Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2018
14:43
1725
Ürək ağrısı ilə oxuyacağınız bir yazı və dəhşətə düşəcəyiniz FOTOLAR

VI YAZI (V YAZI)

Afrika qitəsi dedikdə ağla ilk gələn zəngin təbii ehtiyatlar və müstəmləkə quruluşudur. Müstəmləkəçilikdən söhbət düşdükdə isə İngiltərə və Fransa. Ancaq Afrikadakı istismar sistemində ən azından bu iki ölkə qədər məsul olan digər bir ölkə də Belçikadır. Belçikanın bu qitədə tətbiq etdiyi siyasətlər, ya Ruandada olduğu kimi soyqırımına gedən prosesdəki mərhələni yaratmışdır, ya da bu gün Demokratik Konqo Respublikası adlandırılan ölkədəki qətllərlə nəticələnib.

Orta Afrikada yerləşən və eyni bölgədəki Konqo Respublikası, Uqanda, Ruanda, Burundi, Tanzaniya, Zambiya, Anqola, Orta Afrika Respublikası və Cənubi Sudanla sərhəd qonşusu olan Demokratik Konqo Respublikası qitənin ən böyük ölkələrindən biridir. Müstəmləkəçilikdən əvvəlki dövrdə müxtəlif krallıqlar tərəfindən idarə olunan ölkə fəal ticarətlə məşğul olub, böyük coğrafi kəşflərdən sonra da Avropa dövlətlərinin diqqətini çəkməyə başlayıb. Atlantik okeanına çıxışı olan ölkənin sahilyanı regionlarında avropalılar tərəfindən həm mal, həm də kölə ticarəti aparılıb və bu vəziyyət təxminən 5 milyon insanın həyatına təsir göstərib. Belçikanın Konqo ilə təması Avropa dövlətlərinin ölkənin orta təbəqələrinə irəliləməsi ilə başlayıb. Ölkədə söz sahibi olmaq istəyən Belçika qitədəki digər dövlətlərlə güc mübarizəsinə girib.

Belçika Kralının müstəmləkə arzusu

Afrika qitəsinin sərvətlərindən faydalanmaq üçün olduqca maraqlı mövqe nümayiş etdirən Kral II Leopoldun təşəbbüsləri Afrikanı mədəniləşdirmək (!) və kölə ticarətini başa çatdırmaq idi. Bu məqsədlə 1876-cı ildə Beynəlxalq Afrika Birliyi yaradılır. Yaradılan birlik Afrika qitəsinin kəşfinin planlaşdırılması və maliyyələşdirilməsi üçün istifadə edilir. Mərkəzi Brüsseldə yerləşən birliyin milli komitələrə ayrılması və hər bir komitənin yerləşdiyi ölkə tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. İngiltərə və Fransanın regionda yaratdığı hakimiyyəti itirməmək üçün digər ölkələrlə dostluq əlaqələrini davam etdirməyi üstün tutması Belçikanı ön plana çıxarır. Belçika milli komitə yaradan ilk ölkə olur və II Leopold bu komitəni öz şəxsi sərvəti hesabına maliyyələşdirir.

II Leopold Konqonun sərvətindən istifadə etmək arzusunda idi. Onun bu arzusu Afrikada araşdırmalar aparan və bunun üçün başda İngiltərə olmaqla müxtəlif dövlətlərdən dəstək alan jurnalist Henri Stanleyin ölkə ilə bağlı gördüyü işlərlə birləşdikdə, Stenli 1879-cu ildə səlahiyyətli şəxs kimi Konqoya göndərilir. Stenli Konqoda ticarəti inkişaf etdirmək üçün gərgin işlər aparır. O, bunun üçün su kanalları yaradır, kommersiya şəbəkələri qurur  və oxumaq-yazmaq bilməyən yerli idarəçiləri Leopoldla müqavilələr imzalamağa inandırır. İmzalanan sazişlər Leopoldun istəklərinə görə uyğunlaşdırılaraq həyata keçirilir. Belçika Stanleyin işləri sayəsində Konqo üzərindəki söz hüququnu olduqca yüksək səviyyədə inkişaf etdirir. II Leopold Konqodakı torpaqların mülkiyyətini hissə-hissə ələ keçirir. 1884-1885-ci illər arasında keçirilən Berlin Konfransında Belçikanın tətbiq etdiyi siyasətlər müsbət nəticə verir. Belçikanın Konqo üzərindəki hakimiyyəti tanınır və müstəqil Konqo Respublikası yaradılır. Kral Leopold sahib olduğu torpaqlar sayəsində Konqonu şəxsi mülkünə çevirir.

Qəddar üsullar və sanksiyalar

"Afrikanı mədəniləşdirmək" fikrilə yola çıxan Leopold Konqodakı fil və kauçuk kimi sərvətləri ələ keçirmək üçün müxtəlif koloniyalar qurur. Konqodakı yağmalama siyasətinin ilk illərində fil dişi böyük əhəmiyyətə malik idi. Bu dövr üçün fil dişi heykəl, ləl-cəvahirat, piano klavişləri kimi bir çox sahədə istifadə edilən qiymətli xammal olduğundan Leopold üçün mühüm gəlir mənbəyi olur.

1890-cı illərin əvvəlində Avropada inkişaf edən sənaye ilə birlikdə kauçuk yeni sərvət mənbəyi kimi qarşıya çıxır. Velosiped şininin ortaya çıxması, inkişaf edən avtomobil sənayesində kauçukdan istifadə dünya miqyasında böyük ehtiyac yaradır. Kauçuk ağacının istifadəyə yararlı hala çatması üçün uzun illər lazım gəlirdi. Ona görə də mövcud vəziyyətdə bu ağaclara malik olan ölkələr böyük üstünlük əldə edirdi. Həmin dövrdə kauçuk ağaclarına sahib ən böyük ərazi Konqoda idi və bu Afrika ölkəsi Belçika tərəfindən əhəmiyyətli gəlir mənbəyi kimi istifadə edilirdi. Kauçuk istehsalında ən diqqət çəkən məqam yerli xalqın amansızcasına bu istehsal sahələrində işlədilməsi olub. Fəhlələr ağır şərtlər altında işlədilib. Üsyan edənlərin əlləri və ayaqları çarpaz kəsilərək itaətə məcbur edilib. Kauçukun qiyməti artdıqca kvotalar da artıb. Fil dişi və kauçuk və ya digər təbii ehtiyatlardan hər hansı birinin kvotasını bir dəfə belə ödəməyən kişilər əllərinin və ayaqlarının kəsilməsi ilə cəzalandırılıb. Kvotanı doldura bilməyən kişi qaçardısa, əsgərlər bu şəxslərin həyat yoldaşlarının və ya uşaqlarının əllərini kəsərdilər.

Uğursuz üsyanlar və soyqırımı sənayesi

Belçika iqtisadiyyatına birbaşa töhfə verən Konqodakı digər iqtisadi fəaliyyətlər yol tikintiləri və buxarlı gəmi qazanxanaları üçün kəsilən ağaclar olub. Kauçuk istehsalında olduğu kimi bu işlərdə də yerli xalq zorla işlədilib. Bu işlərdə işlədilən qadınların çoxu aclıqdan, kişi kauçuk yığan adamlarının çoxu da ağır şərtlər altında işləməkdən dünyalarını dəyişiblər.

Bu ağır iş şəraitindən xilas olmaq istəyən minlərlə adam evindən qaçaraq meşələrə üz tuturlar, ancaq sığınacaq və qida çatışmazlığı üzündən işləyən konqolularla eyni taleyi bölüşürlər. Yerli xalqdan bəzi qruplar ölkələrində baş verən istismarçı rejimə qarşı dəfələrlə üsyana cəhd göstəriblər. Uğursuzluqla nəticələnən bu üsyanların yatırılmasında istifadə edilən üsul isə hər zaman odlu silahlar olub. Ancaq öldürülən insanların sayının olduqca yüksək olması Belçika iqtisadiyyatına əlavə problemlər yaradır. Bu vəziyyətdən çıxış yolu üçün amansız üsul hazırlanır. Güllələrin havaya atılmadığını sübut etmək üçün, konqolu əsgərlər istifadə etdikləri hər güllə üçün öldürdüyü şəxsə məxsus əli kəsib Belçikadan olan zabitə təslim etmək məcburiyyətində qoyulur. Birinə atəş açılıb yaralaması, ya da güllənin boşa çıxması vəziyyətində əllərinə keçən bir şəxsin əlini kəsərək zabitə göstərirdilər.

İfşa olan qırğın

Konqoda 1885-ci ildə başlayan amansız müstəmləkə dövrünün əsl üzü 1900-cü illərin əvvəlində jurnalist Edmund Dene Morel tərəfindən ortaya çıxarılır. Dənizçilik şirkətində işləyən Morelin səyahətləri onun Müstəqil Konqo Respublikası ilə əlaqə yaratmasına və bu ölkədə tətbiq edilən zülmləri öyrənməsinə səbəb olur.

(jurnalist Edmund Dene Morel)

1901-ci ildə işlədiyi şirkətdən çıxaraq Konqodakı dəhşətli vəziyyəti aşkara çıxarmaq üçün işə başlayan və jurnalistikaya yönələn Morel zorla işlətmə, uşaqların orduya götürülməsi, kəndlərin yandırılması və işgəncə kimi məsələlərdə ictimai şüuru formalaşdırmaq üçün böyük səy göstərir. Morelin kampaniyası zamanı ortaya çıxan kəsilmiş əllərin, əllərindən istifadə edə bilməyən uşaqların və yandırılmış kəndlərin fotoları bütün dünyada böyük əks-səda doğurur. Belçika Parlamenti 1908-ci ildə İngiltərə hökumətinin və xalqın böyük hissəsinin təzyiqi ilə II Leopoldun müstəmləkəçiliyinə son qoyaraq Konqoya nəzarəti ələ keçirir.

(Belçikalıların əhatəsində əllərində kəsilmiş əl tutmuş konqolular)

Müstəmləkə hakimiyyətinin acı nəticəsi: soyqırımı və əhalinin azalması

Yağmalama dövrü ərzində həyata keçirilən qəddar üsullar səbəbindən bir çox məzlum lazımı orqanlarını itirirlər. Bundan da dəhşətlisi isə həyatlarını davam etdirmək üçün gündəlik lazım olan təsərrüfat fəaliyyətlərini həyata keçirə bilməməkləri idi. Bu vəziyyət də kifayət qədər qidalana bilməmək nəticəsində xəstəliyin yaranmasına, daha sonra isə ölümə səbəb olur. Bir tərəfdən ölüm faizi artır, digər tərəfdən kişilər və qadınlar ayrı-ayrı bölgələrdə işləməyə məcbur edilir. Üzləşdikləri ağrılar, yaşadıqları travmalar üzündən doğumlar sürətlə azalır. Bütün baş verənlərin nəticəsi olaraq 1880-ci ildə 20 milyon olan Konqo əhalisinin sayı XX əsrin əvvəlində 10 milyon nəfərə düşür.

Amerikalıların barmağı

Amerikalılar ilk günlərdən etibarən II Leopolda Konqonu öz "himayəsi" altına almaq üçün əlindən gələn yardımı göstərirdi. Onsuz da II Leopold Konqo macərası üçün ABŞ-da lobbi kampaniyası aparırdı. Bu kampaniyada eynilə bu gün olduğu kimi, birja münasibətləri daha etibarlı idi. Həqiqətən də ABŞ II Leopoldun qurduğu müstəmləkə dövlətini tanıyan ilk ölkə olub. ABŞ bu soyqırıma birbaşa qatılmasa da, II Leopoldun subpodaratçılığını edəcəyinə razılaşmışdı. Həmin münasibətlər bu gün də davam edir. II Leopold və tərəfdarlarının Floridadakı portağal plantasiyalarındakı ortaqlığı elə-belə deyildi. İndiyə qədər ən qəddar soyqırımı törədənlər, başda Belçika və ABŞ olmaqla Belçikanın Konqo üzərindəki suverenliyini tanıyan Berlin Konfransı iştirakçısı 14 Avropa ölkəsi olub. Çünki bu ölkələrin hamısı Konqoda əldə edilən kauçuk məhsuluna ehtiyac duyurdular.

HAŞİYƏ: Berlin Konfransı Afrikanın Konqo ərazisinə dair suveren hüquqların müzakirə edilməsi və nəticə əldə edilməsi üçün keçirilmiş beynəlxalq konfransdır. Portuqaliyanın təklifi ilə 15 noyabr 1884 - 26 fevral 1885-ci il tarixlərində təşkil olunan konfransa Almaniya kansleri Otto von Bismark sədrlik edib və İngiltərə, Fransa, Avstriya, Almaniya, İtaliya, Rusiya, Portuqaliya, İspaniya, ABŞ, İsveç, Norveç, Danimarka, Belçika və Osmanlı İmperiyası iştirak edib. 

1870-ci illərdə Afrikadakı müstəmləkəçiliyin yayılması kəşfiyyatçıların səfərlərinə əsaslanırdı və bir mənada "şifahi işğal" prinsipi etibarlı idi. Kəşfiyyatçıların "kəşf etdikləri" geniş ərazilər təmsil etdikləri və maliyyələşdirildikləri hökumətlərə aid sayılırdı. Müstəmləkə qurmaqda davam edən ölkələr bu şəkildə, hərbi-siyasi olmayan tərzdə müstəmləkə sahələrini genişləndirirdilər. Bu vəziyyəti öz müstəmləkə bölgələri üçün təhdid hesab edən Portuqaliya, müstəmləkə ekspansiyasının qaydalara əməl olunmasını istəyirdi. Konfransın sonunda imzalanan yekun sənəd "faktiki işğal" prinsipi kimi qəbul edilib. Bunun mənası o idi ki, hər hansı bir bölgə üzərində haqq iddia edə bilmək üçün o bölgədə hərbi hakimiyyət qurulmalı idi.

Berlin Konfransı müstəmləkəçi hakimiyyətlərin dünyanın müxtəlif bölgələrini sürətlə işğal etmələrinin önünü açıb. Bu səbəbdən də konfrans, müstəmləkəçilik tarixinin istiqamətvericilərindən biridir.

Kral Belçikada baş tacıdır

II Leopoldu Konqoda sevməsələr də, Avropada, ölkəsində həyata keçirdiyi tikinti fəaliyyətlərinə görə baş tacı hesab edilir. Ona "İnşaatçı Kral", "Le Roi-Batisseur" deyilir. Bu gün Antverp, Brüssel, Ostend kimi bir çox Belçika şəhərindəki əsərlər Kralın Konqodakı soyqırımı ilə əldə etdiyi gəlirlərin məhsulu və bu soyqırımın sənədləridir.

Belçikada kolonya ənənəsinə sadiq təbəqənin mövqeyi dəyişmir. Onlar üçün II Leopold hələ də qəhrəmandır. Bu yaxınlarda tələbələrdən biri hazırladığı dissertasiyanın müdafiəsi zamanı belçikalıların afrikalılara qarşı həyata keçirdiyi soyqırımına toxunub. Amma buna ona baha başa gəlib və Assambleya tələbənu universitetdən xaric edib. Görünür, belçikalılar Konqo soyqırımı ilə hələ də üzləşmək istəmirlər.

İmperialistlər soyqırımı və cinayətlərini çox yaxşı gizlədirlər. Bu barədə ən yaxşı formada Nobel mükafatı laureatı olan amerikalı yazıçı Uilyam Folkner deyir. O, ABŞ-da vətəndaş müharibəsindən qabaqkı köləlik dövrü üçün, "Keçmiş hadisələrmi? Onların hamısı öldü. Hətta indiyə qədər heç bir keçmiş də olmayıb", - deyə qeyd edir. Və ya Kaliforniya Universitetinin sosioloqu Arli Hoçşildin dediyi kimi: "Konqo, siyasətdə bəşəriyyətin donmuş vəziyyətdə qalmış abidəsidir. Leopold və tərəfdarları çirkli əllərini yumaq üçün əlindən gələn səyi göstərdilər. Və buna nail olmuş kimi görünürlər".

Müstəqil Konqo dövlətindən Belçika Konqosuna çevrilərək ölkə uzun illər Belçikanın müstəmləkəsi altında qalan Demokratik Konqo Respublikası 1960-ci ildə müstəqillik qazanır. Müstəmləkəçilik dövründən miras qalan neqativ üsullar təsirini bu gün də davam etdirir, acı xatirələr "təravət"ini saxlayır. Artıq afrikalılar avropalıların soyqırımı və hüquq pozuntularının hesabını verməsi lazım olduğunu beynəlxalq tribunalarda səsləndirməyə başlayıblar.

Aqil Mehdi / araşdırmaçı jurnalist

Məqalədə : Soyqırımları tarixi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
104

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
176

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
324

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
281

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
103

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
72

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
105

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
81
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 04:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru