Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2019
09:48
`Yazıçılar İttifaqının katibi kitablarını rusca yazırsa...`

Azərbaycanda rus dilində danışan ailələrlə bağlı tez-tez iradlar səsləndirilir,  ana dilimizi qorumaq məsələsi gündəmə gətirilir. Müxtəlif ziyalılar  da narahatlıqla bildirirlər ki, xalqın var olması üçün ilk növbədə onun ana dilinin yaşaması lazımdır.

Məsələni bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı gündəmə gətirib. O, “İstanbuldan Bakıya uçan rus təyyarəsi” başlıqlı yazısında azərbaycanlıların öz ana dilinə sayğısızlığından narahatlığını bildirib. Rüstəmxanlı qeyd edib: “Təyyarə meydanında öz aralarında azərbaycanca, daha doğrusu, türkcə, hətta İstanbul ağzı ilə danışanlar Bakı təyyarəsinə minən kimi başladılar rusca danışmağa”.

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkə vasitəsilə Sabir Rüstəmxanlıya cavab verib. E. Əliyev bildirib ki, rus məktəblərinin sayı ildən-ilə artmır: “Valideynlər uşaqlarına fərdi şəkildə də rus dilini öyrədirlər. Şəhərdə artan rus dili kurslarına diqqət edin. Böyüklər də rus dilini öyrənməyə meyl edirlər. Uşaqlar və böyüklər rus dilində geniş çeşidli, yaxşı tərcümə olunmuş ədəbiyyatları daha çox oxuyurlar. Rus dilində uşaqlar üçün ”fantastika", “macəra”, “fentezi” janrında yazılmış və tərcümə olunmuş əsərlərin sayı minlərlədir. Bizdə isə onları barmaqla saymaq olar. Təbiət elmlərində də vəziyyət belədir. Orta məktəblərin birində (23 saylı məktəbdə) “Oxu mədəniyyəti” ilə bağlı tədbirdə uşaqların əlində yalnız Çingiz Abdullayevin kitabını gördüm. Yazıçılar İttifaqının katibi kitablarını rusca yazır. Sizlər isə onu təbliğ edirsiniz".

Ötən il Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələyə toxunmuşdu. Ə.Həsənov bildirmişdi ki, hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür: “Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir. Hər bir məmur xarici dili bilmirsə, əlbəttə, bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnalistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

Onu da qeyd edək ki, ölkədə ana dilinin qorunması istiqamətində rəsmi qərarlar da verilib. Belə ki, ölkə prezidentinin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün sərəncamı var.  Bu sərəncama əsasən monitorinq mərkəzi yaradılması nəzərdə tutuldu.

Dil komissiyasının üzvü Muxtar İmanov bildirib ki, məsələ ilə bağlı yaradılan monitorinq qrupu işlər aparıb və hesabat xarakterli material  dərc edib: “Xarici dili bilənlərin sayının artması Azərbaycan dili üçün təhlükə yaratmır. Əsas məsələ Azərbaycan dilinin özünün normal tədrisi, yaxşı öyrənilməsidir. Müstəqil bir dövlətdə yaşayan Azərbaycan ziyalısı ilk növbədə öz dilini gözəl bilməlidir. Tərcümə ədəbiyyatında, filmlərdə, jurnal və qəzetlərdə Azərbaycan dilinin qayda-qanunlarını gözləmirik. Söhbətin də məğzi elə buradadır. Yəni ilk növbədə ziyalı öz dilini gözəl bilməli, digər dilləri bilməsi isə buna mane olmalı deyil. Ana dili ilə bağlı apardığımız işlərin də əsasını bu təşkil edir. Bu gün əsasən də seriallarda vəziyyət bərbaddır. Xarici dildən ana dilimizə tərcümə olunan fikirlər, cümlələr normalara uyğun gəlmir. Daha çox hərfi tərcümələrdən istifadə olunur ki, bu da yanlışdır. Eyni zamanda yersiz olaraq xarici sözlərin istifadəsi hallarına da rast gəlirik.  Bu, artıq qüsurdur və xəbər verir ki, Azərbaycan dili digər dillərin təsiri altında gözəlliyini itirir. Bu problemlər aradan qaldırılmalıdır. Dillə bağlı mübahisələrdə səbirli olub, sağlam təklifləri dəyərləndirməliyik”.

İmanov bildirib ki, monitorinq mərkəzi əsasən qüsurlara nəzarət edəcək: “Əgər hansısa reklam və ya digər ictimaiyyətin diqqətinə çatdırılan mətn hazırlanırsa, bunu hazırlayan qurum, şirkət məsuliyyət daşıyır. Onlar düşünməlidir ki, həmin mətn, nitq Azərbaycan dilinin qayda-qanununa uyğun olsun. Monitorinq qrupu artıq ayrı-ayrı radioları, televiziya ekranlarını izləyib və ortaya çıxan nitq pozuntularını qeyd ediblər. Bu, bizim öz qüsurumuzu özümüzə göstərən güzgüdür. Bizim reklam sahəsində böyük qüsurlarımız var. Reklamlarda dil qaydaları pozulur. Eləcə də hotellər və digər bu kimi ictimai-iaşə obyektlərinin adlarının yazılmasında qüsurlar qeydə alınır”. ("Yeni Müsavat")

Məqalədə : Rus dili 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3699

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2718

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2122

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1836
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 16:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru