Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Sentyabr

2017
10:16
1398
Qərbin adımızdan qərar verməsi müstəqilliyimizə kölgə salır – ANALİZ

Qurban Cəbrayıl


Son vaxtlar Azərbaycanın suverenliyinə kölgə salan olaylardan biri, barəmizdə ayrı-ayrı supergüclər, təhlil mərkəzləri tərəfindən hazırlanaraq, beynəlxalq ictimaiyyətə sırınan rəylər və adımızın müxtəlif hesabatlarda hallanmasıdır. Əlbəttə, obyektiv, ədalətli yanaşmanı hakimiyyət və xalq daim qəbul edib və müsbət dəyərləndirib, lakin nəzərə alsaq ki, bir sıra Qərb dövlətləri və sülh-demokratiya institutlarının mövqeyi aşkar-gizli qərəzə, cümləpərdazlığa, təzyiqə, mürtəce niyyətlərin reallaşmasına söykənib, deməli, gələcəyimizə təhlükə törənir.

Məsələn, Şimali Atlantika Bloku cari ilin iyulunda “son müşahidələrinin nəticəsini” açıqlayıb. Dünyanın müxətlif ölkələrinin hərbi güclərini müqayisə edərək, qiymətləndirən qurumun materialında Azərbaycan da yer almışdı. Hərbi potensialımızı dəyərləndirərkən qeyd edilmişdi ki, ordumuz 48 saat içində bütün Qafqazı işğal edə bilər: “Azərbaycana 48 saat kifayət edər ki, bütün Qafqaza hakim olsun”.  

NATO-nun təxribatçı fikirlərinə o zaman münasibət bildirməkdən çəkinmədim, əlbəttə ehtiyatla, əks təqdirdə sosial şəbəkədə marığa yatan psevdovətənpərvərlər sürüsünün növbətçi iradı və həmin işverənlikdən qaynaqlanan boz müstəntiq sualları ilə qarşılaşmaq mümkündür: “Məgər, sən şanlı dövlətimizin və ordumuzun qüdrətinə şübhəyləmi yanaşırsan?!” Əstağfürillah! Ona görə facebook səhifəmdə yazdım ki: “Yenə başlandı eyforiya, cümləpərdazlıq, özündənrazılıq... 

Bizə Qafqazı işğal eləmək gərək deyil; heç Ermənistan ərazisində də gözümüz yoxdur. Bəsdir bu milləti əsrin dörddə biri qədər Servantesin məşhur qəhrəmanının gününə salıb, yel dəyirmanı ilə döyüşdürdüz... Kifayətdir, şəxsən mən daha Don Kixot olmağı arzulamıram, amma zor-güclə əlimdən alınan tarixi torpaqlarımı geri istəyirəm!!! Ay NATO, ay Qərb, dilin-ağzın qurusun, Azərbaycan ordusunun qüdrəti barədə dediklərinə şəkk edənin üzünə lənət..! Ancaq imkan ver, Rusiyanın forpostu deyə ələ saldığımız, lağa qoyduğumuz, heç sizin hesabatlara da adı-sanı düşməyən quldur Ermənistanın "məzlumcasına, ağlaya-ağlaya" əsrin dörddə biri qədər yağmaladığı halal Qarabağımızı və 7 rayonumuzu işğaldan azad edək..!”

Neçə müddətdir Ermənistanın bir “İsgəndər” raket-şousu başlatdığı və bunun KİV-də geninə-boluna “fırlatdığı” hamıya məlumdur. Lakin bir şey hələ tam aydınlaşmayıb ki, düşmən ölkənin həqiqətən belə silahı varmı, yaxud varsa, rəsmi Moskvanın icazəsi olmadan ondan istifadə edə bilərmi..? Amma “İsgəndər” şousu peyda olandan sonra erməni tərəfi şit-şit öyünərək sinəsinə döyməyə və bizi tez-tez təhdid eləməyə başlayıb. Hətta irimiqyaslı hərbi əməliyyatların reallaşacağı təqdirdə, həmin sistemlər vasitəsilə bölgədən keçən strateji neft-qaz kəmərlərini hədəfə ala biləcəyi kimi hədələr səsləndirir. Bunun qarşılığında isə ölkəmiz adından “ağıllı və qorxuducu ideya” ortaya atılıb: Ermənistanın belə ağılsızlığı müqabilində Metsamoru vuracağıq (!) Təsəvvür edin ki, istismar müddəti çoxdan bitmiş bu AES-in bütün Qafqaza təhlükəsi barədə dəfələrlə bəyanatlar verilib. İndisə Azərbaycanın onu partladacağı barədə xəbərdarlıq yayılır, özü də Naxçıvandan cəmi 60-70 km məsafədə yerləşir – türkün zalım obrazını bir az da tündləşdirməkdən ötrü erməni mediasına göydəndüşmə fürsət deyilmi..?

Qərbin adımızdan danışmasına, qərarlar verməsinə, özünü canıyanan dost, digərlərini düşmən cildində göstərməsinə şərait yaradan layihələrdən biri də ömrü ikinci dəfə uzadılmış “Əsrin müqaviləsi”dir. Bu 23 il ərzində (20 sentyabr 1994) nələr gördük, nələr eşitdik..? Necə deyərlər, qızınmadıq istisinə, kor olduq tüstüsünə... Əvvəla, neft kəmərinin iqtisadi kontekstdən çıxarılıb siyasi rəngə salınması, marşrut seçimi və çəkilmə xərclərinin məhz həmin aspektdən həlli xeyli maliyyə itkilərimizlə sonuclandı. Deyəsən, elə buna görə də iqtisadi səmərəliliyə, fəaliyyətin rentabelliyinə o qədər də önəm verən olmadı: istehsal texnologiyalarının inkişafdan qalması, yerində sayması sayəsində xam nefti uczvari xaricə satıb, əvəzində benzin alır, nəticədə, xammal və əmtəənin dəyərindəki tərs-mütənasibliyin yaratdığı bataqlıqda çabalayırıq - dünya bazarında neftin qiymətinin düşməsinə rəğmən neft məhsullarının bahalığı cibimizə ciddi ziyan vurur.

Yaxşı, adlayaq siyasətə... Səddam evi yıxılmış “Neft əvəzinə çörək!” tələbi qoydu və gerilik, işsizlik, səfalət girdabında can verən iraqlılara bir gün ağladı (onun sonrakı əbləhliyi və aqibəti başqa söhbətin mövzusudur). Biz də “Neft əvəzinə Qarabağ” qışqırmaq istədik – lap boğazımız yırtılana qədər, səsimiz tutulanadək hay-küy qopara, dünyanın kar olmuş qulaqlarına üstü malalanan ağrılarımızı, dərd-sərimizi çatdıra bilərdik - dedilər, yox, qağa, bunlar fərqli məsələlərdir. Hər şey tam tərsinə cərəyan elədi: xarici investorlar hürküb qaçmasın deyə (karbohidrogen ehtiyatlarının rahat yağmalanması üçün sülh, əmin-amanlıq, ictimai-siyasi sabitlik beynəlxalq birliyin, transmilli korporasiyaların əsas tələbi və ümdə şərtlərdəndir), səsimizi içimizə çəkməli olduq. Arxasınca axışıb gələn “Avroviziya” festivalı, Avropa oyunları və sairin gedişatında da itirilmiş torpaqlardan danışmaq məqsədəuyğun sayılmadı... Və beləliklə, zaman-zaman ölkə daxilindən baş qaldıran vətənpərvərlik duyğuları zəminindəki proseslər - Azərbaycan oğullarının qəhrəmanlıq səhifəsi sayılan Aprel savaşı və cənab İlham Əliyevin müvafiq sərəncamı ilə reallaşdırılan Cocuq-Mərcanlıya qayıdış istisna, dünya Qarabağı unutmaq üzrədir. Taleyüklü problemimiz gözgörəsi konservləşdirilir və arxa plana atılır. İllərdir ki, çox qəribə bir tendensiyanın şahidiyik: xalqın içərisindən tarixi yurd yerlərimizin mütləq azadlığı çağırışları və bunun üçün savaşdan başqa yolun yoxluğu fikri yüksələn kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri, qurumda təmsil olunan, eləcə də digər iri dövlətlərin ölkəmizdəki səfirləri əl-ayağa düşüb sülh imkanlarının tükənmədiyi barədə bəyanat verirlər. Yaranmış durum işğalçı Ermənistanın maraqlarına tamamilə uyğundur; işğal altında saxladığı ərazilərimizi viran qoyur, təbii sərvətləri mənimsəyir, qanunsuz köçürmə siyasəti yeridir və sair. Azərbaycan isə həmin dövr ərzində qarşı tərəfin xain hücumları zəminində şəhidlər verir, sərhədyanı yaşayış məntəqələrimiz atəş altında qalaraq ziyan çəkir, məcburi köçkünlər vətən nisgili ilə dünyasını dəyişir, ən başlıcası, yeni nəsillər Qarabağdan uzaqda doğulub böyüyən və təbii ki, həmin yerlər barədə anlayışı olmayanlar hesabına formalaşır.               

Problem tamamilə kontekstdən çıxarıldığından hərbi sənayemizin inkişafı, müdafiə arsenalımızın zənginləşdirilməsi istiqamətində aparılan müzakirələrin mövzusu da əsas mətləbdən uzaqlaşıb. Məsələn, illər əvvəl su sərhəd-mühafizə zolağına nəzarətin möhkəmləndirilməsi məqsədilə bir sıra texniki vasitələr alınmışdı. Həmin sövdələşmə zamanı ABŞ-ın ölkəmizə zirehli kater bağışlaması və Xəzərdə digər yardımlara hazır olduğu barədə mediada yetərincə məlumatlar dolaşdı. Əslində, Azərbaycanın yaralı yeri qurudadır, su hövzəsində yox; yəni siyasi-hərbi dəstəyə, silah-sursata daha çox Qarabağla, təcavüzə məruz qalmış ərazilərlə əlaqəli ehtiyaclıyıq. Supergüclərsə bizi dənizdə “gücləndirməyə” çalışırlar. Nəzərə alsaq ki, Xəzərin statusu tam müəyyənləşməyib, mübahisəli sektorlar mövcuddur və bu prosesin qəlizləşməsində Xəzəryanı ölkələrin adından danışıb canfəşanlıq göstərənlər xüsusi rol oynayırlar, sözügedən koordinatların sülh və əminamanlıq hövzəsinə çevrilməsi yolundakı əngəllərin mənbəyi və səbəbləri aydınlaşır.

İndi də bu “Dəmir günbəz” məsələsi dəyirman daşı kimi keçib boğazımıza... Yazının əvvəlində toxunduğum məlum “İsgəndər” hoqqasını ortaya atanlar “təhlükəyə qarşı adekvat tədbir” də düşünməlidirlər axı... Köməyə Gürcüstan mediası və siyasi şərhçiləri çatır – yenə də bizim adımızdan və bizdən xəbərsiz... Qonşu ölkədə işıq üzü görən “Rezonansi” qəzeti Azərbaycan müdafiə nazirinin İsrailə yaxın günlərdəki səfərinə və iki ölkə arasında silah-sursat müqavilələrinə güzgü tutur. Belə anlaşılır ki, general-polkovnik Zakir Həsənovun Təl-əvivdə apardığı danışıqlar zamanı “Dəmir günbəz” müasir raketdən müdafiə sistemlərinin alınması da diqqətdə olub. Guya həmin qurğuların xüsusi modifikasiya olunmuş versiyasından məhz Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkilinə hazırlaşırıq. Qəzet bildirir ki, Azərbaycanın “Dəmir günbəz” vasitəsilə magistral neft kəmərlərini mühafizə planları birbaşa Ermənistanın Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri almasından qaynaqlanır: “Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin raket işə salınsa, başlıca təhlükəni neft kəmərinə yaradacaq. Ona görə də bu gün Bakıda və Gəncə şəhərində dünyada raketdən ən effektiv müdafiə sistemlərindən biri olan ”Dəmir günbəz" yerləşdiriləcək."

Diqqət yetirdinizsə, söhbət qubalılar demiş, eyzən BTC-yə yaranacaq təhlükə və onun önlənməsindən gedir, Tərtərdə, Füzulidə, Ağdamda, Goranboyda dinc əhalinin başına yağdırılan mərmilər sadəcə, xatırlanmır. Yəni real faciələrə göz yumaraq, məqsədli şəkildə problem uydurur və həllinə girişirlər. Adam belə oyunçuların, geopolitik qroysmesterlərin, siyasət dəllallarının beş-altı gediş sonrakı proqnozlarına heyranlıq sərgiləməyə bilmir, kaş ki, ilhaqa, qarşıdurmaya, qan-qadaya hesablanmamış olaydı... Orta tozanaqdır, hamı qışqırır, fikir yürüdür, Azərbaycandan başqa... Danışanlar yaxşı anlayırlar ki, susanı hansı qütbdən ayırmaq, kimə qarşı qoymaq, hara yumalamaq lazımdır.    

Məsələ barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Vaxtanq Mayisaya isə BTC-yə təhdidlərin Rusiyadan qaynaqlandığını bildirir. Onun sözlərinə görə, Kreml istəsə, neft kəmərini bombalaya bilər: “Azərbaycan hökuməti müasir raketdən müdafiə sistemləri olan ”Dəmir günbəz"ləri alıb, kəməri öz ərazisində müdafiə edir, indi Gürcüstan hissəsinin müdafiəsi haqda düşünmək lazımdır. Ruslar Qori-Tiflis avtomobil yolunun cəmi 400 metrliyində mövqe tutublar. BTC-nin Gürcüstan hissəsi həmin yolboyu keçir”.

Gördüyünüz kimi, gürcü ekspertlər addımbaşı rusiyalı rəqiblərini qamçılayaraq, Qərbdən nəsə qoparmağa, Azərbaycanın timsalında tərəfdaş və kislorod balonu təminatını saxlamağa çalışırlar. Onların ermənilərlə münasibəti də normaldır, baxmayaraq ki, işğalçı qonşunun Samsxe-Cavaxeti bölgəsinə ciddi ərazi iddiaları mövcuddur. İsrail Şərqə doğru irəliləmək, müsəlman dünyasında dayaqlarını möhkəmləndirmək üçün hiyləgər planlar qurur. Bəs, biz neyləyirik? Heç nə, xarici siyasət kursumuzda hər hansı təşəbbüskarlıq nəzərə çarpmır, Ermənistanın BTC-ni partladacağı barədə Rusiyaya acıqlı müəlliflərin “öncəgörmələrini” mətbuatda hallandırmaqla düşmənin beynəlxalq qəzəbə gələcəyini düşünürük, arzularımızsa əks-effekt verir – Qərbin təcavüzkara məhəbbəti azalmır ki, azalmır...

Mason-sionist rejiminin Azərbaycanı maqnit təki içərisinə çəkib udmağa çalışdığı heç kimə sirr deyil. “Ayının yüz oyunu bir armudun başındadır” atalar sözünü xatırladıqca, bütün bu “zirehli katerlər”, “İsgəndər”lər, “Dəmir günbəz”lərin əsl mahiyyəti ortaya çıxır. Son vaxtlar baş verən hadisələr siyasi gündəmi daha çox zəbt etdiyindən, həmin istiqamətdə fikirlərimizi bölüşək; yəni bəziləriylə diskussiyada hərdən ümmətçiliyi kənara qoyub, millətçilik barədə söhbət açmaqda fayda var. Məlumdur ki, Məsud Bərzani tör-töküntüləri İraqın şimalında “Kürdüstan” adlı “dövlət” yaratmaq məqsədilə sentyabrın 25-də referendum keçirdilər. Qondarma səsvermənin hər hansı uğurlu nəticələri reallıqdan uzaqsa da, çalxalanmalar, bulanmalar, durulmalar kimin hansı məzhəbə qulluq etdiyini müəyyənləşdirməyə, dostla düşməni fərqləndirməyə imkan verdi - Sabir demiş, yağı yağ üstə çıxdı, ayranı ayranlıq oldu. Lap əvvəllərdən, “referenduma” uzun müddət qalmış, yeni təsisatın bir ABŞ-İsrail projesi kimi layihələndirildiyi və ortaya atıldığı məlum idi. “Əsərin” müəllifinin Beynəlxalq Mason Lojası olması birmənalı şəkildə şübhə oyatmırdı - rəsmi Vaşinqton üstüörtülü, diplomatik kanallarla; Təl-əviv isə aşkar, həyasızcasına dəstək göstərirdi.

“Seçkilər” öncəsi ABŞ-da keçirilən bir tədbirdə İsrail Müdafiə Qüvvələri Baş Qərargahının sədr müavini Yair Qolan PKK-nı terror təşkilatı deyil, onların xarici siyasətinə xidmət edən qurum adlandırmışdı. Hətta bir az da irəli gedərək söyləmişdi ki, Şimali İraqda 25 sentyabrda keçiriləcək referendumla bağlı “bütün kürdlər birləşib Böyük Kürdüstan yaratmalıdırlar: “Biz kürd, ərəb qardaşlarımızın sülh, dinclik və təhlükəsizlik şəraitində yaşamasını istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyə, lazım gələrsə, əl-ələ verib eyni torpaqda qanımızı birlikdə axıtmağa hazırıq”.

Məsələyə rəsmi Bağdadın münasibəti özünü çox gözlətmədi: vitse-prezident Nuri əl-Maliki İraq Kürd Muxtar Vilayətinin addımına sərt reaksiya sərgiləyərək, konkret mövqe açıqladı: “Referendum nə İraq xalqının, nə də kürdlərin maraqlarına uyğun deyil. Ümumiyyətlə, bölgədə ikinci İsrailin qurulmasına imkan verməyəcəyik!"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə referendum himayədarına belə mesaj göndərib: "İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya tək İsraildən ibarət deyil ki..? Kosovonun müstəqilliyini 114 dövlət tanıyıb. Amma hələ də çətinlikləri var. Sən bir İsraillə nə edəcəksən? Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsan. Əgər neft xəttini bağlasaq, iş bitəcək. İsrail sizə nəyi və haradan göndərəcək?"

Özünü dəlixaylığa vuran İsrailin adı proseslərdə çox səslənir, amma okeanın o tayından uzanan barmaq da Dəclə və Fəratın sularını bulandırmaqda az rol oynamır. Kərkükdə referendum öncəsi keçirilən gizli görüşlərdə iştirak edən Peter Qalbrayt ABŞ-ın müstəqil Kürdüstana təyin etdiyi ilk səfir səlahiyyətində tanıtdırılır. Türkiyənin “Milliyet” qəzetinin əməkdaşı Özay Şendirin yazdığına görə, müstəqil Kürdüstan memarlarının qatıldığı gizli görüşdə (Bərzaninin müşaviri Hoşyar Zəbarinin evində baş tutub) Qalbraytın təqdimatı reallaşıb. Qeyri-rəsmi səfir PKK terrorçularının lideri İtaliyada gizləndiyi illərdə MKİ-nin icazəsi ilə Öcalanla görüşən iki nəfərdən biridir. O, 2007-ci ildə yazdığı “İraqın sonu” adlı kitabla kürdlərin müstəqilliyini müdafiə edib. İyulda Konqresdə keçirilən “Kürdüstan - ABŞ-ın strateji müttəfiqi” konfransının əsas məruzəçilərindəndir.

Daim erməni terrorizmi və separatizminin ağır təzahürlərindən əziyyət çəkən Azərbaycan “Kürdüstan referendumu”na qarşı çıxanlar sırasındadır. Başqa cür mümkün də deyil, çünki biz türk-islam coğrafiyasının bir parçasıyıq... Deməli, Qərbə inteqrasiyadan, BTC-nin mühafizəsi naminə əməkdaşlıqdan, köhnəlmiş silah-sursat alverçilərinin bazarından daha yüksək ideallar mövcuddur və yaşayır...

Məqalədə : Azərbaycan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru