Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
10:12
1806
`İqtisadiyyatımızın 88-89 faizi Bakıda formalaşırsa...`

Azərbaycanda son illərdə regionların iqtisadi inkişafının təmin olunması istiqamətində bir sıra addımlar atılır. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində atılan bu addımlar arasında sənaye parkları və məhəllələrinin, aqroparkların yaradılması və sairlər diqqəti cəlb edir.

İqtisadiyyat Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, indiyədək regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində regionlara 70 milyard manat həcmində investisiya qoyulub.

İndiyədək dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib. Bundan əlavə,  açılması planlaşdırılan 45 aqroparkdan artıq 18-i fəaliyyətə başlayıb, 27 aqroparkın isə 2019 və 2020-ci illərdə açılacağı gözlənilir. Aqropark və sənaye məhəllələrinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət dəstəyi verilir, eyni zamanda özəl biznes investisiya ayırır.

2016-cı ildən regionlara investisiya yatıran sahibkarları stimullaşdırmaq üçün dövlət investisiya təşviqi sənədinin verilməsinə başlanıb. İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, indiyədək 289 sahibkarlıq subyektinə ümumi dəyəri 2,8 milyard manat olan 330 investisiya təşviqi sənədi verilib.

Görülən işlərə rəğmən, Azərbaycanda dövlət büdcə gəlirlərinin formalaşmasında regionların payı cüzi olaraq qalır.  Məsələn, 2019-cu ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər ümumi gəlirlərin 96,8 faizini təşkil etdiyindən yerli gəlirlərin payı cəmi 3,2 faiz olacaq. 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə regionlar arasında (işğal altında olanlar istisna olmaqla) artımlar əsasən Sumqayıt, Gəncə və Şirvan şəhərləri, Abşeron, Neftçala, Salyan, Astara, Ağcabədi, Göyçay, Bərdə və Qazax rayonları üzrə, azalmalar isə Bakı şəhəri, eləcə də Sabirabad, Ucar, Goranboy və Göygöl rayonları üzrə proqnozlaşdırılıb.

Bundan əlavə,  büdcədən rayonlara dotasiyalar artır. Gələn il yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin yuxarı həddi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, bu göstərici cari illə müqayisədə 33471,0 min manat və ya 47,4 faiz çox olmaqla 104 046,0 min manat proqnozlaşdırılıb. Həmin məbləğin yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə həmin göstəricidən 2,6 faiz bəndi çoxdur.

2019-cu ilin dövlət büdcəsindən cəmi 34 şəhər və rayona dotasiya ayrılmayacaq. Qalan bütün rayonlar büdcə dotasiyalarından asılı olacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanda regionlara investisiya cəlbinin artırılması üçün hüquqi müstəvidə bir çox işlərin görüldüyünü deyir: “Bu baxımdan, ölkə ərazisinin investisiya  zonalarına bölünməsi üzrə qaydaların qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. İnvestisiya qoyuluşu üzrə beş region müəyyənləşdirilib. Regionlara investisiyaların təşviqi üçün bu zonalar üzrə təşviq sənədlərinin verilməsinə başlanıb. Qanunvericiliyə əsasən regionlara investisiya yatıran sahibkarlıq subyektləri bu sənədi əldə etməklə vergi və gömrük güzəştləri də əldə etmiş olurlar. Bundan başqa, sənaye məhəllələri, aqroparkların yaradılması istiqamətində işlər həyata keçirilir. Eyni zamanda ölkə prezidentinin çıxışlarında yerli icra hakimiyyəti orqanları rəhbərlərinin işi qiymətləndirilərkən cəlb olunan investisiyların həcminin nəzərə alınacağı bildirilib. Bütün bunlarda məqsəd biznesi regionlara investisiya yatırmağa təşviq etməkdir”.

Ekspertin sözlərinə görə, həyata keçirilən bütün tədbirlərə rəğmən bu gün Azərbaycan regionlarında investisiya bumunun yaşandığını söyləmək qeyri-mümkündür: “Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektoruna investisiya yatırımlarında temp aşağıdır. Burada yalnız kənd təsərrüfatına və turizm sektoruna yatırımlarda nəzərəçarpacaq irəliləyiş hiss olunur. Bu da onunla bağlıdır ki, hər iki sahə üzrə daha əlverişli mühit formalaşıb. Xüsusilə kənd təsərrüfatı istehsalı üçün Rusiya bazarı ilə bağlı çağırışlar var. Lakin bu sahələrdə də kəskin axın müşahidə edilmir. Bu vəziyyəti aradan qaldırmaq üçün ölkədə biznes mühitinin təkmilləşdirilməsi üçün institutsional islahatların aparılması, siyasi qərarların ortaya qoyulması, xarici və daxili investorların inandırılması lazımdır. Yalnız bu halda biz investisiya axınlarının sürətlənməsini görə bilərik”.

R.Həsənov bildirir ki, regionlara investisiya cəlbini artırmaq üçün dövlət ciddi vergi və gömrük güzəştləri tətbiq etməlidir: “Vergi Məcəlləsinə böyük dəyişikliklər edilsə də, onlar regionlara investisiya cəlbini hədəfləməyib. Bunun üçün ayrıca güzəştlərin tətbiqi zəruridir. Bu gün ölkə iqtisadiyyatının 88-89 faizi Bakı və Abşeronda formalaşır. Bu isə həm iqtisadi aktivliyi, həm alıcılıq, istehlak gücünü, əhalinin gəlirlərini məhdudlaşdıran faktordur”. ("Yeni Müsavat")

Məqalədə : Ölkə iqtisadiyyatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
158

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
86

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
104

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
559

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
121

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
190

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1186
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru