Bu aşağı qiymət mühiti iqtisadi durumu neft ixracından asılı olan dövlətlər üçün çox ciddi siyasi risklər yaradır. Beynəlxalq sanksiyaların təsirini də bu risklərə əlavə etsək, qarşıdakı dövrdə bir çox ölkələrdə iqtisadi sıxıntıların ortaya çıxması mümkün görünən siyasi və sosial təlatümlərə motivasiya verəcək. Amma hər şey yenə də idarəçilikdən və böyük aktorların oyunlarına alət olmamaqdan asılıdır. 

FaktXəbər

Məqalədə : neft sanksiya etiraz aksiyası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
106

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
178

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
329

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
282

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
103

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
73

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
105

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
82
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 04:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru