Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2018
18:19
`Zühur intizarında` elmi-praktik konfrans keçirilib

Bakı Beynəlxalq Mətbuat Mərkəzində AİP Qadınlar Şurası və Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova İmam Zamanın (ə.c) mövludu münasibətilə "Zühur intizarında" konfransı keçirib. Tədbirdə müxtəlif qurumların rəhbərləri, həmçinin ictimai xadimlər, fəallar iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Növrəstə İbrahimova bildirib ki, Allahın sonuncu höccəti, hansı ki, yerdə, göydə olan bütün yaradılmışlar yalnız və yalnız axırıncı höccətin varlığına xatir diridirlər: "İntizarla çırpınan qəlbimizlə onun mübarək gəlişini gözləyirik. O gün ki, o zühur edəcək, göylər yerə, yerlər göyə müjdə edəcək. Qurani-Kərimin "İsra" surəsində buyurulur: "De, haqq gəldi, batil getdi". Əslində bu ayə gələcəyə aid olsa da, qrammatik cəhətdən keçmiş zamanda verilib. Mənası isə budur ki, yəni Haqqın gələcəyi o qədər təsdiqlənmiş, möhürlənmiş bir sənəddir ki, hesab edin ki, artıq bu iş olub qurtarıb".

Sonra söz "Qələm" Yazarlar Birliyinin sədri Qurban Cəbrayıla verilib. O, çıxışında ateist Sovet rejiminin olduğu dövrləri xatırladaraq, Allaha, Peyğəmbərə, Əhli-beytə olan sevginin klassiklərimizin - nizamilərin, fizulilərin, xətailərin sayəsində qəlbimizdə yaşadığını bildirib: "Düzdür, əsərlər senzuradan keçdikdən sonra ədəbiyyatlara salınırdı, amma hər halda biz Nizamidən bu tərəfə xeyirlə şərin mübarizəsini və böyük əziyyətlərdən sonra xeyrin qələbəsini oxuyurduq. Sonra bu bilgilər haqq və batilin mübarizəsi konteksində təqdim olunmağa başladı. İnsanlar haqqı batilin arasında sərhəddi müəyyən eləməklə məşğul oldular. Bu bir növ ateistt sovet dövründə insanların islami bilgilərlə tanış olması demək idi".

Qurban Cəbrayıl vurğulayıb ki, şübhəsiz ki, həmin dövrlərdə dünyanın başqa ölkələrində İslam araşdırılıb: "Dostlar dost kimi məsələnin elmi, dini nöqetiyi nəzərindən kökünü araşdırır, həyat və fəaliyyətlərində, daha çox axirət səadəti qazanmaq üçün bundan bəhrələnmək üçün maraqlanırdılar. Düşmənlər isə Məhdəviyyat cərəyanının kökündə nə durduğunu, nə üçün böyük din alimlərinin  zülmün, istilanın qarşısına məhz bu məktəbə söykəndiklərini araşdırmaq istəyirdilər. Son vaxtlar diqqət edirəm ki, üçüncü qrup da yaranıb. Bu qrup adını müsəlman qoyan, əslində isə İslamdan və həqiqətədən qat-qat uzaqda duran Səud rejimi kimi qüvvələrdir. Onlar hesab edirlər ki, bununla da guya həqiqi klassik islamla  mübarizə apara biləcək, onların hansısa bəyanatlarını , çıxışlarını, mübarizələrini sual altına sala biləcək. Amma bütün bu eybəcər fəaliyyətlər hədərdir və heç bir nəticəsi olmayacaq".

"Qələm" Yazarlar Birliyinin sədri bu gün dövlətimizin və xalqımızın  Məhdəviyyat fəlsəfəsinə, zühur intizarına ehtiyacı olduğunu bildirib: "Səbəblərdən biri budur ki, de-yure müstəqil olsaq da, de-fakto qazana bilməmişik: ölkədə hələ də Qərb institutlarının və Qərb dünyasının təsirləri var. Bu təsirlər Azərbaycanda ailə institutunun dağılmasına , əxlaqi-mənəvi dəyərlərin sarsılmasına yönəlib. Görün vəziyyət nə yerdədir ki, Nizami Gəncəvinin adını daşıyan tədris müəssisəsinin - Ədəbiyyat muzeyinin rəhbəri akademik Rafael Hüseynov MM-də məsələ qaldırır ki, gerbi dəyişmək lazımdır, çünki orda Allah yazılıb..."

Tədbirdə araşdırmaçı, alim Musarza Musəvi  insanın Allahı tanıması barədə fəlsəfi çıxış eləyib. Bundan başqa Hədibə Nardarani, Fatimə xanım, Rüqəyya Aslan və başqaları konfransda şeirlər deyiblər. Tədbirə qonaq qismində qatılmış balaca Məhəmməd və Mehdi qardaşları da şeir söyləyiblər. 

Tədbirin sonunda İslam yolunda, din yolunda, Vətən yolunda şəhid olanlar anılıb, onların ruhlarına dualar oxunub, hicab şəhidi Vaqif Abdullayevin həyat yoldaşı Gülzar xanıma isə gül dəstəsi və qiymətli hədiyyələr təqdim edilib.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : mövlud tədbiri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 05:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com