Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2018
10:22
`Cənub zonasının təbiəti digər yerlərdən geri qalmır`
"Turizm haqqında" yeni qanun layihəsinin qəbulu gecikir

Məlum olduğu kimi, parlament tərəfindən “Turizm haqqında” yeni qanun layihəsinin qəbulu nəzərdə tutulur. Bununla bağlı artıq bir neçə ildir ki, yeni qanun layihəsi üzərində işlər, təkmilləşdirmələr aparılır, müzakirələr gedir.

Qanun layihəsi ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsində bir neçə dəfə müzakirələr aparılıb, keçmiş Mədəniyyət və Turzim Nazirliyinin, indiki Dövlət Turizm Agentliyinin rəsmi şəxslərinin iştirakı ilə ictimai dinləmələr keçirilib. Ancaq hələlik qanun layihəsinin parlamentin plenar iclaslarının müzakirələrinə çıxarılması bir qədər yubanır.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Rauf Əliyev bildirib ki, qanun layihəsi üzərində işlərin davam etdirilir, o, daha da təkmil hala salınır.

“Bildiyiniz kimi, Azərbaycanda turizmin inkişafı istiqamətində çox böyük işlər görülür. Dövlət, ölkə rəhbəri səviyyəsində turizmin inkişafına, turistlərin ölkəmizə cəlb edilməsinə böyük diqqət var.

Ölkəmizdə müasir səviyyəli yeni hotellər, turizm müəssisələri tikilib, istifadəyə verilir və bu səbəbdən artıq turistlərin Azərbaycana axını baş verməkdədir. Rusiyadan, İrandan, ərəb ölkələrindən gələn turistlərin sayı çoxluq təşkil etməkdədir.

Yəni, ölkədə həm daxili turizm, həm beynəlxalq turizm inkişaf edir. İstər qış turizmi, istər yay turizmi inkişaf yolundadır. Odur ki, turizmlə bağlı məsələləri daha yüksək səviyyədə tənzimləmək üçün yeni və mükəmməl qanuna ehtiyac var.

Ona görə demək olmaz ki, yeni qanun layihəsi ləngiyir, ya da ləngidilir. Belə deyil. Qanun layihəsi daha da təkmilləşdirilir. Bir müddət öncə dövlət başçısının sərəncamı ilə ölkədə turizmlə əlaqədar yeni dövlət agentliyi yaradıldı və onlar qanun layihəsinin üzərində işləyirlər. Hazırda qanun layihəsi Prezident Administrasiyasındadır. Orada sənəd üzərində işlər gedir. Yeni-yeni maddələr, bəndlər salınır. Ona görə bir az da gözləmək lazımdır. Təbii ki, sonra bu qanun layihəsi müzakirələrə çıxarılacaq və qəbul olunacaq. Çox gözləməli olmayacağıq”,

 - deyə R.Əliyev sözlərinə əlavə edib.

Adıçəkilən komitənin sədri, professor Hadi Rəcəbli qanun layihəsi üzərində təkmilləşdirmə işlərinin aparıldığını bildirib və əlavə edib ki, bu yöndə yeni təkmil qanun olduqca vacibdir.

Onun sözlərinə görə, yeni qanun ölkədə gündən-günə inkişaf edən turizmə böyük təkan verəcək:

“Azərbaycanda həm turizmin inkişafı, həm də ona dövlət səviyyəsində yüksək münasibət göz qarşısındadır. Dövlət başçısı özü də hər bir çıxışında bu məsələyə toxunur, turizmin inkişafını qabardır və bu yöndə gərəkən addımları atır.

Bildiyiniz kimi, bu yaxınlarda dövlət başçısının özünüz iştirakı ilə ölkənin Cənub istiqamətinə gedən yeni, müasir standartlara tam cavab verən magistral yolun açılışı oldu. Bu, çox ciddi bir hadisə idi. Uzun illər idi ki, həmin istiqamətə gediş-gəliş çox çətin olurdu. Bu yolun istifadəyə verilməsi isə cənab prezidentin son illər apardığı nəqliyyat infrastrukturu siyasətinin ən bariz nümunələrindən biridir.

Yolun keyfiyyəti yüksək səviyyədədir. Burada inqilabi dəyişiklik ondadır ki, yol 30 km-dən çox qısalıb. Həmçinin sürət də saatda 30 km-dən çox artıb.

Lənkəranlılar ən yaxşı halda Lənkərana üç saat yarıma gedirdilər. İndi isə 2 saat 10 dəqiqəyə Lənkərana getmək olar. Burada əsas məqsəd insanların komfortlu yolla təmin olunması, vaxtını daha az yolda keçirməsi, yanacağa qənaət edilməsindən ibarətdir. Yeni yolun açılışı ölkədə turizmin inkişafına böyük və müsbət təsirini göstərəcək.

Çox təəssüf ki, uzun illər həmin yol bərbad vəziyyətdə olduğundan Lənkərana, Astaraya turistlər az gedirdi. Baxmayaraq ki, Lerikin, Lənkəranın, Astaranın, Masallının təbiəti heç də başqa yerlərdən zəif deyil. Cənub bölgəsinin görməli, gəzməli, istirahət etməli yerləri çoxdur. İnsanları, mətbəxi və ənənələri çox zəngindir. Hesab edirəm ki, bu yolun istifadəyə verilməsi ilə cənub bölgəsinə səfər edən turistlərin sayında kəskin şəkildə artım olacaq. Yəni, bu baxımdan yeni qanunun qəbulu bir zərurətdir və o da baş verəcək”. (oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Turizm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 12:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com