Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
20:41
Əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramı hazırlanacaq

Bu gün Milli Məclisin plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsinə əsasən Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramı hazırlanacaq.

Layihədə bildirilir ki, əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə Fərdi Reabilitasiya Proqramı (FRP) tərtib olunur. FRP-nın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Proqramda uşaqların erkən, habelə sonrakı yaş həddində sosial psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndəsinin iştirakı təmin edilir.

Layihədə qeyd olunub ki, dövlət müəssisələri, idarələri və təşkilatları FRP-nın icrasını təmin etməlidir.

Bundan başqa, Azərbaycanda inklüziv təhsil (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digər şəxslərlə birgə təhsili) sistemi də qanunla təsbit olunur. Yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 1-ci maddəsində inklüziv təhsil əsas anlayış kimi verilib. Qanun layihəsinin 20-ci maddəsində isə bildirilir ki, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və ya inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi təhsil planı əsasında həyata keçirilir.

Eyni zamanda, qanun layihəsinin 22-ci (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) maddəsində qeyd olunur ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyır.

Yeni qanun layihəsinə görə, Azərbaycanda bütün tikililərə (yaşayış və qeyri yaşayış) əlillərlə bağlı əlavə dizayn da veriləcək. Qanun layihəsində “universal dizayn” kimi təsbit olunan anlayışla ifadə olunur ki, yaşayış binalarında, ofis və iaşə obyektlərində əlillərin yaşayış və hərəkəti üçün icbari xüsusi dizayn verilməlidir.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

***

Azərbaycanda fiziki qüsurlu insanların sayı açıqlanıb.

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min fiziki qüsurlu şəxs var.

O bunun ölkə əhalisinin 6 faizini təşkil etdiyini bildirib: “Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : əlil qanun 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 09:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com