Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2018
12:15
`Azəriqaz` payız–qış mövsümü ilə bağlı mətbuat konfransı keçirib

“Azəriqaz” İstehsalat Birliyində 2018-ci ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər və payız–qış mövsümünə hazırlıqla bağlı mətbuat konfransı keçirilmişdir.

Faktxeber.com qurumun mətbuat xidmətinə istinadən məlmat verir  ki, tədbirdə SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov, Qaz İxrac İdarəsinin rəisi Qağəməli Seyfullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Birlik rəhbərliyinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə bildirilmişdir ki, Prezident  İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda ölkənin qazlaşdırılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində görülmüş işlər qənaətbəxş qiymətləndirmişdir. Qazlaşma proqramına əsasən, 2018-ci il ərzində respublikanın regionlarında 42 inizabati rayon üzrə 79 yaşayış məntəqəsinin, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsinin, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbənin qazlaşdırılması həyata keçirilməlidir. Bunlardan 55 məntəqə qazlaşdırılmış, 14 məntəqədə işlər başa çatdırılmış yaxın günlərdə açılışın həyata keçirilməsi planlaşdırılır, 10 məntəqədə isə qazlaşdırılma işləri sürətlə davam etdirilir.

“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar SOCAR-a bu il üçün 100 milyon manat vəsait ayrılmışdır. Biz fəaliyyətimizi Prezidentin ölkə üzrə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın icra olunması istiqamətində qurmuşuq. Artıq noyabrın 1-nə olan göstəricilərə görə ölkə üzrə əhalinin qazlaşma səviyyəsi 95 faiz icra olunmuşdur.“

Qeyd olunmuşdur ki, yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulması “bir pilləli” tənzimləmə sistemi əsasında aparılmışdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara verilən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Ümumilikdə, 2009-cu ildən bu günə kimi aparılmış işlərin nəticəsi olaraq 51 406,8 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 9 310,3 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1514 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. 

Tədbirdə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verilərək, qeyd edilmişdir ki, cari ilin 10 ayı ərzində respubliika üzrə “ASAN Xidmət” mərkəzlərinə daxil olmuş 199 680 müraciətin icrası tam təmin edilmişdir. 

Mətbuat konfransında iştirak edən SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov qazın yığılması və nəqli istiqamətində görülən işlər haqqında məlumat vermiş və demişdir: “Azərbaycanda bütün qaz infrastrukturu təmir olunmuşdur. Hasilat səviyyəsinin yüksəlməsi fonunda qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilmişdir. Bu da qış fəslində əhalinin qazla təminatının fasiləsiz olaraq həyata keçirilməsinə əsas yaradır”. 

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev magistral qaz kəmərlərinin hazırki vəziyyəti barədə məlumat vermiş, tənzimləyici və təmizləyici qurğularda görülmüş təmir işlərindən danışmış, qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatların beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparıldığını bildirmişdir.

Qeyd edək ki, “ Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazın təchizat nöqtələrindən qəbul edilməsi, paylanması və satışını həyata keçirir. İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin maddi texniki bazasında yaradılmışdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Payız qış 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com